Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Milli Xalça Muzeyində “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılacaq

    Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılacaq. Bu, Bakıda doğulub böyüyən, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisidir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiyada Rami Meirin yaradıcılıq universallığını əks etdirən “Dağ yəhudiləri” silsiləsində işlədiyi otuzdan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunacaq. Burada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında, xüsusi olaraq bu sərgi üçün toxunmuş eyniadlı xalça da yer alacaq. Sərginin mərkəzi eksponatlarından biri olan, ənənəvi texnikada toxunan çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb.

    Ekspozisiyanı sənətkarın kolleksiyasından olan köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri – dini əşyalar, zərgərlik məmulatları, silahlar, mis qablar, milli geyim elementləri tamamlayır.

    Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir. Bu, özünəməxsus mədəniyyətə və cuhuri adlanan dilə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir.

    Rami Meir bir neçə il ərzində yaratdığı “Dağ yəhudiləri” silsilə əsərləri üzərində işləyərkən tarixçi-dokumentalist kimi araşdırma aparıb, öz xalqının tarixini zərrə-zərrə bərpa edib. O, həyatın təkcə zahiri tərəfini deyil, həm də bütöv bir etnik qrupun varlığının estetikasını parçaların faktura və ornamentlərində, sinaqoqların memarlığında, yaşayış evləri və sənətkarların dükanlarının bəzədilməsində, insan obrazlarında ən aydın şəkildə çatdırıb. Bundan əlavə, öz mədəniyyətinin dərin qatlarına bələd olan rəssam xalqın mənəvi həyatını, dərin müdrikliyini, fəlsəfəsini əks etdirib.

    “Mən xalqımın etibarlı sənədli obrazlarını yaratmağı qarşıma vəzifə qoydum. Buna görə də kitabları, inqilabdan əvvəlki açıqcaları, köhnə qəzetləri, arxiv sənədlərini araşdırdım, ağsaqqalların hekayələrini dinləyərək dağ yəhudilərinin həyatı haqqında daha çox məlumat əldə etdim, ritual qablar, zərgərlik məmulatları, xəncərlər, cib saatları yaratmaq üçün hansı materiallardan istifadə olunduğunu öyrəndim.

    Dağ yəhudilərinin o dövrün geyimlərində istifadə etdikləri parçaları, onların teksturasını və ənənəvi rənglərini tədqiq etdim, bütün bu bilikləri rəsmlərə köçürdüm. Bütöv bir xalqın, onun mədəniyyətinin rəngarəng, orijinal obrazlarını qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək üçün rəsm dili mənə ən yaxşı ifadə vasitəsi kimi göründü”, - deyə rəssam bildirib.

    O, xüsusi qeyd edib ki, dağ yəhudiləri məhz Azərbaycanda sülh şəraitində yaşamaq, əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olmaq imkanını əldə ediblər: “Xalqımız Qubanı ana yurdu adlandırır. Çünki məhz burada bizim analarımız uzun əsrlər boyu öz oğul və qızlarını dünyaya gətiriblər”.

    Qeyd edək ki, sərgidə dağ yəhudilərinin tarixindən bəhs edən sənədli film də nümayiş olunacaq.

    Ölkəmizin aparıcı muzeylərindən birinin - Azərbaycan Milli Xalça Muzeyinin 55-ci - yubiley ilinə təsadüf edən “Bir xalqın tarixi – bütün dünya üçün” adlı sərgi aprelin 1-dək davam edəcək.

  • “CODA: Kar valideynlərin övladı" filmi ABŞ-ın Kino Aktyorları Gildiyasının əsas mükafatını qazanıb

    Rejissor Siana Hederin “CODA: Kar valideynlərin övladı" ekran əsəri ABŞ-ın Kino Aktyorları Gildiyasının əsas mükafatını alıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” kateqoriyalarında mükafatın qalibləri Uill Smit (“Kral Riçard”) Vinus Vilyams və Cessika Çesteyn (“Temmi Feyin gözləri” 2021) olub.

