Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir

    Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Dövlət başçısının mədəniyyət paytaxtımızla bağlı bu Sərəncamı Mədəniyyət Nazirliyinin də üzərinə müəyyən öhdəliklər və ciddi vəzifələr qoyur.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu mötəbər hadisəni rəhbər tutaraq, Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir.

    Məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.

    Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur.

    Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi feysbuq, insaqram və tvitter səhifələrində yayımlanacaq.

  • YARAT Müasir İncəsənət Məktəbinin birillik kurslarına qeydiyyat davam edir

    YARAT Müasir İncəsənət Məkanı “YARAT Təhsil” proqramı çərçivəsində, Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya ilə birgə Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, məktəbin açılışı qurumun yaradılmasının 10 illiyinə həsr olunur. Birillik kursun yekununda, müasir incəsənətin “Rəssamlıq”, “Kuratorluq”, “Art-menecer”, “Art-tənqidçi” və “Tədqiqatçı” sahələri üzrə mütəxəssislərə sertifikatlar veriləcək.

    Layihə həm nəzəri (mühazirələr, müzakirələr, muzey və qalereyalara səfərlər), həm də praktiki hissələrdən (kurs işləri, yekun layihələr, yekun sərgi) ibarətdir. İncəsənət məktəbinin birinci mərhələsi 6 aylıq intensiv nəzəri proqramı nəzərdə tutur. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən, müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltaraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə məruzələr keçiriləcək. Həmçinin, bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr keçiriləcək və bununla da kursun nəzəri aspekti tamamlanacaq. Nəzəri kurs başa çatdıqdan sonra yekun sərgiyə hazırlıq işləri keçiriləcək. Bu mərhələyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, müxtəlif materiallar, forma və texnika ilə iş, istehsal prosesi, büdcənin hazırlanması, quraşdırılma, yekun sərginin açılışı daxildir. İllik kurs isə, sərgi çərçivəsində xüsusi təhsil və sosial proqramların həyata keçirilməsi ilə yekunlaşacaq.

    Dərslər həftədə 3 dəfə, əsasən, axşam saatlarında keçiriləcək. Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq

    Müsabiqədə iştirak şərtləri:

    CV (PDF formatında),

    Veb-saytdan (əgər varsa) və sosial şəbəkə səhifələrindən (feysbuk, instaqram və s.) əlaqə məlumatları,

    Portfolio (əgər varsa) – (vizual istiqamətdə iştirak üçün müraciət edirsinizsə, portfolionun olması zəruridir),

    Yazılı materiallar, esselər, məqalələr – (nəzəri istiqamət üzrə iştirak üçün müraciət edirsinizsə, bu materiallar tələb olunur),

    Bütün iştirakçılar 200-300 sözlük motivasiya məktubu təqdim etməlidirlər.

    Yaş həddi: 18-35 yaş

    İştirak ödənişsizdir. Müraciətlər fevralın 3-dək registration@yarat.az ünvanında qəbul olunur.

  • Bakıdakı Rus Evində Gənclər Gününə həsr edilmiş konsert olacaq

    Bakıdakı Rus Evi (RİMM) gənc nəslin qurucu və yaradıcı fəaliyyətinin inkişafına şərait yaradan layihələrə xüsusi diqqət yetirir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsi çərçivəsində Bakıdakı Rus evində Gənclər Gününə həsr edilmiş konsert olacaq.

    RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu layihə çərçivəsində ilk tədbir 2022-ci il fevralın 1-də saat 19:00-da Rus Evində təşkil olunacaq.

    Beynəlxalq və respublikalar müsabiqələrinin laureatları olan gənc istedadlarının konsertinə arzu edənlərin hamısı dəvət olunur.

    Qeyd edək ki, musiqi nömrələri Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyevanın müşayiəti ilə səsləndiriləcək.

  • “Sony” şirkəti Bob Dilanın bütün musiqi kataloqunu satın alıb

    Amerikalı müğənni Bob Dilan ötən ilin iyulunda karyerası boyu lentə aldığı bütün musiqi kataloqunu Yaponiyanın “Sony” şirkətinə satıb. Bu barədə bazar ertəsi şirkətin mətbuat xidməti məlumat yayıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Sony Music Entertainment” yanvarın 24-də ictimaiyyətə açıqlamasında Bob Dilanın bütün musiqi kataloqunu, eləcə də gələcəkdə buraxılacaq bir neçə yeni mahnının hüquqlarını əldə etdiyini bildirib. “Variety” jurnalının məlumatına görə, sövdələşmənin dəyəri 150-200 milyon dollar arasında olub.

