Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Daim axtarışda keçən yaradıcı ömür

    Son 30 ilin hadisələrini misralara hopduran şair, publisist Zərəngiz Dəmirçi Qayalının 60 yaşı tamam olub. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi və bu müharibənin sonunda xalqımızın əldə etdiyi möhtəşəm Zəfər onun yaradıcılığının ana xəttini təşkil edir.

    AZƏRTAC xəbər verir ki, Zərəngiz Dəmirçi Qayalı 8 kitab, 50-dən çox poema, yüzlərlə şeir və ballada, publisist yazılar, esselər, ədəbi araşdırma, oçerk və məqalələrin müəllifidir. Ötən il o, “Zəfər sədası” və “ İki qardaş gücü” kitablarını oxuculara təqdim edib. Həmin kitabları bir növ şairənin keçdiyi ömür yolunun yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar.

    Akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və digər tanınmış elm, mədəniyyət xadimləri Zərəngiz Dəmirçi Qayalının kitablarına yazdıqları “Ön söz”də onun yaradıcılığını, poeziyamızın inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

    Kiçik yaşlarından şeirə maraq göstərən Zərəngiz Dəmirçi Qayalı (Mansurova Zərəngiz Dəmirçi qızı) Qazax rayonunun Daş Salahlı kəndində dünyaya gəlib. Kənddəki 2 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Təhsil almaqla yanaşı, istehsalatda çalışıb, həmçinin yaradıcılıqla məşğul olub. Təhsilini uğurla başa vurduqdan sonra, AZƏRTAC-da əmək fəaliyyətini davam etdirib, ömrünün 30 ildən çoxunu yorulmadan mədəniyyətimizə, ədəbiyyatımıza həsr edib. Tələbəlik illərində və sonra “Gənclik”, “Ulduz”, “Ozan dünyası”, “SÖZ”, “Qoşa qanad”, “Azərbaycan” jurnallarında, eləcə də, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Azərbaycan gəncləri, “Açıq söz”, “Azərbaycan”, “Kaspi”, “525-ci qəzet” və digər qəzetlərdə, ölkəmizdə və ölkədən xaricdə internet məkanlarında, saytlarda əsərləri mütəmadi dərc olunub.

    Şairənin “Haqqı sevdim”, “Vəfam mənim, “Güllələnmişlər”, “Qayalı”, “Oğul”, “Zəfər sədası”, “İki qardaş gücü” və digər kitabları çapdan çıxıb. O, “Qızıl qələm”, “Məhsəti”, “Beynəlxalq Nizami Gəncəvi”, “Beynəlxalq Rəsul Rza” və digər mükafatlara layiq görülüb. Şeirlərinə, poemalarına, kitablarına görə bir sıra fəxri fərmanlarla təltif olunub. Ayrı-ayrı vaxtlarda, iki dəfə, 2006-2007-ci və 2019-2020-ci illərdə “İlin qadın şairi” seçilib. “Qayalı” kitabı “2008-ci ilin Qadın şairinin Qarabağ mövzusunda kitabı” nominasiyasının qalibi olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cavab ver” poeması əsasında “Xocalı” tamaşası səhnələşdirilib. 2009-2010-ci illərdə Prezident təqaüdünə layiq görülüb. Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan ədəbi mühitində, mətbu orqanlarında mütəmadi əsərləri dərc olunub.

    60 illik yubileyi ərəfəsində ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısındakı xidmətlərinə görə şairə-publisist Zərəngiz Dəmirçi Qayalı Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi “Beynəlxalq Mahmud Kaşğari-100” medalı və Fəxri diplomuna layiq görülüb.

    İllər ötür, yaş təzələnir, ilham isə tükənmək bilmir. Sinəsi şeirlə, sözlə dolu olan Zərəngiz xanım yeni yaradıcılıq axtarışında, poetik söz sorağındadır. İnanırıq ki, zaman keçdikcə, bu axtarış və tapıntılar yeni misralara və kitablara çevriləcək...

