Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinə 9 ölkədən 225 esse təqdim olunub

    Ötən il dövlətimizin başçısı tərəfindən ölkəmizdə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanda və xaricdə 100-dən artıq tədbirin təşkil olunub. Nazirlik tərəfindən ötən il elan edilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi də başa çatıb. Müsabiqəyə 9 ölkədən 225 esse təqdim olunub. Hazırda müsabiqənin qiymətləndirmə prosesi aparılır və qaliblər bu il elan ediləcək.

    AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov ötən il nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsində deyib.

    “TÜRKSOY və UNESCO-da dahi Nizamiyə həsr edilən tədbir və sərgilər böyük şairin irsinin təbliğində mühüm addımlar idi. “Nizami Gəncəvi İli”nə həsr olunan VII Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 40-dan çox xarici təşkilat və nəşriyyat iştirak edib. Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “İşıq festivalı” adlı audiovizual layihə həyata keçirilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizaminin 880 illik yubileyi qeyd olunub”,- deyə nazir bildirib.

  • Mədəniyyət Nazirliyinin tabeliyində 130-dan çox muzey fəaliyyət göstərir

    Mədəniyyət Nazirliyinin tabeliyində 133 muzey və 59 Heydər Əliyev Mərkəzi var.

    AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov nazirliyin kollegiya iclasında deyib.

    “Bu məkanlarda ötən il müxtəlif sərgilər keçirilib, tədbirlər təşkil olunub. Ötən il ərzində “British Council” ilə muzey işində inklüzivlik üzrə birgə layihələr həyata keçirilib. Eyni zamanda görkəmli rəssamlar Mikayıl Abdullayev və Kamil Əliyevin 100 illik yubiley sərgiləri açılıb. Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi, Milli Xalça Muzeyi tərəfindən “Qarabağın xalça xəritəsi” layihəsi əsasında Zəfər xalçasının kəsimi gerçəkləşib”,-deyə nazir bildirib.

  • Ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib

    Mədəni irsin qorunması və bərpası sahəsində bir çox işlər görülüb, müəyyən layihələr reallaşdırılıb.

    AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov ötən il nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsində deyib.

    Nazir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qoruqlarda aparılan işləri diqqətə çatdırıb. Deyib ki, ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib. Bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir. Eyni zamanda, Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib.

  • “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 60 mindən çox kitab toplanıb

    Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaların fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi diqqətdə saxlanılıb. “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiya” həyata keçirib.

    AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov nazirliyin kollegiya iclasında deyib.

    “Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 60 mindən çox kitab toplanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində vətənpərvərlik mövzusunda layihələr həyata keçiriblər”,- deyə nazir bildirib.

  • “Özünü kəşf et” layihəsinin sonuncu ustad dərsi - “Heykəl. Relyef”

    YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində bu ayın nəzərdə tutulan sonuncu ustad dərsi yanvarın 26-da Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, ustad dərsi Kənan Əliyevin rəhbərliyi ilə “Heykəl. Relyef” mövzusuna həsr olunacaq.

    Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

    Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

    Ustad dərsləri ödənişsizdir.

  • Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb

    20 Yanvar faciəsinin 32-ci ildönümündə Azərbaycan Milli Kitabxanasında “20 Yanvar” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, fotolar, kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 32 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının hücumuna məruz qalmış, təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil, həm də xalqımızın şan və şərəf günüdür.

  • Musiqi irsimizin elm cığırını açan xanım -Xurşid Ağayeva

    Ötən il Xurşid xanım Ağayevanın anadan olmasının 115-ci ildönümü idi.

    Xurşid xanım Həsən bəy qızı Ağayeva ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi, öz dövrünün görkəmli ziyalılarından biridir. O, tanınmış ailənin övladı idi. Xurşid Ağayeva musiqi nəzəriyyəsi tariximizə adı daxil olan ilk qadın musiqişünasdır. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli haqqında yazdığı ilk monoqrafiya alimin adını əbədiləşdirib.

    İstedadlı pianoçu və musiqişünas Xurşid Ağayeva musiqi mədəniyyəti tariximizin önəmli simalarındandır. Musiqiyə hələ erkən yaşlarından meyil göstərən Xurşid xanım, ilk musiqi təhsilini Azərbaycan Musiqi Texnikumunun Fortepiano şöbəsində alıb. 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilib, burada tanınmış professorlar İ.Aysberq və Q.Şaroyevdən dərs alıb. Həmin görkəmli alimlər ona təkcə ifaçılıq vərdişləri aşılamaqla kifayətlənməmiş, həm də hərtərəfli musiqiçi kimi yetişməsində önəmli rol oynayıblar. Xurşid Ağayeva 1935-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, həm ifaçılıq, həm də musiqişünaslıqla davamlı məşğul olmuşdur.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Musiqi irsimizin elm cığırını açan Xurşid xanım Ağayeva” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.

