Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Macarıstan və Azərbaycan musiqiçiləri filarmoniyada eyni səhnəni bölüşəcəklər

    Hər il Yeni il ərəfəsində Macarıstanın Azərbaycandakı səfirliyi, “Nargis” fondu və eyniadlı jurnalın birgə təşkilatçılığı ilə xeyriyyə konsert və yarmarkası keçirilir.

    AZƏRTAC xəbər verir ki, builki xeyriyyə tədbiri dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

    Ənənəvi xeyriyyə layihəsi iki dost ölkənin zəngin mədəniyyətlərini bir səhnədə birləşdirir. Konsertdə Pal İstvan Bandın (skripka) bədii rəhbərliyində Macarıstan Dövlət Xalq Ansamblı Xalq artisti, pianoçu Murad Hüseynovla səhnəni bölüşəcək.

    Müxtəlif beynəlxalq və yerli müsabiqələrin laureatı olan macar musiqiçi Karpat bölgəsinin (Mərkəzi Avropada dağ silsiləsi) qədim mədəniyyətini folklor ansamblının repertuarında yaşadır. Macarıstan Dövlət Xalq Ansamblı Avropanın məşhur festivallarına qatılır, konsert proqramları ilə çıxışlar edir.

    Builki Bakı konsertində tamaşaçıları klassik və folklor musiqi, rəqslər və bol əyləncə gözləyir. Ən önəmlisi isə, bu tədbirə qoşulmaqla xeyriyyə aksiyasına dəstək vermək olar. Xeyriyyə yarmarkasından əldə olunan bütün gəlir Elmi Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa-Müalicə Mərkəzinə təqdim olunacaq.

    Xeyriyyə konserti və yarmarkası “MOL Group” şirkətinin dəstəyi ilə keçiriləcək. Qeyd edək ki, şirkət baş ofisi Macarıstanın paytaxtı Budapeştdə yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyasıdır.

  • Özbəkistan filmi “Oskar” mükafatına namizədlər siyahısına salınıb

    Özbəkistan ssenaristi və rejissoru Elkin Tuyçiyevin “Fəridənin iki min mahnısı” filmi “Ən yaxşı xarici bədii film” nominasiyasında “Oskar” mükafatına namizədlər siyahısına salınıb.

    AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, film 2020-ci ildə “Özbəkkino” Agentliyinin sifarişi ilə “Fox Music Cinema” kino şirkəti tərəfindən çəkilib.

    Bildirilir ki, Özbəkistandan başqa öz filmlərini bu mükafata dünyanın 93 ölkəsi təqdim edib.

    Film keçən əsrin əvvəllərində Türküstanda bir ailənin timsalında baş verən siyasi hadisələrdən bəhs edir.

    “Fəridənin iki min mahnısı” filmi ötən ilin noyabrında Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyini əhatə edən “Moskva premyerası” festivalında “Qran-pri”ni alıb.

  • 8 dekabr - Beynəlxalq Rəssamlar günüdür

    2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr - Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Həmçinin yaradıcılıq insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Buna görə də bugünkü bayram həmçinin bütün gözəllik, rəngarənglik, təbiətsevənlər üçün xüsusidir.

    Rəssamlıq peşəsi min illər boyu meydana gəlib: ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladılar. Qədim Misirdə qədimdən rəssamlara çox hörmət edilirdi. Yaradılan təsvirlərin sehrli bir təsirə sahib olduğuna inanılırdı. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.

    Bu gün bayram şərəfinə mədəniyyət müəssisələrində, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər və tematik sərgilər keçirilir.

  • Təmsilçimiz Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq Vokalçılar Müsabiqəsinin qalibidir

    Ukraynanın Truskavets şəhərində əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Müslüm Maqomayevin xatirəsinə” IV Beynəlxalq Vokalçılar Müsabiqəsi keçirilib.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın bu mötəbər musiqi müsabiqəsində iştirakı idarə rəhbərliyinin bu ilin iyunun 15-dən 21-dək Ukraynaya səfəri zamanı razılaşdırılıb və beləliklə, ölkəmiz bu il həm iştirakçılar sırasında, həm də münsiflər heyətində uğurla təmsil olunub.

