Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinə start verib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin, ilk növbədə, qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.
Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılması, onların şəxsi rifahı və cəmiyyətin məqsədləri uğrunda mübarizəsinin, Şərq və Qərbin qovuşuğunda yaşamanın özəlliklərinin, gender ayrıseçkiliyi fəsadlarının kino dili ilə ifadəsi arzu olunandır.
Müsabiqədə iştirak üçün qısametrajlı (52 dəqiqədən çox olmamaqla) bədii filmin ssenarisi (çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari və müəllif haqda informasiyanın elektron versiyası info@aki.az ünvanına , “ssenari müsabiqəsi” mövzusu göstərilməklə göndərilməlidir.
Ssenarinin çap nüsxələri mayın 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək. Qalib ssenarilər istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcək.
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa muğamlarına həsr olunub.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Məlum olduğu kimi, Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşıb. Vaxtilə Şuşa həm də muğam məclisləri ilə şöhrətlənmişdi. Nəticədə musiqi mədəniyyəti baxımından Cənubi Qafqazda və yaxın ölkələrdə nadir məkana çevrilmişdi. “Şuşada uşaqlar “Segah” üstə ağlayır, “Şahnaz” üstə gülürlər” və digər bu qəbildən deyimlər mədəniyyət paytaxtımızın Azərbaycan muğam, musiqi sənətinin inkişafındakı əhəmiyyətli rolundan xəbər verir.
Qarabağ muğam məktəbinin nümayəndələri milli musiqi mədəniyyətimizin inkişafında xüsusi rol oynayıblar. Azərbaycan muğamları içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.
Məsələn, "Kürdü" və "Şahnaz"ın birləşməsindən əmələ gələn kiçik muğam "Kürdü-Şahnaz" adlanır. O, "Şahnaz", "Dilkəş", "Kürdü" və "Zil Şahnaz" şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur şuşalı xanəndə Hacı Hüsü yaradıb.
Kiçik həcmli vokal instrumental muğam olan "Qatar" əvvəllər "Bayatı-kürd" muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarilə genişləndirilərək müstəqil muğama çevrilib. Qarabağ xanəndələri "Qatar"a bayatını də əlavə edərək birlikdə "Qatar-bayatı" oxuyublar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Segah İslam, Cahan Talışinskaya həmin muğamın mahir ifaçıları olublar. "Qatar", əsasən, tarın, "Qatar-bayatı" isə yastı balabanın müşayiəti ilə oxunur.
"Rast"ın tərkibinə daxil olan "Mahur-hindi" muğamı "Mahur"un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə "Rast"ın xarakterinə uyğun gəlir.
"Həmid Segahı" XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış "Rast" və "Segah" muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb.
XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbi-muğam olan "Qarabağ şikəstəsi" "Segah" muğamı kökündədir, ağır tempdə oxunur. Üzeyir Hacıbəyli "Əsli və Kərəm", Müslüm Maqomayev "Şah İsmayıl", Zülfüqar Hacıbəyov "Aşıq Qərib", Reynhold Qlier "Şahsənəm" operalarında həmin ritmik muğamdan istifadə ediblər.
Amerikalı multimedia nəhəngi “Netflix” böyük bir filmdə bir neçə döyüş səhnəsini çəkilişi üçün Lissabonu seçib.
AZƏRTAC-ın Portuqaliya mətbuatına istinadla verdiyi xəbərə görə, çəkilişlər 2022-ci ilin iyulunda bir həftə ərzində aparılacaq.
Məlum olduğu kimi, istehsal Prasa du Komersiu ticarət meydanını əhatə edən ərazilərdə həyata keçiriləcək geniş tədbirlər ardıcıllığına sahib olacaq. Çəkilişlərdə odlu silah, pirotexniki vasitələrdən istifadə olunacaq, avtomobil və motosikletlərdə təqiblər də lentə alınacaq.
Xatırladırıq ki, Lissabonda bu miqyasda sonuncu layihə “La Casa de Papel” (Kağız Ev) serialının çəkilişləri zamanı həyata keçirilib.
“Şuşa İli”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.
O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".
Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.
Bu barədə Report-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.
Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:
Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə müvəqqəti təyinat olub.
