Bəşər tarixinin yaddaşına yüzlərlə müharibələr, səlib yürüşləri, qırğınlar, soyqırımları haqqında məlumatlar həkk olunub. Dinc əhaliyə qarşı qırğınlar törədənlər isə hər zaman lənətləniblər və bir çox hallarda cəzalandırlıblar. İkinci Dünya müharibəsindən sonra insanlığa qarşı soyqırımı cinayəti törədənlərə qarşı beynəlxalq tribunallar yaradılıb və təqsirkarlara müəyyən cəzalar kəsilib. Nürnberq və Tokio (1945), Yuqoslaviya (1993), Ruanda (1994), Şərqi Timor (2000), Sierra Leone (2002), Livan (2007) və s. məhkəmələr məhz bu məqsədlərlə yaradılmışdır. 1992-ci il fevralın 26-da Ermənistan ordusu tərəfindən törədilən Xocalı soyqırımı da xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Hazırda dünyanın 17 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı qanunvericilik orqanı səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı və s. qurumlar Xocalı soyqırımını rəsmən tanımışdır.
Lakin Xocalı soyqırımını törədən cəlladlar 30 ildir ki, azadlıqda gəzirlər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan, ingilis və rus dillərində istifadəçilərə təqdim etdikləri “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron nəşrin materialları bir növ ittiham aktıdır və əlaqədar beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətləri Xocalı cəlladlarını insanlıq naminə cəzalandırmağa və bu bəşəri cinayətə hüquqi qiymət verməyə səsləyir.
Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, elektron nəşrə daxil olan materiallar 9 bölmədə qruplaşdırılmışdır. “Xocalı soyqırımı” adlanan bölmədə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri və s. materiallar toplanılmışdır. “Xocalı şəhidləri” bölməsində şəhidlərin siyahısı ayrı-ayrı kateqoriyalar üzrə istifadəçilərə təqdim edilir. “Rəsmi materiallar” bölməsində Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində atılan addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara müraciətlər, Xocalı faciəsinin beynəlxalq hüquq normaları baxımından soyqırımı kimi tövsif edilməsi haqqında rəsmi sənədlər toplanılmışdır. “Xocalı soyqırımının əks-sədası” bölməsində isə bu günədək Xocalı soyqırımı ilə bağlı yerli və xarici mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini tapan seçmə materiallar yerləşdirilmişdir. Bu bölmədə, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, müxtəlif dillərdə çap etdirdiyi nəşrlər haqqında məlumatlar toplanılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından etibarən “Xocalıya ədalət!” devizi altında beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında materiallar xronoloji ardıcıllıqla toplanaraq ayrıca bölmə şəklində istifadəçilərin diqqətinə çatdırılır. “Xocalı soyqırımının tanınması” bölməsində ayrı-ayrı beynəlxalq təşkilatlarda və dövlətlərin qanunvericilik orqanlarında, müəyyən inzibati qurumlar tərəfindən qəbul edilən sənədlər və müraciətlər, onlar haqqında məlumatlar istifadəçilərin diqqətinə çatdırılır. “E-Resursalr” bölməsində müxtəlif dillərdə Xocalı soyqırımından bəhs edən 100-ə yaxın kitabın elektron versiyası və bu faciə barəsində yaradılan saytların siyahısı təqdim edilir. Elektron nəşrin “Biblioqrafiya” bölməsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımları və kütləvi qırğınlar haqqında ətraflı məlumat verən 424 kitabın və 4100 məqalənin biblioqrafik təsviri verilmişdir.
İstifadəçilər təqdim edilən “Fotoittiham” bölməsi özlərini dünyaya “mədəni xalq” kimi təqdim etməyə çalışan erməni barbarlarının əsl simasını ortaya qoyur. “Fotoittiham”da öz əksini tapan 80-dən artıq şəkil “Reuters” agentliyinin fotomüxbirləri Fredierik Lengeynin və Xalid Əsgərovun, rusiyalı jurnalist Viktoriya İvlevanın, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun, reportyor Çingiz Mustafayevin hadisə yerlərindən çəkdikləri foto və videomateriallar əsasında hazırlanıb. Bu bölmədə nümayiş etdirilən tükürpədici şəkillər hər bir istifadəçidə ermənilərin dünyanın ən qəddar və vəhşi qəbiləsi olması təəssüratını yaratmağa xidmət edir.
https://khojaly.preslib.az/ domenində yerləşdirilən “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tammətnli elektron nəşr mütəmadi olaraq yenilənilir.
Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.
Bu barədə Report-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1) əhatə edir. Qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Dəyişiklik 26.02.2022-ci il səhər saat 07:00-dan başlayaraq məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək", - məlumatda qeyd edilib.
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.
Bu barədə Report-a İqtisadi islahatları Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirlib.
İlkin mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Növbəti mərhələdə Kooperasiyanın nəzdindəki müəssisələrin istehsal etdiyi digər məhsullar da “Amazon” və “eBay” platformalarına inteqrasiya olunacaq.
Pandemiya səbəbindən beynəlxalq poçt daşımaları məhdudiyyətlərlə fəaliyyət göstərdiyindən satışaların İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.
2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə smart-kart tipli sayğacların bloka düşməsi, kartlarının itməsi ilə bağlı 150 minə yaxın müraciət daxil olub.
Report-un məlumatına görə, bunu “Azəriqaz”da media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
"Bu müraciətlər gecə saat 2-də də, gündüz saatlarında da daxil olub. Yəni, belə hallar günün istənilən saatında baş verə bilir. Bu isə o deməkdir ki, smart-kart tipli sayğac quraşdırılmasını arzulayan abunəçilər baş verəcək halları nəzərə almalıdırlar. Sonradan ödənişli mexanikli sayğaclarda belə hallar baş vermir. Bu sayğcların işləmə və yazma mexanizmləri eynidir. Fərq yalnız ondan ibarətdir ki, birində ödəniş əvvəlcədən, digərində isə sonradan edilir", - deyə o, qeyd edib.
