Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Bir gün kinoda” festival filmi yalnız CinemaPlus-da nümayiş olunur

    “CinemaPlus” kinoteatrlar şəbəkəsində Hindistan, ABŞ və Fransa istehsalı olan “Bir gün kinoda” dramının nümayişi keçirilir.

    Report xəbər verir ki, filmin rejissor və ssenari müəllifi Pan Nalindir.

    Film qismən əsas personaj kimi Qərbi Hindistanın Suaraştra bölgəsində, Qucarat əyalətində bir kənddə doğulub boya-başa çatan rejissorun tərcümeyi-halı üzərində çəkilib.

    Filmin dünya premyerası ötən il iyunun 10-da Tribeca Film Festivalında olub. Film daha sonra Pekin Beynəlxalq Film Festivalında nümayiş etdirilib, burada Tiantan Mükafatına namizəd olub, həmçinin Valyadolid Beynəlxalq Film Festivalında Ən Yaxşı Film mükafatını qazanıb.

    Baş rollarda Bhavin Rabari, Riça Mina, Rahul Koli və Tia Sebastian yer alıblar.

    Film haqqında qısa məlumat: Filmdəki kimi yaşamaq milyonlarla insanın arzusudur. Kino sehri doqquz yaşlı gənc Samayın ürəyini fəth edəndə, xəyallarının real olması üçün yeri və göyü hərəkətə gətirməyə hazır olan oğlan, onu gözləyən ürəkağrıdan anlardan xəbərsizdir.

    Qeyd edək ki, filmin eksklüziv hüquqları yalnız “CinemaPlus” kinoteatrında mövcuddur.

  • Azərbaycanın artan enerji potensialı və “yaşıl enerji” siyasəti

    Prezident qeyd edib ki, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. O vurğulayıb ki, bu, gözəl göstəricidir: “Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.

    Ölkə başçısı tam əmindir ki, hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq: “O ki qaldı, bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik”.

    Bir sözlə, Prezidentin də dediyi kimi, 2021-ci il ərzində də Azərbaycanda əlverişli investisiya mühiti təmin edilib. Xarici investorların maliyyə vəsaiti hesabına 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməlinin qoyulması bunu təsdiq edir.

    E. Məmmədov qeyd edir ki, 240 meqavatlıq gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi bir daha göstərdi ki, burada söhbət xarici texnologiyaların investisiya şəklində ölkəyə gətirilməsindən gedir.

    Professor bildirib ki, bunun üçün də alternativ enerji resurslarının generasiyasına investisiyaların yatırılması məqsədəuyğundur: “Biz alternativ enerji generasiyasının, o cümlədən küləyin payının artırılmasına nail olmalıyıq. Bu, o demək deyil ki, biz tədricən ənənəvi enerji resurslarının ən azından yaxın onilliklərdə demək olar ki, ortadan götürülməsinə doğru bir siyasət aparmalıyıq. Təəssüflər olsun ki, bu fikirlər tez-tez səslənir. Hesab edirəm ki, bu, kökündən yanlışdır. Çünki, külək enerjisi və günəş enerjisi ardıcıl enerji resursları hesab oluna bilməz. Burada biz mütləq şəkildə əlavə generasiyanın təmin olunması və məhz bu yolla ölkədə artan enerji tələbatının ödənilməsi məsələlərinin həllinə çalışmalıyıq”.

    UNEC rəsmisi düşünür ki, sözsüz, bunu müsbət hal kimi dəyərləndirməklə yanaşı, ən önəmli məsələlərdən biri də ölkədə əhalinin artımı və sənayeləşmə və iqtisadi inkişafla bağlı enerjiyə tələbatın artması şəraitində enerjiyə olan tələbatın ödənilməsində, o cümlədən alternativ enerji generasiyasının payının artırılmasıdır. Bu istiqamətlərdə əsas işlər görülməlidir: “Əlavə enerji generasiyasına köklənmiş külək enerjisi istehsalı ilə bağlı layihənin reallaşdırılmasına müsbət yanaşıram”.

    Qeyd edək ki, Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu da imzalanıb. Sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Clive Turton imzalayıblar.

    Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

    Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

    Xatırladaq ki, Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 meqavatlıq gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.

    Qeyd edək ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42800 MVt qoyuluş gücünə bərabər istehsal və 67.2 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

  • Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

    Report Agentliyə istinadən xəbər verir ki, hazırda Zəfər Yolunda yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı​ müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

    Giləzi - Xızı yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı - Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

    Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

    Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

    Muğanlı - İsmayıllı yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

    Şəki - Qax - Zaqatala yolunda yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Gəncə - Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17 ​ dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Ələt - Astara yolunda marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Masallı – Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

    Lənkəran – Lerik yolunda Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstanla dövlət sərhədində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

    Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

  • Azərbaycanın məşhur musiqiçi ailəsi İstanbulda konsert verib

    Azərbaycanı dünyada təmsil edən Manafzadələr ailəsi İstanbulda ailəvi konsert veriblər.

    AZƏRTAC xəbər verir ki, İstanbul Filarmoniya Dərnəyi tərəfindən təşkil edilən konsert proqramı şəhərin Kadıköy rayonunun məşhur Moda bölgəsində yerləşən "All Saints" kilsəsində gerçəkləşib.

    Konsertdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov, Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və pianoçu Şükufə Manafova səhnəyə çıxıblar.

    Dünya klassik əsərlərinin yenidən canlandığı proqramda Turan Manafzadənin Azərbaycana həsr etdiyi “Azərbaycanım” əsəri və “Sənsiz” mahnısı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Solo və duet ifaların diqqət mərkəzində olduğu konsertdə Azərbaycan və Türkiyə musiqiləri səsləndirilib.

    Manafzadə ailəsi piano konserti çərçivəsində Turan Manafzadənin rəsm əsərlərindən ibarət sərgi də sənətsevərlərə təqdim olunub.

    Tədbirin sonunda tamaşaçılarla bir araya gələn ailə üzvlərinə İstanbul Filarmoniya Dərnəyi tərəfindən gecənin xatirə plaketi təqdim olunub.

  • İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri təşkil olunub

    Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı əsasında insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə təlimi təşkil olunub.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən hotel nümayəndələri, turoperatorlar və turizm agentlikləri nümayəndələri üçün təşkil olunmuş təlim DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə tərəfindən keçirilib.

    Təlim zamanı “İnsan alveri nədir?”, “İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar”, “İnsan alverinin qurbanlarının müəyyən edilməsi”, “İnsan alverinin nəzəri anlayışları” kimi mövzular üzrə geniş məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb.

    İştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.

    Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 yarımbəndinin icrası məqsədilə təşkil edilib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə yeni layihələr həyata keçirəcək

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Fondun prezidenti qonaqları salamlayaraq, üzv dövlətlərlə, o cümlədən, qardaş Türkiyə ilə sıx əlaqələrin təşkilat üçün əhəmiyyətindən bəhs edib. O, Türk Əməkdaşlıq Təşkilatlarında sədrliyin Türkiyəyə keçməsinin türk dövlətləri arasında qarşılıqlı tərəfdaşlığın inkişafına böyük töhfə verəcəyini vurğulayıb. Günay Əfəndiyeva Fondun yarandığı tarixdən etibarən, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq münasibətlərinin olduğunu bildirərək, ötən il “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda birgə təşkil olunan beynəlxalq videokonfransı xatırladıb. Günay Əfəndiyeva, həmçinin gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, türk dünyası mədəniyyətinin bərpası, qorunması və beynəlxalq aləmdə tanıdılması yönündə Fondun çoxşaxəli fəaliyyətindən söz açaraq, bu sahədə Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

    Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş Azərbaycana səfərindən, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Birliyin sədri, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq, Fond ilə əməkdaşlıq çərçivəsində türk dünyasının, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda erməni vandalizmi nəticəsində dağıntılara məruz qalmış abidələrin bərpası, eləcə də digər istiqamətlərdə birgə işlərin görülməsinin önəmini vurğulayıb.

    Daha sonra birliyinin sədri Mücahit Demirtaş Günay Əfəndiyevanın türk dünyasının mədəni irsinin qorunması ilə bağlı rolunu yüksək qiymətləndirərək, Fondun prezidentinə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü seçildiyini bildirən diplom təqdim edib.

    Sonda tərəflər bir-birlərinə hədiyyələr bağışlayıb.

  • Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyevə “Dünya vətəndaşı-XXI” adı verilib

    Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki soydaşımız Səxavət Ociyevə “Dünya vətəndaşı-XXI” adı verilib.

    AZƏRTAC xəbər verir ki, alim bu ada Yunanıstandakı Ümumdünya Fəlsəfə Forumu və Sokrat Fəlsəfə Məktəbi tərəfindən layiq görülüb.

    Ümumdünya Fəlsəfə Forumunun fəxri prezidenti, Sokrat Fəlsəfə Məktəbinin rektoru, Afina Akademiyasının üzvü Evandelos Mutsopulosun imzası ilə həmyerlimizə sertifikat göndərilib. Sertifikatda bildirilir ki, Səxavət Ociyev elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə bu ada layiq görülüb.

  • “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə göstəriləcək

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Yeni il öncəsi fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşasını tamaşaçılara təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    Yanvarın 15-də göstəriləcək tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

    Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

    Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcək.

  • İlham Əliyev: Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib

    Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, nə verəcək? Onu verəcək ki, biz Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gələ bilərik, artıq həm strateji nöqteyi-nəzərdən, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll edə bilərik.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

    “Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik.

    Digər yollar, məsələn, Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir”,- deyə dövlətimizin başçısı vurğulayıb.

     

  • “Sotheby's” hərrac evi Rene Maqrittin əsərini 60 milyon dollara satışa çıxaracaq

    Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) “İşıq İmperiyası” tablosu 60 milyon dollardan çox qiymətə hərraca çıxarılacaq.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Londonda martın 2-də müasir incəsənət əsərlərinin hərracında bu əsəri təqdim edəcək “Sotheby's” hərrac evi məlumat yayıb. 1961-ci ildə çəkilmiş mənzərə hərrac evində şəxsi əllərdə saxlanılan müasir incəsənətin ən çox arzulanan əsərlərindən biri kimi dəyərləndirilib. Rəsmdə toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə ziddiyyətdə olan fənər yandırılıb.