Report xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, Aparat rəhbərinin vəzifəsi nazirliyin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədova həvalə olunub.
Qed edək ki, nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə ötən ilin dekabr ayında istəyi ilə işdən çıxıb.
Yaponiyanın “wpb.shueisha.co.jp” saytı tanınmış Səyyah Marişanın Bakının memarlıq gözəlliklərindən və Azərbaycan mətbəxindən bəhs edən təəssüratları barədə böyük məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyada Səyyah Marışa adı ilə tanın bekpeker Mariko Hirakava həmin məqaləni bu yaxınlarda Azərbaycana baş tutan səyahətindən sonra qələmə alıb. “Dünyanı heyran edən memarlıq və yapon mətbəxini xatırladan Azərbaycan dolması” adlı məqalədə müəllif Bakıya səfəri zamanı ilk addımdan heyranlığını saxlaya bilmədiyini vurğulayır. Qeyd edir ki, Heydər Əliyev adına Beynəlxalq Aeroport onu özünün müasir, kosmik məkanı xatırladan memarlığı ilə çaşdırıb. Bakının bir çox səyyah tərəfindən “İkinci Dubay” adlandırılmasının heç də təsadüfi olmadığını öz gözləri ilə görüb. Vurğulayır ki, Azərbaycan rəhbərliyi neft və qazdan gələn mənfəət hesabına paytaxtın mükəmməl inkişafını təmin edib.
Heydər Əliyev Mərkəzi haqqında yazan Səyyah Marişa vurğulayır ki, məşhur memar Zaha Hadidin əsəri olan bu bina özünün elmi-fantastik görünüşü ilə onu heyran edib. Bu şəhərə səfər barədə qəbul etdiyi qərardan məmnun qaldığını bildirib. Vurğulayıb ki, turistlər üçün yüksək səviyyəli xidmətin təşkil etdiyi mehmanxanalar da dünyanın heç bir ölkəsindən geri qalmır.
Azərbaycan mətbəxi ilə tanışlığı barədə yazan müəllif sifariş verdiyi ilk yeməyin “Dolma” adı ilə onun diqqətini cəlb etdiyini bildirir. Bu adın ona Özbəkistandan tanış olduğunu, lakin Azərbaycanda onun tamamilə fərqləndiyini qeyd edir. Burada “Üç bacı” adı ilə tanınan dolma növünün öz dadı ilə onu valeh etdiyini vurğulayır. Yeməyin hazırlanması zamanı istifadə edilən inqredientlər barədə yapon oxuculara ətraflı məlumat verir. Qeyd edir ki, Azərbaycanda dolmanın müxtəlif tərəvəzlərdən, ət və yaponların sevimli yeməyi olan düyüdən hazırlanan bir çox növləri məlumdur. Restoranın mətbəxində dolamanın hazırlanmasını videoya çəkən Səyyah Marişa bunu həm məqaləyə, həm də özünün sosial şəbəkələrdəki səhifələrinə yerləşdirdiyini bildirir. Qeyd edir ki, Azərbaycanın zəngin mətbəxi, xüsusən “dolma” yeməyi məşhur səyyahlar tərəfindən də yüksək qiymətləndirilib.
Əlavə olaraq bildirək ki, Səyyah Marişa son 12 ildə dünyanın 125 ölkəsinə səfər edib, Yer kürəsini 5 dəfə dolanıb. Onun sosial şəbəkələrdəki səhifələnin yüz minlərlə izləyicisi var.
Məqaləyə Bakının memarlıq gözəlliklərini və Azərbaycan mətbəxini əks etdirən çoxsaylı fotolar da əlavə edilib.
Oslonun mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərginin açılışı olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sərgi CAN diaspor təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub. Oslonun mərkəzində yerləşən Aker Brygge mərkəzində yerləşdirilən məlumat lövhələrindən ibarət sərgi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yerli insanları baş verən qanlı hadisələr haqqında maarifləndirmək məqsədilə təşkil edilib.
