Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda açılışı olmuş sərgidə Şərq-müsəlman ədəbiyyatının nadir əlyazmaları nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, Kral Fəysal Mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilən 36 qədim əlyazma arasında eramızdan əvvəl I əsrdə yaşadığı düşünülən Bəydəba tərəfindən qələmə alınmış “Kəlilə və Dimnə“ əsərinin VIII əsrdə İbn Əl-Muqaffahın ərəb dilinə tərcümə etdiyi ikinci surəti, XIV əsr böyük Şərq filosofu İbn Xəldunun “Kitab əl İbar Əl Mübtəda və Əl Xabar” əsərinin, Əl İmam Malikin topladığı və iki min il yaşı olan əlyazmalar toplusu, XVI əsrdə Romada nəşr edilmiş “İncil”in ərəb dilində tərcüməsi və digər qiymətli əlyazmalar var. Ziyarətçilərin ən çox diqqətini cəlb edən isə Misirdəki Məmlük dövründə ən mahir xəttatların nəfis şəkildə işlədiyi “Qurani-Kərim” nüsxəsidir.
Sərginin təşkilatçıları bu eksponatları 187 min əlyazmanın arasından seçiblər və Kral Fəysal Tədqiqatlar və İslam Mərkəzinə təqdim ediblər.
Rusiyalı soprano Anna Netrebko Milanın “La Skala” teatrında çıxış etməyəcəyini bildirib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, səbəbini açıqlamayan rusiyalı soprano, Valeri Gergiyevin Ukraynaya görə səhnədən uzaqlaşdırılmasından sonra artıq heç bir izahata lüzum qalmadığını söyləyib.
Anna Netrebko sosial şəbəkələrdə İtaliyanın “La Repubblica” qəzetində səhhətindəki problemlərə görə “La Skala”ya getmir sözlərinin yer aldığı məqaləyə cavab verib. O, “Yaxşıyam, amma gəlmirəm” sözlərini çox uzatmadan yazıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “FantazEU” mədəni irs festivalı çərçivəsində Bakıda gənc xalçaçı-rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov və festivalın kuratoru Sona Quliyeva çıxış ediblər. Onlar qeyd ediblər ki, festivalın əsas məqsədi Avropa mədəni irsini təbliğ etmək, Azərbaycanın mədəni müxtəlifliyini populyarlaşdırmaqdır. Vurğulanıb ki, belə festivallar Avropa ilə Azərbaycan arasında möhkəm tərəfdaşlığın inkişafına kömək edəcək.
Sərgidə Fəridə Qarayevanın 14 əsəri nümayiş etdirilib. Rəssam öz əl işlərində xovsuz xalça (palaz, kilim, şəddə kimi növlər) texnikasından istifadə edib. Qeyd etmək yerinə düşər ki, Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini xalçaçı-rəssam ixtisası üzrə bitirib. O, müxtəlif kollektiv sərgilərdə, plener və festivallarda fəal iştirak edib.
Qeyd edək ki, “FantazEU” festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin 2018-ci ildən bəri keçirdiyi “Fantaziya” mədəni irs festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda Avropa və Şərq memarlığı üslubunda tikilmiş “Fantaziya” hamamının adından götürüb.
Martın 26-27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəlirdi” romanı əsasında səhnələşdirilən tamaşanın premyerası olacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Və qadın gəlirdi...” adlı tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim rəssamları Anna İbrahimova və Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Tamaşanın musiqi həlli Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya və səhnə plastikası Xalq artisti Fuad Osmanova məxsusdur. Xoreoqrafiya üzrə assistentlər Əməkdar artistlər Mariya Duboviskaya və Həcər Ağayevadır.
Rolları Xalq artistləri Məbud Məhərrəmov və Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva, Mariya Duboviskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Salman Bayramov və Yuri Omelçenko ifa edirlər.
Maqsud İbrahimbəyovun romanında hadisələr XX əsrin 80-90-cı illərində Abşeronda, dənizkənarı yaşayış məntəqələrindən birində cərəyan edir.
Martın 2-də Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən “Gündoğar ölkə”nin Bakıdakı səfirinin aşpazı Matsuşita Taisei tərəfindən yapon yeməklərinin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada qonaqları salamlayaraq deyib: “Bu il Yaponiya-Azərbaycan münasibətlərinin bərpasının 30 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanın bir sıra rayon və şəhərlərində tədbirlər keçiriləcək”.
Bu tədbirin məqsədinin yapon mətbəxinin tanıdılması olduğunu söyləyən səfir qeyd edib ki, bu gün təqdim olunan təamlar ənənəvi yapon yeməkləridir.
Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar yapon mətbəxinin ləziz təamlarından dadıb, yeməklər haqqında ətraflı məlumatlar əldə ediblər.
