Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada “Azərbaycan günləri” çərçivəsində təşkil olunan “Tretyakov Qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Xalq rəssamı Tahir Salahovun məşhur əsərlərinin sərgiləndiyi ekspozisiyada məşhur fırça ustasının “Qladioluslar”, “Qara Qarayevin portreti” və “Aydan” adlı əsərləri də təqdim olunur.
Ekspozisiyada Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında müxtəlif dövrləri əhatə edən əsərləri də yer alıb. Tahir Salahov Azərbaycana və Rusiyaya sevgini özündə birləşdirən bənzərsiz incəsənət xadimidir. Onun yaradıcılığında iki xalqın ənənələri öz əksini tapır. Görkəmli rəssam əsərlərində həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib.
Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova deyib: “Biz rəssamın bütün dövr üçün əlamətdar olan “Abşeron qadınları” əsərini, həmçinin irihəcmli əsərlərini, böyük rus bəstəkarı Dmitri Şostakoviçin tələbəsi olan bəstəkar Qara Qarayevin portretini nümayiş etdiririk. Bu ekspozisiyaya Tretyakov Qalereyasının kolleksiyasından 7 əsər və bir sıra kolleksiyalardan əsərlər daxildir. Bu sərgi 2014-cü ildən bu binada nümayiş etdirdiyimiz trilogiyanın üçüncü hissəsidir”.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi fevralın 24-dən “Kölgə oyunu” filminin nümayişinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Mark Vilyamsın rejissorluğu ilə çəkilən filmdə baş rolları Liam Nison, Aydan Kyuin, Emmi Rever-Lempman canlandırır. Filmin xronometrajı 120 dəqiqədir.
O, Federal Təhqiqatlar Bürosu (FTB) üçün müxtəlif işlərdə çalışıb. O, lazımsız suallar vermir, sadəcə öz vəzifəsini yerinə yetirirdi. Amma nəvəsinin xətrinə oyunu tərk etmək qərarına gəldikdə, şöbə ondan imtina edir. İndi o, sistemə meydan oxumağa və hakimiyyətin yuxarı postlarına qədər gedən bütün sui-qəsdləri üzə çıxarmağa hazırdır.
Qeyd edək ki, film Çin, Avstraliya və ABŞ-ın birgə istehsalıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi martın 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçirəcək.
AZƏRTAC xəbər verir ki, “FantazEU” Mədəni İrs Festivalı Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.
“FantazEU” Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı, Almaniyanın, Belçikanın, Bolqarıstanın, Çexiyanın, Fransanın, İsveçin, Latviyanın, Litvanın, Macarıstanın, Polşanın, Slovakiyanın və Yunanıstanın iştirakı ilə təşkil olunacaq.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko festivalla bağlı keçirilən tədbir zamanı mədəniyyətin inam və qarşılıqlı anlaşma yaratmağa kömək etdiyini bildirib.. O deyib: “Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilib. Təsadüfi deyil ki, Aİ və onun üzv dövlətləri mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. “FantazEU” Festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün mühüm imkan yaradacaq. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”.
Qeyd edək ki, “FantazEU” Festivalının tam proqramı ilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin internet səhifəsindən (https://eeas.europa.eu/delegations/azerbaijan_en) tanış olmaq olar. Festival çərçivəsində, bir sıra qapalı və açıq havada fotosərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.
Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, “Art Tower” Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.
“Arts Council of Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında festivala təşkilati dəstək göstərir.
“FantazEU” Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Fantazia” Mədəni İrs Festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda tikilmiş, Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından alıb.
Mədəniyyət Nazirliyi gələn aydan “Şuşa talks” adlı yeni layihəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə bildirib.
Nazir qeyd edib ki, layihəyə yaradıcı sənaye üzrə fəaliyyət göstərən insanlar dəvət ediləcək. İşğaldan azad edilmiş ərazilərə yaradıcı sənayelərin qaytarılması çox önəmlidir.
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələrə dair təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə ilk təqdimatı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.
Qeyd edək ki, 1982-ci il yanvarın 14-də sovet Azərbaycanına rəhbərlik edən xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məhz bu səfər çərçivəsində ulu öndər Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib, və həmin ilin iyulun 29–dan avqustun 3-dək Şuşada Vaqif Poeziya Günləri keçirilib.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın ərazidə dahi şairin məzarı üstündə inşa edilib. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu.
1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Ötən il avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada Azərbaycan günləri başlayıb. Martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.
Bu çərçivədə fevralın 22-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Azərxalça” Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunan sərgidə “Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilir. Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən eksklüziv xalçalar “Azərxalça”nın yaradıcı kollektivinin Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovla iş birliyinin məhsuludur.
“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov AZƏRTAC-a bildirib ki, sərgilənən xalçaların hamısı Qarabağ məktəbinə aiddir. Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik. Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın nümunələrini görürsünüz. Bu xalçalar Qarabağ məktəbinə aid “Qasımuşağı” qrupu xalçalarının əsasında rəssam Rəşad Ələkbərovun dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi olaraq 44 sayda xalçadan ibarətdir.