    Qeyd edək ki, ABŞ-ın Kino Aktyorları Gildiyası 1993-cü ildə yaradılıb və kino və televiziya aktyorlarının və bu sənayedə çalışan digər yaradıcı insanların maraqlarını təmsil edir. Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib. O vaxtdan indiyədək hər il aktyorluqda yüksək nailiyyətlər əldə etmiş şəxslər üçün fəxri mükafatların təqdimetmə mərasimi keçirilir.

  • “Squid Game” seriali “Ən yaxşılar” kateqoriyasında 3 mükafatla tarixə imza atıb

    ABŞ Kinoaktyorları Gildiyası canlı yayım vasitəsilə ilin ən yaxşı aktyorlarına iddialı olan namizədlərin adlarını elan edib.

    AZƏRTAC xəbər verir ki, film kateqoriyasında “Ən yaxşı aktrisa” mükafatı Cessika Çesteynə, “Ən yaxşı aktyor” mükafatı isə “King Richard” filmindəki performansına görə Vil Smitə verilib.

    Qeyd edək ki, “Oskar” mükafatına da namizəd olan Smit “SAG” mükafatlarında olduğu kimi Javier Bardem, Benedikt Kamberbetç, Endryu Qarfild və Denzel Vaşinqton ilə yarışacaq. Bu, onu göstərir ki, Vil Smit də “Oskar” mükafatını qazana bilər.

    “Netflix”in ən çox baxılan Koreya filmi “Squid Game” serial kateqoriyasında mükafatlara damğasını vurub. Belə ki, serial ən yaxşı aktrisa, ən yaxşı aktyor, həmçinin ən yaxşı kaskadyor işinə görə mükafatındırılıb.

  • “Sezar” film mükafatının Parisdə təqdimatı olub

    Fransanın “Oskar” mükafatı kimi tanınan “Sezar” film mükafatı Parisdə təqdim olunub.

    AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, 47-ci dəfə təqdim olunan “Sezar” mükafatı bu dəfə “Lost İllusions” filminə təqdim edilib.

    Film “Ən yaxşı film” də daxil olmaqla 7 nominasiyada qalib seçilib.

    Qeyd edək ki, “Ən yaxşı rejissor” nominasiyasında Leos Karaks, “Ən yaxşı aktyor” kateqoriyasında isə Benuat Magimil mükafatlandırılıb.

  • Musiqi məktəbində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə ilk olaraq Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra tədbirin aparıcısı, nəzəriyyə şöbəsinin müəllimi Şəfa Səfərova Xocalı hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən danışıb.

    Tədbirdə Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.

    Proqramda Azərbaycan bəstəkarları ilə yanaşı dünya bəstəkarlarının əsərləri, muğamlarımız müəllim və şagirdlərimizin ifasında təqdim olunub.

  • “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı olub

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yazıçı-publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir Xocalıda və Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs Vətən savaşında mərdliklə döyüşərək şəhid olmuş vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Kitabxananın direktoru Şəhla Qəmbərova çıxışında Xocalı faciəsi haqqında ətraflı məlumat verərək deyib: “Dünyada az belə faciə var ki, Xocalıda törədilən vəhşiliklərlə müqayisə edilsin, mənəvi dəyərlərə zidd olan qətl və zorakılıq kimi qeyri-insani cinayət əməlləri törədilsin. Fevralın 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə əliyalın, müdafiəsiz sakinlər erməni işğalçılarının amansız hücumuna məruz qalaraq məhv edilib. Qocalara, uşaqlara, hətta hamilə qadınlara belə rəhm edilməyib. Elə bu baxımdan da amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamını daima təbliğ edərək gələcək nəsillərə çatdırmaq biz kitabxanaçıların da borcudur”.

    Zemfira Məhərrəmlinin sayca 15-ci kitabı olan “Bədii düşüncədə Qarabağ” taleyimizə yazılan 30 illik savaşın başlanğıcından 44 günlük Vətən müharibəsinədək olan bir dövrü əhatə edir.

