Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Hollivudun məşhur aktrisası Qloriya Makmillan vəfat edib

    Məşhur Hollivud aktrisası Qloriya Makmillan 88 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa Kaliforniyada vəfat edib. Məşhur Hollivud aktrisası uzun müddətdir ki, xərçəngdən müalicə alırdı.

    Qeyd edək ki, Makmillana şöhrət gətirən “Our Miss Brooks”, “Dr. Kildare”, “Smile and Centtenial” kimi filmlərdə yaratdığı obrazlar olub.

  • Bakıda Hindistanın tibbi turizminin imkanları təqdim olunub

    Bakıda Hindistanın tibbi turizminin imkanları təqdim olunub. Təqdimat Hindistanın 73-cü Respublika Günü və bu ölkənin müstəqilliyinin 75 illiyi çərçivəsində Milli Turizm Gününə həsr olunmuş tədbirdə həyata keçirilib. Hibrid rejimdə keçirilən tədbirdə turizm və qonaqpərvərlik sahəsinin 60-dan çox nümayəndəsi, tibb işçiləri və media nümayəndələrinin iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Milli Turizm Gününün əhəmiyyətindən danışıb, turizm sektorunun Hindistanın iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, quru əraziləri və su hövzələrini əhatə edən turizm məkanlarının geniş müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirib və bu atributlar dünyanın hər yerindən turistləri ölkəyə cəlb edir, eləcə də onlara yaddaqalan hislər yaşadır.

    Tədbirdə, həmçinin Hindistan Tur Operatorları Assosiasiyasının prezidenti Raciv Mehra çıxış edib. O, Hindistanın turizm sənayesinin gücü, eləcə də ölkənin mədəniyyəti, irsi və turizm sektoru haqqında danışıb.

    Kerala ştatında yerləşən “Sitaram Ayurveda” Mərkəzindən doktor Viqneş Devrac Hindistanın səhiyyə turizmi haqqında danışıb və Ayurvedanın (Hindistanın qədim təbabət sistemi) əsaslı müalicənin aparılmasında əhəmiyyətli rol oynadığını bildirib.

    Çennai şəhərində yerləşən “Apollo Hospitals”ın xarici pasiyentlərə xidmət bölməsinin vitse-prezidenti Cithu Cose tibbi turizm haqqında təqdimatla çıxış edib və Hindistanın səhiyyə sektorunun güclü tərəflərini, ölkənin tibbi turizm məkanı kimi üstünlüklərini vurğulayıb.

    Hindistanda hər il yanvarın 25-də Milli Turizm Günü qeyd edilir. Bu bayram Hindistan hökuməti və xalqı tərəfindən turizmi təşviq etmək və ölkənin böyüməsində turizmin vacib rolunu izah etmək məqsədilə qeyd olunur. Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, Hindistan 2019-cu ildə səyahət və turizmin ÜDM-ə ümumi töhfəsinə görə 185 ölkə arasında 10-cu yerdə qərarlaşıb. 2019-cu ildə səyahət və turizmin ÜDM-ə töhfəsi ümumi iqtisadiyyatın 6,8 faizini təşkil edərək 194,30 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb.

  • Azərbaycan "Eurovision 2022" mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək

    Azərbaycan "Eurovision 2022" mahnı müsabiqəsi ikinci yarımfinalda çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə görə Azərbaycan təmsilçisi mayın 12-də səhnəyə çıxacaq. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

    Qeyd edək ki, builki müsabiqə İtaliyanın Turin şəhərində keçiriləcək.

  • “Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı çapdan çıxıb

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə nəfis şəkildə çap olunan yeni kitab belə adlanır - “Qarabağ – tarixi-mədəni irsimizdən”.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ilk insan məskənlərindən biri olan Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilir. Qarabağın tarixi zəngin qaynaqlar əsasında araşdırılaraq, “Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar əksini tapır. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir.

    Nəşrdə İslam dövrü abidələri üzərindəki epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, naqqaş, xəttat və sufi şeyxlərin, Qarabağ memarlıq məktəbinin banilərinin adları çəkilir. Eyni zamanda, Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, kitabda Qarabağ ədəbi mühitinin formalaşmasından, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin, musiqiçilərin həyat və yaradıcılığından da bəhs olunur.

    2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində Qarabağ torpağı erməni işğalından azad edilib. 44 günlük haqq savaşımızın təfərrüatları da, təbii olaraq, kitabda öz əksini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflər çərçivəsində reallaşan yeni nəşr işğaldan azad edilmiş ərazilərimizdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupu tərəfindən də müzakirə edilib.

