Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə şair Vaqif Aslanın Şuşada qələmə aldığı “Şuşadakı duyğular” şeirlər kitabı Bişkekdə Azərbaycan, özbək və türk dillində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, şeirləri özbək dilinə Gülzira Şaripova, türk dilinə Yusif Aslan tərcümə edib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu ilin avqust ayında Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərində ədəbi ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri arasında Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslan da olub.
Şair Şuşa təəssüratlarını şeirə çevirib, bu qədim şəhəri düşmən caynağından qurtaran əsgər və zabitlərimizi, vətən torpağını poetik bir dillə tərənnüm edib.
Səfər təəssüratlarının məhsulu olan bu şeirlərdə düşmənin insanlara və insanlığa, abidələrə, hətta torpağa, daşa, divara qarşı soyqırımı siyasəti həyata keçirdiyi öz əksini tapır.
Dünya şöhrətli fotojurnalist Reza Deqati Ağdamdan çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.
AZƏRTAC xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “Çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1992-ci ildə işğal edib. Onlar evləri, ofisləri, mağazaları, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.
Memar olaraq və dünyada bir çox münaqişə zonalarında qazandığım 40 illik təcrübəmdən irəli gələrək müəyyənləşdirdim ki, bu dağıntılar hərbi proseslərin nəticəsi deyil, məqsədyönlü qarətdir. Çiçəklənən və möhtəşəm Ağdam şəhərinə 1992-ci ilin martında qonşu Xocalı əhalisinin ermənilər tərəfindən törədilmiş qətliamını çəkmək üçün gəlmişdim. 28 il sonra - 2020-ci il noyabrın 21-də - şəhərin işğaldan azad edilməsinin səhəri günü buraya yenidən gəldim. Ruhən qəlbimdə o dəhşətləri hələ də yaşayıram. Ümid edirəm ki, bu, bir daha dünyanın heç bir yerində heç vaxt təkrarlanmayacaq”.
Qeyd edək ki, Ağdam şəhəri və rayonun işğal altındakı hissəsi 2020-ci il noyabrın 20-də üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarılıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası uzun fasilədən sonra yenidən nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Səhnə əsərinin nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov çıxış edərək deyib ki, Prezident İlham Əliyev 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi şairin 840 illik yubiley mərasimləri keçirilib.
Ölkə başçısının Sərəncamından irəli gələrək 2021-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir çox mühüm tədbirlər həyata keçirilib. Akademik Milli Dram Teatrı dahi sənətkarın ölməz irsinə öz töhfəsini “Qətibə İnanc” tamaşası ilə verir.
Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.
Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova (Qətibə İnanc), Sabir Məmmədov (Nizami), Kazım Abdullayev (Qızıl Arslan), aktyor İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Ayşad Məmmədov (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artist Mirzə Ağabəyli (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Elşən Rüstəmov (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak ediblər.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İdarə Heyəti Kazan şəhərinə “İƏT-in Gənclər Paytaxtı - 2022” statusunun verilməsi barədə qərar qəbul edib.
“Report” Tatarıstan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Tatarıstan Prezidenti Rüstəm Minnixanov respublikanın hökumət evində keçirilən ənənəvi iclasında bildirib.
Onun sözlərinə görə, Kazan 2022-ci ildə İƏT-in gənclər paytaxtı statusunda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyi planlaşdırır. Bura İƏT ölkələrinin gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə qlobal gənclər sammiti, müsəlman mədəniyyətinin beynəlxalq gənclər festivalı, beynəlxalq at yarışları və s. tədbirlər daxildir.
Qeyd olunub ki, müxtəlif illərdə bu status İstanbul (Türkiyə), Şiraz (İran), Putracaya (Malayziya), Fes (Mərakeş), Doha (Qətər) və bir sıra digər şəhərlərə verilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında “Psix” tamaşasının məşqlərinə başlanılıb.
Teatrdan Report-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ər-Toğrul Kamalov, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandıracaq. Teatrın gənc və istedadlı aktyorları – Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (Xidmətçi) də bu tamaşada maraqlı rolların ifaçıları olacaqlar.
Noyabrın 24-də Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı rəsm sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu Türkiyənin Konya şəhərində keçirilən Aşıqlar bayramında iştirak edib.
Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, Karatay bələdiyyəsinin ev sahibliyi və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən və sayca 55-ci olan tədbirdə Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan, İran və İraqı təmsil edən, ümumilikdə 19 şəhərdən 35 ozan-aşıq iştirak edib.
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və gənc aşıqlardan Roman Azaflı, Əfsanə Kərimli, Rəqsanə Məmiyeva, Gülbəyaz Dadaşova və Nəzrin Məlikovanın çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, tədbirin təşkilatçıları tərəfindən mükafata layiq görülüblər.
Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində TÜRSOY-un ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” kitab-albomun və Mədəniyyət Nazirliyinin Mili Kitabxana ilə birlikdə yeni nəşr etdirdikləri “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan təqdimat mərasimi Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Nizami Gəncəviyə həsr olunmuş sərgi ilə tanış olublar.
Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir deyib: “Nizami Gəncəvi İli”nin ölkəmizdə qeyd edilməsi təsadüf deyil. Nizami bir fenomen olaraq nəinki Azərbaycan, digər türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Əsrlər sonra Nizaminin əsərlərinə bir çox müraciətlər olunub. Bu mənbə o qədər zəngin olub ki, Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, nə qədər geniş və hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır.
Biz bu il çərçivəsində bir çox tədbirlər keçirmişik. Bu ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirməyi qərara aldıq. Artıq noyabrın 15-dən ölkəmizdə on gün ərzində böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür”.
Nazir daha sonra kitab-albomun və kitabın nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.
Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bu il “Nizami Gəncəvi İli” çərçivəsində Türkiyədə bir çox tədbirlərin, elmi konfransların, musiqili proqramların təşkil edildiyini söyləyib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin ölkəmizdə, sənətə, ədəbiyyata, mədəniyyətə, görkəmli şəxsiyyətlərimizə dövlət səviyyəsində bəslənilən böyük ehtiramın, diqqətin bariz nümunəsi olduğunu söyləyib. Akademik təqdimatı keçirilən kitabların Nizami Gəncəvi ilinə gözəl bir töhfə olduğunu qeyd edib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşüblər.
Daha sonra Milli Kitabxananın hazırladığı “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda elektron məlumat bazası təqdim olunub.
Tədbir Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət musiqili kompozisiya ilə davam edib.
Türkiyənin Bursa şəhərinin 2022-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi münasibətilə Bursa şəhərində mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş TÜRKSOY tərəfindən Bursanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirərək, göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və 2022-ci ildə görüləcək tədbirlərdən danışıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov çıxışında bildirib ki, Bursa Avropanın mədəniyyət paytaxtlarında da tanıdılacaq.
Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Türkiyə 2022-ci ildə keçiriləcək 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə “fəxri qonaq” statusunda qatılacaq. Şöbə müdiri Bursa bələdiyyəsini də həmin sərgidə stendlə iştiraka dəvət edib. Şöbə müdiri Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını və “Gəncə - Nizami yurdu” kitabını Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaşa hədiyyə edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, təşkilatın bu ay başlatdığı Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və Yunus Əmrənin ölümünün 700 illiyinə həsr olunmuş konsert proqramlarının davamı olaraq, noyabrın 18-də Bursada türk dünyası sənətçilərinin iştirakı ilə möhtəşəm konsert və sərgi keçiriləcək.
Sonra Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov jurnalistlərin suallarını cavablandırıblar.
Cənubi Koreyanın “Kalmar oyunu” serialında səslənən musiqi “Hollywood Music in Media”nın “Teleşou və ya mini serial üçün ən yaxşı saundtrek” nominasiyası üzrə mükafat alıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, mükafatlandırma mərasimi “Hollywood Music in Media”nın rəsmi saytında yayımlanıb.
Bəstəkar Çun Çe İl çıxışında bütün həmkarlarına və saundtrek üzərində çalışan və ona ilham verən insanlara, xüsusən də klassik və caz partiyalarını ifa edən Norbert Elekin rəhbərliyi ilə Budapeştdən gələn musiqi qrupuna təşəkkür edib.
Alman bəstəkarı Hans Zimmer əsas nominasiyalarda eyni vaxtda iki mükafat qazanıb. O, “Ölməyə vaxt yoxdur” filminin musiqisinə görə “Film üçün ən yaxşı saundtrek” və “Duna” filminə görə “Fantastik filmlər üçün bəstələnən ən yaxşı saundtrek” nominasiyalarında birinci olub.