    Kitaba “Ön söz” müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, kitabın redaktoru şair-tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, Yazıçılar Birliyi Gənclər Şurasının sədri Fərid Hüseyn çıxışlarında kitabın məziyyətlərində söz açıblar.

    Sonra Zemfira Məhərrəmli tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

  • AZƏRTAC-ın Türkiyə büro rəhbərinin “Dinməyən acı: Xocalı” əsəri Ankarada nəşr olub

    Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı “Dinməyən acı: Xocalı” siyasi-tarixi, sənədli əsəri Türkiyədə nəşr olub.

    Əsər “Xocalıya Ədalət!” Beynəlxalq Məlumatlandırma Kompaniyasına dəstək olaraq yazılıb.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı məlum Sərəncamın da yerləşdirildiyi kitab səkkiz fəsildən və 688 səhifədən ibarətdir.

    Əsərin nəşri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin (AYİB) təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən təmin edilib.

    Nəşrin rəhbəri AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Türkiyə türkçəsinə uyğunlaşdıran Mətin Yıldırımdır.

    Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan dövlətinin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, saxta “Böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımının səbəb və məqsədlərinə aydınlıq gətirilib.

    Əsərdə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən hüquqi-siyasi proses, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılması barədə Prezident fərman və sərəncamları, Milli Məclisin qərarları, Xocalı soyqırımının acılarını yaşayan soydaşlarımızın ifadələri, faciə barədə 1992-ci ildə dünya mətbuatında yer alan xəbərlər tədqiqata cəlb olunub.

    “Xocalıya Ədalət!” Beynəlxalq Məlumatlandırma Kompaniyasının ümumdünya sülh çağırışı olduğunu əsaslandıran müəllif Xocalı soyqırımının tanınması ilə bağlı indiyədək mövcud olan sənədləri, eləcə də bütün dünyada salınan Xocalı parkları və abidələri barədə məlumatları ayrı bir fəsildə oxuculara təqdim edib.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə əsərdə “Zəfər bölümü” başlığı ilə işlənilmişdir. Böyük Zəfərə və ondan sonrakı proseslərə aid bütün sənədlərin mətni əsərdə əksini tapıb.

    Kitabın sonunda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə, yaşayış yerlərinə və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən, AZƏRTAC tərəfindən lentə alınmış orijinal fotolar da əksini tapıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsinin əsas kitabın mövzusuna aid olan məqamları əsərin sonunda xüsusi bir bölümdə işlənilib.

  • Rejissor Arif Qazıyev vəfat edib

    Azərbaycanın tanınmış televiziya rejissoru Arif Qazıyev fevralın 24-də 84 yaşında vəfat edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.

    Qeyd edək ki, rejissor 1938-ci ildə anadan olub. Arif Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

  • Xocalı soyqırımına həsr olunmuş “Remember” əsərinin videoklipi təqdim edilib

    Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Remember” əsərinin klipi yutub kanalında yerləşdirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitənin dəstəyi, Londonda yaşayan bəstəkar, “EMC Production”nın rəhbəri Emin Məcnunbəylinin təşəbbüsü ilə ərsəyə gələn klip Xocalı qurbanlarının əziz xatirəsinə ithaf olunub. Əsərin musiqisi Emin Məcnunbəyliyə, sözləri Çexiyada yaşayan şairə Leyla Begimə məxsusdur.

    Emin Məcnunbəylinin ifasında səslənən əsəri gitarada Erdem Gonenc müşayiət edib. Musiqi videosunun rejissoru Həbib Cəbrayılovdur.

     

  • “Xəyallarımın arxasında” adlı sərgi açılıb

    Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində tanınmış rəssam, akademiyanın müəllimi Adalet Karanın Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xəyallarımın arxasında” adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın 70 əsəri nümayiş olunub.

    Sərginin məqsədi Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılmasına, faciənin qurbanlarının xatirələrinin yad edilməsinə, onların gənc nəsil tərəfindən unudulmamasına yönəlib.