Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Mərkəzində rəssam Kojo Marfonun sərgisinin açılışı olub

    Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər

    Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

    Açılış mərasimdən əvvəl rəssam Kojo Marfo jurnalistlərə açıqlamasında sərginin möhtəşəm təşkil edildiyini deyib: “Buraya gəlməzdən əvvəl Azərbaycanla bağlı ünvanladığım suallarımda ancaq xoş sözlər eşitdim. Bakıya ilk gəlişimdir. Burada olmaqdan və sərgimi keçirməkdən çox məmnunam. İnsanları mədəniyyət yaxınlaşdırır. Mədəniyyət sahəsində bizləri birləşdirən bir çox xüsusiyyətlər var. İlk sərgimi keçirməzdən əvvəl kifayət qədər həyatımı düşündüm. Həyatıma bir çox simalar daxil oldu, məhz onlar mənim əsərlərimin özünü təşkil edirlər və onlar məni sərgi keçirməyə həvəsləndirdilər. Bu isə insana hər zaman ümid verir".

    Açılış mərasimində çıxış edən sərginin kuratoru Jan-Davit Malat (Jean-David Malat) Bakıya səfərinin bu əsərləri digər insanlara sərgiləməklə yanaşı, həmçinin gözəl şəhərdən həzz almaq imkanı yaratdığını qeyd edib. O, Kojo Marfonun solo sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova öz minnətdarlığını bildirib, bundan sonra da bu cür sərgilərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib.

    Rəssam Kojo Marfo çıxışı zamanı bildirib ki, sərgi onun uşaqlıq illərində gördüklərinə ithaf olunub, hər bir əsərin ardında bir mesaj dayanıb və bu mesajlar əsərlərlə insanlar arasında olan bağlantını əks etdirir. K.Marfo qeyd edib ki, əsərlərin mövzusu insanlara xas olan, onların vacib bildiyi amallarla bağlıdır.

    “Mənim üçün böyük şərəfdir ki, yaratdığım əsərləri belə gözəl, möhtəşəm binada sərgiləmək imkanı qazandım. Bunun üçün Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm", - deyə rəssam əlavə edib.

    Sonra sərgiyə baxış olub.

    Sərgidə rəssam Kojo Marfonun əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən 20-dən çox əsəri nümayiş olunub.

    Sərgilənən əsərlər qanalı rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır.

    Qeyd edək ki, Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks edilməsinə səbəb olub. Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.

    Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.

  • “Leyləyin hədiyyəsi” yenidən səhnədə

    Fevralın 16-da Azərbaycan Dövlət Kukla Teatrında “Leyləyin hədiyyəsi” tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, özbək xalq nağılı olan “Vur, dəyənək!” əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

    Özbək mahnı və rəqslərindən də istifadə edilən səhnə əsərində uşaqlara dürüstlük, qətiyyət və mübarizlik aşılanır.

  • Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür

    Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır.

    AZƏRTAC xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

    2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək, insanları həmin günü “Uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral tarixi “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Beləliklə bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

    Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə göndərilir. Beləliklə, uşaqlarda kitaba məhəbbət yaranır, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci formalaşır.

  • VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib

    Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq. Bununla bağlı Heydər Əliyev Mərkəzində Forumun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Adil Kərimli çıxış edərək forumun əhəmiyyəti, ümumi məsələləri ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil edilib.

    Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü il mayın 1-dən 3-dək növbəti – VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı tapşırıq verilib. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı çərçivəsində dövlət strukturlarının qarşısında müəyyən öhdəliklər qoyulub.

    Təşkilat Komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov Foruma hazırlıqla bağlı geniş təqdimatla çıxış edib. Bildirilib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr olunub.

    İclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.

  • Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq

    Fevralın 21-22-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası təqdim olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın kəşməkəşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

    Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir.

    “Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyevna canlandırır.

    Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

    Sergey Yeseninin şeirlərinin səsləndirildiyi bu tamaşada dünya şöhrətli bəstəkarlar Sergey Vasilyeviç Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinsky, Tomas Albinoni, İsak Şvartsın (sözləri Bulat Okudjavaya məxsusdur) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuriy Rubtsova məxsusdur) əsərlərindən istifadə olunub.

    Teatrın kiçik səhnəsində nümayiş olunacaq monotamaşaya biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “Iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

  • Milli Kitabxanada “Beynəlxalq Kitab Bağışlama Günü” qeyd olunub

    Fevralın 14-ü “Beynəlxalq Kitab Bağışlama Günü”dür. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov bu bayramın gənc nəsildə kitaba sevgi hissi yaratdığını, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

    Bu günün 2012-ci ildə ABŞ-da yarandığını və ölkəmizdə 2013-cü ildən qeyd olunduğunu söyləyən Kərim Tahirov, çıxışı zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında mütaliənin vacib əhəmiyyət kəsb etdiyini deyib.

