Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq müsabiqəsinə yekun vurulub

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində və Xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyi ilə əlaqədar keçirilmiş pianoçuların “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq müsabiqəsinə yekun vurulub.

    Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, müsabiqəyə dünyanın altı ölkəsindən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İran İslam Respublikasından iştirakçılar qatılıb. Hər il fərqli repertuar və şərtlər əsasında təşkil olunan müsabiqə, bu il mövcud şəraitə görə onlayn formatda və yaş məhdudiyyəti qoyulmadan keçirilib.

    Müsabiqənin repertuarında Azər Dadaşovun prelüd və fuqası və sərbəst seçim kimi digər əsərlərindən hər hansı birinin ifası təklif olunub.

    Qeyd edək ki, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyevanın sədrliyi ilə keçirilən müsabiqədə qaliblərin müəyyən edilməsində, Azər Dadaşovun təklifi ilə, bəstəkarın prelüd və fuqasının ifasının qiymətləndirilməsi əsas götürülüb. Müsabiqə onlayn formatda təşkil olunduğuna görə videoyazılar şəklində göndərilən ifalar dinlənilmiş və qaliblər müəyyən olunub.

    Münsiflər heyətinin qərarına əsasən Nərgiz Kəngərli və Nuranə Zeynalova laureat, Ləman İslamzadə (Azərbaycan), Mahbod Hagh Parast (İran İslam Respublikası) və Araylım Oralxan (Qazaxıstan) isə diplomant adına layiq görülüblər. Müsabiqənin digər iştirakçıları isə fəxri fərmanlarla təltif olunub.

  • Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən istedadlı rəssam

    Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmamışdır. Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın, Soltan Məhəmmədin, Bəhruz Kəngərlinin adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu rəssamlar öz incə təsvirlərilə insanda təbiətə qarşı böyük məhəbbət hissi yaratmağa qadir olmuşlar. Elə buna görə də onların əsərləri xalqın, qədirbilən tamaşaçıların, oxucuların və dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq əbədi yaşayır, xalqın mənəviyyatında, bədii yaradıcılığında, estetik təkamülündə mühüm rol oynayır. Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaradıb. O, doğma təbiətimizi tərənnüm edən istedadlı mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 112 il ötür.

    Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra o, 1927-1931-cı illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. Lakin ustadı ona qabiliyyətini boyakarlıqda sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb.

    Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir. Vətənə qayıdar-qayıtmaz rəssam faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, Azərbaycan rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmirlər. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canlarını fəda etməyə hazır olmuş tarixi şəxsiyyətləri təsvir edib. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda, Vətən torpağına məhəbbət hissi aşılayır. Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənir, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir.

    Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər. Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları Səttar Bəhlulzadə yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş”, “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.

    Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.

    Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq” əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdırmis, koloritin dekorativliyinə nail olmuşdur. “Xəzər üzərində axşam” mənzərəsi rəssamın geniş şöhrət qazanmış əsərlərindəndir. Mavi, gümüşü dumanlar arasından göy dənizin səthı üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir.

    Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir. Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” mənzərələri birmənalı şəkildə təsdiqlənib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb.

    Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar”, “Bağlar arasında”, “Çiçəklənən torpaq”, “Torpağın arzusu”, “Nağıl” və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur.

    Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, iki “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.

    Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.

  • Xalçalarımız “Caspian” sahilində” Azərbaycan milli gecəsində nümayiş olunub

    “Azərxalça” öz məhsullarını Rusiya tamaşaçılarına təqdim edib

    “Azərxalça” ASC-nin xalçaları növbəti dəfə Moskva sakinlərinə xüsusi təşkil olunmuş Azərbaycan gecəsində təqdim olunub.

    “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.

    Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu hər kəsi Azərbaycan gecəsindən salamlayıb.

    Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarının bir daha əsl Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça” ASC-nin bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu və dizaynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb.

    Daha sonra çıxış edən “ELLE Decoration” jurnalının baş redaktoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ASC ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan marağı xüsusi qeyd edib.

    Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da keçirilmiş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır.

    Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib.

    Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klassdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.

    Qapalı keçirilən “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı Azərbaycan gecəsinin təşkilatçıları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi, “Azərxalça” ASC və “Detali” ali dizayn məktəbidir.

    Əsas məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır. “Azərxalça” ASC artıq dünyanın məşhur dizaynerləri ilə işləmək, onlardan sifariş götürmək və ya onların sifarişlərini toxumaq kimi məsələləri gündəmdə saxlayır.

  • “Park Cinema” kinoteatrında “Emma Peeters” filmi nümayiş olunub

    Dekabrın 14-də “Park Cinema Alov qüllələri”ndə Belçika səfirliyinin təşkilatçılığı ilə “Emma Peeters” filmi nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, filmin rejissoru Belçika-Amerika mənşəli Nikol Palodur.

    Film Parisdə yaşayan Emmanın həyatından bəhs edir. O, heç vaxt aktrisa ola bilməyəcəyini anlayır və ömrünün 35-ci ilində özünü öldürmək qərarına gəlir. Ancaq tale onu dəfn bürosunun əməkdaşı Alekslə görüşdürür. Bu görüş onun həyatını dəyişir.

