Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dünya şöhrətli fotoqraf Reza Deqati İçərişəhərdə həyata keçiriləcək layihələrlə maraqlanıb

    Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati İçərişəhərdə qonaq olub.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, məşhur fotoqraf İçərişəhərdə həyata keçiriləcək layihələrlə maraqlanıb.

    Qeyd edək ki, Reza Deqati erməni vandallarının 30 il müddətində işğal altında saxladıqları Qarabağda misligörünməmiş talançılıqla məşğul olaraq, vəhşicəsinə dağıtdıqları maddi-mədəni, dini abidələrimizin fotolarını çəkərək dünyada tanıdılması və təbliğində misilsiz rol oynayıb.

  • Bakıda Macarıstanın caz qrupu konsert verib

    Bakıda Macarıstanın “Contempo” caz qrupu konsert verib.

    “Report” xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert 18 noyabr - Avropa Uşaqların Müdafiəsi Gününə və 25 noyabr - Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Gününə həsr olunub.

    Fleyta və saksofon ifaçısı Ester Pozar, tsimbal ifaçısı Yozef Çurkula, gitaraçı Tibor Eixinger milli ənənələrin üstün olduğu müxtəlif havalar ifa ediblər. Azərbaycan xalqının “Sarı gəlin” mahnısının caz versiyası tamaşaçılar tərəfindən böyük rəqbətlə və sürəkli alqışlarla qarşılanıb.

  • Azərbaycanın Əməkdar incəsənət xadimi 98 yaşında vəfat edib

    Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

    Report xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub.

    O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.

    A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiy ilə ailəli olub.

    1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

  • “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı konfrans keçiriləcək

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.

    Report xəbər verir ki, noyabrın 24-də keçirilməsi planlaşdırılan “Daş salnamə” muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət olacaq.

    Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.

    Beynəlxalq konfransda yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

  • ABŞ-da “Emmi” mükafatları təqdim olunub

    “Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası” tərəfindən verilən beynəlxalq “Emmi” mükafatları Nyu-Yorkda sahiblərinə təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, ötən il COVID-19 epidemiyası səbəbindən virtual olaraq təşkil edilmiş “Emmi” mükafatlarının təqdimat mərasiminin aparıcısı bu il amerikalı aktrisa Ynome Orji olub.

    “Ən yaxşı bədii film” mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrick by Kubrick” adlı fransız sənədli filmi qazanıb. İngilis aktrisa Hayley Squires “Yetkinlər üçün material” (Adult Material) serialındakı roluna görə, “Ən yaxşı qadın aktrisa" mükafatını, britaniyalı Devid Tennant “Des” serialında canlandırdığı qatil obrazına görə “Ən yaxşı kişi aktyor” mükafatını qazanıb. “Ən yaxşı dram filmi” mükafatı isə İsrailin "Tehran" serialına verilib.

  • Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür

    Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa, düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, vətən torpağının hər qarışında muğam sədaları eşidilməkdədir.

    AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 73 il ötür.

    Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi milli operalar yazıb.

    Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

    Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

    Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

    Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

    Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

    Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

    Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

    Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

  • “Qarabağ incisi – Şuşa” adlı informasiya bülleteni hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Qarabağ incisi – Şuşa” adlı informasiya bülletenini hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, informasiya bülleteni ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi fikirlərlə başlayır. Daha sonra Prezident İlham Əliyevin Şuşanı mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncamı, onun Şuşanın azad olunması ilə bağlı nitqi və Şuşaya səfəri haqqında məlumat verilib.

    İnformasiya bülletenində Şuşanın tarixi, mədəniyyəti və incəsənəti haqqında maraqlı məlumatlar öz əksini tapıb. İnformasiya bülleteninin “Tanınmış şəxsiyyətlər qalereyası”nda əslən şuşalı olan şəxsiyyətlərin fotoşəkilləri yerləşdirilib.

    İnformasiya bülleteni yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın oxucusu Sevinc Ağa Xəlilqızının “Şuşa və Zəfər sevdası” adlı əfsanəsi ilə tamamlanır.

    İnformasiya bülletenini kitabxananın rəsmi saytından yerləşdirilib.

  • Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi

    Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 99 il ötür

    Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.

    Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 99 il ötür.

    Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

    Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

    Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.

    Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.

    Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bugündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.

    Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.

    Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

  • Bu gün görkəmli rejissor Rasim Ocaqovun doğum günüdür

    Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür. Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 88-ci ildönümü tamam olur.

    Yaradıcılıq yolu milli kino mədəniyyəti

    tariximizdə ayrıca mərhələ olan sənətkar

    Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.

    Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.

    Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

    “Tütək səsi”, "Ad günü", "Ölsəm bağışla", "İstintaq"

    və digər bənzərsiz filmlərin rejissoru

    Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.

    Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.

    Dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu filmlərdə insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb. Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib. Rasim Ocaqov, həqiqətən də Azərbaycan kinosunda elə bir zirvədə dayanan sənətkarlar sırasındadır ki, onun filmləri zamanla cəmiyyət arasında bir yaxınlıq yaradıb, insan psixologiyasının dərin qatlarına toxunaraq onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarıb.

    Milli zəmində lentə alınmış sənət nümunələri

    Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

    Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

    Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

    Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq, fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.

    Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək.

  • Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan aktyor

    Bu gün Xalq artisti Həsən Məmmədovun anadan olmasının 83-cü ildönümü tamam olur

    O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. “Böyük dayaq” filmində çəkildiyi ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...

    AZƏRTAC xəbər verir ki, bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 83-cü ildönümü tamam olur.

    Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

    Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun “Gülüstanda qətl” dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

    Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

    Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

    Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

    Görkəmli aktyor 2003-cü ildə vəfat edib.