    2020-ci ilin dekabr ayında Bob Dilanın mahnılarının bütün kataloqunun müəllif hüququ dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music Group” tərəfindən alınıb. “The New York Times” qəzetinin yazdığına görə, sövdələşmənin dəyəri o zaman 300 milyon dolları keçmişdi.

    Xatırladaq ki, Bob Dilan on qat Qremmi mükafatının (1973-2007) və Qremminin “Həyatı boyu qazandığı nailiyyət” nominasiyalı xüsusi mükafatının (1991), həmçinin Ədəbiyyat üzrə Nobel mükafatının (2016) qalibidir. O, “Rolling Stone” jurnalının “Bütün zamanların 100 ən böyük sənətçisi” siyahısında birincidir.

  • Qədim Azərbaycan irsi Nyu-York sərgisində

    Gəncə şəhərindən olan və hazırda Nyu-York şəhərində yaşayan azərbaycanlı gənclər Orxan Məmmədov və Lara Binnet ölkəmizin mədəni irsini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək sərgi təşkil etməyi qərara alıblar. Nyu-York şəhərində təşkil ediləcək sərgidə dünya ictimaiyyəti Azərbaycanın mədəni iris ilə bir daha yaxından tanış olacaq.

    AZƏRTAC xəbər verir ki, sərgi yanvarın 27-də açılacaq və Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti “Blackdove”ın rəsmi instaqram hesabında izləyicilər üçün canlı yayımlanacaq. Nyu-Yorkun və dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgidə 9 sənət əsəri nümayiş olunacaq.

    Qeyd edək ki, istedadlı gənclərimiz Məhsəti Gəncəvi və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb yaratdıqları Gəncə şəhərində doğulub, böyüyüblər. Dünyanın ən reytinqli universitetlərini bitirən və qabaqcıl şirkətlərin süni intellekt ilə reklam olunmasında yaxından iştirak edən Lara Binnetin babası Mustafayev Məhmət əslən Goranboy rayonunun Quşçular kəndindən, nənəsi isə Şamaxının Salamzadə nəslindəndir. Onun Azərbaycanın qədim mədəni irsinə, azərbaycançılıq məfkurəsinə olan sevgisi, bağlılığı və əmək sərf edərək bu dəyərləri dünyanın gözü önündə yayımlaması da elə öz böyüklərinin əslən bu torpaqdan olmasıdır.

    Süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov isə dünyaya Azərbaycan mədəni irsini çağımızın ən son texnologiya alqoritmi ilə birləşdirən yeganə insanlardandır. Belə ki, O.Məmmədov 2019-cu ildə İtaliyanın Venesiya şəhərində keçirilən 58-ci beynəlxalq dərəcəli Venedik Bienali müasir incəsənət sərgisində Azərbaycan pavilyonunu layiqincə təmsil edib. Hazırda O.Məmmədov dövrümüzün ən müasir süni intellekt alqoritmindən istifadə edərək, muzeylərimizdə olan ənənəvi Azərbaycan xalça və kilimlərinin on minlərlə təsvirini emal edərək oxşarlıqlarına əsaslanan yeni hüdudsuz kombinasiyalar yaratmağa müvəffəq olub. O indiyədək 150 mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və “Estetikanın dirçəlişi” sərgisində bu günə qədər mövcud olmayan xəyali kilimlər yaradıb və dünyaya nümayiş etdirib.

  • Xalça Muzeyində növbəti sərgi - “Rəngarəng qobelen dünyası”

    Yanvarın 26-da Azərbaycan Milli Xalça Muzeyində qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı sərgisi açılacaq.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın 1990–2022-ci illərdə yaratdığı əsərlər nümayiş olunacaq.

    Sərgi çərçivəsində mühazirə, rəssam Tamilla Abdullayeva ilə görüş, habelə qobelentoxuma üzrə ustad dərsləri və tematik ekskursiyalar təşkil ediləcək.

    Sərgi fevralın 25-dək ziyarətçilər üçün açıq qalacaq.

