Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev, Özbəkistan Respublikasının Polşa Respublikasındakı səfiri Bahrom Boboyev və Macarıstanın Polşa Respublikasındakı səfiri Orsolya Zsuzsanna Kovács ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşlərdə fond ilə təşkilatın üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk xalqlarının bir-birinə yaxınlaşdırılması istiqamətində birgə atılacaq addımların vacibliyi kimi məsələlər müzakirə edilib. Səfirlər fond tərəfindən türk dünyasının mədəni həyatının inkişafı yönündə önəmli işlər görüldüyünü qeyd edərək, təşkilatın keçirdiyi layihə və tədbirlərə dəstək verəcəklərini bildiriblər.
Səfər çərçivəsində fondun rəhbəri, eyni zamanda, Polşada fəaliyyət göstərən Varşava, Krakov, Vrostlav universitetlərinin türkoloq alimləri ilə də görüşüb. Görüşdə türk dünyasının zəngin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkoloqlar görüşdə çoxəsrlik tarixə malik türk xalqlarının irsinin mühafizəsi və araşdırılması istiqamətində Fondun çoxyönlü fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova da iştirak edib.
Görüşlər gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrlə davam edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda sənətkarın yaradıcılığından, onun incəsənətdəki xidmətləri haqqında məlumat verilib. Bildirilib ki, Səttar Bəhlulzadə Azərbaycan təbiətinə həsr etdiyi çoxsaylı mənzərələrin, tarixi mövzulara həsr olunmuş əsərlərin müəllifi olub.
Azərbaycan torpağına, doğma təbiətə vurğun olan rəssam öz məhəbbətini əsasən mənzərə və natürmortlarında açıqlayıb. Rəssam Azərbaycanın demək olar ki, bütün regionlarını gəzib, doğma diyarın rəngarəng təbiətini mənzərələrində tərənnüm edib.
Səttar Bəhlulzadə çox məhsuldar işləyən sənətkarlarımızdandır. Dövlət statuslu muzeylərdə onun yüz əlliyə yaxın rəngkarlıq, otuza qədər qrafika işi vardır. Son araşdırmalar nəticəsində rəssamın 600-ə qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığını müəyyən etmək mümkün olub.
Rəssamın ilham mənbəyi doğma təbiət, həyatının mənası isə onu başqalarına tanıdacaq və sevdirəcək rəngləridir.
Kinematoqraflar haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası olan “IMDb” saytı (Internet Movie Database) 2021-ci ilin ən populyar 10 sənət adamının adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda “The Queen's Gambit” filmi ilə tanınan amerikalı aktrisa Anya Taylor-Joy, romantik janrda olan “Bridgerton” filminin ulduzu Reje-Jean Page, “No Time to Die” filmindən diqqətləri öz üzərinə çəkən kubalı aktrisa Ana de Armas, avstraliyalı aktrisa Yvonne Strahovski və digər adlar var.
Siyahının ön sırasında isə “Marvel” qəhrəmanı amerikalı aktrisa Elizabeth Olsen yer alır.
Azərbaycan Dövlət Pantomima Teatrı dekabr repertuarını açıqlayıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan “6 nömrəli palata” dekabrın 4, 5-də, “Ağ bığlılar” 11-də, “Son ştrix” isə 18, 19-da teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa, dekabrın 25, 26-da “Dejevü” tamaşası göstəriləcək.
Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da nümayiş olunacaq.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.
Heydər Əliyev Sarayından AZARTAC-a bildirilib ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən dastan–tamaşanın ssenari müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.
Dastan-tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov iştirak edəcəklər.
Dekabrın 6-dan 10-dək F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival keçirəcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü, “Şairlər ustadı böyük Nizami” adlı şeir günü, “Nizami və musiqi dünyası” adlı musiqi günlərinin keçirilməsi nəzərdə tutulub.
Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin sənətini gələcək nəsillərə çatdırmaqdır.
Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçımızın elan etdiyi “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri və həmin ərazilərdə maddi və mənəvi canlanma dünya üçün bir nümunədir. Bu fəaliyyətlərin qlobal sülh prosesində mühüm əhəmiyyətini və beynəlxalq miqyasda nümunəvi model olaraq təbliğ edilməsi, eyni zamanda, sülhün mədəniyyət və irsin qorunması, bərpası və inkişafı üçün nə qədər vacib olduğunu dünyaya nümayiş etdirmək məqsədilə cari il iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) Qlobal Çağırışı elan edilib.
Bu tədbir “Mədəniyyət naminə sülh” qlobal çağırışının əhəmiyyətini və bu məqsədlə tərəfdaşlıq siyasətini formalaşdırmaq, beynəlxalq siyasi və akademik dairələrdə müzakirə platformaları təsis etmək, habelə gələcəkdə bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmək məqsədilə təşkil olunub. Forum çərçivəsində “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”, “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”, “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzularında plenar sessiyalar keçiriləcəkdir.
