Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Hacı Zeynalabdin Tağıyev barədə çəkilən film ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

    Azərbaycanda istehsal olunmuş “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri Braziliyada “RNAB” festivalında ölkəmizi təmsil edəcək. “RNAB" festivalı 13 ildir fəaliyyət göstərir. Bütün seçilmiş filmlər ölkənin nüfuzlu məkanlarında böyük ekranda nümayiş olunacaq. İkinci filmimiz isə “RENUAC” festivalında uğur qazanıb və Çilinin paytaxtı olan Santyaqo şəhərində yerli və xarici media nümayəndələrinin iştirak edəcəyi nüfuzlu məkanlarda göstəriləcək.

    Bunu AZƏRTAC-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 14 beynəlxalq film festivalında uğur qazanıb. Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi insan haqqında çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsində başlıca rol oynayacaq”.

    O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə olunmasına xeyli vaxt sərf etdiyini bildirib.

    C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür. Bu barədə fikrini bildirərkən qeyd edib ki, ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq çox faydalıdır. Bu, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə, insanların faydalı işlər görməyə hazırlanmasına hesablanmış bir addımdır.

    “SSP Production” şirkətinin ekranlaşdırdığı daha bir film olan “Stalinin qaranlıq keçmişi” adlanır. Filmə Əkbər Qoşalı redaktorluq edib, mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. “Biz kommersiya məqsədilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik. Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə C.Qasımov fikrini yekunlaşdırıb.

  • Azərbaycan milli uşaq poeziyasının incilərini yaradan şair

    Bu gün Abdulla Şaiqin anadan olmasının 141-ci ildönümü tamam olur

    O, romantik şair idi. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir.

    AZƏRTAC xəbər verir ki, bu günlərdə anadan olmasının 141-ci ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.

    Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

    Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları üzərində işləyib.

    “Laylay” adlı uşaq şeri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. A. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.

    O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə alıb. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynayıb. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayıb.

    Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib.

    Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.

    Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

    Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990–cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.

  • Bakıdakı Rus Evində Şahmat klubunun açılışı və retrospektiv sərginin nümayişi olub

    Bakıdakı Rus Evinin bazasında Şahmat klubunun açılışı keçirilib, həmçinin SSRİ-nin şahmat üzrə 29-cu çempionatına həsr olunan “60 ildən sonra... Unudulmuş şahmat yarışları” adlı retrospektiv fotosərgi nümayiş etdirilib.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov qonaqları salamlayıb.

    Tanınmış azərbaycanlı şahmatçı, məşqçi və klubun rəhbəri Aleksandr Kosolapov 1961-ci ildə Bakıda keçirilən şahmat üzrə SSRİ çempionatından söhbət açıb.

  • Alüminiumun qiyməti 14 illik maksimumu təzələyib

    London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun bir tonunun qiyməti 3 min 443 ABŞ dollarına çatıb.

    Report xarici mətbuata istinadən xəbər verir ki, beləliklə 2008-ci ilin maksimumu təzələnib. Belə ki, o zaman alüminium 3 min 380 ABŞ dollarına kimi bahalaşdı.

    Qeyd edilir ki, əmtəə bazarlarındakı qiymət artımı qeosiyasi vəziyyətlə bağlıdır. Ukraynada vəziyyətin gərginləşməsi təchizatla bağlı problemlərin yaranmasına və təklifin azalmasına gətirib çıxara bilər. Belə ki, daha əvvəl qızılın qiyməti ötən ilin iyunundan bu yana ilk dəfə olaraq bir unsiya üçün 1 min 900 ABŞ dollarını keçib. Nikelin qiyməti isə 11 ilin maksimumuna çatıb.

  • Azərbaycandan turist axını 3 dəfədən çox artıb

    Bu ilin yanvar ayından xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 89,6 min nəfər olub.

    Report bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, Rusiyaya gedənlərin sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artıb. Ölkə vətəndaşlarının 39,4%-i Türkiyəyə, 25,8%-i Rusiyaya, 8%-i Gürcüstana, 9,7%-i İrana, 17,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 67,8%-ni kişilər, 32,2 %-ni qadınlar təşkil edib.

    Ötən ay xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının 31,2%-i dəmir yolu və avtomobil, 66,3%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.

  • İcbari Tibbi Sığorta Dövlət Agentliyi 2 milyon manatlıq tenderə yekun vurub

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi modul tipli xəstəxanalardakı generetor, transformator, elektrik panelləri, qazanxana, işıqlandırma, havalandırma və oksigen sistemlərinə xidmət göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Report dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İlk Az” MMC-dir.

