Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Vəsilə İsgəndərova və Uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədova Xocalı faciəsi ilə əlaqədar metodiki məktub hazırlayıblar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik məktub Xocalı şəhəri haqqında məlumatla başlayır. Daha sonra, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu, orada törətdikləri vəhşiliklər əks olunur. Məktubda bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından da bəhs olunur.
Məktubda Xocalı faciəsinə həsr olunmuş 4 şeir, 3 videoçarx, 4 elektron resurs yer alıb.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Ankarada UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuzla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər UNESCO məsələləri üzrə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, məsləhətləşmələr aparıblar.
Öcal Oğuz Akademiyanın UNESCO çərçivəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, təşkilatda Türk Dili Gününün təsis olunmasında Akademiyanın dəstəyinə önəm verdiklərini qeyd edib.
Füzuli Məcidli Beynəlxalq Türk Akademiyasının UNESCO çərçivəsində fəaliyyətini davam etdirmək əzmində olduğunu bildirib və bu məsələdə milli komissiyalarla daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda Öcal Oğuza Akademiyanın nəşrləri təqdim olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimi “Cinema Plus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında Azman Holdinqin dəstəyi ilə təşkil edilib. Tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino radio kanal və onun mükafatı haqqında məlumat verib.
Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” şirkətinin rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublikası Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar.
“Cinema Radio” kino-radio kanalının rəhbəri “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kanalın aparıcısı RJ Yaqut bu ilki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.
Yanvarın 29-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayevanın iştirakı ilə mühazirə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Qobelen mənim həyatımda” adlı mühazirə sənətkarın özü tərəfindən təqdim olunacaq.
Pandemiya ilə əlaqədar yerlər məhduddur. Bunu nəzərə alaraq, öncədən qeydiyyatdan keçmək lazımdır.
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində bu ayın sonuncu ustad dərsi Azərbaycan Rəngkarlığı Muzeyində gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, ustad dərsi Kənan Əliyevin rəhbərliyi ilə “Heykəl. Relyef” mövzusuna həsr olunub.
Kənan Əliyev öz bilik və təcrübəsini iştirakçılarla bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, layihə çərçivəsində bu ay üç ustad dərsi təşkil edilib.
Azərbaycan Milli Xalça Muzeyində qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı sərgisi açılıb.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın 1990–2022-ci illərdə yaratdığı əsərlər nümayiş olunur.
Açılışdan sonra Tamilla Abdullayevanın mövzu ilə bağlı mühazirəsi dinlənilib.
Fevralın 25-dək davam edəcək sərgi çərçivəsində qobelentoxuma üzrə ustad dərsləri keçiriləcək, habelə tematik ekskursiyalar təşkil olunacaq.
Yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, mədəni əlaqələr xalqların yaxınlaşmasında ən qısa yoldur. “Bizim ölkələri çoxəsrlik dostluq, qardaşlıq, mehriban qonşuluq ənənələri birləşdirir. Biz bu qarşılıqlı münasibətləri ildən-ilə möhkəmləndirməyə çalışırıq. Dövlətlərimizin başçıları nümunəvi qarşılıqlı münasibətləri ilə humanitar sahə də daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinə töhfə verirlər”, - deyə Anar Ələkbərov vurğulayıb.
Prezidentin köməkçisi xatırladıb ki, Heydər Əliyev Fondunun ilk nümayəndəliklərindən biri məhz Rusiyada yaradılmışdı. “Fond təhsil, səhiyyə, ekologiya sahələri də daxil olmaqla bir çox layihələr həyata keçirib. Lakin bu layihələrin böyük hissəsini mədəniyyət sahəsindəki layihələr təşkil edir”, - deyə Anar Ələkbərov qeyd edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, habelə Rus Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Rus Muzeyinin baş direktorunun müavini vəzifəsini icra edən Qriqori Qoldovski deyib ki, sərgidə tətbiqi incəsənət əsərləri, videoinstalyasiyalar, nadir miniatürlər, toy bəzəkləri və başqa eksponatlar təqdim edilib. Bu sərgi Nizami Gəncəvi dövründən və onun yaradıcılığının xüsusiyyətlərindən xəbər verən şərq mədəniyyətinin orijinal rəngarəngliyini göstərir.
Nizami poeziyası əsrlər boyu bir çox sənətkarların yaradıcılığına təsir edib. Klassik əsərə çevrilən diqqətəlayiq əsərlərdən biri də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletidir. Balet məşhur “Xəmsə” poemalarından biri əsasında yazılıb. Bu əsər ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.