    Xurşid Ağayeva 1906-cı ildə Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin ilk sədrinin birinci müavini işləmiş Həsən bəy Ağayevin ailəsində dünyaya göz açıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında önəmli rolu olan Həsən bəy Ağayev jurnalist, həkim, müəllim kimi fəaliyyət göstərib, parlament sədrinin müavini kimi çalışıb. İstiqlal Bəyannaməni ilk olaraq məhz o, imzalayıb.

    Xurşid xanımın anası Xədicə Ağayeva da dövrünün ziyalı qadınlarından biri kimi xalqımızın maariflənməsində önəmli xidmətlər göstərib. İxtisasca müəllim olan Xədicə xanım, 1901-cı ildə H.Z.Tağıyevin qız məktəbi açılanda məktəbdə pedaqoji işə başlayıb. Üç il sonra isə burada həkim işləyən Həsən bəylə tanış olaraq ailə qurub. Həyat yoldaşı Həsən bəylə birlikdə Güney Azərbaycana köçənə qədər, yəni 1906-cı ilədək məktəbdə müəllim işləyib. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşayan ailə Bakıya qayıdandan sonra Xədicə xanım 1909-cu ildə Həsən bəyin anadan olduğu Gəncə şəhərində Əsgər ağa Adıgözəlov (Gorani) tərəfindən açılan qız məktəbinin müdiri vəzifəsinə təyin edilib. O, bu vəzifədə çalışdığı illərdə həm də Gəncənin ictimai işlərində xüsusi fəallıq göstərib. Xədicə Ağayeva 1915-ci ildə Gəncə “Müqəddəs Nina” yerli qadın xeyriyyə cəmiyyətinin qurucularından və idarə heyəti üzvlərindən biri olub. 1919-cu il sentyabrın 4-də Bakıdakı Azərbaycan birinci milli qadın gimnaziyasının (keçmiş “Müqəddəs Nina” qız məktəbinin) müfəttişi vəzifəsində işləmiş, daha sonra Bakı Darülmüəllimində (Qadın Müəllimlər Texnikumunda) müəllim kimi çalışıb.

    Köklü ailə bağlarına sahib olan Xurşid xanım Ağayeva ilk təhsilini Gəncə şəhərində alıb. 1919-cu ildə Bakıda orta təhsilini davam etdirmiş, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilib. Həmin illərdə Azərbaycanda musiqişünaslıq sahəsində ana dilimizdə dərsliklərin olmaması, nəzəri biliklərin əsasən rus dilli kitablar vasitəsilə tədrisi bu sahədə ciddi bir boşluq kimi nəzərə çarpırdı. Xurşid Ağayeva rus dilindən musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi işi ilə ciddi məşğul olaraq həmin boşluğu aradan qaldırmışdı. O, bütün ömrü boyu dərs dediyi Bakı Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) fəaliyyətini gənc nəslin peşəkar musiqi təhsilinə, təlim-tərbiyəsinə həsr etmişdir. Bir müddət Konservatoriyanın prorektoru kimi bu ali təhsil müəssisəsinin elmi təşkilatçılıq işləri də məşğul olmuşdur.

    1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, Üzeyir bəy Hacıbəylinin rektorluğu dönəmində isə prorektor vəzifəsində işləyən Xurşid Ağayeva, elmi-pedaqoji fəaliyyəti dövründə musiqi nəzəriyyəsi və tarixi üzrə dərslikləri ana dilimizə ilk dəfə tərcümə etməklə tədris prosesində bu sahədəki boşluğu doldurub. Mənəvi zənginliyi ilə zahiri gözəlliyi vəhdət təşkil edən bu Azərbaycan xanımı, gözəl pedaqoq, səmimi yoldaş, diqqətli, qayğıkeş və həssas bir insan idi. Musiqi irsimizin tədqiqinə dair ilk ciddi araşdırması ilə musiqişünaslığın təməlini qoyan, bu sahənin gələcək inkişafına yol açan Xurşid Ağayevanın mədəniyyət tariximizdə özünəməxsus yeri və mövqeyi vardır.

