Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılacaq

    Noyabrın 24-də Bakı Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq açılacaq sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

    Sərgi ilə bağlı hazırlanmış kataloqda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Aşıq sənətimiz rənglərin işığında” sərlövhəli yazısında qeyd edib ki, Xalq rəssamı, professor Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” silsiləsini həm də onun bu vaxta qədər incəsənət tariximizdə “ağ ləkə” kimi görünən saz-söz sənəti tarixinə vətəndaş mövqeyinin ifadəsi saymaq olar. “Əvvəllər də rəssam aşıq sənətinin bədiiləşdirilməsinə maraq göstərib, amma bu epizodik xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra Arif Hüseynovun xalqımızın qopuzlu dünyasına müraciəti davamlı və daha əhatəli olmuşdur. Elə onun ictimailəşdirməyə qərar verdiyi otuza qədər əsər də bunun ifadəsidir...Özündə ənənə ilə müasirliyin qovşağını yaşadan bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhunda rəssamın Azərbaycanımıza - onun əvəzolunmaz mənəvi dəyəri olan saza - aşıq sənətinə nəhayətsiz sevgi və ehtiramı duyulmaqdadır”.

  • Nazir: “Azərbaycan YUNESKO-nun bütün dünyada inkişafına töhfə verəcək”

    “Azərbaycan hər zaman təşkilatın YUNESKO dəyər və prinsiplərinə sadiqdir və onun missiyasının bütün dünyada inkişafına mütləq töhfə verəcək”.

    Report xəbər verir ki, bu fikirlər mədəniyyət naziri Anar Kərimovun Twitter hesabında Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrikində yer alıb.

    Nazir Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsinə layiq olduğunu vurğulayıb.

    Qeyd edək ki, dünən YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

  • Xalq artisti Rafael Dadaşovun 75 illik yubileyi qeyd edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq аrtisti Rafael Dadaşovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin aparıcısı Aytac Vahabova sənətkarın ömür yolu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ömrünün 40 ildən çoxunu sənətə həsr edən Rafael Dadaşovun həyat və yaradıcılıq yolu maraqlı və bir o qədər də məzmunludu. Xalq artisti teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olub. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli, yaddaqalan obrazlar qalereyası yaradıb. Xalq artisti teatra olduğu kimi, televiziya tamaşalarına da baxımlılıq gətirib, müəlliflərin məqsəd və məramlarını yaradıcılığı vasitəsilə tamaşaçıya çatdırıb. Sənəti dərindən duyma qabiliyyətinə görə romantik və realist aktyor məktəbinin davamçısı olan sənətkara bu mənada müxtəlif səpkili, xarakterik rollar həvalə edilib.

    Tədbirdə sənətkarın həmkarı, Əməkdar artist Vahid Əliyev çıxış edərək Rafael Dadaşovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb. Həmçinin gənc və istedadlı ifaçı Manaf Əliyevin, Şüvəlan qəsəbə Mədəniyyət evinin “Şüvəlan” ansamblının rəhbəri Elçin Əlibəylinin, sazda Rəsul Qayıbovun ifaları gələn qonaqlarda xoş təəssürat yaradıb.

    Sonda sənətkarın yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

  • “Rəy” layihəsi çərçivəsində növbəti görüş

    Noyabrın 24-də YARAT Müasir İncəsənət Mərkəzinin "Rəy" layihəsi çərçivəsində rejissor və prodüser, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevlə görüş keçiriləcək.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində sual-cavab sessiyası təşkil olunacaq, iştirakçıları maraqlandıran mövzular müzakirə ediləcək. Həmçinin Orman Əliyevin ideya müəllifi və rejissoru olduğu, İkinci Qarabağ müharibəsinin reallıqlarından bəhs edən "Biz" tarixi-sənədli filmi nümayiş ediləcək.

    Xatırladaq ki, Orman Əliyev 40-dan çox qısa və tammetrajlı sənədli filmin müəllifidir. O, "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" (2015), "Əbədi ezamiyyət" (2016), "Bir günəş altında" (2016), "Son iclas" (2018), "Miras" (2018) kimi həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən rəğbət qazanmış sənədli filmlərin prodüseridir.

  • YARAT-da nümayiş ediləcək növbəti film - “Mövsümün sonu”

    Bu gün saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində “Mövsümün sonu” filmi nümayiş ediləcək.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, film Azərbaycanda boşanma ərəfəsində olan, azadruhlu kiçik ailədən bəhs edir. Oğul Mahmud həyəcanla özünə ev axtarır: ana Fidan ailəsinin xidmətinə həsr etdiyi illərdən sonra öz əvvəlki həyatını geri arzulayır. Ata Samir sadəcə yalqız qalmaq istəyir...

