Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rusiyanın Milli Dram Teatrının təşəbbüskarı olduğu “Aleksandrinski teatr məktəbi: MDB-nin iştirakçısı olan dövlətlərlə əməkdaşlığın inkişafı” təhsil proqramının təqdimatı mərasimi olub.
AZƏRTAC xəbər verir ki, təhsil proqramı dekabrın 19-dan 21-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Layihənin təqdimatında çıxış edən Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov vurğulayıb ki, təşkilatçılar üç gün ərzində keçiriləcək kursa sığmayan proqramı imkan daxilində və bütünlüklə həyata keçirməyə çalışacaqlar. “Bu məşğələlərdə təkcə Rusiya deyil, dünya teatrlarının bütün fənləri və qabaqcıl təcrübələri təqdim olunacaq. Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Dövlət İncəsənət İnstitutunun professorları və artistləri öz biliklərini, təcrübələrini və emosiyalarını sizinlə bölüşmək üçün buraya gəliblər, çünki bizim dostlarımız ilə paylaşacaq çoxlu ideyalarımız var. Ümidvaram ki, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə ilk dəfə analoji formatda keçirilən Aleksandrinski Teatr Məktəbi sizlər üçün Azərbaycanda, Bakıda yeni layihələrin həyata keçirilməsinə kömək edəcək yaxşı təəssüratlar yaradacaq”, - deyə rusiyalı qonaq bildirib.
Sankt-Peterburq Dövlət Universitetinin prorektoru Anastasiya Yarmış iki teatrın tamamilə unikal formatda tədris imkanı yaratdığını qeyd edib. O diqqətə çatdırıb ki, əvvəllər teatrlarda belə layihələr həyata keçirilməyib. Prorektor deyib: “Bir mədəniyyət müəssisəsinin divarları arasında teatrı yaradanları öyrətmək Sankt-Peterburq Dövlət Universitetinin qürur hissi ilə qəbul etdiyi yüksək şərəf və çağırışdır”.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın 30-dan çox mədəniyyət və incəsənət xadimlərini birləşdirən “Müasir milli teatrda idarəetmənin əsasları” kursu da təşkil olunub. Müəllimlər teatr layihələrinin idarə edilməsi və teatrşünaslıq sahəsində aparıcı rusiyalı ekspertlər olacaq. Bununla paralel olaraq, Aleksandrinski Teatrı və Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun birgə proqramına daxil olan Azərbaycan Respublikasının incəsənət xadimləri üçün “Müasir kontekstdə aktyorluq” adlı intensiv maarifləndirici kurs da keçiriləcək.
Layihə MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rus evinin dəstəyi ilə həyata keçirilir.
Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən olunması məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsini davam etdirir.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) aprelin 30-dək mərkəzin info@aztc.gov.az ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033 ünvanına təqdim edə bilərlər.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.
Əlavə məlumat almaq istəyənlər bu nömrəyə (+994 12) 566 80 27 (daxili nömrə: 123) zəng edə bilərlər.
Kamera və Orqan Musiqisi Zalında “RED EVENTS & Distribution ltd” musiqi layihəsinin - “Mystery Ensemble”in növbəti konserti olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan paytaxtının ən gözəl konsert məkanlarından biri musiqinin gücü ilə rejissor Kristofer Holanın “İnterstellar” elmi-fantastik filmi üçün bəstəkar Hans Zimmerin yaratdığı ucsuz-bucaqsız kosmik sahəyə çevrilmişdi.
Əminliklə demək olar ki, bu sehr “Mystery Ensemble”in aktual musiqi ifa edən kollektiv kimi bir daha öz unikallığını təsdiqləməsi ilə şərtlənirdi. Burada təkcə müxtəlif kateqoriyalarda mükafatlara və nominasiyalara layiq görülmüş kinonun mürəkkəb ssenari peripetiyalarının musiqi vizuallaşdırılması vəhdət təşkil etmirdi.