    Xurşid Ağayeva Azərbaycan musiqisinə aid bir sıra məqalələrin, “XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları” (ölümü ilə əlaqədar tamamlanmayıb) kimi əhəmiyyətli bir tədqiqat əsərinin müəllifidir.

    Xurşid Ağayeva Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuş Əhməd bəy Pepinovla ailə həyatı qurmuş, bu evlilikdən bir qızı (Sevda Pepinova) doğulub, lakin 45 yaşında güllələnib qətlə yetirilən atası Həsən bəy Ağayev, Sibirə sürgün edilən, min bir əzab görən anası Xədicə xanım kimi Xurşid xanımın da ailə həyatı siyasi şəraitin məngənəsində məhv olmuş, sevgi ilə qurulan ailə yuvası dağılmışdır... Buna səbəb isə həyat yoldaşı Əhməd bəy Pepinovun repressiya olunması idi. Həbs olunanda həyat yoldaşı Xurşidi siyasi təqiblərdən qorumaq üçün Əhməd bəy özü qayınanası Xədicə xanıma demişdi: “Xədicə xanım, Xurşidə deyin məndən boşanmaq haqqında ərizə versin, tutulanlardan çoxunun ailələrini də sıxışdırırlar. Mənim adım üstündə olmasın, ziyan gətirər ona. İstəsə ərə də gedə bilər”... Xurşid xanım siyasi mühitin xofu ilə ərindən boşanmış, daha sonra Əhməd bəyin Xalq Maarif Komissarlığında katibi olan, sonralar görkəmli həkim, tibb elmləri doktoru kimi tanınan Bahadur Eyvazova ərə gedib.

    Xurşid xanımla Əhməd bəyin qızı Sevda Pepinovanı isə elə o vaxtdan nənəsi Xədicə xanım saxlayıb. Burada xatırlatmaq istəyirik ki, Xədicə xanım xoşbəxtliyi yarıda qırılan qızlarının yetim övladlarına analıq etmək missiyasını şərəflə yerinə yetirib. Sevda ilə yanaşı digər qızının – repressiya edilmiş əri ilə sürgünə göndərilən Gülruxun oğlu Fəridi də əsl ana sevgisi ilə böyüdüb, hətta uşağa Ağayev soyadını da verib. Gülrux xanım sürgündən qayıdanda 15 yaşlı Fərid anasına yaxın getməyib və bir ömür boyu ona isnişməyib... Sevda Pepinova da Xədicə xanımı anası kimi sevirdi. Xurşid xanımla qızı Sevda xanım bir ömür boyu bir-birinə həsrət qalmışdılar. 7 yaşlı Sevda “xalq düşməni”nin qızı olduğuna görə Xurşid xanımın həyat yoldaşı Bahadur Eyvazov Sevdanın onlara gəlib-getməsini istəməmiş və buna heç vaxt icazə verməmişdi. Son nəfəsində isə Xurşid xanım üzünə həsrət yaşadığı qızını görmək istəmiş, Sevda xanıma “Bağışla məni, Sevda, bağışla...” – deyərək, həyata gözlərini əbədi qapamışdır...

    Sevda Pepinova Azərbaycan mədəniyyət tarixində böyük xidmətləri olan bir şəxslə – görkəmli aktyor, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, əvəzolunmaz komik xarakterlər yaradan sənətkar Lütfəli Abdullayevlə evlənib. Sevda xanım qovuşmadan itirdiyi, həsrət qaldığı anası Xurşid xanımın adını qızına verib. Xurşid xanımın nəvəsi Xurşid Lütfəli qızı Abdullayeva Azərbaycan mədəni həyatında nənəsinin yolunu ləyaqətlə davam etdirir. O hazırda Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət Xor Kapellasının direktoru, Əməkdar artistdir.

    Xurşid Ağayeva da atası Həsən bəy kimi həyata çox erkən vida edib. Ömrünün qırx yeddinci baharında, 1953-cü il dekabrın 3-də dünyasını dəyişib. Lakin həyatdan tez getməsinə baxmayaraq, qısa bir ömrə böyük uğurları sığdıra bilib. “Öz əsərlərimi istedadlı musiqiçi gənclərə həsr edirəm” ithaf sözü ilə ilk tədqiqat əsərini – Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi monoqrafiyasını yazan, Azərbaycan musiqişünaslığının təşəkkülündə ilk səhifələrə imza atan, respublikamızda musiqi təhsilinin inkişafı yolunda fəal pedaqoji işi ilə seçilən Xurşid Ağayevanın milli mədəni həyatımızda özünəməxsus mövqeyi olmuşdur.