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvəkkil banklar vasitəsilə 138,5 milyon manat əlavə dəyər vergisini (ƏDV) istehlakçılara geri qaytarıb. 2020-ci ildə bu rəqəm 33,4 milyon manat təşil edib.
Report xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
"Ötən il onlayn kassa aparatları ilə dövriyyənin məbləği əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb. Bu artımda "ƏDV geri al" layihəsinin mühüm rolu var. Məqsəd-hədəf baxımından layihə ilə sıx koordinasiya olunmuş bu rəqəmsal həll pərakəndə ticarət və ictimai iaşə sektorunda iqtisadi münasibətləri əhəmiyyətli şəkildə şəffaflaşdırıb, - deyə o, qeyd edib.
Bundan başqa, O.Nəzəlinin sözlərinə görə, yaxın gələcəkdə e-taxes.gov.az portalının yeni versiyasının işə salınması nəzərdə tutulub: "Bu layihə demək olar ki, yekunlaşıb və yaxın vaxtlarda istifadəyə veriləcək, sahibkarlara imkan yaradacaq ki, onlar daha sadə və asan formada əməliyyatlar aparsın. Həmin portal bu vaxta qədər göstərilən xidmətlərlə yanaşı yeni xidmətlər də təqdim edəcək. "Həmçinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemimiz (AVİS) yenilənəcək".
Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, filmlərdən biri Milli Qəhrəman Allahverdi Bağırova həsr olunub. Digər filmdə dünyaşöhrətli fotomüxbir Rza Diqqətinin Xocalı soyqırımından sonra şahidi olduqlarından bəhs edilir. Daha bir film isə Xocalı sakininin yaşadığı faciələr əks olunur.
A.Bağırova həsr olunmuş film “Allahverdi” adlanır. Bədii-sənədli filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli döyüş yolu əks olunur.
Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musağoludur.
AzTV-nin Rza Diqqətinin şahidi olduqlarından bəhs edən filmi isə “Danışan fotolar” adlanır.
Sənədli filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin müsahibələri yer alır.
“Danışan fotolar”ın quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur.
Növbəti film isə “Zirzəmi” adlanır və ermənilərin Xocalıya hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban Bəkirovanın faciə dolu həyat hekayəsini əks etdirir.
Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.
Hər üç film fevralın 26-sı AzTV-də və “Park bulvar”da yerləşən “Park cinema” kinoteatrında da nümayiş olunacaq.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Polşa Respublikasının ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dərin dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Nazir ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb və Polşanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.
Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Rafal Poborski iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin sıx olduğunu və hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ölkələrimiz arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.
Görkəmli rus yazıçısı, filosof və publisist Fyodor Mixayloviç Dostoyevski ən populyar yazıçı seçilib.
AZƏRTAC rus mediasına istinadla xəbər verir ki, Rusiyada kitabların satışı təhlil edilib və ən populyar müəlliflərin reytinqi tərtib olunub.
Rusiyanın yerli müəlliflərindən Boris Akunin, Viktor Pelevin, Maks Qlebov ən populyarlar siyahısında yer alıblar.
Dünya ədəbiyyatından Erix Mariya Remark, Teodor Drayzer, Ayzek Azimov və Ernest Heminquey siyahıda ilk yerləri tutublar.
Klassik rus yazıçılarından isə ən populyarı Dostoyevski seçilib. Lev Tolstoy, Aleksandr Puşkin, Anton Çexov və Sergey Dovlatov isə siyahıda adı çəkilən növbəti müəlliflərdir.
Fevralın 22-də və 23-də Avstraliyanın tanınmış “ABC Classic” radio kanalı Azərbaycan klassik musiqisinə, xüsusilə muğam və xalq mahnılarına həsr olunmuş geniş proqram yayımlayıb.
Hər biri təqribən bir saat davam edən proqram çərçivəsində aparıcılar Vanessa Hughes və Stefani Kabanyana paytaxt Bakının qədim və müasir memarlıq ənənələri, zəngin tarixi, YUNESKO-nun siyahısına salınmış İçəri Şəhər, Şirvanşahlar Sarayı və Qız Qalası da daxil olmaqla mədəniyyət abidələri, dünyaca məşhur memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi, ölkənin neft və qaz ehtiyatlarını əks etdirən “Alov Qüllələri” göydələnləri və xalça bükümünə bənzəyən Milli Xalça Muzeyi barədə məlumat veriblər.
Ənənəvi milli irsdən və Qərb təsirindən faydalanan klassik Azərbaycan musiqisinin mükəmməlliyi tərənnüm edilərək bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Cabbar Qaryağdıoğlu, Firəngiz Əlizadə, Xədicə Zeynalovanın bəstə və ifalarından geniş bəhs olunub, musiqi nömrələrinə yer verilib.
Verilişlərdə, həmçinin Azərbaycanın milli musiqi alətlərindən də danışılıb, Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsinin 1977-ci ildə süni peyklə kosmosa göndərilməsi, muğamın YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə məlumat verilib.
Həmçinin, Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək onun “Yeddi gözəl” poemasından parçalar dinləyicilərə təqdim olunub.
Verilişdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından ilham alan erməni əsilli amerikalı soprano Keyti Berbeyanın Gülçöhrənin ariyasını Azərbaycan dilində ifası da səslənib.
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.
AZƏRTAC xəbər verir ki, filmin ilk təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yaradıcı heyətlə yanaşı, Natiq Qasımovun ailəsi də iştirak edəcək.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.
Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.