    Filmin rejissoru Almaniyada təhsil almış və yaşayan azərbaycanlı rejissor Elmar İmanovdur. O, Rusiya, Almaniya və Gürcüstanda keçirilən beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

    Rejissor çəkdiyi ekran əsərində baş qəhrəmanların simasında müdrik metafora ilə azadlıq anlayışı əsas məqsədə çevriləndə nələr baş verəcəyini, onun qəriblik və qarışıqlı anlaşılmazlıq üçün necə bir pərdə kimi xidmət etdiyini göstərir.

  • Vətən müharibəsi şəhidi İsrayıl Cəfərzadənin ailəsi ziyarət edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Vətən müharibəsi şəhidi İsrayıl Cəfərzadənin ailəsini ziyarət ediblər.

    İdarədən AZƏRTAC-a bildirilib ki, ziyarətçilər şəhidin ev-muzeyində toplanmış şəxsi əşyalarına baxıb və atası Namiq müəllimin İsrayıl Cəfərzadənin ömür və döyüş yolundan ibarət həyat hekayələrini ürəkağrısı ilə dinləyiblər.

    Bildirilib ki, qəhrəman şəhid İsrayıl Cəfərzadə 2000-ci il sentyabrın 30-da Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil alıb. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olub. Rayonlararası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq müxtəlif diplomlar və medallarla təltif olunub.

    O, təhsilini bitirdikdən sonra 2019-cu il iyulun 2-də hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl çavuş rütbəsi alıb.

    Azərbaycan Ordusunun əsgəri olan İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 16-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.

  • Dənizçilərimiz Vətən müharibəsində

    Tanınmış şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı çap olunub.

    AZƏRTAC xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitab 320 səhifədən ibarətdir. “DSD” İB-nin layihəsi olaraq 2.000 tirajla dərc olunub. Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı Fərrux Həmidlidir.

    Kitabda 300 nəfərə yaxın I və II Qarabağ müharibələri zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının şərəfli döyüş yolundan bəhs olunur.

  • “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edilib

    “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda Milli Gün qeyd edilib.

    Report xəbər verir ki, Milli Gün çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla bin Tuq Əl Marri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib.

    Görüşdə nazir “Dubay Ekspo 2020”yə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib, ikitərəfli əlaqələr, ölkəmizdə investisiya istiqamətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

    Daha sonra “Dubay Ekspo 2020”dəki “Al Wasl Plaza” meydanında rəsmi mərasim keçirilib. BƏƏ-nin və Azərbaycanın dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.

    Tədbiri açan “Dubay Ekspo 2020”nin icraçı rəhbəri Issam Kazım sərgi çərçivəsində təşkil olunan Milli Gün münasibətilə təbriklərini çatdırıb. O, ölkəmizin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirib, Azərbaycan ilə BƏƏ arasında geniş iqtisadi və mədəni əlaqələrdən bəhs edib.

    “Dubay Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin “Ekspo 2020” sərgisini yüksək səviyyədə təşkil etdiklərinə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə və xalqına təbriklərini çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ortaq mədəni, tarixi və dini dəyərlərə malik olan BƏƏ ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Hazırda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Ölkəmiz BƏƏ vətəndaşları üçün əsas turizm məkanlarından biridir, həmçinin iqtisadi və investisiya sahələrində əlaqələr inkişaf edir.

    Tədbirdə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq, o cümlədən tarixi-mədəni abidələrin bərpası istiqamətində işlərdə fəal iştiraka dəvət edilib.

    Ölkəmiz sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” (Seeds for the Future) mövzusu ilə çıxış edir. Ölkəmizin “Ekspo” sərgisində layiqincə iştirakına Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət ayırıb və Azərbaycan “Dubay Ekspo 2020” sərgisində milli pavilyonun tikinti işlərinə başlayan ilk ölkələrdən olub.

    "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.

    Daha sonra qonaqlar Azərbaycanın və BƏƏ-nin milli pavilyonları ilə tanış olublar.

    Qeyd edək ki, pavilyonun landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltaraşlıq əsərləri ilə bəzədilib. Burada, həmçinin Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltaraş Elvin Nəbizadənin "Kövrək saz" instalyasiyası, Leyla Əliyevanın “Ürək” heykəltaraşlıq əsəri, Faiq Əhmədin xalça motivlərində instalyasiyası da təqdim edilir.

    Eyni zamanda, təbiətdən ilhamlanaraq yaradılan pavilyonun dizaynı və konsepsiyası özünəməxsusluğu ilə seçilir və eksponun ən çox ziyarət edilən pavilyonları sırasında yer alır. Milli pavilyonda gün ərzində 10 mindən çox ziyarətçi olur. Sərgi çərçivəsində pavilyonun səhnəsində mütəmadi olaraq konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir, ziyarətçilərə Azərbaycanın tarixi və bugünkü həyatını yaxından izləmək imkanları yaradılır.