Bu iki - ədəbi və musiqi-xoreoqrafiya mənbə əsasında sərginin ekspozisiyasında dekorativ-tətbiqi incəsənətin qiymətli eksponatlarının nümayişi üçün xüsusi mühit yaradılıb. Azərbaycanlı məşhur konseptualist-rəssam Rəşad Ələkbərovun “kölgələrdən rəsmlər” metodu ilə XVI əsrə aid “Kitab oxuyan gənc” adlı Təbriz miniatürü əsasında yaratdığı “miniatür” instalyasiyası bu mühitə giriş kimi xidmət edir.
Layihənin konsepsiyası vizual və səsli obrazların vahid qavrayışını nəzərdə tutur. Videoinstalyasiyalar sayəsində tamaşaçının gözləri qarşısında cərəyan edən hadisələrdə şəxsən iştirak etməsi effekti yaranır. Məsələn, qədim əlyazma kitabların təsvir edildiyi videoinstalyasiyalarında miniatürlərin personajları sanki canlanır, tamaşaçını öz sehrli dünyalarına dəvət edir. Tamaşaçı bu canlanmış orta əsr kitabını vərəqlədikcə, dəbdəbəli saray binaları arasında gəzişdikcə balet məkanına düşür: Kainatın ucsuz-bucaqsız məkanlarından peyda olan rəqqasə-balerinalar onu əhatə edir.
Heydər Əliyev Fondu və İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən təşkil edilmiş “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı sərginin interaktiv davamıdır. Bu hissədə Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı təmsil edən 150-dən çox məşhur incəsənət və mədəniyyət xadimi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri estafet prinsipi ilə deklamasiya edirlər.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.
Sərgi mayın 9-na qədər davam edəcək.
Sankt-Peterburqda, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib.
Abidə Bəstəkarlar küçəsində Üzeyir Hacıbəylinin adını daşıyan bağçada Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə qoyulacaq.
Təntənəli mərasimdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, səfir Polad Bülbüloğlu, Sankt-Peterburqun vitse-qubernatoru Anatoli Poveliy, Qanunverici Məclisin sədrinin müavini Marina Şişkina, Vıborq rayonu administrasiyası başçısının müavini Arina Artyomova, Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişov və digər fəxri qonaqlar iştirak ediblər.
Təbrik sözlərindən sonra təməl daşının rəsmi açılışı olub, mərasim iştirakçıları təməl daşının önünə tər çiçəklər qoyublar.
Qeyd edək ki, abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlar Akademiyasının akademiki Aydın Zeynalov olacaq.
“Şuşa ili” ilə bağlı Tədbirlər Planı hazırlanır.
Report-un əldə etdiyi məlumata görə, Tədbirlər Planına əsasən Şuşadakı mədəniyyət abidələrinin, infrastukturun bərpası daxildir.
Həmçinin il ərzində Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəldilməsi üçün işlər görüləcək. Bundan başqa, yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək, konsert, festival və media-turlar təşkil ediləcək.
Tədbirlər Planına əsasən, Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi də nəzərdə tutulub.
İl ərzində “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Üzeyir Hacıbəyli musiqi festivalının keçirilməsi planlaşdırılır. Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulub.
Tədbirlər Planının hazırlanmasının yaxın zamanlarda yekunlaşması və təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərənsamla 2022-ci il “Şuşa ili” elan edilib.
Mədəniyyət Nazirliyinin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə təyinat olub.
Report-un məlumatına görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, Xaliq Dağyunus oğlu Muxtarov nazirliyin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə gətirilib.
"Əhməd Cavadin 130 illik yubileyinin qeyd olunması ilə bağlı təkliflər toplanır".
Bu barədə Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ə.Cavadın nəticəsi babasının ev muzeyinin yaradılması üçün təkliflə nazirliyə müraciət edib: "Məsələ ilə bağlı şairin ailəsi ilə əlaqə saxlanılıb. Onun vaxtilə yaşadığı evlərin heç birinin üzərində ailə üzvlərinin mülkiyyət hüququnun olmadığı müəyyən olunub. Əhməd Cavadın 130 illik yubileyi ilə bağlı təkliflər toplanır. Tam yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, Ə.Cavad 1892-ci il mayın 5-də Şəmkir rayonu, Aşağı Seyfəli kədnində anadan olub. O, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifidir.
Xatırladaq ki, şairin nəticəsi Cavad Axunzadə Bakının İstiqlaliyyət küçəsində babasının ev muzeyinin yaradılmasını təklif edib.