“Azərxalça”nın İdarə Heyətinin sədri əlavə edib ki, ekspozisiyada, həmçinin “Qarabağ” qrupuna aid məşhur “Əjdahalı” xalçalar da yer alıb. E.Məmmədov deyib: “Burada məşhur “Əjdahalı” xalçalarımız müasir görünüşdə sərgilənir. Bizim əsas məqsədimizdən biri də müasir Azərbaycan xalçalarını tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclara çıxarılsın”.
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun daha bir layihəsi - dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” ədəbiyyat layihəsi təqdim edilir. Layihə çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən parçalar təqdim edilib.
Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Cinayətin cəzası” adlı tədbir-sərgi təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq rəssamı Xanlar Əhmədovun muzeyə hədiyyə etdiyi 18 ədəd incəsənət əsərindən ibarət sərgi açılıb. Açılış zamanı rəssamdan qəbul olunan əşyalar aktlaşdırılıb. Xalq rəssamı Xanlar Əhmədovun mədəniyyət xeyriyyəçiliyi qiymətləndirilərək ona Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.
Tədbirdə diqqətə çatdırılıb ki, insanlığa qarşı törədilən ən qanlı və dəhşətli cinayətlərdən olan Xocalı soyqırımından artıq 30 il ötür. Son iki ildə bu faciəli tarix bir başqa əhval-ruhiyyədə keçiririk. Əlbəttə ki, bu soyqırımı törətməkdə düşmənin əsas məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, Vətən, torpaq uğrunda mübarizə əzmini illər keçdikcə daha da qüvvətləndirdi. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu düşmənə qətiyyətli cavab verərək tarix boyu Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin qisası döyüş meydanında böyük qəhrəmanlıqla alındı.
Sərgi martın 1–dək davam edəcək.
Misirin Asuan əyalətinin cənubundakı “Abu-Simbel” məbəd kompleksində ənənəvi fironun “günəşli təbəssümü” mərasimi yerli və əcnəbi turistlərin böyük marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Misirin mədəniyyət naziri İnes Əbdel-Dayem və turizm naziri Xalid Əl-Enani iştirak ediblər. Misir vaxtı ilə saat 5:20-də günəşin doğuşu ilə başlayan və məbəddə firon II Ramzesin heykəlinin işıqlandığı bu maraqlı tədbir 20 dəqiqə davam edib.
Qeyd edək ki, Misirin ən əsrarəngiz tarixi məkanlarından biri olan Asuan əyalətinin cənubundakı “Abu-Simbel” məbəd kompleksindəki bu tədbir üç min ildən bəri, ildə iki dəfə keçirilir. Rəvayətə görə, fevralın 22-si fironun taxta çıxdığı, oktyabrın 22-si isə onun dünyasını dəyişdiyi tarixlərə təsadüf edir. Məhz bu günlərdə günəş şüaları fironun heykəli olan qaranlıq məbədə girir və onun simasını işıqlandırır.
Mərasimin sonunda atəşfəşanlıq və Misirin incəsənət ustalarının konserti olub.
Azərbaycan Televiziyası bu il daha bir layihəyə start verib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Bir gün” adlı layihədə müxtəlif peşə sahiblərinin birgünlük fəaliyyəti əks olunur. Belə ki, bir sahə seçilir, o sahənin peşəkarı olan real bir şəxs verilişin qəhrəmanı olur. Çəkiliş komandası isə onun səhərdən axşama kimi birgünlük iş fəaliyyətini lentə alırlar. Beləcə, tamaşaçı seçilən peşə sahibinin bir gündə hansı işlər gördüyündən məlumatlı olur.
“Bir gün” layihəsi üzrə “Azərbaycantelefilm”in istehsalı olan ilk film kombaynda işləyən yeganə pambıqçı qadına həsr olunsa da, sonradan pandemiya, həmçinin Vətən müharibəsinin başlaması səbəbindən planda dəyişiklik edilib, layihənin silsilə şəkildə yayımlanması təxirə salınıb.
Azərbaycan polisinə həsr olunan film – “İsti izlərlə” isə artıq hazırdır. Filmdə polis zabitinin birgünlük yaşamı lentə alınıb. “İsti izlərlə”də polisin keçirilən əməliyyatlardakı peşəkar fəaliyyəti ilə yanaşı, onun həm də bir insan olaraq keçirdiyi hiss və həyəcanı da əks olunub.
Layihənin müəllifi Elçin Musaoğlu, filmin operatoru Elxan Rüstəmov, səs rejissoru Ceyhun Ağayev, prodüseri isə Fatimə Əzimovadır.
Filmlərin silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulub.
“İsti izlərlə” filmi fevralın 23-ü saat 18:30-da AzTV-də yayımlanacaq.
Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb. Hazırda filmin beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından AZƏRTAC-a bildirilib ki, film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
Ekran əsərində baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər. 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, "İctimai TV”, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.