  • Papanın yay iqamətgahının yerləşdiyi, Albano gölünün sahilindəki Kastel Qandolfo şəhəri

    İtaliyanın paytaxtı Romadan təxminən bir saatlıq məsafədə yerləşən Kastel Qandolfo kiçik və füsunkar şəhərdir. Şəhərin ən mühüm özəlliyi isə Roma papalarının yayda istirahət etdiyi sarayın burada yerləşməsidir. Albano vulkanik gölünün sahilində yerləşən şəhərin şöhrəti qədim zadəganlara gedib çıxır. Hazırda isə bura Roma cəmiyyətinin elit təbəqəsinin istirahət üçün üstünlük verdiyi şəhər kimi tanınır. Şəhər yeməkləri, şərabları, qədim xarabalıqları və möhtəşəm mənzərəli gölü ilə turistləri cəlb edir.

    AZƏRTAC şəhərin tarixinə və turizm imkanlarına nəzər salır.

    Kastel Qandolfo İtaliyanın Latsio bölgəsində, Romadan təxminən 25 kilometr cənubda yerləşən kiçik şəhərdir və əhalisi 9 min nəfərə yaxındır. Şəhər Albano vulkanik gölünün sahilində yerləşir. Dərinliyi 170 metr olan gölün suyu heyranedici firuzəyi mavi rəngə malikdir. Albano gölünün təbii gözəlliyi ilə diqqət çəkən şəhər Aralıq dənizi iqlimi tipinə malikdir. Hündürlükdə yerləşməsi və sərin olması yay aylarında buranı daha cəlbedici edir.

    Gölün ətrafında çoxlu bağ evləri və villalar var. Bura həm də su idmanı və qolf ilə maraqlananlar üçün ideal məkandır. Xatırladaq ki, şəhər 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında avarçəkmə yarışlarına ev sahibliyi edib.

    Lakin şəhər əsl şöhrətini Papanın yay iqamətgahına ev sahibliyi etməsi ilə qazanıb. Kastel Qandolfo XIII əsrdə Müqəddəs Taxt-Tacın mülkü elan edilib. Lakin XVII əsrə kimi burada bina tikilməyib. Papaların istirahət etdiyi Kastel Gandolfo Sarayı 1624-cü ildə Karlo Maderno tərəfindən Papa VIII Urban üçün inşa olunub. 1929-cu ildə Papa XI Piy tərəfindən burada bərpa işləri aparılıb və o vaxtdan bəri papaların yay iqamətgahı kimi istifadə olunub. Şəhər Vatikana yaxın ərazidə yerləşir. Roma papaları qışı Vatikanda, yayı isə Kastel Qandolfoda keçiriblər.

    Lakin Papa Fransisk iqamətgahdan istifadə etməkdən imtina edib və buranın turistlər üçün açıq olması göstərişini verib. Mərmərlə üzlənmiş binanın həyətində qızılgül və maqnoliya bağları, eləcə də teatr var. Malikanə Vatikanın isveçrəli mühafizəçiləri tərəfindən qorunur.

    Sarayın darvazalarından həyətə daxil olduqda müxtəlif dövrlərdə Papaların istifadə etdiyi “Mercedes” və gülləkeçirməz “Popemobile” avtomobillərini görmək olar. Binanın içində İsveçrə qvardiyasına məxsus geyimlər, Papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ tac və onun istifadə etdiyi digər əşyalar yerləşən sərgi otaqları var. Burada bütün papaların portretləri nümayiş olunan qalereya, həmçinin papanın qonaqlarının qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, iş masaları və kitab rəfləri, yataq otağı, qurbangah və papanın kreslosu, eləcə də kiçik kilsə var.

    Kastel Qandolfo qədim xarabalıqları və Roma sivilizasiyasına aid əsərləri ilə də diqqət çəkir. Buranın nüfuzu antik dövrdə Roma zadəganlarına gedib çıxır. Bu məkan Sofia Loren kimi məşhurların da sevimli istirahət yeri olub. Bura hazırda Roma elit təbəqəsinin həftəsonu üz tutduğu sevimli kurort zonasıdır. Şəhər meydanındakı Gian Lorenzo Bernini tərəfindən inşa edilən fəvvarə də gözəlliyi ilə diqqət çəkir. Bura şəhərin canlılığını və ruhunu görmək istəyənlər üçün ideal məkandır.

    Şəhər həm də restoranları ilə məşhurdur. Tarixi restoran Paqnanelli 1882-ci ilə aiddir. Nəhəng şərab zirzəmisi ilə məşhur olan restoran italyan mətbəxini və dəniz məhsullarını sevənlərin üz tutduğu məkandır.

