Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərxalça” ASC-nin “Qarabağ xalçalarınayeni baxış” xalça kolleksiyasının təqdimatı olub

    Vətən müharibəsinin ildönümünün qeyd olunması və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin 2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə “Azərxalça” ASC özünün “Qarabağ xalçalarına yeni baxış” xalça kolleksiyasını təqdim edib.

    “Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə tariximizdə yeni səhifə açdığı kimi, “Qarabağ xalçalarına yeni baxış” kolleksiyası da xalçasevərlərin diqqətinə Qarabağ xalçalarının yeni obrazını təqdim edəcək.

    Noyabrın 17-də kolleksiyanın “Azərxalça”nın İçəri şəhərdə yerləşən sərgi salonunda geniş təqdimat mərasimi keçirilib. Yeni Qarabağ xalçaları Əməkdar rəssam Rəşad Ələkbərovun ideyaları əsasında “Azərxalça” ASC-nin yaradıcı qrupunun iştirakı ilə hazırlanıb.

    Kolleksiya çərçivəsində Rəşad Ələkbərov Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının 4 müxtəlif rəngdə və müasir zövqə, interyerə uyğun dizaynda təqdim edib. Hər bir xalçanın dizaynına 4, toxunma prosesinə isə 2 ay vaxt sərf olunub.

    Xatırladaq ki, “Qasımuşağı” xalçaları Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalardır. "Qasımuşağı” xalçaları Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.

    Mərasimdə ölkənin tanınmış ictimai, siyasi və incəsənət xadimləri iştirak ediblər.

    “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov tədbiri açıq elan edərək, hər kəsi salamlayıb. Qeyd edib ki, dəyişən və qloballaşan dünyada bizim milli-mənəvi irsimiz hesab olunan Qarabağ xalçalarını bütün dünyaya daha müasir tərzdə təqdim etmək, əslində, bu xalçalara olan marağı qat-qat artırır: “Qoy, müasir və müxtəlif rənglərlə göz oxşayan Qarabağ xalçaları dünyanın bütün nöqtələrində müasir interyerli məkanların ən dəyərli bəzəyi olsun! Bütün dünyanın artıq 11 ildir ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına aid olan Azərbaycan xalçaçılıq sənətinin nadir incilərini müasir dizaynda görməsinin vaxtıdır”.

    Mərasimdə çıxış edən Rəşad Ələkbərov deyib: “Mən klassik “Qasımuşağı” xalçalarında mübarizə, müharibə, qələbə elementləri görürəm. Layihələndirdiyim xalçalarda forma olaraq “Qasımuşağı” xalçasını əsas götürmüşəm. Rəng çalarlarının dəyişməsi isə əhval-ruhiyyə, baş verən proseslər və gələcək haqqında düşüncələrimin təzahürüdür”.

    Xatırladaq ki, 4 rəngdə təqdim edilən və hər biri 4 kvadratmetr olan xalçalardan yalnız 44 sayda sifariş etmək mümkündür.

  • Peru radiosunda Vətən müharibəsində qələbənin ildönümünə həsr olunmuş musiqili proqram yayımlanıb

    Perunun “Radio Filarmoniya” radio kanalında Azərbaycanın Vətən müharibəsində Qələbəsinin ildönümünə həsr olunmuş musiqili proqram yayımlanıb.

    Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, verilişdə səfirliyin əməkdaşı M.Məmmədov dinləyicilərə erməni təcavüzünün tarixi, Azərbaycanın ötən il 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq Vətən müharibəsində tarixi Qələbə qazanması və öz ərazi bütövlüyünü, habelə beynəlxalq hüquq və ədaləti bərpa etməsi barədə məlumat verib və Zəfər Gününün xalqımız üçün tarixi-mənəvi önəmindən danışıb.

    Sonra azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına Ermənistan tərəfindən yaradılmış maneələr, işğaldan azad edilmiş ərazilərdə müşahidə olunan kütləvi minalama və dağıntılar və bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edilib.

    Proqram ərzində, habelə gün boyu kanalın efirində klassik və müasir Azərbaycan musiqi nömrələri, muğam parçaları, eləcə də Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş kompozisiyalar səsləndirilib.

  • UNESCO: Türkiyənin “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub

    Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, qurumda akkreditə olunmuş səfir və daimi nümayəndələr iştirak ediblər.

