Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Milli musiqi alətlərimiz milli sərvətimizdir" adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.
Gənc istedadların ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", Süleyman Ələsgərovun "Şalaxo", Süleyman Ələsgərovun "Vətənimdir", Həsən Rzayevin "Çahargah rapsodiyası", Vittorio Montinin "Çardaş" kimi Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Gənclər Xalq Çalğı Alətləri Orkestrinin solistləri, həmçinin bölgələrdən gələn tələbə və şagirdlər çıxış ediblər.
Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” mövzusunda akvarel əsərlərindən ibarət satış sərgisi keçirilib. Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunan sərgidə 60-a yaxın sulu boya ilə işləyən rəssamın 80-dək əsəri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan"), "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, "Nəfəs" İctimai Birliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının dəstəyi ilə təşkil edilib.
Sərginin təşkilində məqsəd ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsidir.
“Ancaq mədəniyyəti güclü olan xalqlar gələcəyə güclü şəkildə getməyə qadirdir”, - deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan xalqının dünya mədəniyyətində özünəməxsus yeri olan bir xalq olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə, rəssamlara olan dəstəyini hamımız bilirik və bu dəstəyi özümüz üçün nümunə hesab edirik. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın incəsənətə olan dəstəyi də hər kəsə bəllidir. Bu elə bir sahədir ki, hər birimiz əlimizdən gələni etməliyik. Yaradıcı insanların həm mənəvi olaraq, həm də onların sənətinə verdiyimiz dəyəri açıq şəkildə göstərməyimizə ehtiyacları var. Bəzi yaradıcı şəxslərimiz var ki, onların sosial durumu yaxşı deyil. Digər yandan, pandemiyanın da incəsənətə mənfi təsirləri var. Mədəniyyət Komitəsi bəzi dost təşkilatlarla birgə yaradıcı insanlara, özəlliklə gənc istedadlara dəstək verməyə çalışır”.
Sərginin maraqlı layihə olduğunu diqqətə çatdıran Q.Paşayeva rəssamlarımızın akvarel sənət növünə tərəddüdlə yanaşdığını qeyd edib. Sərgidə gözəl əsərlərin nümayiş etdirildiyini deyən komitə sədri Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın rəhbəri Gəray Əlibəyova dəstəklərinə görə minnətdarlığını ifadə edib.
Deputat deyib: “Hədiyyə almaq üçün gözəl fürsətdir. Yaradıcı insanlarımızın əsərlərini alsanız, bu, həm rəssamlarımıza dəstək olar, həm də ödənilən vəsait ölkəmizdə qalar”.
Mədəniyyət Komitəsi və “Nəfəs” İB tərəfindən 16 akvarel əsərinin satın aldığını deyən Qənirə Paşayeva, sərgi iştirakçılarını da satış sərgisində fəal olmağa çağırıb.
Tədbirin sonunda sərgidə əsərləri nümayiş etdirilən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub.
Bu gün Avropanın 150 ictimai radiosu Con Lennonun “Sülhə şans ver” (Give Peace a Chance) mifik mahnısını eyni vaxtda yayımlayıb.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, mahnını yaymaqda məqsəd Ukraynadakı müharibəyə bir ümid mesajı verməkdir.
İspaniya Radio və Televiziya Korporasiyasının (RTVE) açıqlamasında bildirilib ki, RNE radioqovşaqları insanın qəlbində rəhm oyadan bu mahnını Ukrayna radiosu da daxil olmaqla, digər Avropa stansiyaları ilə eyni vaxtda yayımlayıb.
Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Mirnadir Zeynalovun YARAT Müasir İncəsənət Məkanının 10 illiyi çərçivəsində açılan “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi həm də bir il öncə əbədiyyətə qovuşan rəssamın 80 illiyinə həsr edilib.
Ötən ilin noyabrında açılan sərgi Abşeron təsviri sənət məktəbinin yetirməsi olan Mirnadir Zeynalovun daxili dünyasının bədii aynası kimi tamaşaçıların da ruhuna və şüuruna işıq tutur. Əlvan rənglərlə, mücərrəd formalarla, canlı ritm, emosional və ekspressiv rəmzlərlə zəngin olan bu əsərlərdə Mirnadir Zeynalovun özünəməxsus tərzi diqqəti cəlb edir.
YARAT Müasir İncəsənət Məkanının böyük sevgi ilə hazırladığı sərgidə müəllifin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mirnadir Zeynalovun özünün qalereyası, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsəri nümayiş olunur. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək bir neçə tematik zala bölünür. Sərgi zallarında divarlara kiçik həcmli şeirlər də həkk olunub. Bu şeirlər Mirnadir Zeynalovun əsərlərinin ideyalarını tamamlamaq, daha yaxşı qavranılmasına kömək etmək məqsədi daşıyır.
