Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində “Vokal musiqisi axşamı” adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsert “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlərin ilk proqramı idi.
Konsertdən əvvəl mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirdi ki, bu ilin “Nizami Gəncəvi İli”, 2019-cu ilin isə "Nəsimi ili” elan edilməsi ölkəmizdə klassik irsimizə nə qədər böyük diqqət və qayğının olduğunu nümayiş etdirir. Onların yaratdığı ölməz əsərlər ölkəmizdə və ölkəmizdən kənarda təbliğ edilir. Hər bir cəmiyyətin inkişafına onun böyük mütəfəkkirlərinin təsiri olub. Nizami Gəncəvi o dahilərdəndir ki, Azərbaycan fəlsəfi fikrini və milli dəyərlərinin dünyada tanıdılmasına xidmət edib. Nizaminin XII əsrdəki humanist ideyaları bu gün XXI əsrdə də aktualdır.
Daha sonra nazir Nizaminin Azərbaycanın mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açıb. Rəssamlıq, musiqi, teatr, balet və başqa sahələrə töhfələrini qeyd edib. Diqqətə çatdırıb ki, nazirlik il ərzində “Nizami Gəncəvi İli” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirib. Bu tədbirlərin yekunu olaraq isə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı başlayır. Festival çərçivəsində noyabrın 15-dən 26-dək Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək. Zəngin proqrama malik festivalın Beynəlxalq Muğam Mərkəzində təşkil edilən ilk konserti Nizaminin sözlərinə yazılmış vokal əsərlərin təqdimi ilə start götürür. İnanıram ki, dahi Nizaminin sözlərinə Azərbaycanın görkəmli bəstəkarlarının yazdıqları əsərlər bu gün konsertə gələn hər kəsdə xoş ovqat yaradacaq.
Sonra konsert proqramı təqdim edilib.
Nizami 880 - “Vokal musiqisi axşamı” adlı proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə yazdıqları romanslar səslənib. Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov , Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edib. Proqramda, həmçinin Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun çıxışı da maraqla qarşılanıb.
ABŞ-ın Virciniya ştatında Zəfər Günü münasibətilə “Qarabağın ritmi” (“Rhythm of Karabakh”) adlı xeyriyyə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, "United Charities for Azərbaycan" tərəfindən təşkil olunan konsertdə Birləşmiş Ştatlarda yaşayan görkəmli azərbaycanlı musiqi xadimləri - pianoçu Nərgiz Əliyarova, Ruslan Ağababayevin rəhbərlik etdiyi caz-trio, Xan Bəylinin rəhbərlik etdiyi etno-pop-rok qrupu çıxış edib. Konsert Virginiya ştatının Aleksandriya şəhərində yerləşən George Washington Masonic National Memorial binasının teatr zalında keçirilib. Tədbirə 200-dən artıq bilet satılıb və bir sıra xarici ölkə səfirliklərınin nümayəndələri iştirak edib.
Konsertə bilet satışından toplanan vəsait Azərbaycanda şəhid və qazi ailələrinə yardım məqsədilə sərf olunacaq.
Türkiyənin Adıyaman vilayətində yaşayan bir gənc 40 milyon il yaşı olduğu təsbit edilən 4 fosil tapıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 21 yaşlı Gülcan Öztürk ailəsi ilə çöldə gəzərkən müxtəlif konstruksiyaya malik 4 daş tapıb. Daha sonra isə Gülcan Öztürk daşları Adıyaman Muzey Müdirliyinə apararaq aidiyyəti şəxslərə təhvil verib.
Muzey Müdirliyi, tapılan daşların ilkin araşdırmada 40 milyon illik “Eosen” dövrünün “Numilitlər” qrupuna aid təkhüceyrəli dəniz canlıları olduğunu müəyyən ediblər.
Bu ilin avqustunda Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” adlı kitab nəşr edilib.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, kitaba tanınmış qələm və elm adamlarının Vaqif Poeziya Günləri, eləcə də Şuşa ilə bağlı təəssüratları, səfər qeydləri toplanıb.
Kitabı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxış nitqi ilə açılır.
“aybKitab” layihəsinin nəşri olan kitabın redaktoru və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyilə çap olunan kitabın yaxın vaxtlarda təqdimatı keçiriləcək.
Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub.
AZƏRTAC xəbər verir ki, “Qələm” nəşriyyatında çap olunan roman müəllifin məşhur “Gözünə gün düşür” hekayəsi əsasında yazılıb və “doğulduğun yerdə ölməli” ideyasına söykənir.
Romanın süjeti psixoloji-dramatik fabula ilə müşayiət olunur. Yazıçı bu dəfə də öz üslubuna sadiq qalıb: bədii dillə danışıq dili sintez olunub, təhkiyəsi şirin və axıcıdır...
