ABŞ-ın Nyu-York şəhərində azərbaycanlı sənətçi Orxan Məmmədovun sərgisi açılacaq.
Bu barədə Report-un yerli bürosuna rəqəmsal incəsənət şirkəti “Blackdove”ın baş kuratoru Lara Binnet məlumat verib.
O, bildirib ki, “Estetikanın dirçəlişi” (“Revival of Aesthetics”) adı altında açılacaq sərgidə nümayiş olunan əsərlərdə O.Məmmədov ölkəmizin mədəni irsinin simvolu hesab olunan Azərbaycan xalçalarının eskizlərini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək irs və müasirliyin vəhdətini yaradıb. L.Binnet Nyu-Yorkun və dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgidə 9 sənət əsərinin nümayiş olunacağını bildirib.
Qeyd edək ki, O.Məmmədov dünyaya Azərbaycan mədəni irsini ən son texnologiya alqoritmi ilə birləşdirən sənətçilərdəndir. O, dövrümüzün müasir süni intellekt alqoritmindən istifadə edərək, muzeylərimizdə olan ənənəvi Azərbaycan xalça və kilimlərinin on minlərlə təsvirini emal edib və oxşarlıqlarına əsaslanan yeni hüdudsuz kombinasıyalar yaratmağa müvəffəq olub. O.Məmmədov indiyədək 150 mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və bu günə qədər mövcud olmayan xəyali kilimlər yaradıb. Dünyanın müxtəlif ölkələrinin O.Məmmədovun qabaqcıl sərgi salonlarında sərgiləri keçirilib.
Londonun ICE birjasında Avropada qazın qiyməti min kubmetr üçün 1 040-1 090 ABŞ dolları arasında dəyişib.
“Report” xəbər verir ki, Avropanın ən likvid habı olan TTF (Niderland) indeksi üzrə qazın fyuçerslərinin qiyməti müəyyən tərəddüddən sonra 1 060 ABŞ dolları təşkil edib.
Ötən ilin yazından başlayaraq, Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Ekspertlər bu amillər sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin sürətdə artmasını, tədarükçülərin təklifinin məhdud olmasını və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olmasını göstərirlər.
"Azərsu" ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) birgə məlumat yayıb.
Report-un məlumatına görə, məlumatda deyilir:
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə AAYDA Bakının Nərimanov rayonunda kompleks tədbirlər icra edib. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.
Bundan başqa, İ.Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında, razılaşdırılmış şəkildə “Azərsu” ərazidə qazıntı işləri aparır. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə küçədə asfalt örtüyünün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.
Təəssüflər olsun ki, həmin küçədə aparılan işlərlə bağlı bir vətəndaş həqiqətə uyğun olmayan video çəkərək sosial şəbəkələrdə paylaşıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılır.
Sözügedən videonu qısa müddətdə kütləvi informasiya nümayəndələri, sosial media platformalarının istifadəçiləri dəqiqləşdirilmədən qərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edib.
"Azərsu" və AAYDA olaraq bir daha kütləvi informasiya nümayəndələrindən, sosial media platformaları istifadəçilərindən xahiş edirik ki, bu cür rəsmi şəkildə təsdiqini tapmayan və təhrif olunmuş məlumatları paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan kimliyi və məramı bəlli olmayan şəxslərə dəstək olmayasınız.
Azərbaycanın turizm destinasiyası kimi tanıdılması və rəqabətliliyin artırılması məqsədilə Gürcüstanla birgə yeni turizm marşrutları üzərində iş aparılır. Əcnəbi ziyarətçilərə təklif olunacaq “Əli və Nino”, “İpək yolu” və “Sovet irsi” bu marşrutlar arasında daha çox diqqət çəkir.
Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə Report-un Gürcüstan bürosuna yeni turizm marşrutlarının özəllikləri barədə danışıb.
O deyib ki, hər iki ölkədə turistlərin marağına səbəb olacaq sovet dönəminə aid irs nümunələri var: “Çinli turislər sovet irsinə böyük maraq göstərirlər. Qori şəhərində İosif Stalinin muzeyi Gürcüstanda turistlər arasında ən populyar məkanlardan biridir. Azərbaycanda da sovet dövrünə aid irs nümunələri mövcuddur. Sovet irsinin birgə turizm marşrutuna daxil edilməsi üçün bu il hazırlıqlara başlanılacaq”.