    Ukraynanın mədəni həyatında önəmli hadisə olan beynəlxalq müsabiqədə bu il Azərbaycandan respublika və beynəlxalq müsabiqələr laureatı, gənc, istedadlı vokalçı Urfan Cəfərov iştirak edib. O, istedadı və ecazkar səsi ilə 18 finalçını geridə qoyub, ən yüksək bal qazanaraq birinci yerə layiq görülüb. Azərbaycan vokalçısı I dərəcəli “laureat” diplomu ilə yanaşı, Nyu-Yorkun (ABŞ) nüfuzlu Karnegi-holl zalında solo konsert keçirmək hüququ verən sertifikatla mükafatlandırılıb.

    Qeyd edək ki, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müsabiqəyə dünyanın hər yerindən 16-40 yaşarası xüsusi musiqi təhsilli müğənnilər, ali təhsil ocaqları və kolleclərinin tələbələri qatılırlar. Səsyazısı əsasında keçirilən seçim turunda uğur qazanmış iştirakçılar finala vəsiqə qazanaraq Truskavetsə gəlirlər. Müsabiqə iştirakçıları Müslüm Maqomayevin repertuarından mahnı və opera ariyalarını ifa edirlər. Yarışmanın özəlliyi ifaçının həm opera, həm də estrada janrlarında eyni peşəkarlıq nümayiş etdirməsində və beləliklə, istedadların dünya miqyasına çıxarılmasındadır.

    Münsiflər heyətində ilk dəfə Azərbaycanı Xalq artisti, professor Gülnaz İsmayılova təmsil edib.

    Urfan Cəfərov müsabiqədə konsertmeyster, pianoçu, Əməkdar artist Nigar Məlikovanın müşayiəti ilə çıxış edib və onun iştirakçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə diplomla mükafatlandırılıb.

    Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, professor Xuraman Qasımovanın yetirməsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.

    Baş İdarənin təşkil etdiyi tədbirlərdə dəfələrlə çıxış edən Urfan ifaları, səsinin gözəlliyi və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanıb.

  • Nazir regional idarəyə yeni müdir təyin edib

    Şəmkir Regional Mədəniyyət İdarəsinə yeni müdir təyin olunub.

    Report-un Qərb Mərkəzinin məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

    Əmrə əsasən, Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin edilib.

    Qeyd edək ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq müdiri Zöhrab Adıgözəlov ötən ay öz ərizəsi ilə vəzifəsindən azad olunub.

  • Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun plenar iclası keçirilib

    Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi QH-nin plenar iclasında qurumun Baş Konfransının prezidenti Santiaqo İrazabal Mourao, UNESCO-nun qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis, Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri iştirak ediblər.

    Plenar iclası giriş sözü ilə açan daimi nümayəndəmiz, səfir Elman Abdullayev 2021-ci ilin sonunda COVID-19 pandemiyasının hələ də həyatımıza böyük təsir etdiyini, yeni çağırışlar, yeni çətinliklər yaratdığını qeyd edib. COVID-19 bütün dünyada son 2 ildə əsas ölüm səbəblərindən biri olduğunu deyib.

    UNESCO Baş konfransının prezidenti Santiaqo İrazabal Mourao bu vəzifəyə seçildikdən sonra ilk səfərini Anqolaya və “Luanda Biennalisi”ndə iştirak etdiyini bildirib. Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” təşəbbüsünə toxunub və onun əhəmiyyətindən söz açıb.

    Baş Konfransın prezidenti təşkilatda, eləcə də dünyada mövcud problemlərin olduğunu qeyd edərək, dialoq vasitəsi ilə birgə işləməyə və bu problemlərin aradan qaldırılmasında birgə çalışmağa dəvət edib.

    İclasda təhsil sahəsinin, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi çətinliklərdən, pandemiyanın mənfi təsirlərindən danışılıb.

    Bir çox ölkələrin daimi nümayəndələri savadsızlığın, pandemiyanın mənfi təsirlərinin, “Fake News” (yalan xəbərlər), nifrət nitqinin aradan qaldırılması ilə bağlı fikirlərini səsləndiriblər. Bildirilib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri UNESCO-nun prioritetləri arasındadır.