Nəşrin rəhbəri Pərviz Əyyubov, redaktoru Dürdanə İbrahimova Hüseynbəyli, dizayneri Ömər Məmmədovdur.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin şanlı salnaməsidir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə, döyüşlərdə şücaət göstərən qazilərə diqqət və qayğı göstərmək bütün cəmiyyətimizin borcudur.
Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür. Mədəniyyət Nazirliyi, nazirliyə tabe olan müəssisələr tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, müharibə iştirakçısı olan insanların imkan daxilində işlə təmin olunması məsələlərinə baxılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsinin iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Kamran Həmzəyev Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) işə qəbul olunub. O, hazırda MEMİM-in Təlim-tədris şöbəsinin metodisti vəzifəsində çalışır. Mərkəzin əməkdaşları sırasına qatıldığı gündən diqqət görən Kamran Həmzəyev Vətən müharibəsində iştirakına görə və 25 yaşının tamam olması münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunub.
Noyabrın 12-də Avropa İttifaqının başladığı “EU4Culture” layihəsi əsasında bu təşkilatın Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 min avro qrant alacaq üç seçilmiş şəhərin adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib.
Layihənin Azərbaycan üzrə koordinatoru Firuzə Bağır layihə haqqında məlumat verib. Bildirib ki, “EU4Culture” Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə regionun sosial inkişafına töhfə vermək məqsədi daşıyır. Layihənin büdcəsi 7 milyon 850 min avro təşkil edir və bu məbləğ Avropa tərəfdaşlığı ölkələri əsasında bərabər paylaşdırılacaq.
Bildirib ki, Goethe İnstitutu, Gürcüstandakı Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri “EU4Culture” layihəsinin həyata keçirilməsinə dəstək verən qurumlardır.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko söyləyib ki, “Eu4 culture” Azərbaycanın Avropa İttifaqı ilə qurduğu mədəni əlaqənin başqa bir nümunəsidir. Qeyd edib ki, mədəni dəyərlər gələcəyin qurulmasında önəmli rol oynayır. Mədəni diplomatiya mədəni əməkdaşlığın ayrılmaz bir hissəsidir, bunun da tarixi kökləri vardır. Avropa İttifaqının beynəlxalq münasibətlər strategiyası ittifaqın mərkəzində duran bir mövzudur. Avropa İttifaqı Azərbaycana da öz töhfəsini verməyə çalışır. Layihə çərçivəsində sosial iqtisadi baxımından 6 ölkəyə dəstək verilmişdir. Layihənin əsas prinsiplərindən biri də mədəni irs nümunələri sayılan kitabxanalar, muzey və digər mədəniyyət ocaqlarına Avropa modellərinin tətbiq edilməsidir. “Eu4Culture” proqramın əsas məqsədi regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir. Layihədə 3 şəhər seçilmişdir. Layihədən yararlanan şəhərlər mədəniyyət sahəsində imkanlarını artırmaq şansı qazanacaqlar.
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov Avropa İttifaqı ilə işləməkdən məmnun olduğunu deyib. Qeyd edib ki, nazirlik əvvəllər də Avropa İttifaqının bir neçə layihələrində iştirak edib. “Eu4Culture” layihəsi də ölkənin regional inkişafına töhfə verir.
Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri də yaradıcı sənayelərlə bağlı olduğunu deyən Ramil Abbəkirov bildirib ki, yaradıcı sənayelər digər sahələrə dolayı yolla təsir edir. Bu məqsədlə nazirlik digər dövlət qurumları ilə əməkdaşlıq edir. Vurğulayıb ki, növbəti mərhələdə qalib gələcək şəhərlər Azərbaycan üçün bir uğurdur.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov agentliyinin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Qafqaz regionunda turizm məhsullarının səmərəli istifadə edilməsi nazirliyin əsas vəzifələrindəndir.
Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan Şəki, Xırdalan və Lənkəran şəhərləri ikinci mərhələnin qalibi seçilib. Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 min Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300 min Avroya qədər qrant alacaq.
Sonra Peter Mixalko seçilmiş şəhərlərin icra başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edib.
“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Məzahir Həşimovun “Sizə məktub var” filmi nümayiş olunub.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bu film Birinci Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir.
Hərbi hospitalda çalışan tibb bacısı Səidə yaralı əsgərə sevgi duymağa başlayır. Onun sevgisi əsgər tərəfindən də diqqət və simpatiya ilə qarşılanır. Sağalmış əsgər yenidən müharibəyə qayıtmalı olur və Səidəyə söz verir ki, ona məktublar yazacaq. Səidə hisslərini uşaqlıq dostu Nadir ilə bölüşür, lakin Nadirin də müharibəyə yollanması onu daha da məyus edir. Müharibə xəbərləri onun yeganə ümidinə çevrilir.
Filmin nümayişi Zəfər Gününə həsr olunub.
Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən artıq qonaq qatılıb.
Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.
Müxtəlif türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş edildiyi festivalın əsas məqsədlərindən biri türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi bir sıra məsələlər nəzərdə tutur.