“Mystery Ensemble”in “İnterstellar”ı simli alətlərin canlı akustik səslənməsi, unikal bəstə, virtuoz klavişlilər, effektli perkussiylar vasitəsilə beş ölçüyə - sevgi, ölüm, həyat, qəhrəmanlıq və ümidə toxunaraq, insan şəxsiyyətinin əsas mövzularından söhbət açırdı.
Bu dəfə “Mystery Ensemble”in konsert proqramında bu filmin saundtrekində əsas alət olan orqan ilk dəfə olaraq səsləndirilirdi. Bu cür musiqi aləti seçimini bəstəkar onunla izah edib ki, hətta orqanın görünüşünün özü kosmik gəmilərin forsaj kameralarını xatırladır. Musiqi tarixində orqan həmişə xüsusi yer tutub. Bu alət insanları öz miqyaslı səslənməsi ilə həmişə heyran edib.
Tanınmış alman bəstəkarlarından biri, əsərləri döyüş filmlərində və trillerlərdə uğurla istifadə olunan Hans Zimmerin musiqisi yalnız ilk baxışda sadə səslənir. Hans Zimmerin partiturası kainatımızın bütün sirrini və hüdudsuzluğunu vurğulayır, onun yaradıcılığında ən güclü və qüdrətli əsərlərdən biridir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər təşkilatın bu il üçün nəşr etdirdiyi seçilmiş təqvimdə yer alıb.
AZƏRTAC xəbər verir ki, təqvimdə yer alan abidələr UNESCO Ümumdünya İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından seçilib.
Təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin incisi hesab olunan abidələrin ümumbəşəri dəyərini daha geniş auditoriyaya çatdırmaqdır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakıda həyata keçirilən ikitərəfli işgüzar və yaradıcı layihə proqramları çərçivəsində Rusiya Milli Dram Teatrı (Aleksandrinski Teatrı) ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, təntənəli mərasimdə Rusiya və Azərbaycanın milli teatrlarının teatr sənətinin inkişafı, qorunub saxlanılması və yayılması, tarixi-mədəni irsin mühafizəsi, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, milli-mədəni dəyərlərin inkişafı və təbliği məqsədi ilə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqları vurğulanıb.
Rusiya nümayəndə heyətinin üzvlərinin, hər iki tərəfdən teatr kollektivlərinin nümayəndələrinin və çoxsaylı kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov sözügedən sənədi imzalayıblar.
Milli teatrların rəhbərləri mərasimdəki çıxışlarında imzalanmış sənədin əhəmiyyətini qeyd edib, Memorandumun perspektivlərini vurğulayıblar. Onlar bildiriblər ki, bu sənəddə öz əksini tapmış niyyətləri ehtiva edən müddəalar üzərində xeyli müddətdir ki, iş aparılır. Rusiya və Azərbaycanın iki milli, həm də iki əsas teatrının əməkdaşlığı sadəcə olaraq, bu iki yaradıcı kollektivin təbiətinə xasdır. Bu gün real layihələrə imzalar atılıb ki, onlardan birincisi MDB-nin dəstəyi ilə fevralın 19-dan 21-dək Bakıda keçiriləcək Aleksandrinski Teatr Məktəbinin açılışıdır.
“Müasir milli teatrda idarəetmənin əsasları” kursu Azərbaycandan 30-dan çox mədəniyyət və incəsənət xadimlərini bir araya gətirəcək. Müəllimlər teatr layihələrinin idarə edilməsi və teatrşünaslıq sahələrində aparıcı rusiyalı ekspertlər olacaq.
Bununla paralel olaraq, Aleksandrinski Teatrı və Rusiya Dövlət İncəsənət İnstitutunun birgə proqramı olan azərbaycanlı rəssamlar üçün “Müasir kontekstdə aktyorluq” adlı maarifləndirici intensiv tədbir də keçiriləcək.
Həmçinin bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2024-cü ilin sentyabrında XV Beynəlxalq Aleksandrinski Festivalında iştirak edəcək və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) səhnəsində öz tamaşalarını nümayiş etdirəcək. Bununla yanaşı, Rusiya teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində öz repertuarından tamaşalar təqdim edəcək. Bunlardan birini Sergey Yemelyanov açıqlayıb və vurğulayıb ki, Valeri Fokinin səhnələşdirdiyi N.V.Qoqolun pyesi əsasında səhnələşdirilmiş “Evlilik” tamaşasını cəsarətlə brend adlandırmaq olar.
