Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider

XƏBƏRLƏR


  • Ural Federal Universitetində Nizami Gəncəvinin büstü qoyulub

    Ural Federal Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, həmin universitetin Azərbaycanşünaslıq Mərkəzində Nizami Gəncəvinin büstünün açılış mərasimində Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Federal Universitetinin Ural Humanitar İnstitutunun direktoru Elvira Sımanyuk və Ural Dövlət Memarlıq və İncəsənət Universitetinin Kompozisiya və incəsənət hazırlığı kafedrasının professoru, büstün konsepsiyasının müəllifi Valentina Sokolova iştirak ediblər.

    Dahi şair Nizami Gəncəvi öz əsərlərində şifahi xalq yaradıcılığı ənənələrini tarixi salnamələr ilə bacarıqla birləşdirib. Onun poeziyası dünyada müxtəlif ölkələrdən olan şairlər və yazıçılara çox böyük təsir göstərib.

  • Milli İncəsənət Muzeyi yeni layihəyə başlayıb

    Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr edilmiş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert təqdim olunub.

    Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib.

    Konsert “PAŞA Holdinq”in dəstəyi ilə keçirilib.

    Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşan layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq.

    Ölkəmizin aparıcı musiqi ocaqları ilə əməkdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək.

  • “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb

    “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, jurnalda folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilib.

    Baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu olan jurnalda Xalq şairi Zəlimxan Yaqubun XX əsrin görkəmli ustad aşıqlarından olan Xındı Məmməd haqqında yazdığı və indiyədək heç yerdə çap olunmayan yazısı və ona həsr etdiyi şeir yer alıb.

    Jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, AMEA Folklor İnstitutunun əməkdaşı Şəbnəm Haqverdiyevanın “Sazbəndlik sənəti və sazbəndlər”, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Ağız ədəbiyyatını yazılı ədəbiyyata qovuşduran aşıq – Molla Cuma”, Əməkdar jurnalist Nizami Məmmədzadənin “Aşıq Əmrah ucalığı”, araşdırmaçı İşıqlı Atalının “Çağdaş Azərbaycan zurna-balaban yaratıcısı”, Musa Nəbioğlunun “Ustadlar ustadı Sadıq Sultanov”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mənsurə İsmayılovanın “Ustad sənətkarların həyat hekayəti: dastan-rəvayətlər”, Araz Yaquboğlunun “Hər sözü dillərdə bal olan şair”, Həzi Həsənlinin “Dəlidağın bala Ədaləti” adlı məqalələr də öz əksini tapıb.

  • “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda növbəti tədbir təşkil edilib

    Türkiyədə başladılan “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda növbəti tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, İstanbulun Ataşehir Bələdiyyəsinin Mustafa Saffet Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevanın “Cin atı” komediya filminin qala gecəsi keçirilib.

    Tamaşaçılarla görüşən Əməkdar artist tarixin dərinliklərindən gələn Azərbaycan-Türkiyə qardaşlığı haqqında danışaraq bu birliyin hər sahədə olduğu kimi, mədəniyyətdə də illər keçdikcə daha da dərinləşdiyini qeyd edib.

    Sonra filmə baxış keçirilib.

    Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi ilə İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə layihəsi olan “Biz birlikdə güclüyük” “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in imzalanmasına əsasən həyata keçirilir.

    Layihə barədə AZƏRTAC-a məlumat verən “Xarıbülbül Vizyon” teatrının rəhbəri Kəmalə Kamal bunun iki ölkə arasında mədəniyyət körpüsü, eləcə də Azərbaycan mədəniyyətinin Türkiyə tamaşaçısına daha da yaxından tanıtmaq üçün vəsilə olduğunu bildirib.

    Bunun “Biz birlikdə güclüyük” şüarı ilə ikinci tədbir olduğunu qeyd edən teatrın rəhbəri layihə çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini deyib.

    Bildirilib ki, layihənin təşkilində əsas məqsəd Azərbaycan mədəniyyətini, teatr və kino sənətini Türkiyədə daha çox tanıtmaq, təbliğ etməkdir.

  • “Xalqın mədəni sərvəti” layihəsi davam edir

    “Xalqın mədəni sərvəti” layihəsi növbəti dəfə əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunub.

    Gəncə Dövlət Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, layihənin ilk günü Gəncə şəhər Heydər Əliyev Mərkəzində Qara Qarayevə həsr olunmuş konfrans keçirilib.

