17 fevral – “Üç gözəl”
Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.
18 fevral – “Maskarad”
Tamaşanın premyerası 2013-cü il noyabrın 24-də təşkil olunub. Mixail Yuryeviç Lermontovun 200 illiyinə həsr olunmuş tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilib. Tamaşaçılara 2022-ci il mayın 27-də isə bir sıra dəyişiklər olunmuş “Maskarad” təqdim olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
M.Y.Lermontovun əsəri əsasında səhnələşdirilmiş dram tamaşaçıya Yevgeni Arbeninin həyat yoldaşı Ninanın ona xəyanətini təsvir edən təxəyyülünün faciəsini açır. Bu tamaşa işıqlı tərəfə çıxmağa cəhd göstərən insan qəlbinin yolu haqqındadır.
22 fevral – “Yeddi gözəl”
Tamaşanın premyerası 2012-ci il dekabrın 7-də olub və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin 870 illiyi, 2013-cü ildə UNESCO tərəfindən elan olunan “Nizami ili” ərəfəsində keçirilib. Quruluşçu rejissor Yonas Vaytkusdur (Litva).
Nizami Gəncəvinin poeması üzərindən konseptual baxış sülh və həqiqətin dərk edilməsi üzrə fəlsəfi mövzuları açır.
23 fevral – “Kapitan qızı”
Tamaşanın premyerası 2023-cü il iyunun 9-da olub və dahi rus yazıçısı A.S.Puşkinin anadan olmasının 225 illiyinə həsr edilib. Quruluşçu rejissor İqor Konyayevdir (Rusiya).
A.S.Puşkinin eyniadlı povesti əsasında səhnəyə qoyulan tamaşa imperatriça Yekaterinanın hökmranlığı dövründə Yemelyan Puqaçovun üsyan hadisələrini əks etdirir, zabit Pyotr Qrinev ilə qalanın komendantının qızı Maşa Mironovanın zərif sevgisindən söhbət açır.
24 fevral – “Qürur və qərəz”
Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.
25 fevral – “Artistin taleyi”
Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.
Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.
“DokuBaku” VIII Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbuluna başlanıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu ilki buraxılışın əsas mövzusu iCOSMOS-dur.
Festivalın mərkəzində personajların taleyini formalaşdıran, həm ani, həm də gecikmiş seçimlərin nəticələrini araşdıran hekayə səyahəti dayanır. Bununla festival kinorejissorları və tamaşaçıları introspektiv səyahətə çıxmağa, özünüdərk etməyə və bəşəriyyəti kosmosun genişliyinə - ali mənliyə bağlayan dərin əlaqələri dərk etməyə dəvət edir.
Festivalın nominasiyaları “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı yerli sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film” (DokuKids), və “Non-Main Müsabiqə”dir.
Ərizə qəbulu martın 3-dən mayın 5-dək olacaq.
Festival oktyabrın 1-dən 6-dək paytaxt Bakıda və Azərbaycanın digər müxtəlif məkanlarında keçiriləcək.
Seçilmiş filmlər 2024-cü il avqustun 8-də elan ediləcək.
Beynəlxalq Muğam Mərkəzi fevralın 15-dən “Azərbaycan muğamı” adlı yeni layihə təqdim edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ilk təqdimat tar ifaçılıq sənətinə həsr olunan “Ustad dərsi” ilə başlayacaq.
Dərs tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov tərəfindən aparılacaq.
Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində tar ifaçılıq sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Ustad dərslərində iştirak sərbəstdir və maraqlanan hər kəs iştirak edə bilər.
Mədəniyyət naziri Adil Kərimlinin fevralın 23-də Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul fevralın 17-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək. Qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonlarından və Şirvan şəhərinin sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, vətəndaşların müraciət tarixinin müddəti başa çatıb.
“Netflix” videoyayım platforması “Joy” filminin nümayiş tarixini açıqlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekran əsərinin premyerasının 2024-cü ilin ortalarında keçirilməsi planlaşdırılıb.
Çəkilişlərinə ötən ilin sentyabrında başlanılan filmin aktyor heyətində Ceyms Norton, Bil Nici və Tomasin Makkenzi yer alıb.
Çin Xalq Respublikasının "Voyage" jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqe və nüfuzu xüsusi qeyd olunub.
Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu" mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sözügedən məkanlar haqqında məlumat Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə “Voyage” jurnalının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb. Bununla yanaşı, səhifədə "#VoyageAwards年度大奖" həştaqı ilə həyata keçirilən təbliğat kampaniyası müddətində Azərbaycan cəlbedici destinasiya olaraq, ümumilikdə, 10,95 milyon insana nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Voyage" jurnalı tərəfindən “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.
Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, “Kəsişən xətlər” adlı konsertdə bəstəkar Cəlal Abbasovun Simli kvartet No2., Bit Furrerin solo piano üçün “The Snow Has No Voice”, Claud Debussinin solo fleyta üçün “Syrinx” və Artur Honegerin Simfoniya No.2 əsərləri ifa olunacaq.
Konsertin solistləri Rəhilə Nəzərova, Samir Əsədov, Vəfa Kuznetsova, Rəna Rəhimova, Ərol Rzayev və Humay Qasımzadədir.
Fevralın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə İslama Abdullayeva və Fəqan Həsənli öz ifalarını təqdim edəcəklər.
Tədbirdə, eyni zamanda, bəstəkarın əsərləri səsləndiriləcək.
Peşəkar klassik musiqi təhsilli İslama Abdullayeva əsasən klassik musiqi janrında, yerli və xarici bəstəkarların əsərlərinin ifası ilə tanınır. Azərbaycan musiqi tarixində bir çox ilklərə imza atmış gənc, lakin təcrübəli ifaçı rəqəmsal platformalarda özünəməxsus ifaları ilə seçilir, klassik əsərlərə öz yanaşması ilə yeni nəfəs qatır. İslama Abdullayevanın yaradıcılığında “Azerbaijani music”, “Stabat Mater”, M. Müşfiqin şeirlərinə yazılmış musiqili kompozisiyalardan ibarət “1109” adlı albomlar xüsusi yer tutur. O, 2019-cu ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən V.Bellininin “Norma” operasında böyük uğurla Klotilda rolunu ifa edib. Eyni zamanda, 2021-ci ildə Moskvada keçirilən M.Maqomayev adına VI Beynəlxalq Müsabiqəsinə seçilmiş ilk azərbaycanlı soprano olub. Həmin müsabiqədə İslama Abdullayeva jürinin diqqətini çəkib, çoxşaxəli peşəkar ifaçı olması ilə yadda qalıb.
Fəqan Həsənli Bakı Musiqi Akademiyasının piano fakültəsinin professoru Tərlan Seyidovun sinfində təhsil alıb. Bakıda keçirilən müsabiqədə Qran-Pri mükafatına layiq görülüb. Gürcüstan və Bolqarıstanda keçirilən beynəlxalq müsabiqələrdə birinci yeri qazanıb, laureat adına layiq görülüb. O, 2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festival çərçivəsində keçirilən konsertdə dünyaşöhrətli E.Bronfmanla birlikdə çıxış edib. Gənclər mükafatı laureatıdır. Q.Qarayevin üçsəsli fuqasının, C.Qarayevin sonatasının ilk ifaçısıdır. Müxtəlif illərdə ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Estoniya, Bolqarıstan və digər ölkələrdə müsabiqə, festival, konfranslarda həm solist, həm də konsertmeyster kimi çıxış edib. F.Həsənli 2023-cü ildən Mikpro yayım şirkəti ilə əməkdaşlıq edir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim edilib.
Bəstəkarın “Şəhrizad” simfonik Süitası op.35, “Mlada” opera-baletindən “Yürüş”, “Çar gəlini” operasından “Marfa və Qryaznoyun ariyası”, “İspan kapriççiosu” op.34 adlı əsərləri səsləndirilib.
Konsertin solistləri respublika və Beynəlxalq müsabiqələr laureatları Fatimə Cəfərzadə və Mahir Tağızadənin ifaları dinləyicilərin alqışları ilə qarşılanıb.
Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq tələb edir. Bu baxımdan Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun yaradıcılığı olduqca səciyyəvidir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci il fevralın 12-də İçərişəhərdə anadan olub.
Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır”. O, yanılmadı...
Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, həmçinin “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.
Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib. Xalq artisti 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.