    Xurşid xanım hələ konservatoriyada oxuduğu illərdən pedaqoji fəaliyyətə başlamışdı. Təhsil prosesindən və iş yerindən tanıdığı böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin onun həyatında önəmli rolu olmuşdur. Üzeyir bəy yanar ürəkli bir ziyalı kimi Xurşid xanımın da yolunu işıqlandırmışdı. Xurşid Ağayeva fəaliyyətinin müxtəlif mərhələlərində – tələbəlik illərində, konservatoriyadakı müəllimlik fəaliyyətində, elm və təhsil üzrə prorektor vəzifəsində çalışanda və yaxud Respublika Bəstəkarlar İttifaqında Tənqid bölməsinə rəhbərlik edəndə bu uca şəxsiyyətin qayğısını görmüşdü. Şərq musiqisinin canlı əfsanəsi Üzeyir bəy Hacıbəyli həmişə onun üçün həssas, xeyirxah, qayğıkeş, çoxcəhətli istedada malik sənətkar, gözəl insan kimi ideal idi. Xurşid xanım hər zaman ona bənzəmək istəmişdi.

    Xurşid Ağayeva böyük pedaqoq, sevimli müəllim idi. Konservatoriyanın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi kimi Musiqi tarixi kursu fənnindən rus və Azərbaycan dillərində oxuduğu mühazirələr həmişə maraqla qarşılanırdı. Onun mühazirələrini dinləyən çoxsaylı tələbələr (onların arasında indi musiqi mədəniyyətimizin görkəmli ustaları var) Xurşid xanımın ustad dərslərini dəyərli elmi məlumatlarla zəngin saatlar kimi xatırlayırdı. Onun tələbələri olmuş musiqiçilər Xurşid xanımın necə böyük şövqlə çalışdığını, gənc musiqiçiləri Qərbi Avropa, rus, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə qovuşdurmaq üçün fədakarlıqla əmək verdiyini qeyd edirdilər. Məsələn, respublikanın Xalq artisti Süleyman Ələsgərov Xurşid xanımın sinfində dinlədiyi mühazirələri, royal arxasında musiqi təhsilini zaman-zaman xatırlayırdı. Bəstəkarın müəlliminin mühazirələrindən əziz nişanə kimi saxladığı iki dəftərdə Bethovenin bütün sinfoniyalarının təhlili verilmişdi. Bəstəkar deyirdi: “Müəllimləri, tərbiyəçiləri xatırlayarkən onların həyatla tez vidalaşdığına ürəkdən acıyırsan, lakin çəkdikləri zəhmətin bəhrəsini görərkən bir az təskinlik tapırsan. Yaşlı nəslin nümayəndələrinə – mənim yaşıdlarım olan bəstəkarlara, musiqişünaslara, ifaçılara Xurşid xanımın bəxş etdiyi böyük musiqi sevincində mən bu zəhmətin səmərəsini duyuram. O, böyük pedaqoq idi”... Tələbələrinin hamısı onu çox sevir, müəllim və alim həmkarları ona böyük sayğı bəsləyirdi.

    Üzeyir bəy Hacıbəyli Xurşid xanımı həmişə başqalarından fərqləndirir, məsuliyyəti, işə can yandırdığı üçün xətrini əziz tutur və yeri gələndə, bir çox məsələlərdə onu müdafiə edirdi. Xurşid xanımın dahi bəstəkar və alim haqqında ilk monoqrafiyası onların sıx yaradıcılıq ünsiyyətinin nəticəsi kimi meydana çıxmışdı. Xurşid xanım bu monoqrafiya üzərində uzun müddət işləmiş, sanballı bir əsər ərsəyə gətirmişdi. Təəssüf ki, ömrü vəfa etmədiyindən öz monoqrafiyasının nəşrini görmək Xurşid xanıma nəsib olmamışdır. Dahi bəstəkarımıza həsr etdiyi monoqrafiyası müəllifin ölümündən sonra, 1955-ci ildə nəşr edilmiş, musiqişünaslığımız dəyərli örnəyi kimi elm tarixində qalmışdır.