    Nümayişdən sonra Belçika Krallığının ölkəmizdəki səfiri Mişel Pitermans filmə maraq göstərdikləri üçün izləyicilərə təşəkkür edib. Səfir, həmçinin mütəmadi olaraq mədəni və əyləncəli tədbirlər təşkil edən “Frankofoniya Bakı dərnəyi”nə və Azərbaycan-Fransız Universitetinə təşəkkürünü bildirib.

  • Qırğızıstanın portalları Nizami Gəncəvi haqqında materiallar verib

    Qırğızıstanın “kabar.kg”, “today.kg” “barometr.kg”, “01.kg”, “asiatv.kg”,”nazarnews.org” və digər portalları Bişkek şəhərində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan tədbir haqqında geniş materiallar çap edib.

    AZƏRTAC portallara istinadla xəbər verir ki, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasında təşkil olunan tədbir Azərbaycanın Qırğızıstandakı səfirliyinin, TÜRKSOY-un və “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

    Portallar yazır ki, tədbir Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin “Nizami” bədii filminin nümayişi ilə başlayıb.

    Bildirilir ki, tədbirdə ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.

    Səfir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub, Azərbaycanda və dünya ölkələrində böyük şairin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.

    Diplomat vurğulayıb ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tarixinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi qayğı və diqqətin daha bir təzahürüdür. Ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin tanıdılması və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir.

    TÜRKSOY-un Baş katibi Düsen Kaseinov deyib ki, Nizami Gəncəvi bütün Şərq ədəbiyyatının və incəsənətinin inkişafına öz təsirini göstərib. Böyük şairin “Xəmsə”si təkcə Azərbaycan poeziyasının deyil, bütünlükdə Şərq poeziyasının inkişafında böyük rol oynayıb.

    Portallar bildirir ki, Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi Kocageldi Kulteginin, Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekovun, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasının prezidenti Topçubek Tuqunalıyevin, bu akademiyanın Qırğızşünaslıq kafedrasının müdiri Abdraxman Alımbayevin çıxışları da maraqla qarşılanıb.

  • “Aqil Əliyev–95” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

    Dekabrın 10-da Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi professor Aqil Əliyevin 95 illik yubileyi tamam olur.

    Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutub.

    Görkəmli alim Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etmiş, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışmış, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olub. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

    İqtisadçı alim Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilib.

    Görkəmli iqtisadçı alimin 95 illik yubileyi münasibətilə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Aqil Əliyev–95” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə iqtisadçı alimin mükafatları, fotolar, müəllifi, redaktoru olduğu, eləcə də haqqında yazılan kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aqil_Eliyev_95/index.htm linkindən istifadə edə bilərlər.

  • Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

    Dekabrın 10-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür. Direktor çıxışı zamanı onu da vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. O, bildirib ki, ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaradıb, hərc-mərcliyə son qoyulub və Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başlayıb.

    Direktor qeyd edib ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir: “Təkcə onu deyə bilərik ki, keçən il 44 günlük Haqq savaşımızda Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək ulu öndərin ən böyük arzularından biri olub”.

    Şuşa şəhərinin işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözlərini deyən Kərim Tahirov bildirib ki, məhz Prezidenti güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır.

    Direktor son olaraq vurğulayıb ki, Azərbaycan xalqı durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.

    Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür” (http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm) adlı virtual sərgi də nümayiş olunub.

  • Kitabxana “Əbədiyaşar liderimiz” adlı videoçarx hazırlayıb

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi tərəfindən “Əbədiyaşar liderimiz” adlı videoçarx hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarx xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunub.

    Ulu öndər Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.

    Videoçarxda Ulu Öndərin mədəniyyət haqqında söylədiyi kəlamları, mədəniyyət xadimləri ilə görüşü zamanı çəkilmiş foto və videogörüntüləri yer alır.

  • “Expo 2020 Dubai” sərgisi çərçivəsində milli caz konserti təşkil olunub

    Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 9-da Azərbaycan pavilyonunda “Buta jazz concert by Shahın Novraslı’s” caz konserti təşkil edilib.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə ölkəmizi Şahin Növrəslinin rəhbərlik etdiyi qrup təmsil edib.

    Tədbirin proqramı etno-caz, muğam-caz və milli-caz janrlarının sintezini əhatə edir.

    Konsert tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

  • Misir növbəti dörd ildə ICESCO Baş Konfransına sədrlik edəcək

    Misir növbəti dörd ildə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatına sədrlik edəcək.

    AZƏRTAC xəbər verir ki, təşkilatın XIV Baş Konfransının dekabrın 9-da keçirilən sessiyasında Misirin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdel Ğaffar sədrliyi Fələstin nümayəndəsindən təhvil alıb.

    Beləliklə, ICESCO-nun dörd ildən sonra keçiriləcək XV Baş Konfransının sessiyasına qədər olan dövrdə təşkilatın ümumi fəaliyyətinə Misirin Milli Komissiyası rəhbərlik edəcək. Eyni zamanda, Qabon nümayəndəsi Baş Konfransın sədr müavini, Pakistan təmsilçisi isə məruzəçisi seçiliblər.

    Sessiyada çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Baş Konfransın yeni sədrini və rəhbər heyətini təbrik edib.