Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tbilisidə “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi açılıb

    Tbilisidə yerləşən Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi tədbir Ulu Öndərin vəfatının 18-ci ildönümünə həsr olunub.

    Sərgidə Ümummilli Liderin həyat və fəaliyyətini, Gürcüstana səfərlərini əks etdirən 100-dən çox fotoşəkil sərgilənib.

    Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sərginin açılış mərasimində ictimai-siyasi xadim Həsən Həsənov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze, xarici işlər nazirinin müavini Vladimer Konstantinidi, Azərbaycan və Gürcüstan parlamentinin deputatları, ictimai-siyasi xadimlər, Tbilisidəki dini icmaların nümayəndələri, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstandakı azərbaycanlı iş adamları, ziyalılar iştirak ediblər.

    Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb. Bildirib ki, ölkələrimiz və xalqımız arasında dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin müstəsna xidmətləri olub.

    Bildirib ki, Heydər Əliyevin 1996-cı ildə Gürcüstana səfəri iki ölkə arasında strateji əlaqələrin qurulması və möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının yaradılması istiqamətində geniş imkanlar açıb. F.Quliyev vurğulayıb ki, Heydər Əliyev, Eduard Şevarnadze və Süleyman Dəmirəl tərəfindən əsası qoyulmuş üçtərəfli əməkdaşlıq bu gün fundamental ənənədir və uğurla inkişaf edir.

    Gürcüstan xarici işlər nazirinin müavini Vladimer Konstantinidi çıxışında Heydər Əliyevi gürcü xalqının böyük dostu adlandırıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında bu böyük insanın xidmətləri olub. Gürcüstan və Azərbaycan arasında müasir strateji tərəfdaşlığın əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi idarəçiliyi altında qoyulub.

    “Mənim üçün böyük bir fəxrdir ki, bu mühüm tədbirdə iştirak edirəm. Bu gün burada böyük şəxsiyyətin şəkillərinin sərgisi keçirilir. Bu sərgi mərhum Heydər Əliyevin dövründə ölkələrimiz arasında olan müsbət əlaqələri özündə çox yaxşı əks etdirir”, – deyə nazir müavini vurğulayıb.

    Görkəmli ictimai-siyasi xadim, uzun illər Ulu Öndərlə çiyin-çiyinə müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Həsən Həsənov çıxışında bildirib ki, həyatımın müəyyən hissəsi, karyeramın isə tam hissəsi Heydər Əliyevlə bağlıdır.

    Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından bəhs edən natiq deyib: “Heydər Əliyev Gürcüstanı çox sevirdi. Sovetlər dönəmində ölkələr arasında əlaqələr Moskvanın icazəsi ilə qurulurdu. Amma Heydər Əliyev deyirdi ki, bunun Azərbaycan ilə Gürcüstan arasında əlaqələrə heç bir aidiyyəti yoxdur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə əlaqələrə böyük önəm verib. Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

    Onun sözlərinə görə, Azərbaycan və gürcü xalqları təkcə dost və qonşu deyil, qardaş xalqlardır.

    Sonra Azərbaycan Milli Məclisinin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri, sabiq deputat İsak Novruzov və başqaları çıxış edərək Ulu Öndərlə bağlı fikirlərini bölüşüblər.

    Kvartet Azərbaycanın klassik musiqiləri və ulu öndər Heydər Əliyevin sevdiyi mahnıları ifa edib.

    Qeyd edək ki, sərgi iki gün ziyarətçilər üçün açıq olacaq.

  • Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında Baş İdarənin tabeliyində olan kitabxanaların məktəbli oxucuları arasında keçirilən tanınmış Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub.

    İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 11 Mərkəzləşdirilmiş Kitabxana Sistemi və bir müstəqil kitabxana iştirak edib. Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, müsabiqənin nəticələrinə görə Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Validə Bayramlı birinci yerə, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları Fatimə Əhədli, Rauf Yusifli ikinci yerə, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Aysun Babaşova üçüncü yerə layiq görülərək diplomla təltif ediliblər.

    Müsabiqədə fəal iştirakına görə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Çimnaz Mirzəyeva, Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Arif Əhmədov, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Nəzrin Məmmədzadə, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Fatimə Pənahova, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Fatimə Bəşirova, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Səbinə Adıgözəlova, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Güllü Mehdizadə, Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucusu Ülkər Mirzəyeva, M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasının oxucusu Sevil Cəlilova fəxri fərmanla təltif olunublar.

  • Gəncədə muğam müsabiqəsi təşkil edilib

    Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının təşkilatçılığı ilə Nizami yurdunda ilk dəfə muğam müsabiqəsi keçirilir.

    AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan müsabiqənin dekabrın 6-da 1-ci seçim turu gerçəkləşib.

    Xalq artistləri Şahnaz Haşımova, Adil Bayramov, Əməkdar artist Mahir Məmmədov, xanəndələr Vaqif və Şahin Mirzəyevlər, Samux rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin direktoru Təvəkkül Hüseynovdan ibarət münsiflər heyəti ifaları dəyərləndiriblər.

    Müsabiqədə Gəncə şəhəri, Bərdə, Samux, Goranboy, Gədəbəy, Kəlbəcər və digər rayonlardan 50 nəfər muğam ifaçısı iştirak edib. İfaçılar “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər – Sahil Quliyev) musiqi qrupunun müşayiəti ilə öz məharətlərini göstəriblər.

     

  • Nazir ISESCO-da Qarabağda işğal müddətində məhv edilən abidələrdən danışıb

    Misir Ərəb Respublikasında rəsmi səfərdə olan Anar Kərimov ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misirin Ali təhsil və elmi araşdırmalar naziri Xalid Əbdülğaffar və Baş müftisi Şövqi Allam ilə görüşüb.

    Mədəniyyət Nazirliyindən Report-a verilən məlumata görə, hazırda isə mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində ISESCO-nun Baş Konfransının 14-cü sessiyasında iştirak edir. İclas zamanı çıxış edən A. Kərimov tarixi torpaqlarımız olan Qarabağda 30 illik işğal müddətində dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə geniş təqdimatla birgə iştirakçılara məlumat verib. Həmçinin Qarabağ ərazisində yerləşən muzeylərimizə qarşı törədilən mənəvi terrordan da söz açaraq, erməni işğalçılarının oğurladığı, talan etdiyi eksponatların acı taleyindən bəhs edib.

    O, həmçinin Azərbaycan təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi barədə söz açıb. Bakı prosesinin davamı kimi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. Bölgədə davamlı sülhün təmin edilməsi və mədəniyyətin dirçəlməsi üçün bu təşəbbüsün önəmini vurğulayıb. Torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən geniş miqyaslı bərpa və quruculuq işlərinin başlanıldığı, xüsusilə də tarix və mədəniyyət abidələrinin, o cümlədən məscidlərlə yanaşı, xristian kilsələrinin də bərpa edildiyi diqqətə çatdırılıb.

    Nazir ISESCO və onun Baş Katibinə bu görülən işlərdə dəstəyinə görə təşəkkürünü bildirib və təşkilatın güclənməsinə, səmərəliliyinin artırılmasına yönələn islahatları alqışlayıb.

  • Rəngkarlıq Muzeyində açılan “Mistik ruhun ömrü” adlı sərgi davam edir

    YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə açılmış Xalq rəssamı Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" adlı retrospektiv sərgi davam edir.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunur.

    Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

    Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək, bütün incəlikləri əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

    Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.

    Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.

    "Ömür yolu" adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.

    Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

    Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. "Sənətkarın həyatında bir gün" formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və "Bakı Abadlıq Xidməti" ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.

    Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.

    Sərgi gələn il aprelin 3-dək ziyarətçilər üçün açıq qalacaq.

  • İki filmimiz beynəlxalq festivalda mükafat qazanıb

    Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatları təqdim olunub.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul olunub. Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 film keçib: Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri.

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutdu. Rejissor Amil Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “Ən yaxşı film” mükafatına layiq görülüb.

    Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər barəsindədir. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Filmin ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, təsvir rejissoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir. Filmdə əsas rolları Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırır. “Titrəmə” Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

    Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

    Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarından bəhs olunur. Film budan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib.

    Məlumat üçün bildirək ki, Lətif Lətifsoy “Azərbaycanfilm” kinostudiyasının PR meneceri vəzifəsini həyata keçirir.

  • Anar Kərimov Şeyx Əhməd Əl Tayiblə görüşüb

    Mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasına səfəri çərçivəsində Misirin Əl-Azar Universitetinin baş İmamı Şeyx Əhməd Əl Tayiblə görüşü baş tutub.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Misir Ərəb Respublikası arasındakı dostluq münasibətinin qədim köklərə dayandığını bildirən A. Kərimov Mədəniyyətlərarası Dialoqun inkişafında Misirin mühüm rolundan söz açıb. O, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı prosesi” haqda danışıb. Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. 2022-ci ildə növbəti Forumun keçiriləcəyinin planlaşdırıldığını qeyd edən mədəniyyət naziri, Şeyx Əhməd Əl Tayibi də bu beynəlxalq layihəyə qoşulmağa dəvət edib.

