Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanda Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının təmsilçiliyi açılacaq

    Azərbaycanda Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının təmsilçiliyi açılacaq. Təmsilçilik Azərbaycandan başqa Türkiyə, Gürcüstan və Cənubi Qafqaz bölgəsini əhatə edəcək. Baş ofis Azərbaycanda, regional ofislər Türkiyədə və Gürcüstanda fəaliyyət göstərəcək.

    AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın “Piramida” Dövlət Media Holdinqinin prezidenti Dooronbek Adaxanov bildirib.

    O deyib ki, Qırğızıstandakı “Türkel” Media Qrupunun rəhbərləri Hökumə Xəlilova, Ramiz Məşədihəsənli və müxbir Aygül Yolçuyeva Azərbaycanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçiblər.

    Dooronbek Adaxanov qeyd edib ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Cənubi Qafqazda yaşayan xalqların tarixi, mədəniyyəti, adət-ənənələri, məişəti haqqında proqramlar hazırlanacaq və kanalda yayımlanacaq. Eyni zamanda, bu ölkələrin televiziya kanalları ilə əməkdaşlıq edərək Qırğızıstanda yaşayan xalqların həyatı, məişəti haqqında verilişlərin yayımlanması da nəzərdə tutulur.

    “Bir sözlə Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin hamısı ilə əlaqə yaratmağı planlaşdırırıq”, - deyə holdinqin prezidenti əlavə edib.

  • “Generalın sirli taleyi” kitabının təqdimatı olub

    “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilati dəstəyi ilə Bakı Kitab Mərkəzində Məhərrəm Zülfüqarlının “Generalın sirli taleyi” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, general-mayor Məmməd Bağır Bağırovun 120 illik yubileyinə Azərbaycanın tarixi qələbəsinə və müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan kitabda İkinci Dünya müharibəsi illərində Bakı Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qərargahının rəisi, general-mayor Məmməd Bağır Bağırovun həyat və fəaliyyətindən bəhs edilir.

    Təqdimat mərasimində “Azİz”in nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Orxan Musa, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə, professor Asif Hacıyev, generalın ailə üzvləri çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüb.

    Qeyd edilib ki, II Dünya müharibəsi dövründə Bakı neft bölgəsinin müdafiəsinə rəhbərlik etmiş Azərbaycanın layiqli övladlarından biri olan general M.B.Bağırovun fəaliyyəti ilk dəfə araşdırılıb. Kitabda, həmçinin arxiv sənədləri əsasında üç böyük dövlətin – Böyük Britaniya, Fransa və Almaniyanın Bakı neft bölgəsinə hərbi təhdid etdiyinə dair tarixi faktların təhlili təqdim olunub.

    Kitabın satışından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT" Fonduna ianə ediləcək.

  • Tallində Beynəlxalq Milad Xeyriyyə Bazarında ölkəmiz milli stend ilə təmsil olunub

    Tallin şəhərində ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarı təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, tədbir Tallin Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə reallaşıb.

    Tədbirdə əsasən Estoniyada akkreditə edilmiş diplomatik nümayəndəliklər iştirak ediblər.

    Azərbaycanın Estoniyadakı Səfirliyinin dəstəyi ilə ölkəmiz tədbirdə milli stend ilə təmsil olunub.

    Azərbaycanın stendində ölkəmizdə “Made in Azerbaijan” brendi ilə istehsal olunan müxtəlif növ şərablar, şirələr, çaylar, eləcə də şirniyyat növləri, suvenirlər və digər mallar satışa çıxarılıb.

    Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Ziyarətçilərə ölkəmizin mədəniyyəti, mətbəxi və incəsənəti barədə geniş məlumat verilib.

    Beynəlxalq Milad Xeyriyyə Bazarında satışdan əldə olunan vəsait Estoniyadakı əqli və fiziki cəhətdən qüsurlu uşaqların müalicəsinə yönələn xeyriyyə cəmiyyətlərinə ianə edilib.

  • Çində İES-də baş verən yanğında 8 nəfər ölüb

    Çinin Şensi vilayətində istilik elektrik stansiyasının (İES) yataqxanasında baş verən yanğında 8 nəfər ölüb.

    AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə Şouyan qəsəbəsində gecə saat 2 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 3 saatlıq mübarizədən sonra yanğını nəzarət altına ala biliblər. Binadan 8 nəfərin meyiti tapılıb, 5 nəfər isə xəsarət alıb.

    Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

  • İndoneziyada Semeru vulkanı yenə havaya kül və tüstü püskürüb

    İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı dekabrın 5-də də havaya kül və tüstü püskürüb.

    AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziya Vulkanologiya Xidmətinin rəhbəri Andiani məlumat verib.

    “Günün birinci yarısında iki yeni püskürmə baş verib, lakin bu püskürmələrin intensivliyi və əhatə dairəsi şənbə günü olduğundan əhəmiyyətli dərəcədə azdır”, - deyə xidmətin rəhbəri bildirib.