    Milli Kitabxananın direktoru Ümummilli Lider Heydər Əliyevin “Həyatda nə qazanmışamsa hamısına görə bu kitablara borcluyam” fikrini xatırladaraq, uşaqları kitab oxumağa səsləyib, mütaliənin önəmindən danışıb.

    Tədbirdə 189-190 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Milli Kitabxananın direktoru məktəblilərə müxtəlif kitablar hədiyyə edib.

    Sonda məktəblilər tərəfindən şeirlər səsləndirilib.

    “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabxananın əməkdaşları tərəfindən virtual sərgi də hazırlanıb. Sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

    Sərgi ilə tanış olmaq istəyənlər link vasitəsilə keçid edə bilərlər.

  • Bakıdakı Rus evində rəssam Elina Lobodenkonun sərgisi açılıb

    Bakıdakı Rus evində Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Elina Lobodenkonun fərdi sərgisinin açılışı olub.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub. Sərgidə əsasən abstrakt rəsmlər olmaqla, rəssamın 24 əsəri təqdim olunub.

    Bakıdakı Rus evinin rəhbərinin müavini Dmitri Yeqorov, eləcə də tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina qonaqların qarşısında çıxış ediblər.

    Tədbirin təntənəli hissəsinin başa çatmasından sonra qonaqlara Alyona İnyakina, beynəlxalq müsabiqələr laureatları: BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri: Kamilla İmanova, Fərhad Ələkbərov, Elyara Əliyeva və Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifasını ehtiva edən musiqi proqramı təqdim olunub.

    Elina Lobodenko Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunudur, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində rəssamdır. Dizayner düşüncəli rəssam abstraksiyaya meyillidir. Onun üçün anadangəlmə əlçatmaz olan səslər dünyasını Elina böyük yaradıcılıq fantaziyası ilə görünməz rənglər aləmi palitrası ilə kompensasiya edir. Onun rəsm əsərləri hər zaman xətlər, rəng ləkələri və həndəsi formalar xaosunda ritmik harmoniya axtarışıdır.

  • Azərbaycanda "Lada" avtomobilləri istehsal oluna bilər

    “Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır.

    “Report” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib.

    "Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq", - Sokolov bildirib.

    Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulanmışdı.

  • “CinemaPlus”da “Lohusa” türk filminin nümayişi başlayır

    Fevralın 15-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Lohusa” türk komediyasının nümayişi başlayır.

    "Report" xəbər verir ki, Kıvanç Baruönünün rejissoru olduğu filmdə baş rolları Gupse Özay, Onur Gürçay və Hazal Türesan canlandırıb.

    Filmin məzmununa gəlincə, Gupse Özay balaca övladı ilə yeni həyata uyğunlaşmağa çalışan gənc ana rolunu oynayır.

    Belə ki, Burcu və Onur uşaq sahibi olacaqları günü həyəcanla gözləyən evli cütlükdür. Hamiləliyi boyunca doğuşdan sonra onu gözləyən həyatla bağlı deyilənlərə əhəmiyyət verməyən Burcu doğum sonrası depressiyaya düşməyəcəyinə əmindir. Ancaq doğuşdan sonra körpəsinə tək baxması, yuxusuz qalması, hormonlarının dəyişməsi onun tamam başqa reallıqlarla üzləşməsinə və gülməli hadisələrlə qarşılaşmasına səbəb olur.

  • Bakıda “Tək səs, tək ürək” konserti keçirilib

    Bakıda “Tək səs, tək ürək” konserti keçirilib.

    "Report" xəbər verir ki, Nizami kinoteatrında keçirilən konsert Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti və Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyi tərəfindən təşkil edilib.

    Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iki qardaş ölkə arasında mədəni və ictimai əlaqələrin inkişafına çalışmaqdır: "Azərbaycan xalqı Şimali Kipr Türk Respublikasına qarşı hər zaman sevgiylə yanaşıb və qardaşlıq əlaqələrində möhkəmdir".

    O qeyd edib ki, bu Çağdaş Musiqi Dərnəyinin ölkəmizdə keçirilən ikinci tədbiridir, daha əvvəl 2018-ci ildə belə bir tədbir təşkil olunub, bir neçə gün əvvəl isə qrup Naxçıvan Muxtar Respublikasında konsert verib.

    Konsert proqramının ardınca qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.