  • Dünya opera tarixində parlaq iz qoyan, ilklərə imza atmış qadın bəstəkarımız

    Bu gün Xalq artisti Şəfiqə Axundovanın anadan olmasından 98 il ötür

    Hərənin öz qisməti, taleyi olan bu həyatda onun öhdəsinə bəstəkarlıq missiyası düşmüşdü. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.

    AZƏRTAC xəbər verir ki, yanvarın 21-i görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasından 98 il ötür.

    O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

    İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb.

    “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.

    Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.

    Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir.

    Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.

    Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

    Bəstəkarın insan duyğularına toxunan mahnıları dinləyicilərin qəlbində ona əbədilik qazandırıb. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar.

  • “Mistik ruhun ömrü” retrospektiv sərgisi davam edir

    YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ötən ilin noyabr ayında açılmış Xalq rəssamı Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” adlı retrospektiv sərgi davam edir.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunur.

    Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub.

    Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

    Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək, bütün incəlikləri əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

    Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.

    Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.

    “Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.

    Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

    Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.

    Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.

    Sərgi bu il aprelin 3-dək ziyarətçilər üçün açıq qalacaq.

  • Belarus yazıçısı Svetlana Aleksieviç “Forbes”in siyahısına görə 50 ən nüfuzlu qadından biridir

    Amerikanın “Forbes” jurnalı “50 Over 50” siyahısında Avropa, Yaxın Şərq və Afrika bölgəsində (EMEA) 50 yaşdan yuxarı 50 ən nüfuzlu qadının adını açıqlayıb.

    AZƏRTAC “Ədəbiyyat ili” saytına istinadla xəbər verir ki, siyahıya daha iki yazıçı - Svetlana Aleksieviç və Bernardine Evaristo da daxil edilib.

    73 yaşlı yazıçı və jurnalist Svetlana Aleksieviç 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını alan ilk Belarus və altıncı rusdilli müəllif olub. O, Belarus Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun vitse-prezidenti, Belarus PEN Mərkəzinin sədridir.

    Nigeriya mənşəli ingilis yazıçısı 62 yaşlı Bernardin Evaristo “Buker Mükafatı -2019” da daxil olmaqla ondan çox ədəbi mükafatın qalibidir. O, 2004-cü ildə Kral Ədəbiyyat Cəmiyyətinə qəbul olunub.

  • Hacı Zeynalabdin Tağıyev haqqında serial çəkiləcək

    Məşhur Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev haqqında serialın hazırlıq mərhələsi davam edir.

    AZƏRTAC xəbər verir ki, səkkiz seriyadan ibarət film Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və digər bir neçə qurumun iştirakı ilə istehsal olunacaq.

    Xatırladaq ki, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Böyük xeyriyyəçinin 200 illiyi ölkəmizin təşəbbüsü ilə UNESCO-nun 2023-cü il üçün yubileylər proqramına da salınıb. Tağıyev haqqında serialın da o tarixdə hazır olması nəzərdə tutulur.

  • “AXIN'” üzvləri ilə növbəti görüş

    Azərbaycan Dövlət Rəsm Qalereyası rəssam Elşən Karacanın “AXIN'” üzvləri ilə görüşünü təşkil edib.

    Qalereyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı rəssam yaradıcılığı haqqında məlumat verib, sosial mediadan ona ünvanlanan sualları cavablandırıb.

    Dialoq şəklində keçirilən görüşdə o təcrübələrini də izləyicilərlə bölüşüb.

  • Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

    “Bugünlərdə Bakıda Azərbaycanın tanınmış xeyriyyəçisi, ilk dünyəvi məktəbin banisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub.

    Gələn il biz YUNESKO-da onun anadan olmasının 200 illik yubileyini qeyd edəcəyik”.

    Report-un məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin tviter hesabında qeyd edilib

    Xatırladaq ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri YUNESKO-nun yubileylər proqramına daxil edilib. Bu barədə qərar YUNESKO-nun ötən ilin 9-24 noyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçirilmiş Baş Konfransında qəbul olunub.