    Qalib şirkətə 2,204 milyon manat ödəniləcək.

  • “Dağlarda döyüş” filminin çəkilişlərindən 55 il ötür

    1967-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Dağlarda döyüş” filmini istehsalata buraxır. Yazıçı Əhmədağa Qurbanovun “Tikanlı məftillər” povesti əsasında rejissor Kamil Rüstəmbəyovun ekranlaşdırdığı filmdəki hadisələr İkinci Dünya müharibəsində əsir həyatı yaşamış insanların vətənə qayıtdıqdan sonra qarşılaşdıqları faciəli aqibətdən bəhs olunur.

    AZƏRTAC xəbər verir ki, bu il Kamal Rüstəmbəyovun 1967-ci ildə çəkdiyi “Dağlarda döyüş” filminin 55 yaşı tamam olur.

    İlk olaraq onu deyək ki, rejissor filmin əsas qəhrəmanlarından biri olan Hicran obrazına dəvət etdiyi onlarla aktrisanın arasından həmin dövrdə Azərbaycan radiosunun gənc və gözəl diktoru Ofeliya Sənanini seçir. Çünki ona qədər gördüyü qızların heç biri Hicranın xarici görünüşü, onun malik olduğu xarakterik cizgiləri, jestləri, rejissorun yaradıcı təxəyyül və təsəvvüründə formalaşdırdığı Hicranla uyğun gəlmirdi. Çox axtarışdan sonra xoş bir təsadüf nəticəsində K.Rüstəmbəyov öz qəhrəmanını, əsərdəki obraza bütün prizmalardan uyğun gələn Hicranı tapır və dərhal da onu sınaq çəkilişlərinə dəvət edir...

    Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani: Hicran obrazının sınaq çəkilişlərinə dəvət almağım mənim üçün gözlənilməz oldu: “O illərdə mən həm radioda, həm də Kinostudiyanın dublyaj redaksiyasında çalışırdım. Bir gün kinostudiyanın dəhlizi ilə sürətli addımlarla dublyaj redaksiyamıza tələsirdim. Bu zaman Kamil Rüstəmbəyovu da dəhlizdə gördüm və rejissorun gözü məni alan kimi, “tapdım” deyə ucadan səsləndi. Açığı, Hicran obrazının sınaq çəkilişlərinə dəvət almağım mənim üçün gözlənilməz oldu”.

    Rejissor məqsədini O.Sənaniyə bildirdikdən sonra diktor xanıma obraz haqqında məlumat verir: ”Hicran sadə bir kənd qızıdır, gərəkdir ki, bu obrazı yaradan qızın üzündə mülayimlik, sadəlik əks olunsun”.

    Yeri gəlmişkən, həmin illərdə O.Sənani yenicə ailə qurmuşdu, görkəmli aktyor Möhsün Sənaninin oğlu, mərhum Valid Sənaninin həyat yoldaşı idi. Qaynata, gəlin filmin sınaq çəkilişlərinə dəvət olunmuşdu. Rejissor ona filmin ssenarisini təqdim edir və tez bir vaxtda oxuyub, fikrini bildirməsini tapşırır. Ssenarini bəyənən diktorun Hicran obrazı ürəyinə çox yatır: “Ssenaridə daha çox xoşuma gələn Hicranın sakit təbiətli bir qız olması idi. Buna görə də hələ çəkilişlər başlamazdan əvvəl hiss etdim ki, Hicran obrazının öhdəsindən gələcəyəm”.

    Filmin çəkilişləri bir çox yerlərdə – Qobustanda, Şamaxıda və Nalçikdə lentə alınıb. O.Sənaninin at sürüb-çapdığı səhnələr əsasən Qobustanda lentə alınıb: “İlk çəkilişlərimiz Qobustanın dağlarından başladı, sonra Şamaxıda davam etdi və nəhayət, Nalçikdə yekunlaşdı. Hiss edirdim ki, yaratdığım Hicran obrazını yaradıcı heyət bəyənib. Yeri gəlmişkən, filmdə böyük sənətkarlarla bir yerdə çəkilməyimdən qürur duyuram. Burda atamı Möhsün Sənani, anamı Ətayə Əliyeva, nişanlımı Şahmar Ələkbərov kimi aktyorlar oynayırdı. Rza Əfqanlının, Kamal Xudaverdiyevin ifası yaradıcı heyətin ümumi işini tamamlayırdı. Filmə dəvət olunan hər bir aktyor öz rolunun öhdəsindən layiqincə gəlməklə yanaşı, çəkiliş prosesinin uğurlu alınması üçün də bacardıqlarını əsirgəmirdilər. Bu baxımdan Kamil Rüstəmbəyovun rejissor işinə, onun aktyor üçün yaratdığı sərbəst şəraitə söz ola bilməzdi”.