Azərbaycan Teatr Xadimləri İttifaqı adından sədrin səlahiyyətlərini müvəqqəti icra edən Azərbaycanın Xalq artisti Hacı İsmayılov rusiyalı qonaqları səmimiyyətlə salamlayıb və imzalanmış Memorandumdan sevinc hissi duyduğunu qeyd edib. O, Sergey Yemelyanova Cənubi Qafqazın ən qədim teatr birliklərindən birinin 140 saylı şəhadətnaməsi ilə təsdiqlənmiş “Sənətkar” medalını təqdim edib. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Mehriban Ələkbərzadə və Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək bu mərasimin hər iki dövlətin yaradıcılıq və mədəni həyatında əhəmiyyətini qeyd ediblər.
Sonra milli teatrların rəhbərləri “Rus səhnəsinin seçilmiş obrazları” sərgisini açıblar. Açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müşaviri, Azərbaycanın Əməkdar artisti Oleq Əmirbəyov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov və Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov iştirak ediblər. Aleksandrinski Teatrı və Sankt-Peterburq Teatr və Musiqi Sənəti Muzeyinin xüsusi layihəsi Rusiyanın ən qədim teatrlarından birinin səhnəsində baş verənlərin tarixi retrospektivini təqdim edir.
Qeyd edək ki, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rus evinin dəstəyi ilə ölkəmizin paytaxtında “Aleksandrinski Teatr Məktəbi: MDB-yə üzv dövlətlərlə əməkdaşlığın inkişafı” layihəsi həyata keçirilir.
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət tarixində ilk dəfə olaraq Fondun baş qərargahında üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, irs sahəsində ekspertlər, eləcə də təşkilatın layihə rəhbərləri və tədqiqat üzrə mütəxəssislərinin iştirakı ilə ikigünlük müşavirələr olub.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, iclaslar çərçivəsində ekspert qruplarının iştirakı ilə sessiyalar keçirilib, “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanmasına dair təkliflər irəli sürülüb, Türk dövlət başçılarının Türk Əməkdaşlıq Təşkilatı qarşısında qoyduğu vəzifələr, eyni zamanda, “TURKTIME” proqram sənədi müzakirə edilib.
Müşavirədə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iclasın gündəliyi haqqında məlumat verib. O, "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində Fondun üzərinə qoyulan “Türk mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası üzərində artıq işlərin başladıldığını vurğulayıb.
İclasın gündəliyinə Konvensiyanın hazırlanması, Fondun növbəti iki il üçün fəaliyyət planına baxılması və təşkilatın nəzdində Bərpaçılar və Türk Dünyasının Memarlıq Tarixçilərinin Məşvərət Şurasının yaradılması ilə bağlı məsələlər daxil edilib.
Sonra iştirakçılara “Türk Mədəni İrsi Konvensiyası” layihəsinin təqdimatı nümayiş etdirilib. Dövlət qurumlarının nümayəndələri, ekspert qrupları və Fondun əməkdaşları sənədin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Fondun Şurasının yaradılması və “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanması istiqamətində də məhsuldar işlər aparılıb. Konvensiyanın təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən yaradılmış ekspert qrupu ilə mütəmadi olaraq onlayn və ikitərəfli görüşlər keçirilib, daha sonra yekun rəylər təşkilata üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinə təqdim edilib.
İclasda, həmçinin təşkilata üzv ölkələrin müraciətləri və layihə rəhbərlərinin təklifləri əsasında Türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpası yönündə layihələri ehtiva edən Fondun ikiillik Fəaliyyət Planı ətraflı nəzərdən keçirilib.
İki gün ərzində keçirilən görüşlər qarşılıqlı fikir mübadiləsi və təkliflərlə müşayiət olunub.