  • “China Daily” qəzeti Azərbaycan lavaşı haqqında məqalə yayıb

    Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti “Lavaş – Azərbaycanda nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO tərəfindən tanınıb” adlı məqalə yayıb.

    AZƏRTAC-ın mövzu ilə bağlı materialına istinad edən məqalədə müxtəlif türk yazılı mənbələrində tez-tez rast gəlinən lavaşın tarixindən, Azərbaycanda lavaş hazırlanması ənənəsinin keçmişindən söz açılıb.

    Qeyd olunub ki, Azərbaycanda lavaş çörəyi hazırlanması barədə məlumatlara XI əsrdə yaşamış türk dünyasının böyük dilçi alimi Mahmud Kaşğarinin "Divani lüğat-it-türk" adlı lüğətində, oğuz dastanı “Dədə Qorqud”da, habelə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xəqani Şirvaninin əsərlərində rast gəlinir.

    Bildirilib ki, hazırda lavaş Azərbaycanda təkcə təndirdə deyil, habelə sac üzərində bişirilir.

    Məqalədə çörəyin Azərbaycanda tarixən bolluq və bərəkət rəmzi olduğu, lavaş bişirmə ənənəsinin nəsildən-nəsilə keçərək, qorunduğu vurğulanıb. Qeyd olunub ki, çörək ənənəsinin qorunması məqsədilə Ağdamda vaxtilə Çörək Muzeyi də açılıb.

    “China Daily” yazır ki, 2016-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

    Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

    AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

  • “Azıx mağarası” adll videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ülkər Zeynalova “Azıx mağarası” başlığı altında videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında təqdim edilib.

    Videoçarxda qeyd edilib ki, Azıx mağarası dünyada sayı az olan qədim mağara tipli insan düşərgələrindən biridir. Aşağı Antropogen dövrünə aid yeganə çoxtəbəqəli abidədir. Azərbaycan ərazisində təqribən milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən mağara arxantropların və daha qədim adamların məskəni və emalatxanası olub.

    Azıx mağarası Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürdədir. Mağarada bir-biri ilə dar keçidlərlə birləşən 6 salon var. Azıx mağarasında Aşöl dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi tapılıb (dünyada üçüncü tapıntıdır). Bu Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edib. Burada müxtəlif dövrlərə aid qalınlığı 10-14 metr olan 10 təbəqə aşkar edilib. Aşağı Paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və nadir hallarda balıq sümüyü mağaranın sakinlərinin yığıcılıqla bərabər ovçuluq və balıqçılıqla da məşğul olduqlarını sübut edib. Son qazıntılar dövründə Aşöl təbəqəsində 4 ocaq yeri üzə çıxarılıb.

  • Moskvada Azərbaycan Kinosu həftələri keçiriləcək

    Yanvarın 22-dən fevralın 20-dək Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Kinosu həftələri keçiriləcək.

    XTNS-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu pavilyonun qonaqları hər həftənin istirahət günlərində Azərbaycan kinematoqrafçılarının ən yaxşı filmlərinə tamaşa edə biləcəklər. Giriş sərbəstdir.

    Kino həftələri çərçivəsində Eldar Quliyev, Anar Rzayev, Rasim Ocaqov, Ramiz Fətəliyev, Yuli Qusman və başqa məşhur rejissor və ssenaristlərin sovet dönəmində və postsovet dövründə çəkilmiş filmləri nümayiş etdiriləcək.

    Filmlərdə əsas rollarda Azərbaycan və Rusiya aktyorları - Fəxrəddin Manafov, Aleksandr Kalyaqin, Lev Durov, Həsən Məmmədov, Fuad Poladov, Muxtarbəy Kantemirov, Polad Bülbüloğlu, Leyla Şıxlinskaya, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Həsən Turabov və başqaları çəkiliblər.

    Seansların cədvəli ilə XTNS-in saytında tanış ola bilərsiniz.