    Filmin ən maraqlı epizodlarından biri, Fərruxun dövlət sərhədini pozmuş atası Sərxanla qarşılaşması və onu həbs edərək hərbi məntəqəyə təhvil verməsidir. İlk baxışda oğulun öz atasını həbs etməsi, onun xahiş və yalvarışlarına məhəl qoymaması bəlkə də qeyri-təbii görünür. Lakin filmdə bu hadisə psixoloji cəhətdən inandırıcı detallarla təqdim olunmuşdur. Belə ki, Vətənə sədaqət, vətənpərvərlik duyğularının, məhəbbət hissinin güclü olması filmdə böyük uğurla öz əksini tapmışdır. Əslində yüksək ideallarla yaşamaq, vətəndaşlıq prinsiplərinə sadiq olmaq, həqiqət naminə ictimai idealı şəxsi mənafedən üstün tutmaq, bundan ötrü öz doğmasına belə güzəştə getməmək azərbaycançılıq mövqeyimizin ifadəsidir və dövlətçiliyimizin əsasında da məhz bunlar dayanır. Ötən əsrin 30-cu illərindən ədəbiyyatımızda yüksək ideallarla yaşamaq, vətənin əsl vətəndaşı olaraq onun keşiyində mərdliklə dayanmaq kimi ideoloji prinsiplər böyük vüsət almışdır. Bu mövzu davamlı olaraq müxtəlif formalarda işlənmiş, gənclərimz bu ruhda tərbiyə almışlar. Haqqında bəhs etdiyimiz filmə gəlincə, bu ekran əsərinin ssenari müəllifi Əhmədağa Qurbanov ideologiyanı yeni nəslin simasında yenilikçi baxışlarla işləmiş, problemi inandırıcı mövqedən həll edərək əsəri uğurla ərsəyə gətirmişdir.

    Filmdə Fərruxla (Şahmar Ələkbərov) atasının (Rza Əfqanlı) çəkiliş səhnəsi Nalçik dağlarında, meşəliklərdə lentə alınıb. Həmin səhnədə Fərruxun atası İrandan gələrək sovet sərhədini keçmək istədikdə sərhədçi Fərruxun maneəsilə üzləşir. Belə ki, o, atası ilə vuruşmaq məcburiyyətində qalır. Əsərdən də görünür ki, Fərrux sərhədi pozanın atası olduğunu əvvəldən bilmir. Məsələ ondadır ki, bunu biləndən sonra da onunla vuruşur. Çünki Fərrux sovet əsgəri idi və başqa cür də davrana bilməzdi. Bunu da bilmək maraqlıdır ki, Hicranın (Ofeliya Sənani) atası (Möhsün Sənani) və anası (Ətayə Əliyeva) ilə evdə çəkilən səhnələr “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda lentə alınıb. Hicran eşidəndə ki nişanlısı yaralanıb, o zaman atını minib Fərruxun qulluq etdiyi hərbi hissəyə gedir. Bu epizod isə Qobustanda lentə alınıb. Filmdə gördüyümüz hərbi hissə isə İranın sərhədində olan Prişib qəsəbəsində (indiki Göytəpə) yerləşir.

    Bütün hazırlıqlar bitdikdən sonra film Moskva Kino İdarəsinin baxışına təqdim edilir. Moskva filmin ideyasını, çəkiliş prosesinin getdiyi məkanların təbiətin qoynunda lentə alındığını bəyənir və filmi təsdiq edir. Təsdiqetmə mərasimindən sonra film I kateqoriyaya layiq görülür.

    Xatırladaq ki, ssenari müəllifi Əhmədağa Qurbanov, rejissoru Kamil Rüstəmbəyov olan bu filmin operatoru Teyyub Axundov, rəssamı Məmməd Hüseynov, bəstəkarı Cahangir Cahangirovdur. Rollarda Şahmar Ələkbərov (Fərrux), Rza Əfqanlı (Sərxan), Möhsün Sənani (Qəmbər), Ofeliya Sənani (Hicran) ilə yanaşı, Stanislav Kovt (Nəzərov), Kamal Xudaverdiyev (Rəhimov), İvan Pereverzev (polkovnik), Vladimir Kolokoltsev (Oleq), Süleyman Ələsgərov (mayor Poladov), Abbas Rzayev (Feyzi) və Məlik Dadaşov (sərhədi pozan) çəkilib.

