Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva Antalyada keçirilən "ANKOSLink 2021" beynəlxalq konfransında iştirak edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, "ANKOSLink 2021" kitabxana informasiya texnologiyaları, məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlardan verilənlər bazasına abunəlik, yeni kitabxana xidmətləri və mövcud xidmətlərin inkişafı üçün şərait yaradan beynəlxalq konfransdır. “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” adlı konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana- informasiya mütəxəssisi qatılıb.
Konfransda Antalya Bilim Universiteti rektorunun köməkçisi professor Hamza Kandur “Keçmişdən bu günədək biliyin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Antalya Bilim Universitetinin yeni kitabxanasının açılışı olub.
Beynəlxalq konfrans noyabrın 25-dək davam edəcək.
Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması nəticəsində meydana çıxır. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və vitamin çatışmazlığı qanazlığının yaranmasına səbəb olan əsas faktorlardır.
Mütəxəssislər qanazlığına qarşı əsas profilaktik tədbirin düzgün qidalanma olduğunu bildirirlər. Onların dediyinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq, 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə onun yalnız 15-20 faizi sorulur.
Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə AZƏRTAC-a deyib: “Ümumiyyətlə, qida məhsullarında dəmir iki formada mövcud olur: hem və qeyri-hem. Hem üzvi formada olur və 15-25 faizi orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir və onun 5-20 faizi sorulmaya məruz qalır.
Qida məhsullarında dəmirin miqdarı müxtəlifdir. Məsələn, 160 qram sarıkökdə 16,8 mq, 90 qram içalatda 5,2-9,9 qram, 30 qram qovrulmuş balqabaq toxumunda 3,9mq, yarım fincan bişmiş lobya və mərciməkdə 3,3 mq, bir fincan təzə və qaynadılmış ispanaqda 3,2 mq, yarım fincan bişmiş qırmızı lobyada 2,6 mq, yarım fincan bişmiş noxudda 2,4 mq, 90 qram yağsız mal ətində 3,2 mq, 3 ədəd Çili bibərində 3 mq, 90 qram siyənək balığında 2,5 mq, 90 qram quzu və ördək ətində 2,3 mq, 90 qram mal əti qiyməsində 2,2 mq dəmir var. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizmdə daha tez sorulur”.
Onun dediyinə görə, qara çay, qəhvə, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələri isə dəmirin orqanizmdə sorulmasını azaldır: “Ona görə də çay və qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan kimyəvi birləşmələr də dəmirin orqanizmdə sorulmasını müəyyən dərəcədə azaldır. Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin olan qidalar istehlak olunmalıdır. Ona görə də qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri və ispanaq həmin vitaminin mənbəyi hesab olunur”.
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” qlobal mikrosxem (çip) çatışmazlığı fonunda ABŞ-ın Texas ştatının Teylor şəhərində 17 milyard ABŞ dollarına yeni nəsil çip zavodu inşa edəcəyini açıqlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, şirkətin məsələ ilə bağlı yaydığı açıqlamada artıq Teylor şəhər rəhbərliyi ilə müvafiq razılaşma əldə olunduğu bildirilir. “Samsung Electronics” dünyada mikrosxemlərə artan tələbatı ödəmək, habelə çip təchizatı zəncirini sabitləşdirmək üçün yeni zavodun inşası barədə qərar qəbul edib.
Mütəxəssislər şirkətin zavodun inşası üçün məhz Teyloru seçməsini şəhərin kifayət qədər cəlbedici vergi güzəştləri təklif etməsi ilə bağlı olduğunu güman edir. Teylor şəhəri “Samsung Electronics”in yarımkeçirici zavodunun yerləşdiyi Austin şəhərindən təxminən 25 kilometr məsafədə yerləşir.
Şirkət yeni mikrosxem zavodunun inşasının gələn ilin birinci yarısında başlayacağını, kütləvi istehsalın isə 2024-cü ilin ikinci yarısından mümkün olacağını açıqlayıb. Bu layihə ilə “Samsung”un ABŞ-a 1978-ci ildən bəri yatırdığı investisiyaların ümumi məbləği 47 milyard dollara çatacaq. Şirkətin Birləşmiş Ştatlardakı müəssisələrində 20 mindən çox işçi çalışır.
