Məşhur amerikalı aktyorlar George Clooney və Julia Roberti bir araya gətirən “Cənnətə bilet” (Ticket To Paradise ) romantik komediya filminin çəkilişləri koronavirusa yoluxma hallarının artması səbəbindən dayandırılıb və təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, Avstraliyada davam edən filmin çəkilişlərinin başa çatmasına cəmi iki həftə qalmışdı.
İngiltərəli rejissor Ol Parkerin çəkdiyi filmdə Çikaqo Universitetini yeni bitirən Vren Butler yaxın dostu Lili ilə birlikdə Baliyə gedir. Burada yaşayan bir qadınla tanış olan Lili həyatının eşqi ilə qarşılaşır və qəfil evlilik qərarı verir….
Fevralın 10-dan 20-dək Almaniyada 72-ci “Berlinale” Beynəlxalq Film Festivalı keçiriləcək. Təşkilatçılar Berlinale Forumu bölməsi üçün seçilmiş filmlərin adlarını açıqlayıblar.
AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, festivalın əsas hissəsinə 11-i sənədli olmaqla 27 tammetrajlı film, “Forum Special” proqramına isə daha 14 tammetrajlı və qısametrajlı film daxildir.
Təşkilatçıların bildirdiyinə görə, “Berlinale” Beynəlxalq Film Festivalı koronavirus məhdudiyyətləri nəzərə alınmaqla əyani formatda keçiriləcək.
Kinofestivalın saytında dərc olunan xəbərdə deyilir: “Pandemiya ilə əlaqədar “Berlinale” formatını və konsepsiyasını dəyişib. Festival fevralın 10-da Berlinale Palastda möhtəşəm açılış mərasimi ilə başlayacaq. “Qızıl və Gümüş Ayıların”, həmçinin ən yaxşı tammetrajlı filmə görə GWFF mükafatı və “Berlinale”nin ən yaxşı sənədli film mükafatlarının təqdimetmə mərasimi fevralın 16-da axşam keçiriləcək”.
Açılış mərasimindən sonra fevralın 16-dək müsabiqə xarakterli filmlərin nümayişi keçiriləcək, çəkiliş qrupları öz filmlərini şəxsən ictimaiyyətə təqdim edəcəklər. Mükafatlandırma mərasimi bitəndən sonra festivalın müddəti fevralın 20-dək uzadılacaq - bütün “Berlinale” kinoteatrlarında filmlərin təkrar nümayişi təşkil olunacaq.
Təşkilatçıların qeyd etdiyi kimi, “Berlinale” kinoteatrlarının tutumu kəskin şəkildə 50 faizə qədər azaldılıb: “Pandemiyaya görə şənlik və ziyafətlərin keçirilməsi mümkün olmayacaq, lakin çəkiliş qruplarının Berlinale Palastın qırmızı xalı üzərindən qısa formatda keçməsi şansı hələ də olacaq ki, bu da ənənəvi festival ab-havasını yaratmağa kömək edəcək”.
Yanvarın 25-də Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, konsert “Cadenza” orkestrinin təşkilatçılığı və iştirakı ilə reallaşacaq.
“İki portret” adlı konsertdə Toru Takemitsunun “Nostalgiya” və Aydın Əzimovun “Bitiq” əsər ifa olunacaq.
Rusiyanın “Birinci kanal”ında yayımlanan “Непутевые заметки” verilişinin budəfəki buraxılışında Bakı və “Şahdağ” Turizm Mərkəzi haqqında geniş məlumat verilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə hazırlanan verilişdə paytaxtın möhtəşəm memarlığı, özünəməxsus gözəlliyi, yeni il ərəfəsində mərkəzi Nizami küçəsində təşkil olunan xeyriyyə yarmarkası və paytaxt sakinlərinin qonaqpərvərliyindən bəhs olunub.
Verilişdə, həmçinin “Şahdağ” Turizm Mərkəzi, burada turistlərə təklif olunan xizəksürmə, dağda gəzinti, paraplan uçuşları və s. kimi əyləncə növləri, hotellər, eləcə də yaxınlıqda yerləşən və təbiəti ilə turistlərin diqqətini cəlb edən Ləzə kəndi və sakinləri haqqında ətraflı məlumat verilib.
1996-cı ildən Rusiyanın müxtəlif televiziya kanallarında Dmitriy Krılovun aparıcılığı ilə yayımlanan verilişdə bütövlükdə ölkənin zəngin mədəniyyət və tarixə malik olduğu, səyahət edənlərin unudulmaz təəssüratlarla geri döndüyü xüsusi vurğulanıb.
