Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Akademik Rafael Hüseynov UNESCO sessiyasında Azərbaycanın həmmüəllifi olduğu layihənin böyük əhəmiyyətindən danışıb

    Dünyanın əsas elm, təhsil, mədəniyyət təşkilatı olan UNESCO Baş Konfransının Parisdə keçirilən 41-ci sessiyası xüsusi əhəmiyyət kəsb edən silsilə məruzə və qətnamələrin müzakirələri ilə davam edir.

    AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanın həmmüəlifi olduğu “Xivə prosesi” – Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” adlı qətnamə UNESCO-nun sosial və humanitar elmlər komissiyasının iclasında geniş müzakirə edilib. UNESCO Baş Konfransının 41-ci sessiyasında Azərbaycanı təmsil edən Milli Məclisin deputatı, akademik Rafael Hüseynov sosial və humanitar elmlər komissiyasının iclasında keçirilən müzakirələrdə fəal iştirak edib. “Xivə perosesi” layihəsinin müzakirələrində mülahizələrini bölüşüb. Bildirilib ki, Özbəkistanın irəli sürdüyü bu layihəyə Azərbaycan əsas həmmüəllif olaraq, bu qətnaməyə töhfələrini verib.

    Akademik Rafael Hüseynov qarşılıqlı faydalı əlaqə və münasibətlərin tarixinə diqqət yönəldərək deyib: “XV əsrin dahi özbək mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvai təsdiq edirdi ki, səbir edərək çalışanlar adi yarpaqdan ipək yaratmağa qadirdir. Bu sözlərin həqiqiliyini tarix də dəfələrlə sübut edilib. Bir zamanlar mədəniyyətləri və xalqları qovuşduran böyük “İpək yolu”nu da əməkdaşlığa, anlaşmaya, qarşılılıqlı iqtisadi və mənəvi bəhrələnməyə nail olmağa çalışan insanlar doğurmuşdular”.

    Rafael Hüseynov qəbul edilən sənədin əslində elm və mədəniyyətdən daha miqyaslı bir layihə olduğunu nəzərə çadıraraq bildirib ki, “Xivə prosesi” mahiyyəti etibarı ilə yalnız Orta Asiyanın sivilizasiyalar qovuşuğunda olması ideyası ilə məhdudlaşmır və əslində qat-qat geniş coğrafiyanı əhatə edir.

    Bu layihəyə 23 ölkənin, eləcə də Azərbaycanın qoşulması, bu sırada region ölkələri ilə yanaşı Meksikanın, Almaniyanın, İtaliyanın, Macarıstanın, Çinin bir çox başqalarının yer alması düşündürücüdür. Çünki “Xivə prosesi”nin başlıca fəlsəfəsi yeni zaman içərisində mədəniyyətləri, xalqları daha artıq yaxınlaşadırmağa yeni impuls və mümkün töhfələr vermək, əməkdaşlıq və anlaşmanın sərhədlərini daha da genişləndirməkdir. Ciddi perspektivlər vəd edən bu platforma elm, təhsil, mədəniyyət, intellektual əməkdaşlıqdan daha geniş hədəfləri nəzərdə tutur. “Xivə prosesi” fikrimcə, həm də yetərincə əhəmiyyətli siyasi yük daşıyır, region ölkələrinin dünya ilə əlaqələrinin dərinləşdirməyi, qarşılıqlı anlaşma və inam mühitinin mökhəmlənməsinə xidmət edə biləcəkdir.

    Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan son illərdə dünya miqyasında mədəniyyətlər və dinlər arasında dialoqun başlıca mərkəzlərindən birinə çevrilib, uğurla gerçəkləşən bir çox bu qəbil tədbirlərə ev sahibliyi edib. Eyni zamanda, Azərbaycan bu gün dünyanı qovuşduran və qarşılıqlı maraqlara xidmət edən bir sıra mühüm qlobal iqtisadi layihələrdə də aparıcı mövqe tutmaqdadır.

    Akademik Rafael Hüseynov qəbul edilən “Xivə prosesi”: Mərkəzi Asiyada beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” adlı qətnamənin UNESCO-nun ali məqsədlərinə, ölkələr və xalqlar arasında yaxınlaşma və əlaqələrin inkişafında xidmət edən mühüm layihə kimi bəhrələr verəcəyinə, nəzərdə tutulmuş niyyətlərin həyata keçirilməsinə yeni sürət gətirəcəyinə inamını ifadə edib.

  • “Unudulmayan oğullar” adlı videoçarxda şəhid Elçin Qurbanovun şərəfli ömür yolundan bəhs olunur

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Elçin Qurbanov haqqında “Unudulmayan oğullar” adlı videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid Elçin Qurbanovun qısa, ancaq şərəfli ömür yolundan bəhs edən videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

    Videoçarxda qeyd edilir ki, Elçin Məcid oğlu Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.

    2008-2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Elçin Qurbanov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

    Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

    Elçin Qurbanov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

  • Kitabxana əməkdaşları “Vətən mənim vüqarım” adlı videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Vüqar Ələkbərovun doğum günü ilə əlaqədar "Vətən mənim vüqarım" adlı videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidin ömür yolundan bəhs edən videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

    Bildirilib ki, Vüqar Telman oğlu Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Avtomobilin təmiri və servisi” üzrə təhsil alıb.

    Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə baş əsgər hərbi rütbəsi alıb.