    Üzeyir bəy yaradıcılığının hərtərəfli öyrənildiyi bu araşdırma çağdaş dövrümüzdə də öz aktuallığını, elmi dəyərini itirməyib, Üzeyir bəy Hacıbəylidən yazılan tədqiqatlar üçün ilkin qaynaq kimi xüsusi önəm daşıyır. Bəstəkar haqqında ilk tədqiqat işləri arasında elmi səviyyəsi ilə seçilən həmin monoqrafiya Üzeyir bəy Hacıbəylinin parlaq istedadı, xidmətlərinin əzəməti, yaradıcılığının istiqamətləri, miqyası, eləcə də onun coşqun ictimai fəaliyyəti barədə aydın təəssürat yaradır. Bəstəkarın unikal şəxsiyyətini səciyyələndirən xüsusiyyətlərə diqqət yetirən müəllif vurğulayır ki, doğma xalq incəsənətinin mənzərəsini vermədən Ü.Hacıbəyli yaradıcılığını tam mənada qiymətləndirmək mümkün deyil. Ona görə də Xurşid Ağayeva monoqrafiyasında Azərbaycan mədəniyyəti tarixinin XII yüzildən başlayıb 1938-ci ildə Moskvada keçirilən Birinci incəsənət ongünlüyünə qədər davam edən inkişaf yoluna ekskursiya edirdi. Böyük bir dövrün yığcam özəti ilə Üzeyir bəy Hacıbəylini yetirən milli mədəni-tarixi ənənələr haqqında təsəvvür formalaşdırır, bu bəstəkarlıq məktəbinin böyük zəminə əsaslandığını göstərirdi.

    Xurşid Ağayevanın dövri mətbuatda, konfranslarda və yubiley gecələrində məzmunlu çıxışları da onun intellekti haqqında yüksək təəssürat yaradırdı. Alimin N.A.Rimski-Korsakovun, A.Zeynallının yaradıcılığı haqqında çıxışları, Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə (1944) bəstəkarlarımızın simfonik yaradıcılığı barədə məqalələri bu baxımdan özəlliklə diqqəti cəlb edir. Onun elmi irsi milli musiqi ədəbiyyatının dəyərli töhfələridir.

    Respublikamızın ilk musiqişünas qadını, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid xanım Ağayevanın adı mədəniyyət tariximizin qızıl səhifələrində əbədi yaşayır. Xalqımız bu adı hər zaman yaddaşında, qəlbində yaşadacaq, onu sevgi ilə yad edəcəkdir. Xurşid xanımın açdığı iz, musiqişünaslıq cığırı, yeni nəsillərin rahatlıqla addımladığı yol həmişə öz yaradıcısını böyük ehtiramla xatırladacaqdır.

    Ruhu şad olsun!

  • Bu gün sosial şəbəkə istifadəçiləri muzey ekspozisiyaları fonunda selfi fotolarını dərc edirlər

    Yanvarın 19-da internet məkanında #MuseumSelfie beynəlxalq tvitter kampaniyası keçirilir. Dünyanın müxtəlif yerlərində yaşayan sosial şəbəkə istifadəçiləri muzeylərdə çəkilmiş fotolarını internetdə yerləşdirirlər.

    AZƏRTAC xəbər verir ki, 2014-cü ildən başlayan aksiya hər il yanvar ayının üçüncü çərşənbəsinə təsadüf edir. Bu gün sosial şəbəkə istifadəçiləri muzey ekspozisiyaları fonunda selfi fotolarını dərc edirlər.

    Qeyd edək ki, beynəlxalq aksiyanın təsisçisi muzeylər və incəsənət haqqında internet saytının rəhbəri britaniyalı Mari Diksondur. O, fotosessiya ilə müşayiət olunan muzeyə ilk səfərini kiçik qızı ilə edib.

  • “Mədəni yenilənmə” layihəsi çərçivəsində növbəti konsert

    Yanvarın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Mədəni yenilənmə” layihəsi çərçivəsində Xalq artisti, dirijor Elnarə Kərimovanın 60 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsert çərçivəsində Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Milli Konservatoriyasının xor kollektivi və “TRT Ankara” radiosunun çoxsəsli xoru çıxış edəcəklər.

    Qeyd edək ki, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

  • 20 Yanvar faciəsi qurbanlarının xatirəsi İçərişəhərdə yad olunub

    1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini və bu yoldan dönməyəcəyini təcəssüm etdirir.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il 20 yanvar tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr gerçəkləşdirərək bu faciəvi hadisələri və şəhidləri yad edir. O qanlı gecədəki hadisələri, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi qurulub.

    AZƏRTAC xəbər verir ki, maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 Yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış videoçarx təqdim edilib.

    Paytaxt sakinləri və qonaqlar yaradılmış instalyasiyaya baxıblar.