Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb

    2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər edib. Gələnlərin 82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil edib.

    2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olub.

    2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından - 26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalıb, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artıb.

    2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

  • Bakıda bəstəkar Aleksandr Skryabinin xatirəsinə həsr edilən konsert keçiriləcək

    Yanvarın 28-də Bakıdakı Rus Evində bəstəkar və pianoçu Aleksandr Skryabinin anadan olmasının 150 illiyinə həsr edilən konsert keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqramda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında musiqi əsərləri səsləndiriləcək.

    Qeyd edək ki, Skryabin öz əsərlərinin yaranmasında rəng-musiqi və işıq-musiqi effektlərindən istifadə edən, rənglərin müəyyən tonallıqlara uyğunluq cədvəlini yaradan ilk bəstəkar olub. Skryabinin 1910-cu ildə geniş tərkibdə simfonik orkestr, fortepiano, orqan, xor və işıq üçün yazdığı “Od poeması” (“Prometey”) onun yaradıcılığında əhəmiyyətli yer tutur.

  • Rio-de-Janeyro karnavalı təxirə salınıb

    Braziliyada ilin əsas mədəni və turizm tədbiri təxirə salınıb. Rio-de-Janeyro karnavalı adəti üzrə fevralın sonunda deyil aprelin 21-də keçiriləcək. Braziliyada fevralın sonu bahar, aprelin sonu isə payızın gəldiyi aydır ki, bu da karnavalın keçirilməsi üçün münasib sayılmır.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Rio-de-Janeyro və San-Paolo şəhərlərinin rəhbərləri pandemiya ilə bağlı çətin vəziyyətə görə “samba məktəbi yürüşünü” təxirə salmaq qərarına gəliblər. Pandemiya qurbanlarının sayına görə 622 min ölümlə ikinci yerdə olan Braziliya bu həftə gündəlik yoluxma sayında rekord vurub - 204 min 854 nəfər.

    Rio-de-Janeyroda səhiyyə sisteminin rəhbəri aprelin sonunda keçiriləcək karnavalın fevralla müqayisədə daha təhlükəsiz tədbir olacağına əminliyini ifadə edib. Samba məktəblərinin təşkili ilə məşğul olan qurum bu qərarı dəstəkləyib: “Bu, düzgün qərardır. Ümid edirik ki, əvvəllər olduğu kimi aprelin 21-də də əyləncəli karnaval keçirə biləcəyik”.

    Qeyd edək ki, Rio-de-Janeyronun hər kvartalında rəqqasları birləşdirən 4000-ə qədər samba məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə aylardır karnavala hazırlaşırlar, məşq edirlər, kostyumlar hazırlayırlar.

  • ABŞ-da Kapitolinin ələ keçirilməsi ilə bağlı film çəkiləcək

    ABŞ-da Kapitoli iğtişaşları ilə bağlı film çəkiləcək.

    AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, işçi adı J6 adlanan filmin rejissoru Billi Rey, prodüseri Adam MakKey olacaq.

    Rejissor artıq filmin ssenarisini hazırlayıb, ancaq nümayiş tarixi hələ açıqlanmayıb.

  • “Şuşa İli” münasibətilə bölgələrdə silsilə tədbirlər

    2022-ci ilin “Şuşa İli” elan olunması yerlərdəki mədəniyyət müəssisələrin fəaliyyətində aparıcı mövzulardan biridir.

    AZƏRTAC xəbər verir ki, bu istiqamətdə çeşidli tədbir və layihələr hazırlanır.

    Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Şuşa böyük qayıdışın şah əsəridir” adlı tədbirdə iştirakçılar “Şuşa – Qarabağın döyünən ürəyi” adlı videoçarxı izləyiblər.

    Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon MKS-nin 20 saylı Gəndəbil kənd kitabxana filialında “Şuşanın hər yanda gəzir sorağı...” adlı tədbir təşkil olunub. Tədbirdə “2022 – Şuşa İli” adlı kitab sərgisi nümayiş etdirilib.

    Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük Qələbənin simvolu, xarıbülbülün vətəni” adlı tədbir keçirilib. Çıxış edənlər “Şuşa İli”nin əhəmiyyəti barədə danışıb, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə söz açıblar.

    Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Danaçı kənd 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa Azərbaycanın gözüdür” adlı tədbir keçirilib. Mərkəzin əməkdaşları və məktəbin müəllimləri çıxış edərək Qarabağın döyünən ürəyi olan Şuşa şəhərinin Azərbaycanın mədəni həyatındakı yeri barədə məlumat veriblər. Mədəniyyət paytaxtımızla bağlı sənədli film nümayiş etdirilib.

  • “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” videoçarxı xarici KİV-də

    Bir sıra tanınmış dünya xəbər portalları – İraqın “Mustaqila.com”, “Afkarhura.com”, Əlcəzairin “Alharir.info”, Türkiyənin “Anahaberyorum.com”, “Dibace.net”, “Gercektarih.com.tr”, Rumıniyanın “News24hours.ro”, Özbəkistanın “Xabar.uz”, Çilinin “Elmauleinforma.cl” saytları, Gürcüstan Yazıçılar Birliyinin və “Qafqaz evi”nin sosial şəbəkələri müxtəlif dillərdə hazırlanmış “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” (ADTM) adlı videoçarxın yayımına başlayıb.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.

    Tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx – sovet qoşunlarının heç bir xəbərdarlıq edilmədən Azərbaycanın paytaxtı Bakıya yeridilərək, dinc əhaliyə qarşı törədilən vəhşilikləri əks etdirən qanlı vandallıq aktından – 20 Yanvar qətliamından bəhs edir.

  • Görmə pozuntusu olan şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib

    Binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyəti təmin olunub.

    Bu barədə Report-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin xüsusi təhsil müəssisələri istisna olmaqla, pedaqoji fəaliyyətlə məşğul olmaları qadağan olunurdu.

    Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mədəniyyət, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən birgə hazırlanmış və Nazirlər Kabinetinin 20.01.2022-ci il tarixində təsdiq olunmuş 23 nömrəli Qərarına əsasən adıçəkilən xəstəlikləri olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib.

  • Milli Kitabxanada “Aşıq Şakir – 100” adlı virtual sərgi açılıb

    Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən Aşıq Şakirin 100 illik yubileyi tamam olur.

    Görkəmli aşığın 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında “Aşıq Şakir – 100” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə ustad aşığın poeziyası, fotolar, həyat və yaradıcılığı haqqında yazılan kitablar, məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Sakir_100/index.htm linkindən istifadə edə bilərlər.

    Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan ustad saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib. Məlahətli səsi, şaqraq zəngulələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar.

  • Gülnarə Xəlilova milli geyim nümunələrini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun muzeyinə bağışlayıb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə görüşüb.

    Fondan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın, bütövlükdə türk dünyasının zəngin adət-ənənələrinin, mədəniyyətinin təbliği məqsədilə birgə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb. Gülnarə Xəlilova fond üçün xüsusi hazırladığı Azərbaycan milli geyim nümunələrini təşkilatın muzeyinə hədiyyə edib.

    Qeyd edək ki, keçən ilin noyabr ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda birgə əməkdaşlıq çərçivəsində Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas geyim nümunələrindən ibarət “Qarabağ” milli geyim kolleksiyasının təqdimat mərasimi keçirilib. Başlanğıcını türk dünyasının ən qədim yazılı abidələrindən olan "Kitabi - Dədə Qorqud" eposundan götürən kolleksiya, əsrlər boyu formalaşmış milli adət-ənənələri özündə təcəssüm etdirir. Milli geyimlərdə Qarabağın 12 tarixi şəhəri – Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan əks olunub.

    Təqdimat Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə qazanılan Şanlı Zəfər Gününə həsr olunub.

    Tədbirdə Azərbaycanın görkəmli dövlət, ictimai və mədəniyyət xadimləri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.

  • Şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası davam edir

    Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası keçirilib.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Aksiyanın aparıcısı Könül Muxtarova növbəti xeyriyyə aksiyası iştirakçılarını salamlayıb, sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova çıxış edərək, görülən tədbirin əhəmiyyətindən danışıb.

    İş adamı Ruhi Əliyeva tanınmış sənətkarlar-Əməkdar artist Təyyar Bayramov və Samirə Allahverdiyeva tədbirə dəstək veriblər.

    Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.

    Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələri daim diqqət mərkəzində saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.