    Hərbi xidmətini başa vurduqdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

    2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam etdirib. Həmin ilin fevral ayında isə xidmətinə Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində davam edib. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə kiçik gizir hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun komandiri vəzifəsinə təyin edilib.

    Vüqar Ələkbərov 2018-ci ildə gizir hərbi rütbəsi alıb və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.

    Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhadətə ucalıb və Ucar rayonunun Qazyan kəndində dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

  • UNESCO: Azərbaycan nümayəndə heyətinin üzvləri Baş konfransın 41-ci sessiyasında iştirak edirlər

    Parisdə UNESCO-nun mənzil qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası keçirilir.

    AZƏRTAC xəbər verir ki, aidiyyəti sahələr üzrə Azərbaycan nümayəndə heyətinin üzvləri sessiyada iştirak edirlər.

    Bu gün səhər qurumun Büro iclasında Daimi Nümayəndəliyimizin II katibi Nahid Omarov iştirak edib.

    İclasda Baş Konfransın, eləcə də müxtəlif Komissiyaların gündəliyi və cari məsələlər müzakirə olunub.

    Noyabrın 24-də başa çatacaq UNESCO-nun Baş Konfransında Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif komissiya iclaslarında ölkəmizi təmsil edirlər.

  • “YARAT”ın Bərdədə təşkil etdiyi “Dumanlar başımda dastana döndü” səyyar sərgisi davam edir

    Vətən müharibəsi dövründə Bərdə şəhəri, dinc əhaliyə qarşı törədilmiş ermənilərin hərbi cinayətlərinin episentrilərindən biri olub. “YARAT” Müasir İncəsənət Məkanının bu məqsədlə yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət Bərdədə təşkil etdiyi "Dumanlar başımda dastana döndü" adlı qrup sərgisi davam edir.

    “YARAT”dan AZƏRTAC-a bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinə və Zəfər hadisələrinə həsr olunmuş sərgi Bərdə Dövlət Rəsm Qalereyasında (Heydər Əliyev prospekti, 84) gələn il fevralın 4-dək ziyarətçiləri qəbul edəcək.

    Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu...

    “YARAT”-ın "Dumanlar başımda dastana döndü" adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir.

    "Dumanlar başımda dastana döndü" həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.

    Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

    Beləliklə, ekspozisiyada Ağababa Bağırov, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Süleymanov və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

  • “Müharibə uşaqları” sənədli filminin çəkilişləri davam edir

    Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında “Müharibə uşaqları” sənədli filminin çəkilişləri davam edir.

    Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, bu ekran əsəri müharibə dövründə Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizə atılan raket zərbələri nəticəsində travma almış uşaqların, postmüharibə dövründə psixoloji reabilitasiyası üçün Kukla Teatrının həmin bölgələrə qastrola çıxması ilə bağlı ilham və ümidverici bir filmdir.

    Xronometrajı 25 dəqiqə olan filmin prodüseri Fariz Əhmədov, ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərlidir.

  • Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov dünyasını dəyişib

    Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov koronavirusdan dünyasını dəyişib.

    AZƏRTAC xəbər verir ki, Seyfəddin Qurbanov bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı.

    Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.

    1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", "Nəsimi", "Müslüm Maqomayev", İrpensk şəhərindəki "Zərifə Əliyeva", Xarkov şəhərindəki Mirzə Fətəli Axundzadənin də heykəlinin olduğu "Filosoflar", Sloveniyada "Nizami Gəncəvi" və digər abidələrin müəllifidir.

    2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

  • Milli Kitabxanada “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi açılıb

    16 noyabr - Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

    Bu gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Tolerantl%C4%B1q_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

  • “YARAT”da növbəti sərgi - “Mistik ruhun ömrü”

    Noyabrın 17-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycanın Xalq rəssamı Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" adlı retrospektiv sərgi açılacaq.

    “YARAT”dan AZƏRTAC-a bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsərlər nümayiş olunacaq.

    Bu layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunur. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

    Şirin Məlikovanın fikrincə, sərginin əsas ideyası tamaşaçını Mir Nadir Zeynalovun əsərlərinin yaradıldığı ab-havaya qərq etmək və seyrçiyə fiqurativlik və abstraksiya arasında tarazlıq yaradan rəssamın yaradıcılıq həyatının ritmini hiss etdirməkdir. Bununla da rəssamla seyrçi arasında "ünsiyyətə" nail olaraq, sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır.

    Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığını diqqətə çəkərək, bütün incəlikləri ilə əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

    Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.

    Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.

    "Ömür yolu" adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhvali-ruhiyyə yarada bilmişdir.

    Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

    Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. "Sənətkarın həyatında bir gün" formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və "Bakı Abadlıq Xidməti" ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.

    Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır. Bununla yanaşı, sərgidə Mir Nadir Zeynalovun musiqi alətlərdən ibarət şəxsi kolleksiyası da nümayiş olunur: rəssam bu musiqi alətlərini sadəcə toplamır, həm də onlarda ifa edib, musiqi bəstələyirdi.

  • Brüsseldə pianoçu Etibar Əsədlinin konserti olub

    Belçikanın paytaxtı Brüsseldə azərbaycanlı pianoçu Etibar Əsədlinin caz triosunun və Şəhriyar İmanovun etno-caz konserti keçirilib.

    AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, nazir müavini Fariz Rzayev, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Avropa İttifaqının və yerli qurumların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri və diaspor nümayəndələri iştirak ediblər.