Məlumat üçün bildiririk ki, dekabrın 2-si, eyni zamanda, digər bir qlobal təşəbbüsün təsis olunduğu gündür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə məhz 2008-ci il dekabrın 2-də “Bakı Prosesi”nin əsası qoyulub. Bu qlobal hərəkat ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərin və dinlərin dialoq mərkəzinə çevrilməsinə töhfə verib, nəticə etibarilə “Bakı Prosesi” və onun əsas platforması Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş katibi tərəfindən təşkilatın mədəniyyətlərarası və dinlərarası dialoq üzrə əsas qlobal platforması elan edilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin ən nadir və nəfis nümunəsi olan “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın ölkəmizdə ilk dəfə tam kitab halında nəşr edildiyi nümunənin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə yüksək poliqrafik səviyyədə çap edilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyev bildirib: “Dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı təəssüf ki, hər birimizə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə gəlir.
Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin Türkiyənin Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi bu fundamental kitab mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır”.
Təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu söyləyən mədəniyyət naziri Anar Kərimov deyib: “Azərbaycan mədəniyyətinin parlaq nümunələrindən biri də miniatür sənət növüdür. Bu, sanki o dövrün kino mədəniyyətidir. Belə bir sənətin XIII əsrdə yaradılması məndə fəxarət hissi oyadır. Gələcəkdə bu kitabın təbliği olduqca vacibdir”.
Nazir bildirib ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi “Nizami İli” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatür kitabın nəşr etdirilməsinə hazırlaşır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru professor, AMEA-nın həqiqi üzvü, deputat Rafael Hüseynov çıxışında vurğulayıb ki, təqvimlərə düşən və düşməyən bayramlar var, amma onların içərisində ən dəyərlisi və əbədisi kitab bayramıdır. Azərbaycan sevinə bilər ki, kitab bayramları sırasına daha biri əlavə olunur. XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin baharı başlanır.
Kitabın əhəmiyyətini vurğulayan Rafael Hüseynov deyib: “Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir”.
Sənətşünaslıq üzrə elmlər doktoru professor, AMEA-nın müxbir üzvü, Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə bildirib ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir. Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir. Bu baxımdan, kitaba elmi dəyər vermək lazımdır.
Tədbirin siyasi əhəmiyyətinə toxunan Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Belə kitabların nəşri müharibədir, siyasətdir. Sübut edirik ki, bizim mədəniyyətimiz hansı səviyyədədir. Çünki vikipediya kimi mənbələr dahi şəxsiyyətlərimizi erməni kimi təqdim edir. Biz bununla mübarizə aparmalıyıq. Belə kitabların nəşr olunması bizim üçün çox böyük uğurdur”.
Sonra Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze və Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, professor Elbay Qasımzadə çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, kitabın üz qabığının dizaynı Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyevə məxsusdur.
Mədəniyyət Nazirliyinin elan etdiyi “Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi” hekayə müsabiqəsinin qalibləri dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, bu tədbirlərə olan böyük maraq bir daha Nizami irsinin əsrlər ötüb keçməsinə baxmayaraq, öz aktuallığını daim qoruyub saxladığının göstəricisidir.
Nizami Gəncəvinin bütün dünya ədəbiyyatında iz buraxmış dahi şəxsiyyət olduğunu söyləyən nazir müavini deyib: “O, “Xəmsə”nin müəllifi kimi Şərq intibahının banisi hesab olunur. Əlişir Nəvai və Füzuli kimi şairlər Nizami yolunun davamçılarıdırlar. Nizami fəlsəfəsi Dante, Şekspir kimi yazıçıların yaradıcılığında öz əksini tapır. Azərbaycanda Nizamişünas alimlər yetişib. Nizami irsi nəinki Azərbaycana, həm də bütün bəşəriyyətə məxsus bir dəyərdir”.
Nazir müavini, həmçinin Nizami Gəncəvinin bu gün də müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik etdiyini, yüzilləri keçib gələn bəşəri ideyaları ilə yolumuza işıq saçdığını qeyd edib.
Sonda dahi şairin həyat və yaradıcılığının əks olunduğu sənət nümunələrinə həsr olunan ən yaxşı hekayələrin seçilməsi məqsədilə keçirilmiş müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, müsabiqəyə 50-dən çox iştirakçı öz əsərlərini təqdim edib və onlardan 3 qalib seçilib. Birinci yerə “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova, II yerə “Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova, III yerə “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə layiq görülüblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Laçın, qayıdışın mübarək” adlı onlayn tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, dağlar qoynunda yerləşən, öz gözəlliyi ilə aləmə səs salan, hər daşında bir sirr yatan Laçın rayonunun azad olunma tarixi haqqında məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edilib. Bu qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi Laçında da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir.
Laçın rayon MKS-nin direktoru Ofeliya Şükürova bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ən qədim yaşayış məskənlərindən olan Laçın zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan, heç vaxt unudulmaz və həmişə yaddaşımızda əbədi qalan əziz yurdumuzdur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisədir.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonunun 28 illik işğaldan azad olunmasından, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi rəşadətindən, bütün laçınlıların uzun illərdir çəkdiyi yurd-yuva həsrətinə son qoyulmasından danışıblar. Böyük Qələbə münasibətilə laçınlıları təbrik ediblər.