    Konfransda çıxış edən layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov ilk növbədə layihənin gerçəkləşməsində əməyi keçən Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirib. O, layihənin əsas məqsədinin bugünkü nəsli maarifləndirmək, eyni zamanda, milli-mənəvi dəyərləri əks etdirən sənətkarlarımızı təbliğ etmək olduğunu qeyd edib.

    Ramil Qasımov "Xalqın mədəni sərvəti" layihəsinin silsilə şəklində əbədiyaşarlarımıza həsr olunacağını vurğulayıb.

    Daha sonra Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə çıxış edərək layihənin Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynadığını qeyd edib.

    Konfrans zamanı Qara Qarayevin yaradıcılığında opera, balet, simfoniya janrı mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.

  • “Reza Deqatinin gözündə Xocalı soyqırımı” - tədbir

    Fevralın 15-də Azərbaycan Texniki Universitetində “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində “Reza Deqatinin gözündə Xocalı soyqırımı” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Xocalı faciəsini çəkdiyi fotolarla dünyaya çatdıran fotojurnalist Reza Deqati də iştirak edib.

    Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin prorektoru Nərmin Rzayeva Xocalı faciəsinin hər il yad edilməsinin önəmini diqqətə çatdırıb.

    Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan dövlətinin zəruri addımlar atdığını qeyd edib. O, tələbələrə bu qan yaddaşını unutmamağın vacib öhdəlik olduğunu bildirib. Q.Xəlilov Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb.

    Reza Deqati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib. Dünyaşöhrətli fotojurnalist şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını söyləyib. Fotoqraf Xocalıda çəkdiyi fotolarla bağlı həqiqətləri hər zaman dünyaya çatdırmağa çalışdığını bildirib.

  • Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı keçirilib

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı başa çatıb.

    AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabi Milli Sərgi Mərkəzində üç gün davam edən tədbir zamanı mədəniyyət və incəsənət təhsili üzrə qlobal Çərçivənin müzakirəsində dünyanın müxtəlif ölkələrindən təhsil və mədəniyyət nazirləri, alimlər, mədəniyyət müəssisələrinin rəhbərləri, ekspertlər iştirak ediblər.

    UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı üzv dövlətlər, siyasətçilər, BMT-nin agentlikləri və digər tərəfdaşlar üçün “Mədəniyyət və İncəsənət Təhsili üzrə Çərçivə” sənədini qəbul etmək istiqamətində platforma təmin edib. Konfransın proqramı UNESCO-nun İncəsənət Təhsili üzrə Yol Xəritəsini təqdim edən 2006-cı il Lissabon Konfransına, eləcə də 2010-cu Seul Konfransına əsaslanır. Tədbirdə sözügedən sahələr üzrə təcrübə mübadiləsi aparılıb, inteqrasiya olunmuş siyasətlər və yaradıcı təşəbbüslər vasitəsilə təhsildə mədəniyyəti möhkəmləndirməyə kömək edə biləcək tövsiyələr verilib.

    Konfransda çıxış edən UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransının həmsədri Məhəmməd Xəlifə Əl Mübarək deyib: “Davamlı təhsilin idarə edilməsi ənənəsinə əsaslanaraq, biz bu strateji mühüm tədbiri təşkil etməkdən qürur duyuruq, çünki burada dialoqa təkan veririk, eyni zamanda, qlobal mədəniyyət və incəsənət təhsilinin problemlərini müzakirə edirik. Qlobal Mədəniyyət və İncəsənət Təhsili Çərçivə Proqramı əsasında burada verilən tövsiyələri məktəb kurikulumlarında və ondan kənarda həyata keçirmək məqsədilə üzv dövlətlər üçün yeni təlimat hazırlanacaq”.

    Tədbirdə yeddi mövzu ətrafında müzakirələr aparılıb. Bunlar, mədəniyyət və incəsənət təhsilinə bərabərhüquqlu çıxış; mədəni müxtəliflik daxilində və onun vasitəsilə keyfiyyətli və müvafiq ömürboyu öyrənmə; davamlı, ədalətli gələcəkləri formalaşdırmaq bacarıqları; mədəniyyət və incəsənət təhsili ekosistemlərinin sistemləşdirilməsi və qiymətləndirilməsi; rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə mədəniyyət və incəsənət təhsili; mədəniyyət və incəsənət təhsilinin dəstəklənməsi üzrə tərəfdaşlıq və maliyyələşdirmə; monitorinq, araşdırma və məlumat mübadiləsidir. Tövsiyələrdə rəssamların rezidentura proqramları və təbliğat təşəbbüsləri də daxil olmaqla, resursların və vasitəçilik fəaliyyətlərinin inkişafına təkan verilməsi, təhsil işçiləri üçün müxtəlif mədəni fənlər üzrə illik təlim proqramlarının həyata keçirilməsi məsələləri də yer alıb.