    Açılış mərasimindən əvvəl Türkiyə Respublikasının xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edərək, üzv ölkələrə Türkiyəyə etimad göstərərək, UNESCO İcraiyyə Şurasına yenidən seçdikləri üçün təşəkkür edib. UNESCO-nun 75 illiyini təbrik edərək, ölkəsinin qurumun fəal üzvü olduğuna görə qürur duyduqlarını bildirib. Rasizm, islamofobiyanın yayıldığı bugünkü dünyada, UNESCO-nun sülh və birgə yaşam mesajının yayılmasında ölkəsinin əməkdaşlıq edəcəyini diqqətə çatdırıb. Türkiyənin İcraiyyə Şurası, eləcə də Baş Konfransa sədrliyi çərçivəsində quruma verdiyi töhfələrdən söz açıb.

    Sonra Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılışını bildirən rəmzi lent kəsilib.

    Xatırladaq ki, noyabrın 17-də keçirilən seçkilərdə Azərbaycan və Türkiyə UNESCO İcraiyyə Şurasına üzv seçiliblər.

  • Yunanıstanda açılan beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunub

    Salonikidə keçirilən “36-cı Philoexenia” adlı beynəlxalq turizm sərgisində Azərbaycanın Yunanıstandakı Səfirliyin stendi qurulub və ölkəmizin turizm potensialını təbliğ edən, həmçinin tarixi və mədəniyyəti əks olunmuş broşür və kitablar, suvenirlər, o cümlədən milli şirniyyatlar ziyarətçilərə təqdim olunub, ölkəmiz barədə videoçarxlar nümayiş edilib.

    AZƏRTAC xəbər verir ki, sərgidə 27 ölkə təmsil olunub, 19 ölkənin kommersiya şirkətləri alıcı qismində iştirak ediblər. Tədbiri təşkil edən “Helexpo” şirkətinin verdiyi məlumata əsasən, sərgiyə qatılanların 45 faizini iş adamları və müxtəlif şirkətlərin nümayəndələri təşkil edib. Səfirlik tərəfindən 2019-cu ildə sözügedən sərgidə iştirak çərçivəsində qurulmuş əlaqələrin bərpası məqsədilə bir sıra məhsuldar görüşlər keçirilib. Yunanıstanın Şimal bölgəsində yerləşən ən böyük “outgoing” turizm şirkəti – “Zorpidis Group” ilə ölkəmizə səfərə dair tur-paketlərin şirkətin internet səhifəsində yerləşdirilməsinə dair vəd verilib, Azərbaycandan turizm şirkəti ilə birbaşa əlaqə təmin olunub. İtaliyanın “Go4sea” şirkəti tərəfindən ölkəmizə turların təşkil edilməsi məqsədilə ilkin razılıq əldə olunub və bu məqsədlə Azərbaycandan maraqlı turizm şirkətləri ilə birbaşa əlaqələr yaradılıb. Serbiyanın “Putnik” turizm şirkətinin müraciəti əsasında Azərbaycana turların təşkil edilməsi məqsədilə Azərbaycandan müqabil şirkətlə birbaşa əlaqə təmin edilib. Həmçinin, Misirin “Manal” şirkəti ilə ölkəmizdən maraqlı tərəflə əlaqə qurulub və sözügedən şirkətin internet səhifəsində yerləşdirilməsi məqsədilə Azərbaycanın turizm potensialını təbliğ edən video-çarx təmin edilib. Təşkil olunan sərgidə səfirliyə Azərbaycan Dövlət Turizm Agentliyi və “Qala Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyəti” tərəfindən dəstək göstərilib. “Philoxenia” turizm sərgisi zamanı ziyarətçilər tərəfindən ölkəmizin stendinə geniş maraq göstərilib. Həmçinin, sərgiyə qatılan tələbələr tərəfindən ölkəmizdə təhsil imkanları barədə məlumat verilib.

  • UNESCO: Mədəniyyət Komissiyasının iclasında ölkəmizdə yaradıcı sənayelər istiqamətində görülən işlərdən danışılıb

    Parisdə UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun Mədəniyyət Komissiyasının ilk iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, UNESCO-nun üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların iştirak etdiyi Komissiya iclasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edib. İclas zamanı Komissiyanın bürosuna seçkilər keçirilib. Panama, İndoneziya və Lesotonun nümayəndələri sədr müavinləri seçiliblər. İclasın sədri Vasif Eyvazzadə gündəlikdə duran məsələləri qeyd edərək, gündəlikdəki vacib məsələlərdən olan Yerusəlim ilə bağlı 40-cı Baş Konfransın 43 saylı qətnaməsi və işğal olunmuş ərəb ərazilərində təhsil və mədəniyyət müəssisələrinin vəziyyətinə dair 67 saylı qətnamənin icra vəziyyətinə dair konsensusla qəbul edilmiş sənədləri UNESCO baş direktorunun kabinet rəhbəri Nikolas Kasianidesə təqdim edib.