    Bununla yanaşı, Andiani qeyd edib ki, vulkanın fəallaşması artıq dekabrın 1-dən müşahidə edilməyə başlanıb. Ancaq sıx dumana görə mütəxəssislər lava axınını və kül püskürməsini müşahidə edə bilməyiblər.

    Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, vulkan püskürməsi nəticəsində 13 nəfər həyatını itirib, onlarla sakin müxtəlif dərəcəli yanıqlarla yerli xəstəxanaya yerləşdirilib.

    Bundan əlavə, xilasedicilər bir neçə evin qum, kül və palçıq altında qalması səbəbindən həlak olanların sayının artacağını istisna etmirlər.

  • Qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib

    İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.

    AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov məlumat verib. O deyib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.

    A.Abduhakimov bildirib ki, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır. Tikilməkdə olan “Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. “New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.

    Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.

     

  • Rejissor Ridli Skott yeni filmində Gucci ailə üzvlərini dərindən təsirləndirib

    Rejissor Ridli Skottun çəkdiyi “Gucci Evi” adlı yeni filmində 1995-ci ildə arvadının sifarişi ilə öldürülən Mauritsio Guccinin təsvir olunması məşhur moda brendinin qurucusunun nəslindən olan Gucci ailə üzvlərini dərindən təsirləndirib.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Patrisiya Gucci filmin yaradıcılarını ailəyə böhtan atmaqda və hadisələri təhrif etdirməkdə günahlandırıb.

    Gucci ailəsi bildirib ki, film ailə üçün “həqiqəti” vəd etsə də, ondan çox uzaqdır: “Kinorejissor bizimlə əlaqə saxlamayıb və məsləhətləşməyib, şirkətə 30 il rəhbərlik etmiş Aldo Guccini (Guccionun oğlu) və ailənin digər üzvlərini cahil vəhşilər obrazında təsvir edib. Bu, bizə və şirkətə qarşı edilən təhqirdir”.

    “Paradoksal hal odur ki, hekayədə Mauritsio Guccinin sifarişli qətlinə görə bütün instansiyalarda məhkum olunmuş qadının hərəkətlərinə bəraət qazandırılması daha utancverici və qəbuledilməzdir. Kişilərin dominant olduğu bir şirkətdə sağ qalmaq heç də işlərin əsl vəziyyətini əks etdirmir, çünki məhz həmin dövrdə (1980-ci illərdə) qadınlar şirkətdə aparıcı mövqeləri tuturdular.

  • “Paris Notr-Dama ithaf” tamaşası nümayiş olunacaq

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Yeni il öncəsi fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşasını tamaşaçılara təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    Dekabrın 26-da göstəriləcək tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

    Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

    Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcək.

     

  • Anar Kərimov Azərbaycanın könüllülər hərəkatı üzvlərini təbrik edib

    Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycanın könüllülər hərəkatı üzvlərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

    Report xəbər verir ki, nazir bu barədə özünün Twitter-dəki səhifəsində yazıb.

    “Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycanda könüllülər hərəkatının bütün üzvlərini ürəkdən təbrik edir, mədəniyyətimizin inkişafı və tərəqqisi naminə fəaliyyətlərində uğurlar arzu edirəm. Biz birlikdə güclüyük”, - nazir qeyd edib.

  • Bazel şəhərində Nizami Gəncəvi gecəsi və muğam axşamı təşkil edilib

    İsveçrənin Bazel şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitənin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva-Bodmerin təşkilatçılığı ilə keçirilən tədbirdə isveçrəli nizamişünaslar, ölkəmizin İsveçrədəki səfirliyinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Niqqi Uilrixin moderatorluğu ilə aparılan gecədə qüdrətli söz ustadının əsərləri aktyorlar Anar Fərəcbəyli, Daniel Kaştura və Mari Luiza Ulrix, şairə Olimə Nəbiyevanın ifasında Azərbaycan, alman və fars dillərində səsləndirilib. Tədbir iştirakçıları azərbaycanlı sənətkarlar Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Firuz Səxavət (xanəndə) və Rəvanə Qurbanovanın (xanəndə) ifasında konsert proqramını alqışlarla qarşılayıblar.

    Bazel şəhərində Azərbaycan muğamına və milli rəqslərimizə həsr olunmuş konsert də keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə keçirilən konsert şəhərin “Gundeldingerfeld” məkanında baş tutub.

    Azərbaycanın tanınmış tarzəni Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupunun üzvləri və “Buta” rəqs dərnəyinin yetirmələri tamaşaçılara maraqlı repertuar təqdim ediblər. Azərbaycanlı xanəndələr Firuz Səxavətin və Rəvanə Qurbanovanın, “Buta” solistlərinin ifalarında təqdim olunan muğam, təsnif və milli rəqslər tamaşaçılarda böyük maraq doğurub.