Qeyd edək ki, “Samsung Electronics” hazırda TSMC (Taiwan Semiconductor Manufacturing Co.) şirkətindən sonra dünyada 2-ci ən böyük mikrosxem istehsalçısı, planetin ən iri yaddaş mikrosxemləri istehsalçısıdır. Teylordakı zavodun istifadəyə verilməsi ilə “Samsung” mikrosxem buraxılışını 2 dəfə artıra biləcək.
Noyabrın 24-də Yaponiyanın Baş naziri Fumio Kişida strateji neft ehtiyatlarının bir hissəsinin satışına icazə veriləcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Baş nazir deyib: “Biz neftin qiymətinin sabitləşməsi üçün ehtiyatların bir hissəsini satacağıq və bununla əlaqədar digər tədbirləri həyat keçirəcəyik”. Satışa çıxarılacaq ehtiyatların həcmi barədə məlumat verməyən F.Kişida bunu iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın elan edəcəyini bildirib.
Baş nazir, həmçinin qeyd edib ki, bu barədə qərar ABŞ hökumətinin müvafiq qərarına əsasən, dünya neft bazarını sabitləşdirmək məqsədilə atılıb. Yaponiya hökumətinin başçısı əlavə edib ki, neftin qiymətinin sabitləşməsi koronavirus nəticəsində böyük zərbə almış ölkə iqtisadiyyatının bərpası üçün xüsusi əhəmiyyət daşıyır. Bununla əlaqədar digər tədbirlər planlaşdıran Tokio, neft hasilatçısı olan ölkələri neftin qiymətinin qalxmaması üçün addımlar atmağa da çağıracaq.
Yaponiyanın iqtisadiyyat sahəsində nüfuzlu “Nikkei” qəzeti bir gün əvvəl Yaponiya hökumətinin 4,2 milyon barel nefti satmağı planlaşdırdığı barədə məlumat yayıb. Bu ərəfədə Tokio ticarət birjasında bu xammal növünün qiyməti son iki həftəlik maksimumu yeniləyib.
Əlavə olaraq qeyd edək ki, ABŞ hökuməti də noyabrın 22-də 50 milyon barel neftin satışa çıxarılacağını elan edib. Ağ ev bununla yanaşı, Böyük Britaniya, Hindistan, Çin, Cənubi Koreya və Yaponiya tərəfindən də müvafiq addımların atılacağını elan edib.
Böyük Britaniyanın tam elektriklə işləyən təyyarəsi “Spirit of Innovation” dünya rekordu qırıb.
AZƏRTAC xəbər verir ki, avtomobil və təyyarə mühərrikləri istehsalçısı “Rolls-Royce”un , tam elektriklə işləyən təyyarəsi “Spirit of Innovation” saatda 623 kilometr sürətə çataraq dünya rekordunu yeniləyib.
“Rolls-Royce” şirkətinin baş direktoru Varren İst bildirib ki, təyyarə enerji topladıqdan sonra 30 dəqiqədən çox uça bilir.
Saatda 623 kilometr sürətə çatan təyyarə dünya rekordunun yeni sahibi olub.
Sınaq uçuşu zamanı təyyarəni “Rolls-Royce”un uçuş əməliyyatları üzrə direktoru Fil Odell idarə edib. Təyyarə 202 saniyəyə 3 min metr hündürlüyə qalxaraq daha bir rekord qırıb. Məlumat təsdiq üçün dünya aviasiya rekordlarını yoxlayan Beynəlxalq Aviasiya Federasiyasına (World Air Sports Federation) göndərilib.
Sınaq uçuşu Böyük Britaniyanın Müdafiə Nazirliyinin “Boscombe Down” eksperimental təyyarə sınaq poliqonunda baş tutub.