    A. Kərimov eləcə də işğaldan azad olunmuş ərazilərimizdə erməni barbarlığının sübutu olan dağıdılmış dini məbədlərimizdən, mədəniyyət abidələrimizdən söz açıb. Bu vandalizmin nəinki Azərbaycana, eləcə də İslam dünyasına qarşı törədildiyini bildirib. Həmçinin qeyd edib ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü çərçivəsində Azərbaycan daim sülhü təbliğ etməyə, bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazırdır, və bu istiqamətdə bir sıra işlər görülür.

    Anar Kərimovu salamlayan Şeyx Əhməd Əl Tayibi nazirin dəvətini məmnuniyyətlə qəbul etdiyini xüsusi vurğulayıb. Azərbaycanın illər boyu Mədəniyyətlərarası Dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

    Tərəflər həmçinin İslam dininə qarşı bəzi qüvvələrin apardığı yanlış təbliğatı qınayaraq, dinimizin sülh və barışığa çağırış olduğunu, və bunu ən gözəl nümunələrlə dünyaya çatdırmağın önəmindən danışıblar.

    Görüş bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib.

  • "Gənclərə dəstək 5 il sizinlə" adlı konsert təqdim edilib

    Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Gənclərə dəstək 5 il sizinlə" adlı konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, gənc istedadlı musiqiçilərin ifalarının dinlənildiyi konsertdə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında Azərbaycan Milli Konservatoriyasının Xoru da iştirak edib. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

    Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc istedadlı musiqiçilərə xüsusi diqqət göstərilir. Məhz bu məqsədlə 2016-cı ildə Mədəniyyət Nazirliyinin dəstəyi və Filarmoniyanın direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təşəbbüsü ilə "Gənclərə dəstək" layihəsinə başlanılıb. Bu il layihənin 5 ili tamam olur.

  • Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri “XV Delfi Oyunları”nda iştirak edir

    Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin müəllim-konsertmeyster və şagirdləri “XV Delfi Oyunları”nda iştirak edirlər.

    AZƏRTAC xəbər verir ki, bu gündən etibarən Müstəqil Dövlətlər Birliyinin üzv ölkələrinin gənclərinin “XV Delfi Oyunları” keçirilir. “Delfi Oyunları” ən yüksək incəsənət forumu kimi praktiki inkişafı daha da artırmaq, milli mədəniyyətin qorunub saxlanmasına və inkişafına kömək etmək məqsədilə təşkil edilir. Milli mədəniyyətlər, mədəniyyətlərarası dialoqu təşviq etmək, ölkələr arasında əlaqələri gücləndirmək, gənclər və yaradıcı ziyalılar arasında əməkdaşlığı inkişaf etdirmək, humanitar sahədə birlik ölkələrinin təhsil müəssisələri, estetik tərbiyə və bədii təhsil formalarının təkmilləşdirilməsi, gənclərin peşəkar inkişafının təşviqini özündə əks etdirir.

    Qara Qarayev adına mərkəzi incəsənət məktəbi “XV Delfi Oyunları”nda skripka, nəfəs alətləri (truba) və fortepiano nominasiyaları üzrə iştirak edir.

    Qeyd edək ki, dekabrın 10-dək davam edəcək builki Delfi Oyunları Müstəqil Dövlətlər Birliyinin 30 illiyinə həsr olunub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli MDB ölkələrinin gənclərinin “XV Delfi Oyunları”nda nəfəs alətləri nominasiyası üzrə münsif heyətinə üzvlükdə yer alıb.

  • Azərbaycanın Xalq artisti Latviyada uğurla çıxış edib

    Latviya Milli Opera və Balet Teatrında məşhur bəstəkar Cüzeppe Verdinin “Nabukko” operası nümayiş etdirilib.

    AZƏRTAC xəbər verir ki, səhnədə Nabukko kralı rolunu Azərbaycanın Xalq artisti Əvəz Abdulla (bariton) yüksək məharətlə canlandırıb. Əsər Latviya tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Azərbaycanlı opera sənətkarının səhnədə uğurlu iştirakı və ifası Azərbaycan-Latviya mədəni əlaqələrinin inkişafına qiymətli töhfədir.

    Qeyd edək ki, Əvəz Abdulla uzun müddətdir Latviya Milli Opera və Balet Teatrı ilə yaxından əməkdaşlıq edir. Cari il dekabrın 15-nə onun sözügedən teatrda yenidən səhnəyə çıxışı nəzərdə tutulub.