Digər “Əli və Nino” və “İpək yolu” marşrutlarının yaradılması istiqamətində də fəaliyyətə başlanılacaq. K.Quluzadə qeyd edib ki, “Əli və Nino” bestsellerini oxuyanlar üçün əsərdə adları çəkilən məkanları – Bakını, Gürcüstanı, “Əli və Nino” abidəsinin olduğu Batumi şəhərini ziyarət etmək çox maraqlı olar. “İpək yolu” marşrutunun formalaşdırılması ilə bağlı isə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulub. Bu il marşrutların yaradılması üzrə hazırlıq mərhələsi olacaq və müəyyən pilot layihələr reallaşdırılacaq, 2023-cü ildən isə tam intensiv tətbiq olunması planlaşdırılıb”.
Agentlik rəsmisi həmçinin bildirib ki, Nyu-York-Bakı reysi ilə Azərbaycana gələn turistlərin Gürcüstana cəlb olunması da nəzərdə tutulub: “Bu istiqamət çox populyar uçuş istiqamətidir. Həmin reyslə Bakıya gələn turistlərin Gürcüstana səfərlərinin təşkili planlaşdırılır”.
DTA nümayəndəsi vurğulayıb ki, birgə marşrutlarla bağlı hər iki tərəfdə böyük maraq var və bu istiqamətdə artıq müəyyən qərarlar verilir: “Turizm marşrutlarının hədəf bazarlarında təşviqi və cəlbediciliyinin artırılması məqsədilə sərgilərdə birgə iştirak, media və info turların təşkili, blogerlərin dəvət olunması kimi birgə fəaliyyət həyata keçiriləcək”.
Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kitabxanaların fondu üçün Nazirliyin sifarişi ilə çap olunacaq və satın alınacaq nəşrlərə dair meyarların müəyyənləşdirilməsi, müvafiq sahə üzrə şəffaf və effektiv iş mexanizminin təmin edilməsi məqsədilə nazirliyin 1 aprel 2021-ci il tarixli əmri ilə Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası yaradılıb. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.
Mədəniyyət Nazirliyinə 2021-ci il ərzində təqdim edilən 43 adda nəşr layihəsi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın üzvləri tərəfindən oxunub, qiymətləndirilib. Komissiyanın qərarına əsasən 29 adda kitabın nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəşr planına daxil edilən kitabların cari il ərzində nəşri başa çatdırılacaq.
Eyni zamanda ötən ilin iyununda kütləvi informasiya vasitələrində “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında elanlar yerləşdirilib, müsabiqə üçün nəşr məhsullarının qəbulu 2021-ci il iyulun 22-dək davam edib. Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası tərəfindən bir ay müddətində qiymətləndirilib. Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan nəşrlər arasından 233 adda kitabdan 14.755 nüsxəsinin satın alınmasını 2021-ci ilin son rübündə həyata keçirib. Kitablar Respublika Kitabxana Kollektoruna təhvil verilib, cari ildə bölgüsü başa çatdırılacaq.
Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlara əsasən Komissiya ötən il üçün işini yekunlaşdırıb və komissiya dekabr ayında buraxılıb. Komissiyanın yeni tərkibi yaxın günlərdə təsdiq olunacaq və qaydalara əsasən şəffaflığın qorunması məqsədilə yeni tərkib haqqında məlumat cari ilin sonuna qədər konfidensial saxlanacaq.
Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində elan olunan “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər uşaq vaxtı ən çox sevdiyi və arzuladığı oyuncağın rəsmini çəkmək və ya istədikləri materialın (metal, gil, ağac, kağız, plastilin, parça) maketini hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə qatılmaq istəyənlər Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olub, https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim edəcəkləri əsərin fotosu ilə bərabər, ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə fevral ayının 10-dək müraciət edə bilərlər.
Müsabiqəyə yalnız bir əsər təqdim oluna bilər. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, düzgün kompozisiya əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxilə olmayan işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Müsabiqə seçimlərindən narazı qalan şəxs (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə canlı rəsm çəkməklə özünü təsdiq edə bilər. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Müsabiqə iştirakçıların uşaqlıq duyğuları və xatirələrini yaşatmaq məqsədilə həyata keçirilir.
Qeyd: Əgər uşaq vaxtı hazırladığınız oyuncağı saxlamısınızsa, onun özünü də müsabiqəyə təqdim edə bilərsiniz.
Yanvarın 25-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” zalında görkəmli türk şairi, dramaturq, ictimai xadim Nazim Hikmətin 120 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və “Luç” Ədəbi-Yaradıcılıq Birliyi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Nazim Hikmətin həyat və yaradıcılıq irsinin tədqiqatçı və təbliğatçılarından olan “Luç” ədəbi birliyinin sədri, professor Tofiq Məlikli, professor Vaqif Sultanlı, “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə və başqaları ХХ əsrin görkəmli şairlərindən biri Nazim Hikmətin yaradıcılığının dünya əhəmiyyətli olduğunu qeyd ediblər.