“Mistik ruhun ömrü” sərgisi aprelin 3-dək ziyarətçilər üçün açıq olacaq.
Amerika Kino Sənəti və Elmləri Akademiyası tvitter səhifəsində tamaşaçıların səsverməsinin nəticələrinə əsasən veriləcək “Oskar” mükafatlarına namizəd filmlərin siyahısını dərc edib.
AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, siyahıda “Hörümçək adam 3: Geriyə yol yoxdur”, “Avengers 4: Final”, “Matriks”, “Arzuladığım qızlar” və “Zak Snayderin ədalət liqası” filmləri yer alıb. Tamaşaçılar adları çəkilən filmlərə səs verə bilər.
Xatırladaq ki, fevralın 15-də Amerika Kino Sənəti və Elmləri Akademiyası mükafatlar sırasına “tamaşaçının zövqü” nominasiyasının əlavə olunduğunu elan edib. Tamaşaçılar #OscarsFanFavorite haşteqindən istifadə edərək akademiyanın tvitter səhifəsində bəyəndiyi filmlərə səs verə bilər.
94-cü “Oskar” mükafatlarının təqdimetmə mərasimi martın 27-də Los-Ancelesdə keçiriləcək.
Azərbaycan haqqında həqiqətlərin bütün dünyada yayılmasında mühüm rol oynayan “İRS-MYRA” beynəlxalq jurnalının qazax dilində növbəti nömrəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində ölkəmizin, o cümlədən Qarabağın mədəniyyəti, qədim tarixi, Ermənistanın işğalçı siyasəti və onun məkrli nəticələri, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar haqqında məlumatlar yer alıb.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Ayqul Kuspanın “Azərbaycan qeydləri” məqaləsində parlamentin nümayəndə heyətinin sentyabr ayında Azərbaycana və Qarabağa səfəri haqda təəssüratlarını bölüşüb. Qarabağda aparılan quruculuq işləri barədə geniş məlumat verib.
Bundan başqa Almas Altayın “Azad Qarabağ: Türk dünyasının ortaq qələbəsi” adlı məqalədə Azərbaycanın 2020-ci ildə cəmi 44 gün davam edən müharibədə parlaq Qələbəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşmasından bəhs edir.
Nurgeldi Əbdiğaniulı “Bül-bül gülü, həm də azad Şuşa” adlı məqalədə isə 44 günlük müharibədə Azərbaycan Ordusunun ədaləti bərqərar etməsi işğal atında olan torpaqların və əsası Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qızıl beşiyi, sevimli paytaxtı Şuşanın azad edilməsi qeyd edilib.
Jurnalda dərc edilən rusiyalı alim, tarix elmləri namizədi Oleq Kuznetsovun “Qarabağ: Hərb və sülh” məqaləsində Azərbaycanın işğal olunmuş ərazilərində maddi mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması oxucuların diqqətinə çatdırılır.
Qazaxıstan M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru Kenjexan Matıjanov “Nizami aləmi” adlı Nizami Gəncəviyə həsr edilmiş məqaləsi bir daha böyük Azərbaycan şairi və mütəfəkkirinin əsərləri və ölməz ideyaları haqqında məlumatları qazax dilində oxucuların diqqətinə çatdırır.
Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayevin “Zirvələrə yüksələn qardaş ölkə” adlı məqaləsində ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur.
Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisinin açılışı olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə hazırlanıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Razi Nurullayev, Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin həmsədri Səbinə İskəndər və Xətai Sənət Mərkəzinin direktoru çıxış edərək rəssamların yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.
Bildirilib ki, sərgi ölkəmizdə suluboya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr edilib. Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunub.
Sərgidə 20-yə yaxın əsər satılıb.
Əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub və sərginin elektron kataloqu hazırlanıb.
Martın 4-dən 11-dək “Huma Art Room” qalereyasında 8 mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaz Rapsodiyası” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərginin məqsədi 8 mart ərəfəsində Azərbaycan xanım rəssamlarının müasir və yeni baxışlarını nümayiş etdirməkdir.
Dövlət Turizm Agentliyi (DTA) martın 7-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edir.
DTA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsidir.
Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan, məbləğinin dəyəri isə otuz min manatdan çox olmamalıdır.
Qrant müsabiqəsində bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər iştirak etmək hüququna sahibdirlər.
Müsabiqə sənədləri müşayiətedici sənədlərlə birlikdə aprelin 7-dək grants@tourism.gov.az elektron poçt ünvanına göndərilməlidir.
İştirak üçün ümumi tələblər, mövzular, layihələrin təqdim olunmasına dair tələblər və digər məlumatlarla aşağıdakı fayla keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/3sBRYC9
Bu gün Ümumdünya Yazıçılar Günüdür. Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011-ci ildə yaradılıb və prezidenti postuna Xalq yazıçısı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.