Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə yanvarın 19-dan 23-dək İspaniyanın Madrid şəhərində baş tutan “FİTUR” turizm sərgisində Azərbaycanın turizm potensialı tanıdılıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ispandilli ölkələrin ən böyük turizm tədbirlərindən biri sayılan sərgidə İspaniya, Portuqaliya, Latın Amerikasının bir sıra tur operatorları və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B formatında 45-dək görüş keçirilib.
Sərgidə beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın şərabçılıq və dağ turizmi üzrə potensialı, eləcə də işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqqında geniş məlumat verilib.
Görüşlər çərçivəsində İspaniya və Latın Amerikasından olan turizm və səyahət agentliklərinə vebinar formatında təlimlərin verilməsi barədə razılıq əldə olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim edilir.
Mükafat ilk dəfə 2019-cu ildə təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində verilib.
“Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir yanvarın 26-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin "Gənclik Mall"da yerləşən kinoteatrında keçiriləcək. Təqdimetmə mərasimi Mədəniyyət Nazirliyi və "CinemaPlus"un dəstəyi ilə reallaşacaq.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Azərbaycan Memarlar İttifaqının binasında təltifetmə mərasimi keçirilib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.
O, bildirib ki, 2021-ci il dekabrın 17-də imzalanmış müvafiq Sərəncam memarlarımızın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb.
Nazir memarlara vəsiqələri və təltifləri təqdim edib.
YARAT Müasir İncəsənət Məkanının 10 illiyi münasibətilə Daş Salnamə Muzeyində açılan “Ön söz-On söz” xronikal qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirilməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.
Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.
YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və fotoəsərlərini bir araya gətirib.
Yanvarın 31-dək davam edəcək sərgidə nümayiş edilən əsərlərlə çərşənbə axşamından bazar gününə kimi, saat 10:00-dan 19:00-dək tanış olmaq mümkündür. Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Yanvarın 29-da Londonda Azərbaycan rejissoru Hilal Baydarovun “Xurma yetişəndə” filminin premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, filmdə baş rolları Hilal Baydarov, Məryəm Nağıyeva, Vüsal Baydarov və başqaları ifa ediblər.
Hilal Baydarov 1987-ci ildə Bakıda anadan olub. İki dəfə məktəblilərin riyaziyyat fənni üzrə respublika olimpiadalarının qalibi seçilib. 2011-ci ildə Tailandda informatika üzrə keçirilən olimpiadada milli komandaya rəhbərlik edib. Sarayevoda Bela Tarrın rejissorluq kursunu bitirib. Monreal Film Festivalında rejissorun debüt işi olan “Adsız təpələr”in (2018) premyerası olub. Həmin il Sarayevo Film Festivalında “Ad günü” sənədli filminə görə mükafat alıb. Rejissorun “Xurma yetişəndə” (2019) adlı üçüncü ekran əsəri “Visions du Réel” Beynəlxalq Film Festivalından iki mükafat və Sarayevo Film Festivalından ən yaxşı sənədli film mükafatı alıb, növbəti işi, “Ana və oğul” (2019) isə Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalı (IDFA) müsabiqəsinə daxil olub.
Cəlilabad sakinləri və ziyalılar Göytəpə şəhərindəki 6 günbəzli kilsənin təmir olunması üçün dəfələrlə müraciət ediblər.
Report-un Muğan bürosuna bu barədə məlumat verən yerli sakinlər bildiriblər ki, onlar müraciətləri ilə bağlı hələlik müsbət cavab almayıblar.
Yerli sakinlərin sözlərinə görə, onlar hər hansı dini etiqatın qadağan edildiyi sovet dönəmində və müstəqilliyin ilk illərindən bu günə qədər bu əzəmətli tikilini tarixi və yerli əhəmiyyətli abidə kimi qorumaq üçün əllərindən gələni ediblər.
Tarixçi Ələsgər Mirzəzadə "Report"un yerli bürosuna bildirib ki, bu abidə Rus-İran müharibəsindən sonra, 1868-ci ildə tikilib:
"1826-1828-ci illərdə ikinci rus-iran müharibəsində ruslar qələbə qazanaraq Azərbaycanın şimalını işğal ediblər. Türkmənçay müqaviləsindən sonra xristian inanclı ruslar Azərbaycanın şimalına, o cümlədən Cəlilabad rayonuna köçürülüblər. 1829-cu ildən başlayaraq ruslar Azərbaycanda birinci olaraq Cəlilabad ərazisində məskunlaşmağa başlayıblar. Onlara “azad gəlmələr” adı verilmişdi. Çünki dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə edib, istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolnoye kəndinin adı da bu sözlərin birləşməsindən əmələ gəlib".