Azərbaycan Milli Xalça Muzeyində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzləri xalça sənətində” adlı mühazirə keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin tariximizdə çox mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında siyasi lider kimi böyük rolundan danışıb. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri barədə məlumat verib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva isə məruzəsində dövlət rəmzlərinin xalçalarda, o cümlədən muzeyin kolleksiyasında qorunub saxlanılan nümunələrdə əksi, onların daşıdığı mənalar haqqında fikirlərini paylaşıb.
Professor N.Yaqublu müəllifi olduğu “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” adlı nəşri, həmçinin M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami”, “İran yazıları” kitablarını muzeyin kitabxanasına hədiyyə edib.
Azərbaycanda yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunellərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, divarları, tuneldaxili yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.
"Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər", - deyə agentlik bəyan edib.
Mədəniyyət Nazirliyinin təklifi əsasında Azərbaycan xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki Komitə yaradılıb.
Qurumdan "Report"a verilən məlumata görə, komitənin ilk iclası keçirilib.
İclasda Mədəniyyət Nazirliyi və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşları, Texniki Komitənin üzvləri iştirak ediblər.
Bildirilib ki, xalq çalğı alətlərinə dair standartların hazırlanmasında intellektual və təcrübi yanaşmalar tətbiq edilməlidir. Bu standartlar milli musiqi alətlərinin həm qorunub saxlanılmasına, həm də təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Qeyd olunub ki, Azərbaycan xalq çalğı alətləri xalqımızın musiqi tarixi, ifaçılıq sənəti, eləcə də musiqi təfəkkürü və bədii-estetik zövqü ilə sıx bağlı olan mədəni sərvətdir. Bu alətlərin hazırlanması prosesi əsrlərdən bəri müəyyən prinsip əsasında, yəni sənətkarlar tərəfindən nəsildən-nəslə ötürülərək yaradılıb. Bu gün xalq çalğı alətlərinin hazırlanmasında ümumi yanaşma yoxdur. Bu o deməkdir ki, hər bir usta fərqli ölçü və texnologiyalarla çalışır. Nəticədə musiqi alətlərinin bədii və texniki imkanlarında fərqlilik və mənfi halların yaranması müşahidə olunur. Xalq çalğı alətləri üzrə standartların yaradılması alətlərdə ölçülərin düzgün verilməsinə, kök sistemi, akustik xüsusiyyətlərin, ümumilikdə isə bədii və texniki imkanların artırılmasına zəmin yaradacaq. Eyni zamanda sahə üzrə mütəxəssislərin yetişdirilməsi və müvafiq peşəkar ixtisasların yaradılması prosesinə də müsbət təsirini göstərəcək.
Daha sonra xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki komitənin əsasnaməsi təqdim olunub. Əsasnaməyə əsasən, komitədə Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Milli Konservatoriya, Bakı Musiqi Akademiyası və digər qurumların təmsilçiləri yer alır.
İclasda digər çıxış edənlər Texniki komitənin yaradılmasının əhəmiyyətini qeyd edib, müvafiq təkliflərini səsləndiriblər. Standartların hazırlanması istiqamətində görüləcək işlər, bununla bağlı iş planının tərtib olunması barədə müzakirələr aparılıb.
Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə AAB-də ayrıca tədbirlər planı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Həyata keçiriləcək tədbirlər planı çərçivəsində aşığın şeirlərindən ibarət kitabın nəşr olunmasının nəzərdə tutulduğunu bildirən M.Nəbioğlu deyib: “Saz-söz ictimaiyyətinə “100 illiyə 100 şeir ərməğanı” kimi təqdim olunacaq kitabda Mikayıl Azaflının yaradıcılığından seçmə şeirlər – əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alacaq. Hər şeirin sonunda həmin poetik nümunəni müşayiət edə biləcək saz havalarının, o cümlədən də ustadın özünün bəstələdiyi havaların verilməsinin isə sənətsevərlər, xüsusilə də gənc aşıqlar üçün böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Kitab üzərində iş, demək olar ki, tamamlanmaq üzrədir və yaxın günlərdə nəşriyyata təqdim olunacaq”.
Kitabın elmi məsləhətçisi və redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar isə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.