    Xatırladaq ki, ekspo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edərək yüksək mükafatlara layiq görülüb. Bu beynəlxalq platformada uğurlu iştirakı ilə seçilən ölkəmiz, həmçinin 2025-ci ildə keçiriləcək ümumdünya ekspo sərgisinə namizədliyini irəli sürüb.

  • Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin konserti olub

    Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin konserti keçirilib.

    AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək orkestrin fəaliyyəti haqqında məlumat verib. Cadenza ansambl kimi 2016-cı ildə yaradılıb. Həmin dövrdən etibarən bir sıra yerli və beynəlxalq festivallarda çıxış edib. Kollektiv bu ildən orkestr şəklində fəaliyyət göstərməyə başlayıb. Musiqi maarifçiliyi öhdəliyini özündə ehtiva edən orkestr şəhər və rayonlarda mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərini əhatə edən əsərləri ifa etməklə təmaslar qurmağı nəzərdə tutur. Həmçinin məqsəd Azərbaycanda müasir musiqi ifaçılığı və ənənəsini yaşatmaq, vaxtilə ölkəmizdə yaradılan müasir musiqi ansamblları ənənələrinin bərpası və inkişaf etdirilməsidir. Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.

    Bildirilib ki, orkestrin əsas missiyası çağdaş musiqi ənənələrini davam etdirməkdir. Konsertdə orkestr bir növ musiqi tarixi üzərində gəzişmələr edəcək. Bir konsertlik gəzişmələrdə orkestr barokkodan postmodernizmə, Purseldən Feldmana qədər bir musiqi səyahəti təqdim edəcək. Daha sonra proqramda səslənəcək əsərlər haqqında məlumat verərək diqqətə çatdırıb ki, konsertdə səslənən əsərlərin bir çoxu Bakıda ilk dəfə təqdim olunur.

    Cadenza orkestrinin ifasında H.Pursel, İ.Haydn, F.M.Bartoldi, A.Skryabin, A.Şnitke, M.Feldmanın əsərləri səsləndirilib. Solistlər Üzeyir Mahmudbəyli (viola), Ərol Rzayev (violonçel) dirijor Samir Əsədovun rəhbərliyi ilə müasir musiqi nümunələrinin, barokko dövrünün, sovet avanqardının estetik civarlarını, klassizmin simvollarını tamaşaçılara təqdim ediblər.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - "Aşıq musiqisi axşamları", "Sirlər xəzinəsi", "Unudulmayanlar", "Yeni nəsil dəvət edir", "Dastanlar", "Muğamat var olan yerdə", "Muğam axşamları", "Vətənimdir Azərbaycan" həyata keçirir.

  • Meksika yazıçısı Karlos Fuentesin “Seçilmiş əsərləri” ədəbi ictimaiyyətə təqdim olunub

    Görkəmli Meksika yazıçısı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Kitabxanasında reallaşan tədbiri Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores açaraq Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı diqqətdən, bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələrdən danışıb.

    Səfir deyib: “Latın Amerikası ədəbiyyatının tanıdılması istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi dəyərli nəşrlər sırasında Xuan Rulfo, Karlos Fuentes kimi məşhur Meksika yazıçılarının əsərləri də mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılıb. Bu nəşrlərin hər biri, istər Azərbaycan, istərsə də Meksika ədəbi mühiti üçün əlamətdar hadisədir. Heç kimə sirr deyil ki, hər bir xalqın, onun mənəvi dünyası, ədəbi fikri, fəlsəfəsi haqqında ən geniş təəssüratı məhz onun ədəbiyyatı yaradır. Xalqlar arasında yaxınlıq, qarşılıqlı anlaşma da, məhz bu körpü vasitəsilə – mədəniyyətlər və ədəbiyyatlararası mübadilələr sayəsində qurulur. Bu gün ölkələri, qitələri bir-birindən uzaq salan məsafə anlayışını dəf etmək, xalqları bir-birinə qovuşdurmaq kimi mühüm bir missiyanın daşıyıcısı məhz ədəbiyyatdır”.

    Daha sonra mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəhbəri, yazıçı Etimad Başkeçid, ədəbiyyatşünas alim professor Rüstəm Kamal, kitabın tərcümə müəllifi, tanınmış yazıçı Saday Budaqlı, yazıçı Yaşar Əliyev və digərləri çıxış edərək Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, bu ölkələrin aparıcı yazıçı və şairlərinin əsərlərinin tərcüməsini və nəşrini həyata keçirməklə ümumi ədəbi prosesə verdiyi töhfələrdən, Meksika reallığını mifoloji infrastruktur və arxetip sistemlər əsasında yaradan Karlos Fuentesin əsərlərinin müasir dünya və Azərbaycan nəsrinə təsirindən bəhs ediblər.