    “Dağlarda döyüş”ün həyata vəsiqə aldığı vaxtdan 55 il ötməsinə baxmayaraq, əsərin ideya və məzmunu, bitkin süjeti və aktyor oyunları bu gün də tamaşaçıların nümayişini böyük həvəslə izlədiyi filmlər sırasındadır.

  • Xalq artisti Kamil Cəlilov vəfat edib

    Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında dünyasını dəyişib.

    AZƏRTAC xəbər verir ki, bu barədə qaboy ifaçısının qızı Gülşən xanım məlumat verib.

    Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.

  • İsveç saytında Qobustana səyahət tövsiyə edilib

    İsveç xəbər saytında Qobustana səyahət edərək, Tur Heyerdalın da bəhs etdiyi qaya rəsmləri ilə tanış olmaq tövsiyə edilib.

    AZƏRTAC xəbər verir ki, İsveçin “Cawamediya” xəbər saytında, “Tur Heyerdal və Odinin ovu - Qobustan, Azərbaycan”, başlıqlı məqalə yerləşdirilib.

    Məqalə müəllifi yazır, “norveçli tədqiqatçı və səyahətçi Tur Heyerdal həmişə mənim səyahət qəhrəmanım olub, ona görə də onun Azərbaycana, xüsusən də Qobustana müntəzəm səfəri məndə maraq doğururdu”.

    Paytaxt Bakıdan bir qədər cənub-qərbdə yerləşən Qobustan şəhərinin tarixi eramızdan əvvəl 10 mininci illərə aid olduğu qeyd olunan məqalədə, burada insanlıq tarixi üçün əhəmiyyətə malik qaya rəsmlərinin olduğu bildirilir. Belə ki, Qobustanda təxminən 25 il aparılan tədqiqatlar nəticəsində 750 qayanın üzərinə 3500 müxtəlif mövzulu tarixi əhəmiyyətə malik qaya rəsmi müəyyən edilib.

    Mətndə vurğulanır ki, Qobustanda tapılan qaya rəsmləri Skandinaviyada tapılan rəsmlərə bənzədiyi üçün bu yerlər məşhur səyyah Tur Heyerdalın marağına səbəb olub. O, qaya üzərində olan təsvirlərdə günəşin mövqeyinə əsaslanaraq, buradakı insanların o zaman şimala səyahət etdiyini və skandinaviyalıların əslində hazırda Azərbaycan adlanan ərazidən gəlməsi fərziyyəsi ilə çıxış edib.

    “Heyerdal Azərbaycanın inkişaf etmiş qədim sivilizasiyanın vətəni olduğunu düşünürdü. O hesab edirdi ki, burada yaşamış insanlar yük heyvanlarından istifadə edərək şimala səyahət edib. O, bütün bu nəzəriyyələri 13-cü əsrdə yazılmış və qədim Skandinaviya mifologiyasına əsaslanan Kral haqqında saqa “Ynglinqa Saqa”ya əsaslanaraq, Odin tanrının şimala Aşer adlı torpaqdan – Azərbaycandan gəldiyi qənaətinə gəlib.

    Müəllifin sözlərinə görə, bu və digər faktlar Qobustanı ziyarət etmək üçün yaxşı zəmindir.

  • Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində

    Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən başlayaraq martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində “Qelikon-opera” Teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert olub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. Leyla Əliyeva konsertdən əvvəl musiqiçilərlə görüşüb.

    Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.

    Azərbaycanın Xalq artisti Yusif Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Hər birimizə təbrik düşür. Çünki bu, möhtəşəm musiqi bayramıdır. Biz incəsənət xadimləri üçün burada iştirak etmək şərəflidir. Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri hər sahədə inkişaf edir. Biz isə bu əlaqələrin daha da inkişaf etdirilməsində yaxından iştirak etməyə hazırıq”.

    Xalq artisti Elçin Əzizov möhtəşəm konsertin təşkil olunduğunu bildirərək deyib: “Burada tanınmış, istedadlı insanlar toplaşıb. Azərbaycan ifaçıları klassik rus bəstəkarlarının əsərlərini ifa etməklə ölkəmizin rus mədəniyyətinə, incəsənətinə, musiqisinə olan xoş münasibətini sərgiləmiş olurlar”.

    Bu möhtəşəm səhnədə çıxış etməsindən böyük şərəf hissi duyduğunu bildirən Xalq artisti Murad Adıgözəlzadə Moskvada Azərbaycan günlərinin təşkilinin önəmini vurğulayıb.

    Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka, Aleksandr Borodin və digər bəstəkarların sevilən əsərləri səsləndirilib.