Sərginin açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının İsveç və eyni zamanda, Norveç Krallığında səfiri Zaur Əhmədov, Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, habelə Pakistan, Bosniya, Şimali Makedoniya və Qazaxıstanın bu ölkədəki səfirləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Can” diaspor təşkilatının sədri Şervin Nəcəfpur 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı haqda ətraflı danışıb. Bildirib ki, 613 nəfəri yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla qətlə yetirən erməni cinayətkarlar “böyük Ermənistan” arzularını həyata keçirmək üçün Azərbaycan ərazilərini işğal etməyə çalışıb. Həmin illər baş verənlər nəticəsində bir milyona yaxın insanın qaçqın düşdüyünü diqqətə çatdıran diaspor fəalı, bu dəhşətli hadisələrin dünyanın gözü qarşısında baş verdiyini xatırladıb.
Sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Xocalı soyqırımına həsr olunan sərginin Oslonun mərkəzində keçirilməsinin vacibliyinə toxunaraq baş verən qanlı hadisələrin bugünkü qeyri-stabil dünyada yaşayan insanlar üçün də dərs ola biləcəyini vurğulayıb. “Bu gün biz burada ifadə olunan fikirlərə dəstək olaraq dünyaya qisas çağırışı ilə deyil, bu cür soyqırımlara son qoymaq çağırışı ilə müraciət edirik. Biz yeni Xocalı qətliamları kimi dəhşətlərin yenidən baş verməsini istəmirik”, - deyə Fuad Muradov bildirib.
Fikrini davam etdirən komitə sədri, Norveç ictimaiyyətinin nümayəndələrini Azərbaycanla daha yaxından tanış olmağa və ölkəmizə turistik səfərlər etməyə çağıraraq, diasporumuzun iki ölkə arasında əlaqə qurmağında rolunu vurğulayıb.
Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman Xocalı hadisələrinin dəhşətlərindən danışaraq, bu cür soyqırımlarının birdə təkrarlanmamalı olduğunu xüsusilə qeyd edib.
Uzun illər erməni işğalında olan Azərbaycan torpaqlarının azad etməsini məmnunluqla söyləyən səfir Qafqaz regionunda yalnız qarşılıqlı hörmət və ədalət prinsiplərinə əsaslanan gələcəyin qurulması üçün atılan addımlar və ölkələr arasında əlaqələrin normallaşdırılması uğrunda danışıqlardan bəhs edib.
Tədbirin sonunda Pakistan əsilli Norveçli siyasətçi Mahmud Əhməd çıxış edərək Xocalı soyqırımı haqqında danışıb və dünyada sülhün yalnız ümumyaşam və dözümlülük nümayişi ilə təmin edilə biləcəyini dilə gətirib.
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə əlaqədar keçirilən “Moskvada Azərbaycan Günləri” festivalı çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) açılmış “Azərbaycan xalçası — yeni baxış” sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş sərgi fevralın 25-də XTNS-nin “Azərbaycan” pavilyonunda açılıb.
Ekspozisiyanın ziyarətçiləri Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olurlar.
Sərgidə nümayiş etdirilən xalçalar “Azərxalça”nın yaradıcı kollektivi ilə Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovun səmərəli əməkdaşlığının nəticəsidir.
Pavilyona gələnlər burada Heydər Əliyev Fondunun daha bir layihəsi - dahi Azərbaycan şairi və mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yaradılmış “Dildən dilə” ədəbi layihəsi ilə tanış ola bilərlər.
“Azərbaycan” pavilyonunun rəhbəri Səadət Qədirova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu sərgi tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan xalçaları həmişə yalnız məişət əşyası deyil, tarixə, mədəniyyətə və ənənələrə sədaqət rəmzi sayılıb. Xalçalar nəsildən-nəsilə keçir və hər xalça bir ailə yadigarıdır.
S.Qədirova daha sonra deyib: “Sərgidə əl işi olan Qarabağ naxışları, xalçaçılıq sənətinə yeni baxış, yeni rəng çalarları təqdim edilib. Qonaqlarımız toxucuların işinə heyran olur, biz isə ölkəmizə görə qürur hissi keçiririk”.
Sərgi 2022-ci il mayın 5-dək davam edəcək.
Bu gün Xalq artisti Mustafa Mərdanovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 128 il ötür.
Tiflisdə anadan olan Mustafa Mərdanov kiçik yaşlarından teatra böyük maraq göstərib, 1910-cu ildən dram dərnəklərində çıxış edib. Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.
Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.
Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək dəvəti alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.
Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.
Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.
Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.