    İclasda UNESCO Baş direktorunun müavini Ernesto Ottone 2022-2025-ci illər üçün qurumun proqram və büdcə layihəsini təqdim edib. UNESCO-nun növbəti il üçün mədəniyyət sahəsi üzrə əsas proqramının təqdimatından sonra 50 üzv ölkənin nümayəndələri çıxış edərək, Azərbaycan nümayəndəsini sədr seçilmək münasibətilə təbrik ediblər.

    Üzv ölkələrin əksəriyyəti UNESCO proqramında yaradıcı sənayelərin inkişaf etdirilməsinə daha ciddi önəm verilməsini alqışlayıblar. Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin II katibi Nahid Ömərov ölkəmiz üçün mədəni irsin qorunması, mədəni mülkiyyətin qanunsuz dövriyyəsi və yaradıcı sənayelərin inkişaf etdirilməsi mövzularının ciddi əhəmiyyət kəsb etdiyini, ölkəmizdə yaradıcı sənayelər sahəsində görülən işlərdən söz açaraq, Yaradıcı Sənayelər Federasiyasının təsis edildiyini və bu kontekstdə hazırkı proqram və büdcə sənədini dəstəklədiyimizi diqqətə çatdırıb.

  • Xətai Sənət Mərkəzində növbəti sərgi -“Qəlbimin palitrası”

    Noyabrın 19-da Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, kitabı müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs tədbirdə iştirak edə bilər.

    Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

  • CinemaPlus-da "Kral Riçard" filminin nümayişinə başlanılır

    “CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən “Kral Riçard” idman dramının nümayişinə başlayır.

    Report xəbər verir ki, süjet real hadisələr üzərində qurulub.

    Filmin süjeti peşəkar tennisçilər Vinus və Serena Uilyamsın atası Riçard Uilyamsın tərcümeyi-halı üzərində qurulub.

    Filmin büdcəsi 100 milyon dollar təşkil edir.

    Rejissorluğunu Reinaldo Marcus Grin etdiyi filmdə baş rolda iki dəfə Oskar mükafatına namizəd olan Uill Smit çəkilib. Tennis bacılarını Saniya Sidni və Demi Sinqlton ifa edirlər. Filmdə həmçinin Onjanyu Ellis, Con Berntal, Toni Qolduin və başqaları çəkilib. Müddəti 140 dəqiqə.

    Yaş həddi 12+

    Filmin süjetinə gəlincə, Riçard Uilyams, tennisçilər Serena və Vinus Uilyamsların atasıdır. Özü də demək olar ki, heç vaxt tennis oynamırdı və peşəkar tennisçilərin hazırlığı haqqında çox az şey bilirdi. O, bütün qızlarını öyrətməyi planlaşdırdı, ancaq Serena və Vinus əsl istedad göstərdilər.

  • Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

    Noyabrın 24-də Rusiyada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda Qara Qarayevin əsərlərindən ibarət konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, bu silsilədən olan konsertlər Rusiya paytaxtındakı Q.Qarayev adına uşaq musiqi məktəbi tərəfindən Moskvanın digər musiqi məktəblərinin iştirakı ilə keçirilir. Tədbir dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığının tanıdılması məqsədilə təşkil olunur. Konsertdə Q.Qarayevin və XX əsrin digər bəstəkarlarının əsərləri səsləndiriləcək.

    Moskvadakı Q.Qarayev adına uşaq musiqi məktəbi Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən yeganə tədris müəssisəsidir ki, tanınmış bəstəkarın adını daşıyır. Q.Qarayevin musiqisi məktəbin sinif otaqlarında daim səslənir, şagirdlərin əksəriyyəti ustadın əsərlərini müsabiqələrdə, festivallarda, o cümlədən beynəlxalq festivallarda ifa edir, laureat və diplomant adını qazanırlar.

  • Filarmoniyada Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində konsert proqramı təqdim edilib

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində konsert proqramı təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, konsert proqramında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı kamera orkestri çıxış edib.

    Musiqili gecədə Üzeyir Hacıbəylinin “Arazbarı”, “Sənsiz”, “Sevgili canan”, Qara Qarayevin “Yeddi gözəl” baletindən Vals, Fikrət Əmirovun “Nizami” simfoniyası səsləndirilib.

    Qeyd edək ki, bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bununla əlaqədar noyabrın 15-dən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.

    Festival noyabrın 26-dək davam edəcək.

  • Gəncədə fləş-mob: 8800 nəfərin iştirakı ilə Nizami Gəncəvinin portreti yaradılıb

    Gəncənin baş meydanında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” münasibətilə təşkil edilən festival çərçivəsində şairin 880 illik yubileyinə həsr olunan fləş-mob keçirilib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 8800 nəfərin iştirakı ilə keçirilən fləş-mobda dahi şairin portreti yaradılıb.