Fransanın populyar “La Gazette” xəbər portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində keçmiş SSRİ-nin kosmik sənayesinə 25 il rəhbərlik etmiş general-leytenant, böyük azərbaycanlı Kərim Kərimov haqqında “Kosmos fatehlərinin sərkərdəsi” adlı məqalənin yayımına başlayıb.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “La Gazet-te” portalı müntəzəm olaraq səhifələrində dünyanın məşhur elm, incəsənət xadimləri, görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.
Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı. Fəsli-baharın gəlişini duymaq, estetik zövq almaq üçün Azərbaycan Milli İncəsənət Muzeyində balaca sənətsevərlərə “Yetişdi fəsli-bahar” adlı tədbir proqramları təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, proqram Novruz bayramının mənşəyi, tarixi və adətlərindən bəhs edən mühazirə ilə başlayıb, ustad dərsi ilə davam edəcək. Balacalar Novruz bayramının əsas atributlarından ibarət “Bahar xonçası” adlı kompozisiyanı boyayacaq, eləcə də, balacalar muzeyin tarixi binalarını ziyarət edərək bədii irsimizin sehrinə qərq olacaq, milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.
Muzey balacaları bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərində iştiraka dəvət edirik. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək xahiş olunur.
Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Osloda fəaliyyət göstərən Nobel Sülh Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzin rəhbəri Kjersti Flogstad görüşdə rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barəsində məlumat verib.
Azərbaycanda Nobel qardaşlarının yaratdığı zəngin irs haqqında danışan səfir Zaur Əhmədov İsveç və Norveçdən sonra Nobel tarixinə həsr olunan muzeyin yalnız Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmin muzeyin, Nobel qardaşlarının neft istehsalı şirkətinin (Branobelin) bir vaxtlar sahib olduğu “Villa Petrolea” mərkəzində yerləşməsini və tariximizin bu hissəsinə böyük əhəmiyyət verildiyini ifadə edib.
Nobel mükafatı fondunun formalaşmasında “Branobel” şirkətinin Azərbaycanda neftdən qazandığı sərvətin rolunu vurğulayan Zaur Əhmədov isveçli yazıçı Bengt Jangfeldtin o zamanlar baş verənləri ətraflı təsvir edən kitab yazdığını da bildirib.
Səfir bütün bu və digər faktları, habelə Azərbaycanda Nobel irsinə böyük dəyər verildiyini nəzərə alaraq, birgə layihələrin həyata keçirilməsi üçün perspektivlərin olduğunu qeyd edib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Günümüzün gəncləri" adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə çıxış edib.
Konsert proqramında Modest Musorqskinin "Sərgidən şəkillər", Aleksandr Skryabin "Sonata № 3", Sergey Raxmaninovon "Prelüd №7" əsərləri səsləndirilib.
Konsert böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, layihədə məqsəd dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.
“Şuşa İli” ilə bağlı Tədbirlər Planı” beş bölmədən ibarətdir
Qırx dörd günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra həmin ərazilərdə geniş infrastruktur layihələri ilə yanaşı, mədəni dəyərlərimizin yenidən əzəli yurd yerlərimizə qaytarılması istiqamətində davamlı iş aparılır. Bu baxımdan dövlət başçısı tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində, xüsusilə mədəni mühitin yenidən canlandırılması ilə əlaqədar işlər həyata keçirilir. Ötən ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı və avqust ayında Vaqif Poeziya Günlərinin keçirilməsi və digər tədbirlər bunun əyani təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O diqqətə çatdırıb ki, dövlət başçısının 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Sənədə əsasən, il ərzində ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlərin təşkili nəzərdə tutulur.
Şöbə müdiri deyib ki, bu tədbirlərin, demək olar ki, əksəriyyətinin icrası Mədəniyyət Nazirliyinə həvalə edilib. Tədbirlər planı beş bölmədən ibarətdir: mədəni-kütləvi və idman tədbirləri; elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması; “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər; “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması.
İl ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur
Qeyd olunub ki, ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək.
“Şuşa İli”nin ilk böyük tədbiri may ayında “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq
Nazirlik rəsmisinin sözlərinə görə, “Şuşa İli”nin ilk böyük tədbiri may ayında Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq. İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.
“Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir
Məryəm Qafarzadə deyib: “Bu ilin əvvəlindən Mədəniyyət Nazirliyi tərəfindən 270 yaşlı şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir. Əsas məqsəd Şuşa şəhərinin zəngin mədəni mirasının daha geniş təbliğatına töhfə verməkdir. Layihə “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” olmaqla yeddi istiqaməti əhatə edir”.