Xatırladaq ki, 2017-ci ilin aprelində Almaniyada yerləşən “Siemens” firmasının “Extra 330LE” elektrikli təyyarəsi saatda 337,5 kilometr sürətə çataraq rekord qırmışdı.
“YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.
Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə olmaqla, 4 saat çəkir.
Proqramda 18-35 yaş arası namizədlər iştirak edə bilər. Namizədlərin Azərbaycan dili ilə yanaşı, ən azı bir xarici dil (ingilis, rus və s.) bilməsi vacibdir.
Müraciət etmək istəyənlər öz CV-lərini “ART könüllü” yazaraq registration@yarat.az ünvanına göndərə bilərlər.
İspaniyanın Baş naziri Pedro Sançes turizm sektorunun davamlı inkişaf planlarına 615 milyon avro ayıracağını bildirib.
AZƏRTAC xəbər verir ki, Pedro Sançes bu “tarixi” sərmayənin İspaniyanı turizm sahəsində lider ölkəyə çevirən şirkətlərə kömək etmək məqsədi daşıyan İspaniya Nazirlər Şurasının növbəti iclasında təsdiqlənəcəyini deyib.
“İspaniya turizm sahəsində dünya lideridir və biz bunun bundan sonra da belə olacağını istəyirik. Bunun üçün biz bu sektorun modernləşdirilməsinə və dayanıqlı turizmə arxalanmalıyıq”, - deyə P.Sançes vurğulayıb.
Sənaye, ticarət və turizm naziri Mariya Reyes Marotonun sözlərinə görə, İspaniyanın təhlükəsiz məkan kimi imicinin qorunub saxlanmasının səbəbi əhalinin hədəf qrupunun 89 faizinin peyvənd olunmasıdır.
UNESCO Baş Konfransı çərçivəsində Odre Azulenin yenidən qurumun baş direktoru seçilməsi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO II seçki qrupunun adından Azərbaycanın qurum yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edib. Daimi nümayəndə Odre Azuleni UNESCO-nun yenidən baş direktoru seçilməsi münasibətilə təbrik edib və ikinci mandatı ərzində ona uğurlar arzulayıb. Üzv ölkələr tərəfindən tam dəstəklənən strateji transformasiyanın qurumun BMT –nin Dayanıqlı İnkişaf Məqsədlərinə ən yaxşı yanaşmanı təqdim etmək əzminin göstəricisi olduğunu bildirib.
UNESCO-nun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrə toxunaraq, təhsilin insanlara nifrət və dözümsüzlükdən uzaq qlobal vətəndaşlar kimi yaşamağa kömək etdiyini, hər bir uşağın keyfiyyətli təhsilə bərabər çıxışının təminatında qurumun rolunu qeyd edib.
Üzv dövlətlərin mədəni irsin təşviqi, bütün mədəniyyətlərin bərabər qanunauyğunluğunun təmin edilməsi və genişlənmə və əməkdaşlıq platforması kimi elmi proqramların təşviq edilməsi yolu ilə millətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində UNESCO-nun səylərini dəstəklədiklərini bildirib.
“UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlıq vasitəsilə sülh axtarışında rolunu yüksək qiymətləndiririk.
II Qrupun sədri kimi onun üzvlərinin UNESCO-nun fəaliyyətinin bütün sahələrində böyük nailiyyətlər əldə etmələri, onun müxtəlif orqanlarında, o cümlədən İcraiyyə Şurası və yardımçı orqanlarda fəal iştirakı, habelə hökumətlərarası komissiyaların işinə verdiyi töhfə ilə fəxr edirəm.
“Bu qlobal UNESCO ailəsinin bir hissəsi olaraq təşkilatımızın mandatını tam şəkildə həyata keçirmək üçün dəstəkləmişik və həmişə dəstəkləyəcəyik”,-deyə E. Abdullayev vurğulayıb.
Tədbirdə UNESCO-nun digər seçki qruplarının sədrləri çıxış ediblər. Tədbir İraq Daimi Nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.