Verilişə baxmaq üçün https://bit.ly/329iecA linkindən istifadə etmək olar.
Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsi elan edilib.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, müsabiqə iştirakçıların uşaqlıq duyğuları və xatirələrini yaşatmaq məqsədilə həyata keçirilir.
Müsabiqəyə qatılmaq istəyənlər uşaq vaxtı ən çox sevdiyi və arzuladığı oyuncağın rəsmini çəkməklə və ya istədikləri materialın (metal, gil, ağac, kağız, plastilin, parça) maketini hazırlamaqla iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə qatılmaq istəyənlər Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim edəcəkləri əsərin fotosu ilə bərabər, ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə fevral ayının 10-dək müraciət edə bilərlər.
Müsabiqəyə yalnız bir əsər təqdim oluna bilər. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, düzgün kompozisiya əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxilə olmayan işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Müsabiqə seçimlərindən narazı qalan şəxs (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə canlı rəsm çəkməklə özünü təsdiq edə bilər. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Qeyd: Əgər uşaq vaxtı hazırladığınız oyuncağı saxlamısınızsa, onun özünü də müsabiqəyə təqdim edə bilərsiniz.
“Artım” layihə məkanında İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtarar” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi tamaşa müasir insanların bir-biri ilə ünsiyyət və münasibət qura bilməməsindən bəhs edir.
Səhnə əsəri eyni vaxtda “Artım”ın üç zalında üç dildə (Azərbaycan, rus, ingilis) səsləndirilib.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində Milli Kitabxananın əməkdaşları tərəfindən “20 Yanvar – Qan yaddaşımız” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həm hüzn, həm də qürur günümüz”, “Görkəmli şəxslər 20 Yanvar haqqında”, “20 Yanvar faciəsi şahidlərin dili ilə...”, “20 Yanvar şəhidləri – Siyahı”, “Kitablar”, “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, “Məqalələr”, “Filmoqrafiya”, “20 Yanvar şəhidlərinin əbədi xatirəsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/20_yanvar/index.html linkindən istifadə edə bilərlər.
Məşhur amerikalı aktyor Jared Leto Al Paçino ilə birlikdə “Gucci Evi” (House of Gucci) filminin orijinal hekayəsindən əvvəl baş verən hadisələrə diqqət yetirən bir əsərdə rol almaq istədiyini söyləyib.
AZƏRTAC xəbər verir ki, rejissor Ridli Skottun çəkdiyi "Gucci Evi" filmindəki performansı ilə böyük rəğbət qazanan Jared Leto Al Paçino ilə işləməkdən böyük zövq aldığını bildirib. Filmin adının isə "Just The Two of Us" (“Sadəcə ikimiz”) ola biləcəyini əlavə edib.
Qeyd edək ki, Jared Leto “Gucci Evi” filmində Paolo Gucci rolunda izləyici qarşısına çıxmışdı. Al Paçino isə Paolonun atası Aldo Guccini canlandırıb.
Yunan rəssamı Alekos Fassianos 87 yaşında vəfat edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Afina Makedoniya Agentliyi (ANA-MPA) məlumat yayıb.
Məlumatda bildirilib ki, Fassianos evdə qohumlarının əhatəsində dünyasını dəyişib, son illər sənətçinin səhhətində problemlər yaranıb. Onun dəfn tarixi hələ məlum deyil.
Fassianos 1935-ci ildə Afinada anadan olub. 1960-cı ildə Afina İncəsənət Akademiyasında təhsil aldıqdan sonra Parisə gedib və orada Fransa hökumətindən təqaüd alıb.
Fassianos Yunanıstan və Fransa şair və yazıçılarının (Elitis, Kavafis, Araqon, Apolliner və s.) kitabları üçün illüstrasiyalar çəkib. O, həmçinin qədim və müasir dram əsərləri əsasında tamaşaların hazırlanmasında Yunanıstanın Milli Teatrı ilə quruluşçu rəssam və geyim rəssamı kimi əməkdaşlıq edib. Onun əsərinin bir çox elementlərində yunan mifologiyasına istinadlar var.
2000-ci ildə Fassianos Afina metrosunda “Metaksurgio” stansiyası üçün divar rəsmləri yaradıb. Onun əsərlərinin bir çoxu Afina, Paris, Tokio, Nyu-York, San-Paulu da daxil olmaqla dünyanın müxtəlif muzey və qalereyalarında saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
Report xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.