Ə.Mirzəzadə əlavə edib ki, elə kilsənin tikilməsi zərurəti də bu köçdən sonra yaranıb.
Tarixçi deyib ki, xristian inanclı rusların ibadət etməsi üçün əvvəlcə burada kiçik bir bina tikiblər: "Lakin həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan Rus PIravoslav kilsəsinin inşa edilməsi qərara alınıb. Kilsə 10 ildən sonra istifadəyə verilib. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Odur ki, kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır".
Ə.Mirzəzadə qeyd edib ki, sovet dönəmində, ötən əsrin 30-cu illərində bütün dini etiqadlar və inanclar, eyni zamanda, dini mərasimlər qadağan edildiyindən kilsə taxıl anbarı kimi istifadə edilir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Cəlilabadda yaşayan ruslar öz ata-baba yurdlarına qayıdırlar. Bu kilsəni isə yerli sakinlər mühafizə edərək qoruyurlar. Sonralar kilsə yerli əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət Nazirliyinin sərəncamına verilib".
Kilsə təmirə ehtiyacı olduğu barədə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, kilsənin təmiri hələlik nəzərdə tutulmur: "Lakin mədəniyyət işçiləri tərəfindən burada vaxtaşırı iməclik və təmizlik işləri aparılır".
Məlumat üçün bildirək ki, hazırda kilsənin birinci mərtəbəsində Göytəpə şəhər kitabxanası yerləşir. Sakinlərin sözlərinə görə, tikildiyi vaxtdan cəmi bir dəfə təmir olunan kilsənin binasının yenidən təmir-bərpa işlərinə ehtiyac yaranıb.
Bu ildən “Azərişıq” ASC ölkənin regionlarında yeni layihəyə start verib.
Qurumdan Report-a verilən məlumata görə, il ərzində 100-dən çox kənd və qəsəbənin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
Hazırda layihə çərçivəsində Sabirabadın Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərinin elektrik şəbəkələri yenidən qurulur. Bu kəndlərdə 1970-ci illərdən istismarda olan köhnəlmiş transformator məntəqələri, elektrik naqilləri, ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunur.
İşlərə başlanıldıqdan qısa müddət sonra Əliləmbəyli kəndində 210 evi qidalandıran, müxtəlif gücdə 5 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. 22 km-ə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib.
Ağasən və Çöl Ağammədli kəndlərində isə 7 ədəd müasir tipli kompleks transformator məntəqəsinin quraşdırılması planlaşdırılıb. Onlardan 3-ü artıq hazır vəziyyətə gətitilib.
Görülən işlər çərçivəsində hər 3 kəndin ərazisində 1600 ədəd dayaq basdırılıb, 39 km-ə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin, abonentlərin sayğacları yenilənir.
Layihənin icrası tam başa çatdıqdan sonra 3 kəndin 369 abunəçisinin elektrik enerjisi təchizatı yaxşılaşdıracaq.
"Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar".
Report xəbər verir ki, bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.
"Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı hardasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşaiyət edən polis əməkdaşlarına dərhal bildirin", - o bildirib.
Bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin sərnişinləri arasında Azərbaycanın mədəniyyət paytaxtının 6 sakini var.
Report-un məlumatına görə, onlar da daxil olmaqla sərnişinləri şəhərdə Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb.
O, bu səfərləri vaxtında və yüksək səviyyədə təşkil etdiyi üçün dövlət başçısına təşəkkür edib, daha sonra səfər iştirakçılarına tövsiyə edib ki, müəyyən edilmiş marşrutdan kənara çıxmasınlar: "Əgər sizə doğma olan yerlərə getmək istəyirsinizsə, çəkinmədən bizim əməkdaşlara yaxud polisə yaxınlaşıb istəyinizi bildirə bilərsiniz".
Azərbaycan Rəngkarlıq Muzeyində “Açıq mikrofon” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə müasir şairlərin yaradıcılığı barədə danışılıb, onların yaradıcılığı müzakirə edilib.
Tədbir boyu müəllif şeirləri və digər əsərlər də səsləndirilib.
Moderatoru Ayxan İbrahimov olan tədbir müzakirələrlə davam edib.