Bakıda Nizami Kino Mərkəzində Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunmuş “Qazax. Qızıl adamın tarixi” (Qazaq. History of Golden Man) filmi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, filmin müəlliflərindən biri tanınmış amerikalı rejissor, üç dəfə Oskar mükafatı laureatı Oliver Stoundur. Səkkiz hissədən ibarət olan sənədli ekran əsərinin baş rejissoru İqor Lopatonok, prodüseri Vera Tomilova təqdimatla əlaqədar Bakıya gəliblər.
Çəkilişlərə ötən il başlandığını deyən rejissor İ.Lopatonok qeyd edib ki, film ilk dəfə bu il iyulun 6-da Nazarbayevin doğum günündə Qazaxıstanda yayımlanıb. Sonrakı təqdimatlar Moskvada, Los-Ancelesdə və Romada keçirilib. Gələn il isə ekran əsəri Berlin Film Festivalında nümayiş olunacaq.
“Bakıdan sonra biz filmi Minskdə “Listopad” kinofestivalına çıxaracağıq. Sonra isə bir neçə ölkədə - Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Çində və Almaniyada auditoriyaya təqdim edəcəyik. Filmdə izləyici Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, Qazaxıstanın tarixi, mədəniyyəti haqqında dolğun məlumat ala biləcək. Təqdimatı keçirilən şəhərlərdə film tamaşaçıların rəğbətini qazanıb. Əminəm ki, digər ölkələrdə də belə olacaq”, - deyə o bildirib.
Azərbaycanda ilk dəfə olaraq xanımlardan ibarət Kamera Orkestrin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevadır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, tanınmış bəstəkar Könül Hüseynova orkestr barədə məlumat verərək deyib: “Orkestrin adı məhz Fidan Hacıyevanın səs tembrinə uyğun olaraq seçilib. Orkestr “Mezzo” adlanır. Ölkəmizin istedadlı ifaçılarından təşkil olunan bu orkestr xalqımızı, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edəcək. Orkestrin yaradılması repertuar genişliyinə, eləcə də Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə bu cür orkestrlər artıq yaradılıb. Azərbaycanda isə ilk dəfə olaraq bu orkestr Fidan Hacıyeva tərəfindən yaradılıb. Bu layihə bizim və xarici ölkə bəstəkarlarının təbliği baxımından çox böyük önəm kəsb edəcək. Orkestrin xanımlardan ibarət olması başqa bir məqsəd də daşıyır. Fidan xanım bizim gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Təhsillə bağlı əngəlləri olan xanımlar onu çox narahat edir. O, bu addımı ilə onlara çağırış etmək istəyir. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir layihəsi də var. Rayon və kəndlərimizdə olan gənc qızlarımızın istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq. Məqsədimiz isə ən imkansız ailələrin uşaqlarını seçib, təhsilini, yaşayış şərtlərini Bakıda təmin etməkdir. Onlar bizim və dövlətimizin nəzarəti altında öz təhsillərini davam etdirəcəklər”.
Əməkdar artist Fərid Əliyev isə Fidan Hacıyevanın bütün işlərinə, uğurlarına şahidlik etdiyini bildirib: “Fidan xanım gözəl bir işə imza atıb. Onu daim dəstəkləyirəm və yanındayam. Biz neçə illərdir tərəf müqabiliyik. O, hərtərəfli istedadlı bir insandır. Ümumən bu orkestrə, özümüzə uğurlar arzu edirəm. Mənim ilk addımlarım Fidan xanımın dəstəyi ilə reallaşıb. Buna görə də ona təşəkkür edirəm”.
Xalq artisti Fidan Hacıyeva yaratdığı orkestrdə böyük perspektiv gördüyünü dilə gətirib: “Öz orkestrimin olması ən böyük arzum idi. Çox şükür ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Orada artıq məşqlərə başlamışıq. Orkestrdə yer alan qızlar çox peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Həmçinin çıxışlarımızı müxtəlif ölkələrdə reallaşdırmaq istəyirik. Azərbaycanın ucqar kənd və rayonlarında imkansız uşaqlara təhsil verməklə bərabər həmin yerlərdə fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Vokalist dostlarımın dəstəyi ilə bunu reallaşdıracağıq”.