    Qurumun Afrika prioritetinə, bu qitə ölkələrinin mədəniyyətinin zənginliyinə da toxunulub. Bu istiqamətdə diqqətin daha da artırılmasının vacibliyi vurğulanıb. Mədəni irsin qorunması, mədəni sərvətlərin qeyri-qanuni idxalı və ixracına qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub.

    UNESCO-nun bir çox proqramladından söz açılaraq, onların üzərində işləməyin mühüm olduğu diqqətə çatdırılıb. Multilateralizmin gücləndirilməsinin vacibliyi vurğulanıb.

    UNESCO-nun qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası Komitənin qarşıdan gələn 16-cı sessiyası barədə məlumat verib. Bildirib ki, dekabrın 13-dən 18-dək davam edəcək sessiyanın sanitar vəziyyətlə əlaqədar onlayn keçiriləcək və sessiya çərçivəsində Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar qəbul olunduğu təqdirdə təqdimatlar keçiriləcək.

    Səfir Elman Abdullayev QH-nin 2021-ci ildə son plenar iclasında cari ilin sentyabr ayında keçirilmiş iclasın hesabatını təqdim edib və hesabat qəbul edilib. O, Baş Konfransın 41-ci sessiyası çərçivəsində 193 üzv dövlətin yüksək səviyyəli nümayəndələrinin, müxtəlif QHT nümayəndələri və ekspertlərin Komissiya və Komitə iclaslarında iştirak etdiklərini, dövrümüzün çağırışlarının həlli istiqamətində müzakirələr apardığını qeyd edib.

    Baş Konfransın iclasları zamanı üzv dövlətlər birgə fəaliyyətlərini davam etdirməyə hazır olduqlarını bəyan edərək, çoxtərəfliliyin daha səmərəli olmasının vacibliyini vurğulayıblar. Mövcud çağırışlara cavab vermək üçün orta müddətli strategiya layihəsinin təhsil, iqlim dəyişikliyi, sosialbirlik, sülh prioritetlərinin- müəyyən olunduğu diqqətə çatdırılıb.

    Sonra Qoşulmama Hərəkatına Azərbaycan sədrliyinin qlobal fəaliyyəti, eləcə də Hərəkatın UNESCO qrupunun fəaliyyəti haqqında məlumat verilib. UNESCO orqanlarına Qoşulmama Hərəkatına üzv dövlətlərin namizədliklərindən söz açılıb. İclas müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

  • Əlcəzair portalı “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarxı ərəb dilində subtitrlə yayımlayıb

    Əlcəzairin “Əl Hərir” portalında Dövlət Tərcümə Mərkəzinin XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx ərəb dilində subtitrlə yayımlanıb.

    Videoçarxda ərəbdilli tamaşaçılara Azərbaycan Prezidenti İlham Əliyevin hələ Dünya Azərbaycanlılarının III Qurultayında qədim Azərbaycan torpağı Zəngəzur barədə fikirləri, həmçinin bu mahalın tarixi haqqında məlumatlar çatdırılıb.

    Videoçarxın ərəb dilində subtitrlə versiyası, həmçinin yutub kanalında da yerləşdirilib.

  • “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin təqdimat mərasimi olub

    Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin təqdimat mərasimi olub.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İstanbul Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyi və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi layihə Türk-İslam sivilizasiyasının zəngin və seçkin nümunələrini dünyaya tanıtmaq məqsədilə həyata keçirilib.

    Qonaqlar əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində bəşəriyyətin ortaq mədəni mirasına həsr edilən sərgi ilə tanış olublar.

    Tədbirin açılışında çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə bildirib ki, mədəniyyət hər bir xalqın bioqrafiyasıdır. Mədəniyyət amilinin insanın həyat və şüuruna bağlı anlayış olduğunu deyən nazirlik rəsmisi söyləyib: “Biz mədəniyyəti yalnız insan şüurundan ala bilərik. Bir az əvvəl mərkəzin foyesində təşkil olunan sərgini seyr etdiyimiz zaman bəşəriyyətin inkişaf tarixini gördük. Eyni zamanda mədəniyyətlərin inkişaf etdiyi mühitləri görə bildik. Tarixi, mədəniyyəti bilmədən gələcəyi yaratmaq mümkün deyil. İnsanlar öz kimliyini, dəyərlərini və tarixini, eləcə də dünyada var olmalarının səbəblərini bilməlidir. Onlar bu səbəbləri unutduqları zaman müharibələr baş verir”.

    Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası haqqında söz açan Vasif Eyvazzadə layihənin dekabrın 2-də gerçəkləşən tərəfdaşlıq forumunu qeyd edib. Bildirib ki, uzun illərdir beynəlxalq təşkilatlar sülh mədəniyyəti ideyasını inkişaf etdirirdilər: “Ancaq Azərbaycan hökuməti 44 günlük Vətən müharibəsindən sonra mədəniyyəti inkişaf etdirmək üçün sülhün vacib olduğunu ideya kimi irəli sürdü. Bugünkü tədbirin təşkilatçıları iki dövlət, bir millət olan qardaş ölkələrin nümayəndələridir. İdeya da bu xalqın kökündə olan sülhpərvərlik və dünya mədəniyyətinə açıqlığı nümayiş etdirir”.

    Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxışında layihənin ilk dəfə Bakıda təqdim olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu layihə ilə türk sivilizasiyasının zəngin və seçkin nümunələrini bütün dünyaya tanıtmaq və bu yolla özümüzü müasir dünyaya təqdim etmək niyyətindəyik.

    Daha sonra proqram “Mədəniyyət şüuru” mövzusunda panellə davam edib. Paneldə professor Bekir Karlığa, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Celal Erbay və Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyinin sədri Ahmet Selamet çıxış edərək fikir və düşüncələrini bölüşüblər.

    Panel iclasdan sonra “Sivilizasiya alimi Biruni” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, film Şərq dünyasının böyük təfəkkür sahibi, ensiklopediyaçı alim Əbu Reyhan əl-Biruninin (973-1048) həyat və fəaliyyətinə həsr olunub.

    Bir il davam edəcək “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin ölkəmizdən sonra Mərakeş, İran, Qazaxıstan, Özbəkistan, Rusiya və ABŞ-da təqdimatı keçiriləcək. Proqramın bağlanışının Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılır.

  • Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, İctimai şuranın sədri Gəray Əlibəyov, şura sədrinin müavini Şahin Qədirov, şura üzvü Samirə Mustafayeva şuranın gördüyü, görməyi planlaşdırdığı işlər, ölkənin mədəniyyət təsərrüfatında müşahidə olunan müxtəlif məsələlər - uğurlar, problemlər və mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğıları, müraciətləri, təşəbbüs və təklifləri ilə bağlı fikirlərini bölüşüblər

    Komitə sədri bu görüşün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərdən sonra ilk dəfə baş tutduğunu, gələcəkdə belə fikir mübadilələrini müntəzəm şəkildə keçirməyin ümumi işə faydalı olacağını bildirib, onları məsuliyyətli vəzifəyə seçkilərdə uğur qazandıqlarına görə təbrik edib. Şura üzvlərinə yaradıcılıqda və təşkilatı fəaliyyətdə uğurlar arzulayan Q.Paşayeva, yaxın vaxtda Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və İctimai Şuranın birgə toplantısını keçirməyi təklif edib.

    Komitə sədri şura üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

  • Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayılıb

    Azərbaycan Televiziyası böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 80-ci ilində onunla bağlı nadir arxiv kadrları yayımlayıb.

    AZƏRTAC xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı yutub kanalında yayımlanan videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub. Kadrlar 1982-ci ilə aiddir.

    Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.

    Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.

    Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.

    Xatırladaq ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub.

    O, 1938-ci ildə şərlənərək həbs olunub. 1939-cu il iyunun 9-da şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda əlillər xəstəxanasında dünyasını dəyişib. Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. 1956-cı ildə bəraət alsa da, onun nəşini Azərbaycana gətirmək mümkün olmayıb.

    1982-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, nəşinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Uzun sürən axtarışlardan sonra qəbri tapılıb, cənazəsi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib. H.Cavidlə vida mərasimi baş tutub. Daha sonra isə Naxçıvana aparılıb, 1982-ci il noyabrın 3-də böyüyüb boya-başa çatdığı evinin qarşısında dəfn edilib.