  • Bu gün Xalq artisti Muxtar Avşarovun doğum günüdür

    Oynadığı rolların böyük və kiçikliyindən asılı olmayaraq personajın fikrini, düşüncələrini özünəməxsus tərzdə təbii boyalarla vermək arzusu, rolun səciyyəvi xüsusiyyətlərinə uyğun davranış, əvvəldən axıradək bu xəttin düzgün aparılması Muxtar Avşarovun sənət amalı olub. Əsərlərdəki surətlərin müsbət və yaxud mənfi olmasından asılı olmayaraq onların daxili çalarlarını peşəkarcasına, düzgün tapdığına görə tamaşaçılar M.Avşarovu hər zaman sevib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Muxtar Avşarovun anadan olmasının 110-cu ildönümü tamam olur.

    Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.

    M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə həsr edən, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb.

    Görkəmli aktyor “Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. M.Avşarov 1960-cı ildə Əməkdar, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.

    Muxtar Avşarovun sənət aləmində izləri bu gün də onu sevən minlərlə insanın qəlbindən silinməyib. Şablonçuluqdan uzaq, sənətə özünəməxsus dəst-xətini, istedadlı tapıntılarını və əvəzolunmaz peşəkarlıq keyfiyyətlərini özündə təcəssüm etdirən M. Avşarov bu gün də unudulmayıb, ürəklərdə yaşayır.

  • Akademik Milli Dram Teatrında ustad dərsləri keçiriləcək

    Rusiyanın məşhur pedaqoqları və aktyorları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Aleksandrinski Teatrının, Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsidir.

    Layihə Sankt-Peterburq Dövlət Universiteti və Dövlət Səhnə Sənətləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

    Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə rus dilində əyani üç günlük intensiv proqramı əhatə edəcək. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir.

    Qeyd olunan hər iki istiqamət üzrə dərsləri Sankt-Peterburq Dövlət Universitetinin, Dövlət Səhnə Sənətləri İnstitutunun müəllimləri və Aleksandrinski Teatrının mütəxəssisləri keçəcək.

    “Milli teatrda menecmentin əsasları” proqramının 35 dinləyicisi nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib Sankt-Peterburq Dövlət Universitetinin proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnaməsini alacaqlar.

    “Aktyor sənəti müasir kontekstdə” proqramının 25 dinləyicisi isə nəzəriyyəni öyrənəcək, eyni zamanda, praktik məşğələlərdə iştirak edəcəklər. Yekunda proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr alacaqlar.

    Layihə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovdur.

    Həmçinin layihə çərçivəsində Aleksandrinski Teatrı və Akademik Milli Dram Teatrı arasında Memorandum imzalanacaq, “Rus səhnəsinin seçilmiş obrazları” sərgisinin açılışı olacaq, 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə ediləcək. Akademik Milli Dram Teatrı sentyabr ayında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Aleksandrinski Teatrı isə oktyabrda öz tamaşası ilə Bakıya qastrol səfərinə gələcək.

    Ötən ilin noyabr ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum çərçivəsində Aleksandrinski Teatrı ilə qarşılıqlı səfərlərin təşkili, o cümlədən “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində Bakıda ustad dərsləri və mühazirələrin keçirilməsi, mədəniyyət menecerləri üçün əyani üç günlük ixtisasartırma proqramı təşkili məsələsi müzakirə edilib və razılıq əldə olunub.

  • “Dəyirmanın su dərdi” və “Laçın lətifələri” kitabları çap olunub

    Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan İlham Qəhrəmanın iki kitabı çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitablar şairin folklor seriyasından sayca yeddinci nəşridir.

    “Dəyirmanın su dərdi” kitabında onun son illərdə qələmə aldığı cinas qafiyəli 275 müəllif bayatısı toplanıb. Bayatıların mövzusu əsasən sevgidən, ömür yolundan və Qarabağ müharibəsindən bəhs edir.

    “Laçın lətifələri” kitabında 30 ilə yaxın müddətdə köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı, Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb.

    İlham Qəhrəman “Laçın lətifələri”nin yeni nəşrini Laçın şəhərinin salınmasının 100 illiyinə həsr edib.