  • Azərbaycan 42-ci Beynəlxalq FITUR-2022 turizm sərgisinin işində iştirak edib

    Yanvarın 19-dan 23-dək Madriddə keçirilmiş 42-ci illik Beynəlxalq FITUR-2022 turizm sərgisi işini başa çatdırıb. Turizm sənayesində ən iri tədbir olan FITUR sərgisi bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün nadir bir məkan, habelə kommersiya müqavilə və sazişləri bağlamağa şərait yaradan əla biznes vasitəsidir.

    AZƏRTAC xəbər verir ki, FITUR-2022 turizm sərgisinin işində dünyanın 107 ölkəsindən 7000 şirkət iştirak edib.

    Qeyd etmək lazımdır ki, Berlində (ITB) və Londonda (WTM) təşkil edilən analoji sərgilərdən fərqli olaraq Madrid sərgisi (FITUR) 2020-ci il və 2021-ci illərdə COVID-19 pandemiyası səbəbindən ləğv edilməyib və oflayn rejimdə keçirilib.

    FITUR-2022 turizm sərgisi pandemiyadan əvvəlki miqyası, əsas arzusu, əvvəllər olduğu kimi təhlükəsiz və məhdudiyyətsiz səyahət etməkdən ibarət olan ziyarətçilərin və burada nümayiş etdirilən eksponatların sayı hər kəsi təəccübləndirib. 42-ci Madrid turizm sərgisi 110.193 ziyarətçini qəbul edib. Bütün proqnozları üstələyən bu göstərici COVID-19 pandemiyası ilə əlamətdar olan iki ildən sonra beynəlxalq turizmin bərpa olunacağına nikbinlik yaradıb. Rəqəmsal dünya ilə əyani ünsiyyəti əlaqələndirən hibrid model sayəsində FiturLIVEconnect platforması 33 mindən çox istifadəçiyə xidmət etmək imkanı yaradıb. Bütün platformalarda #FITUR-2022 həştəqinin əhatə dairəsi 600 milyondan çox potensial baxış imkanı yaradıb. Beləliklə, builki sərgi sosial medialarda ən yaxşı tədbir kimi qiymətləndirilir. Beynəlxalq sərginin gəliri 150 milyon avrodan çox olub.

    Azərbaycan turizm sərgisində Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə təmsil olunub.

    Beynəlxalq sərginin işində Azerbaijan Tourism Board, Avantage Group və başqaları iştirak ediblər. Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təmin edilib. Sərgi çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib.

    2022-ci ilin Azərbaycanda Şuşa İli elan edilməsi ilə əlaqədar sərgidə Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqi və ədəbiyyatımızın beşiyi, bənzərsiz gözəlliyə malik olan incisi Şuşaya həsr edilmiş guşə tərtib edilib.

    Ölkəmizin turizm brendi bu dəfə də “Azərbaycan – yeni baxışla nəzər sal” şüarı ilə təqdim edilib. Bu, Latın Amerikasından olan turistlərin Azərbaycan – zəngin tarixi, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini həqiqətən yeniləşdirmək imkanı verib.

    Gözlənildiyi kimi, sərgidə Azərbaycana çox böyük maraq müşahidə olunub. Ölkəmizi təmsil edən şirkətlər Azərbaycanın turizm potensialını fəal təbliğ ediblər.

  • “AXIN'” üzvləri ilə növbəti görüş keçirilib

    Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “AXIN'” üzvlərinin növbəti görüşü keçirilib.

    AZƏRTAC xəbər verir ki, bu dəfə rəssam Anar Hüseynzadə öz bilik və təcrübələrini iştirakçılarla bölüşüb.

    Görüş zamanı rəssam yaradıcılığı haqqında məlumat verib, sosial mediadan ona ünvanlanan sualları cavablandırıb.

  • Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gəl, ümid” adlı kamera vokal musiqisi axşamı təqdim olunacaq

    Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “BakuOperArt” layihəsi olan “Komm, Hoffnung” (Gəl, ümid!) adlı konsert proqramı təqdim ediləcək.

    Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi layihəsi (Liederabend ) hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə ərsəyə gəlib.

    İki istedadlı musiqiçi Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunacaq əsərlər təşkil edir. Təşkilatçılar konsertin xüsusi ab-havasını yaradan fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkür edir.

    Konsertə giriş dəvətnamə ilə olacaq.