Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (British European Azerbaijani School) nəzdində Mədəniyyət Mərkəzi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihə rəhbərləri tərəfindən mərkəzdə uşaqlara Azərbaycan dilinin tədris olunacağı qeyd olunub. Bundan başqa, Azərbaycanın mədəni-mənəvi dəyərləri, tarixi, coğrafiyası, milli və klassik musiqisinə dair fənlər üzrə dərslər təşkil ediləcək. Yaxın gələcəkdə mərkəzdə Azərbaycan rəqsləri, milli idman oyunları, tətbiqi sənət, rəngkarlıq və qrafika dərslərinin keçirilməsi də planlaşdırılır.
Dərslər hər bazar günü Londonun “Victoria” stansiyası yaxınlığında yerləşən Pimlico Akademiyasında keçiriləcək.
Layihədə valideynlərin də maraqları da nəzərə alınıb. Bu məqsədlə “Kitab klubu”, “Kino klubu”, “Tarix sessiyaları” və s. dərnəklərin fəaliyyətə başlaması gözlənilir.
Bəstəkar Pyotr Çaykovski və Rauf & Faik dueti xaricdə dinlənilən rusiyalı musiqiçilərin reytinqinə başçılıq edirlər.
AZƏRTAC xəbər verir ki, bu məlumatı “Spotify” audiostriminq xidməti yayıb.
Şirkət instaqram sosial şəbəkəsindəki səhifəsində xaricdə ən çox dinlənilən rusiyalı ifaçıların ilk onluğunu dərc edib.
Azərbaycan əsilli rusiyalı müğənni və bəstəkar Jony də (Cahid Hüseynli) reytinqə daxil edilib.
“Rauf & Faik” (Rauf və Faiq) – İjevskdən olan rusiyalı musiqi dueti Rauf və Faiq Mirzəyev əkiz qardaşlarıdır. Milliyyətcə azərbaycanlı olan bu qardaşlar öz mahnılarının bəstəkarı və müəllifidirlər.
Audioaxın internet xidməti olan “Spotify” musiqi kompozisiyalarını, audiokitabları və podkastları cihaza yükləmədən onları dinləmək imkanı verir. Tətbiq 2008-ci ildən dövriyyəyə buraxılıb.
Böyük Britaniya yazıçısı Coan Roulinqin “Harri Potter və fəlsəfə daşı” əsərinin ilk nəşri “Heritage auctions” auksionunda rekord göstərici olan 471 min ABŞ dollarına satılıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, lotun qiyməti 75 min ABŞ dolları olub.
Bildirilir ki, bu, XX əsrdə nəşr edilmiş ədəbi əsərlər arasında ən bahalı kitabdır.
Qeyd edək ki, əsər 1997-ci ildə 500 nüsxədə nəşr edilib.
Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının (ECHR) 70 illiyi münasibətilə Avropa Şurası tərəfindən keçirilən “Yaratmaq üçün azad ol – azad olmaq üçün yarat” (“Free to Creat – Create to be Free”) adlı rəqəmsal incəsənət sərgisində təmsil olunur.
“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sərgidə nümayiş üçün Mədəniyyət Nazirliyi ilə birgə Faiq Əhmədin “DNA” və Rəşad Mehdiyevin “Nəzər – ruhun əbədiyyəti” (“Glance – eternity of the Soul”) əsərləri seçilib.
Qurumun açıqlamasında göstərilir ki, mədəniyyət və yaradıcılıq sahəsinə mənfi təsir göstərən pandemiya böhranı bununla yanaşı insanları bir-birinə qovuşduran, onlara həyat eşqi bəxş edən incəsənətin əhəmiyyətini bir daha ortaya çıxarıb, sənətkarları tamaşaçıya doğru yeni, o cümlədən rəqəmsal yollar axtarıb tapmağa sövq edib.
Məhz bütün bunları nəzərə alan Avropa Şurasının Mədəniyyət, İrs, Landşaft Komitəsi 2020-ci ilin sonunda bu rəqəmsal sərginin konsepsiyasını hazırlayıb. Sərgidə Avropa Şurasının bütün üzv ölkələrinin iştirak etməsi nəzərdə tutulur.
YARAT Müasir İncəsənət Məkanı onillik tədbirləri çərçivəsində “Ön söz-On söz” xronikal qrup sərgisini təqdim edib. On il ərzində toplanan YARAT kolleksiyası və YARAT-ın sifarişi ilə hazırlanmış seçmə əsərlər ilk dəfə olaraq Daş Salnamə Muzeyində bir ekspozisiyada nümayiş olunub.
Report xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə çıxış edən tanınmış rəssam Aida Mahmudova deyib: “Bu gün burada sizi görməyə çox şadam. Şadam ki, siz 10 illiyinizi bizimlə bölüşürsünüz. Bu, rəssam və ziyarətçilərimiz üçün dəyərlidir. Zaman prizmasından baxanda on ilin bir ana bənzədiyini görərik. Amma bu zaman kəsiyində YARAT çox işlər görüb. Mən çox istedadlı və öz sənətini sevən peşəkarlarla işləyirəm. Öz komandamı təbrik edirəm”.
Tədbirdə YARAT-ın yubileyi münasibətilə audiovizual performansın nümayişi və İsfar Sarabskinin solokonserti təqdim olunub.
Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.
Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.
YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərlərini bir araya gətirir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival çərçivəsində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şairlər ustadı böyük Nizami” adlı şeir günündə Bakı Avropa və Zəngi liseylərinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Sağlamlıq imkanları məhdud uşaqlarının, Bakı və Abşeron rayon məktəblərinin şagirdlərinin ifasında Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış “Nüşabə ilə İsgəndərin görüşü”, “Kərpickəsən kişinin dastanı”, “Xeyir və Şər” poemasından bədii kompozisiyalar, şeir parçaları səsləndirilib, Azərbaycan və avar dillərində dahi mütəfəkkirin aforizmləri təqdim edilib. Tədbirdə, həmçinin Qusar, Qax, Zaqatala, Balakən rayonlarından olan azsaylı xalqların dilində Nizami Gəncəvinin şeirlərinin çarxlı videosu nümayiş olunub.
Festival çərçivəsində keçirilən “Nizami və musiqi dünyası” adlı musiqi günü Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunub. Tədbirdə Baki Xoreografiya Akademiyasının, Cövdət Hacıyev adına 3, Rauf Hacıyev adına 15, M.Maqomayev adına 26 və 24 saylı onbirillik musiqi məktəblərinin, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri iştirak etdilər.
Tədbir çərçivəsində, məktəblilərin ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, Üzeyir Hacıbəylinin "Sevgili Canan" baleti, “Leyli və Məcnun” rəqsi, Q.Qarayevin “Yeddi gözəl” baletindən vals və digər musiqi nömrələri təqdim olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Misirin yeni inzibati paytaxtında keçirilən II Ali Təhsil və Elmi-Tədqiqatlar üzrə Qlobal Forumda və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) XIV Baş Konfransının sessiyasında iştirak edib.
Azərbaycanın mədəniyyət naziri Baş Konfransın sessiyası çərçivəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misirin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdel Ğaffar və bu ölkənin baş müftisi Şövki Allam ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, 51 üzv ölkədən 49 nümayəndənin iştirak etdiyi tədbirin açılışında Misir Prezidenti Əbdülfəttah əl-Sisi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış ediblər.
Tədbirdə A.Kərimovun çıxışında Misirin paytaxtı qədim Qahirədə keçirilən mötəbər tədbirdə iştirak etməkdən məmnunluq ifadə olunub. Əzəli torpaqlarımız olan Qarabağda 30 illik işğal müddətində dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə geniş təqdimatla birgə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Qarabağ ərazisində yerləşən muzeylərimizə qarşı törədilən mənəvi terrordan da söz açılıb, erməni işğalçılarının oğurladığı, talan etdiyi eksponatların acı taleyindən bəhs edilib.
Çıxışda Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi barədə söz açılıb, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğu bildirilib. Ölkəmizin bölgədə sülhü, əmin-amanlığı qorumaq üçün bir sıra mühüm layihələrə imza atdığı diqqətə çatdırılaraq, bu istiqamətdə görülən işlər barədə məlumat verilib. Həmçinin qeyd olunub ki, Azərbaycan dövləti öz ərazisində yaşayan bir sıra xalqların mədəniyyətinə, dilinə və dininə böyük ehtiramla yanaşan çoxmədəniyyətli ölkədir. Sırf bu baxımdan bizim üçün bölgədə sülhü təmin etmək ali vəzifədir.
Çıxış konfrans iştirakçılarının dərin marağına səbəb olub.
Tədbir çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi də açılıb. Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi, Qarabağ, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında dolğun məlumatlar təqdim olunur, həmçinin ziyarətçilərə ölkəmiz haqqında kitablar paylanılır.
Daşkənddəki Memarlıq-Tikinti İnstitutunun Akademik liseyində 9 dekabr - Özbəkistanın Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları və “Azərbaycan qızları” rəqs ansamblı iştirak edib.
Liseyin icraçı direktoru Qulom Saidov bu münasibətlə müəllim və tələbələri təbrik edib, müstəqillik illərində Özbəkistanın qazandığı uğurlardan söz açıb.
AMM-in əməkdaşı Kifayət Pirməmmədova Konstitusiya Günü münasibətilə Mərkəzin adından təbriklərini çatdırıb. O, Özbəkistanda 135 xalqın nümayəndələrinin yaşadığını, ölkənin Əsas Qanunu ilə milli azlıqların bütün hüquqlarının təmin olunduğunu vurğulayıb. K.Pirməmmədova Azərbaycanın Konstitusiyası haqqında məlumat verib, ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açıb. O, Mədəniyyət Mərkəzinin fəaliyyəti, burada keçirilən tədbirlər, AMM-in təşəbbüsü ilə çap olunan kitablar haqqında məlumat verib.
Sonra “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-dən 10-dək Misirin paytaxtı Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi-Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.
Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, cari ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin ziyarətçilərə ölkəmiz haqqında kitablar da paylanılır.
Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətər Dövlətində səfəri davam edir. Səfər çərçivəsində Doha şəhərində Dövlət naziri Həməd Əl-Kavarinin şəxsi kitabxanasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Qətərin Baş Nazirinin müavini rütbəsində dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Qətərin mədəniyyət sahəsində çalışan bir sıra nümayəndələr, iş adamları və jurnalistlər iştirak ediblər.
Dövlət naziri Həməd Əl-Kavari Azərbaycan və Qətər xalqları arasında mövcud mədəni bağların və əlaqələrin genişləndirilməsini iki ölkə arasındakı digər sahələrdə də əlaqələrin inkişafı üçün əsas rol oynayacağını vurğulayıb.
E.Əliyev Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə, xüsusən Azərbaycan xalçaçılıq sənətinin nümunələri ilə bağlı geniş məlumat verib.
Sonda Azərbaycanın özünəməxsus xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin nümunələri haqqında kitab Həməd Əl-Kavariyə hədiyyə olunub.