Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Sarayında konsert proqramı təxirə salınıb

    Heydər Əliyev Sarayında konsert proqramı şəhidlərimizə görə təxirə salınıb.

    Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı AZƏRTAC-a bildirib ki, bu gün sarayda keçiriləcək “Jazz mix” konsert proqramı şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təxirə salınaraq, dekabrın 16-na keçirilib. Əldə olunmuş bütün biletlər etibarlıdır.

    Ermənistanın təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

    Allah rəhmət eləsin!

  • UNESCO Baş Konfransı çərçivəsində Mədəniyyət Komissiyasının iclasına ilk dəfə Azərbaycan sədrlik edir

    Parisdə UNESCO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayıb.

    UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi Komissiyanın iclasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcəkdir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı müzakirələr aparılacaq.

  • Kitabxanada Milli Dirçəliş Günü münasibətilə videoçarx hazırlanıb

    Noyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Milli Dirçəliş Günü münasibətilə videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda Dirçəliş Günü ilə bağlı məlumatlar verilib.

    Videoçarxda qeyd edilib ki, xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib.

  • “Mövsümün sonu” filmi nümayiş olunacaq

    Noyabrın 19-da YARAT Müasir İncəsənət Mərkəzində “Mövsümün sonu” adlı film nümayiş ediləcək.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, film Azərbaycanda boşanma ərəfəsində olan, azadruhlu kiçik ailədən bəhs edir. Oğul Mahmud həyəcanla özünə ev axtarır: ana Fidan ailəsinin xidmətinə həsr etdiyi illərdən sonra öz əvvəlki həyatını geri arzulayır. Ata Samir sadəcə yalqız qalmaq istəyir...

    Filmin rejissoru Almaniyada təhsil almış və yaşayan azərbaycanlı Elmar İmanovdur. O, Rusiya, Almaniya və Gürcüstanda keçirilən beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

    Rejissor çəkdiyi ekran əsərində baş qəhrəmanların simasında müdrik metafora ilə azadlıq anlayışı əsas məqsədə çevriləndə nələr baş verəcəyini, onun qəriblik və qarışıqlı anlaşılmazlıq üçün necə bir pərdə kimi xidmət etdiyini göstərir.

  • Respublika Gənclər Kitabxanası Milli Dirçəliş Günü münasibətilə materiallar hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Milli Dirçəliş Günü” mövzusunda videoçarxlar hazırlayıb, həmçinin kitabxana daxilində "Milli dirçəliş, milli rifah" adlı kitab sərgisi təşkil edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomateriallarda Milli Dirçəliş Gününün tarixinə nəzər salınıb, o illərin xronologiyası bir daha canlandırılıb.

    Videoçarxlarda 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına, Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşmaları faktları, mitinqlərdə səsləndirilən tələblər öz əksini tapıb. İzləyicilər hazırlanan materialda o illərin fotogörüntülərini də izləyə bilərlər.

    Bundan əlavə Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada 30-a yaxın kitab və qəzet nümunələrini cəmləyən "Milli dirçəliş, milli rifah" adlı kitab sərgisi təşkil edilib.

  • İlmələrdə yaşanan ömür

    Bu gün Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 115-ci ildönümü tamam olur

    Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 115-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.

    Lətif Kərimov 1906-cı il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açıb. Onun nəsli - bütün “Allahverənlər” tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olublar. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub. 1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçüb. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirib.1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşib və xalça sənətinə mükəmməl yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışıb.

    Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimov “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.

    Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.

    Dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.

    Lətif Kərimov ilk olaraq xalçaçılıq sənətinin özəl dəyəri, onun xalqın tarixi mədəniyyəti ilə qədim bağlılığı haqqında fikir söyləyib. Sənətkar Azərbaycan xalçalarının bir çox unudulmuş milli ornament növlərini və kompozisiyalarını bərpa edib. Lətif Kərimovun xalq ənənələrinin dirçəlməsi, inkişafı və zənginləşməsində rolu olduqca böyükdür. O, xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçaları uzun müddət “Qafqaz xalçası” adı altında təqdim edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu inciləri vətənə qaytardı, sübut etdi ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı 90 faizi Azərbaycan xalçalarıdır.

    Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.

    Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

    Böyük xalçaçı rəssam uzun illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. O, çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.

    Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

    Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.

  • Bakıda “Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət sərgisi açılıb

    Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, XVII əsrdə inşa edilmiş milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında açılan sərgidə diplomatlar, jurnalistlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

    Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “Şərq irsi” sərgisində Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərləri nümayiş olunur.

    Sərgi dekabrın 1-dək davam edəcək.

  • Heydər Əliyev Sarayında “Bir bax, min yaşat” adlı fotosərgi təqdim olunacaq

    Noyabrın 23-də saat 17:00-da Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi təqdim olunacaq.

    Heydər Əliyev Sarayından AZƏRTAC-a bildiriblər ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən, əsasən təbiət mövzusuna üstünlük verilən sərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanın şəhər və rayonlarının təbiət gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin nümayiş olunduğu sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

    Fotosərginin təşkilində məqsəd foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək gənc, yaradıcı və peşəkar insanlara dəstək olmaqdır.

    Qeyd edək ki, fotosərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

  • BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq

    Bakıda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-dək davam edəcək festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.

    Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

    Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış publisist, yazıçı, bir çox bədii, sənədli filmlərin ssenari müəllifi Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, ukraynalı kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, beynəlxalq film festivallarının qalibi türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

    Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair, mədəniyyət sahəsində də bir çox məqalə və esselərin müəllifi Səlim Babullaoğlu, Xalq artisti, yaratdığı bütün obrazlarda özünəməxsusluğu ilə seçilən aktrisa Mehriban Zəki, bir çox kinofestivalların iştirakçısı və qalibi kinorejissor Elməddin Alıyev yer alır.

    Bu il festival ilk dəfə olaraq Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl Nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.

    Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltaraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi də var. Beləki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır.

    12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq.

    Festivalın daha bir sürprizi Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olacaq. “British Council” ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

    Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

    Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.

    Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

    Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2000-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

    Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

    “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

    Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “ÖZ Film” şirkəti, “British Council” yer alır.

  • Frida Kalonun avtoportreti rekord məbləğə satılıb

    Tanınmış meksikalı rəssam Frida Kalonun “Dieqo və mən” adlı avtoportreti “Sotheby's” hərrac evində 34,8 milyon dollara satılıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məbləğ latın amerikalı rəssamlar üçün rekord sayılır.

    1949-cu ildə çəkilən rəsmdə Kalo və alnında həyat yoldaşı təsvir olunub. Maraqlısı odur ki, ərinin də alnında üçüncü göz var.

    Avtoportretlər rəssamın yaradıcılığının böyük hissəsini təşkil edib. Buna yalnız Kalonun vaxtilə fotoqraf işləmiş atası təsir edə bilərdi. O, tez-tez qızının fotoşəkillərini çəkir və ona kamera qarşısında durmağı öyrədirdi. “Dieqo və mən” əsəri rəssamın yaradıcılığının son dövrünə təsadüf edir və 20 il birgə yaşamış həyat yoldaşına olan sevgisini əks etdirir.