Vurğulanıb ki, o dövrdə Qərbdə Nazim Hikməti inqilabçı şair, əsl kommunist hesab edirdilər və zəmanəmizin prizmasından baxanda, onu gənc yaşlarından sufizm ideyaları ilə ruhlanan, marksist ideologiyasını dəstəkləyən, faşizmi pisləyən romantik sosialist utopist adlandırmaq olar. Əqidəsinə görə şair dəfələrlə vətənində - Türkiyədə həbs olunub, ümumilikdə 17 ilini dəmir barmaqlıqlar arxasında keçirib.
Əsasən sərbəst şer, verlibr formasından istifadə edən şair öz fikrini hər zaman açıq ifadə edirdi. SSRİ-yə köçərək, o, sovet rəhbərlərinin qəzəbinə səbəb olaraq, İ.Stalinin şəxsiyyətinə pərəstiş, sosialist sistemindəki digər uyğunsuzluqlar barədə mənfi fikir söyləyib.
Qeyd olunub ki, N.Hikmət Azərbaycanı sevirdi və Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm kimi görkəmli Azərbaycan şairləri ilə dostluq edirdi. 70-ci illərdə Bakıda Nazim Hikmətin əsərlərinin yer aldığı türk şeir antologiyası işıq üzü görüb.
Çıxışlarda vurğulanıb ki, Nazim Hikmət 1902-ci ildə Salonikidə (Yunanıstan) aristokrat ailəsində anadan olub. O, Moskvada Novodeviçi qəbiristanlığında dəfn olunub.
Onun əsərlərinin motivləri əsasında 1960-cı ildə bəstəkar Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini yaradıb. Sovet İttifaqında şairin bir sıra əsərləri ekranlaşdırılıb.
Yanvarın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi "Vətən sənsən gənc əsgər" başlığı altında tədbir təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Cəbrayıl rayonu K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin Uşaq birliyinin sədri Leyla Həziyeva, həmin məktəbin şagirdləri, Müdafiə Nazirliyinin zabiti, qazi, kapitan, II qrup müharibə əlili, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasında iştirak etmiş, “Cəsur döyüşçü” medalı ilə təltif olunan Yusif Hümmətov və 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilərimizdən Əli Pərviz, Kənan Kərimli, Kənan Əsədli, Ülfət Quluzadə, 245 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi İlhamə Həsənova və kitabxananın kollektivi iştirak ediblər.
İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin Uşaq şöbəsinin müdiri Təranə Quliyeva qeyd edib ki, əldə etdiyimiz nailiyyətlər, torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan Ordusunun nə qədər güclü olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.
Tədbirdə qazilərimiz müharibə dövründə keçdikləri həyat yollarından söhbət açıb, digər qonaqlar isə günümüzün aktual mövzusu olan vətənpərvərlik mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Azərbaycan “Birlik ölkələri xalqlarının musiqi folkloru” adlı sərgidə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, 2022-ci il Müstəqil Dövlətlər Birliyində (MDB) “Xalq yaradıcılığı və mədəni irs ili” elan edilib. Bu tematik il çərçivəsində MDB-yə üzv ölkələrdə xalq sənəti və folkloruna həsr olunan çoxsaylı tədbirlər planlaşdırılıb.
Belə tədbirlərdən biri də Moskvada Rusiya dövlət kitabxanası, “Azərbaycan Konqresi” Moskva regional təşkilatı və digər milli diasporlar tərəfindən hazırlanmış “Birlik ölkələri xalqlarının musiqi folkloru” sərgisinin açılmasıdır. Burada MDB ölkələri xalqlarının musiqi folklorunun parlaq nümunələri sərgilənir. Sərgidə Azərbaycanda nəşr olunan kitablar və milli musiqi alətləri də nümayiş etdirilir.
Ekspozisiyanın açılışında Azərbaycan rəqs ansamblı “Naz eləmə”, “Uzundərə” milli rəqslərini təqdim edib.
Rusiya dövlət kitabxanasının prezidenti Viktor Fyodorov öz çıxışında müxtəlif xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxşı tanımağa şərait yaradan tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin anadan olmasından 159 il ötür
Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 159-cu ili tamam olur.
Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında ölümsüzləşən ziyalılardandır. O, tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi anılır.
1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.
İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.
O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.
Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir. Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözü götürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.