    “Qarabağ – tarixi-mədəni irsimizdən” kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə qarşı aparılan soyqırımına bir cavabdır və hazırda mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli vasitədir.

  • Şəhid Rüfət Mustafayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş. Vazeh adına Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsi şəhidi Rüfət Mustafayevə həsr olunmuş ədəbi-bədii gecə təşkil edib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Kitabxananın direktoru Lətifə Məmmədova İkinci Qarabağ müharibəsində igid Azərbaycan oğullarının apardığı haqq savaşından, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən danışıb. O, kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” və “Tarix yazan igidlərimiz” layihələri, şəhidlərə həsr olunmuş silsilə tədbirlər və şəhid Rüfət Mustafayevin həyatı və döyüş yolu haqqında məlumat verib.

    Kitabxananın fəxri oxucusu, şairə Esmira Günəş İkinci Qarabağ müharibəsi şəhidləri Əliheydər Hüseynliyə həsr etdiyi “Oğul düşmən çəpəridir” və Rüfət Mustafayevə həsr etdiyi “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitabları haqqında məlumat verib. Sonra şairə “Unutmadıq şəhidim”, “Mingəçevir mələkləri”, “Cənnətin sakinləri”, “Zəfər qoxusu”, “Zirvəyə ucalanlar”, “Oğul düşmən çəpəridir”, “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitablarını kitabxanaya hədiyyə edib.

    Tədbirdə məktəblilər Rüfət Mustafayevə həsr olunmuş şeirləri oxuyublar.

    Sonda şəhidin anası Afət Mustafayeva tədbiri təşkil etdiyi üçün Yasamal rayon Mərkəzi Kitabxanası və 158 nömrəli tam orta məktəbin kollektivinə minnətdarlığını bildirib.

  • “Yeni gənclik” musiqi günləri keçiriləcək

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən 4-dək Gənclər Günü münasibətilə “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert təşkil ediləcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti, fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının konserti (ansamblın rəhbəri Xalq artisti Zəhra Quliyeva), fevralın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor– Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva -piano) keçiriləcək.

    Qeyd edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

  • Bakıda yanğın baş verən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

    Bakının Nərimanov rayonunun Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

    Bu barədə Report-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Məlumata görə, buna səbəb həmin ərazidə yaşayış binasında baş verən yanğındır. Hadisə ilə əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.

  • Azərbaycanda nar bağlarının sığortası başlayıb

    Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə nar bağlarının sığortası başlayıb.

    Bu barədə Report Aqrar Siorta Fonduna istinadən xəbər verir.

    2021-ci ilin dekabrında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.

    Nar – son illər ölkəmizdə ən çox sürətlə yayılan və fermerlərə böyük gəlir gətirən bitkilərdəndir.

    Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı, Sabirabad və digər bölgələrdir.

    Nar ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə ən çox ixrac olunan məhsullardandır. 2021-ci ildə xaricə nar ixracı Azərbaycana 18 milyon ABŞ dollarından artıq gəlir gətirib .

    Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62 - 3,08 % arasında dəyişir.

    Aqrar sığorta nar və digər meyvələri dolu; yanğın; zəlzələ, torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.

  • "Azdrama"nın aktyorları koronavirusa yoluxub, teatr bağlanıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

    Bu barədə Report-a teatrdan məlumat verilib.

    Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: "Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".

  • CinemaPlusda “Dalğalar və izlər” türk dramasının nümayişi başlayır

    CinemaPlus kinoteatrlar şəbəkəsində sabahdan etibarən “Dalğalar və izlər” türk dramasının nümayişi başlayır.

    Report xəbər verir ki, rejissoruluğunu Emre Kavukun etdiyi filmin baş rollarında Pelin Karahan, Cem Zeynel Kılıç və Meral Çetinkaya çəkilib.

    Filmin məzmununa gəlincə, həyat yoldaşının ölümündən sonra Suna və qızı Fundanın həyat imtahanı başlayır. Sunanın bacısı və ya kobud anası onların yaralarını sağalda bilməz. O, əşyalarını sataraq sağ qalmağa çalışır. Ekran işi qadınlara qarşı zorakılığa sosial diqqət cəlb etmək üçün çəkilib.

    Qısa müddətdə Sunaya ömürlük problemlər verilir. Film dəbdəbəli evdə zorakılıq səhnələri ilə başlayır. Kadrda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Suna və onun qızıdır. Yoldaşını itirən qəhrəman qızı ilə birlikdə səyahətə çıxır. Filmdə yoldaşı niyə öldüyü kimi mövzular yoxdur. Dalğalar və izlər Suna və qızı xoşbəxt olmaması üçün qarşısına daim maneələr qoyan bir labirinti xatırladır.