UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində Təhsil Komissiyasının sessiyaları keçirilir.
AZƏRTAC xəbər verir ki, Təhsil Komissiyasının sessiyalarında ölkəmizi Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov təmsil edib.
Sessiya çərçivəsində Azərbaycan nümayəndəsi, eləcə də Böyük Britaniya, Hindistan və Liberiya nümayəndələri UNESCO Təhsil Komissiyasının sədr müavinləri seçiliblər.
Növbəti sessiyada UNESCO-nun 2020-ci il Dayanıqlı İnkişaf üçün Təhsil Proqramının həyata keçirilməsi, 2022-2025-ci illər üçün Proqram və büdcə layihəsinə baxılması və qəbulu, eləcə də Afrika Prioriteti üçün əməliyyat strategiyasının layihəsi (2022-2029) müzakirə olunacaq.
Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır, qarşıdan gələn ildə əməkdaşlığın 30 illiyi qeyd ediləcək. Azərbaycan-UNESCO münasibətləri möhkəm təməl üzərində qurulub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər UNESCO-nun Baş Konfransı çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və UNESCO Baş Direktorunun beynəlxalq əlaqələr və Afrika Prioriteti üzrə müavini Firmin Eduard Matoko arasında görüşdə vurğulanıb.
E.Məmmədov Azərbaycan-UNESCO münasibətlərinin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu olduğunu xatırladıb və onun bu qurumla əməkdaşlığa verdiyi töhfələrdən, həyata keçirilmiş layihələrdən söz açıb.
Ötən il ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad olmuş ərazilərdə bütün mədəni irs abidələrinin ermənilər tərəfindən tamamilə dağıdıldığını qeyd edib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətinə, eləcə də UNESCO-nun II seçki qrupuna sədrliyinə toxunan xarici işlər nazirinin müavini Qlobal Təhsil Koalisiyasına verdiyimiz töhfələrdən, Azərbaycan-UNESCO arasında yaradılmış Etimad Fondu çərçivəsində həyata keçirilmiş layihələrdən, Afrika Prioritetləri sahəsində gördüyü işlərdən danışıb. Ölkəmizin öz öhdəliklərinə həmişə sadiq olduğunu vurğulayıb.
UNESCO Baş Direktorunun müavini ölkəmizin UNESCO-ya verdiyi töhfələrdən məmnunluğunu bildirərək, Azərbaycanın təşkilatın əsas tərəfdaşlarından olduğunu diqqətə çatdırıb. Pan Afrika və süni intellekt üzrə Afrikada bir çox regional görüşlərin keçiriləcəyini, bu istiqamətdə texniki dəstəyə ehtiyacın olduğunu bildirib. Təhsil sahəsində Afrikada həyata keçiriləcək layihələrdən söz açan F.Matoko Azərbaycanın bu sahədə Afrika ölkələrinə verdiyi mühüm töhfələrdən, kadr hazırlanması istiqamətindəki yardımından söz açaraq, Afrika ölkələrində təhsil menecmentliyi üzrə yardıma ehtiyac olduğunu deyib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin “Xivə Prosesi” və Luanda Biennalisini “Bakı Prosesi” qlobal təşəbbüsünün tərkib hissəsi kimi ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Luanda Biennalisində təmsil olunacaq.
Ölkəmizin tarixi Qələbəsinin birinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan-İtaliya Birliyi tərəfindən Romada konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Chiesa di San Paolo kilsəsində keçirilən “Sülh üçün Qələbə” adlı konsert proqramında çıxış edən Azərbaycan-İtaliya Birliyinin rəhbəri Fərid Abbasov ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, eləcə də ölkəmizin mədəniyyət paytaxtı Şuşanı erməni işğalından azad etdiyini bildirib.
“8 noyabr tarixin yenidən yazıldığı gündür. Biz şanlı Qələbənin birinci ildönümünü qeyd edirik. Bu, Qafqaz regionunda sülh və əmin-amanlığa təminat verən Qələbədir”, - deyə o qeyd edib.
Sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin tədbir iştirakçılarına ünvanlandığı məktubu oxunub, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid İsmayıloğlunun və Azərbaycan-İtaliya Birliyinin vitse-prezidenti Cüzeppe Kaniqlianın çıxışları dinlənilib.
Konsert proqramında İtaliya musiqiçilərinin ifasında klassik musiqi nümunələri təqdim olunub.
Türk dünyasının ayrılmaz parçası olan doğma Qarabağda – gözəl Şuşada Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa edilməsini təklif edirik. Tərəfimizdən bu istiqamətdə işlər aparılmaqdadır. Bu mərkəz tariximizin, mədəniyyətimizin, irsimizin birləşdiyi məkan olacaq, həmrəyliyimizin simvollarından birinə çevriləcək, əbədi qardaşlığımızın yeni bir sübutu olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin, əslində, bütün türk dünyasının Qələbəsi olduğunu vurğulayan G.Əfəndiyeva deyib: “Bu Zəfər bütün türk dünyasını birləşdirdi. Türkiyənin Azərbaycana açıq mənəvi dəstəyi bütün dünyaya həqiqi qardaşlığın və dostluğun nümunəsi oldu. Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər bir daha ortaq dəyərlərə - türk dəyərlərinə sahib olduqlarını sübut etdilər. Bu dəyərləri, zəngin irsimizi unutmamaq, dünyaya tanıtmaq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ən vacib öhdəliklərindən biridir. Bu məqsədlə fond tərəfindən bu il də “Böyük İpək Yolu”, qadınlar və uşaqlar, adət-ənənələr və bir çox digər mövzularla bağlı konfranslar, sərgilər, tədbirlər təşkil edilib, genişmiqyaslı layihələr həyata keçirilib, Almaniyada, Polşada, İtaliyada və digər ölkələrdə türk dünyası mədəniyyətini əks etdirən kitablar nəşr olunub, İspaniyada poçt markaları buraxılıb, Bolqarıstanda tamaşalar səhnəyə qoyulub. Fondun himayəsi altında yaradılan “Dədə Qorqud” Kamera Orkestrinin ifasında “Bella Bartok İli”nin açılış mərasiminə, eləcə də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert proqramları təşkil edilib”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələrini daha da genişləndirmək istiqamətində gördüyü işlərdən danışan G.Əfəndiyeva bildirib: “Belə ki, cari ildə fond ilə Litva arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum özündə Litvada yaşayan türkəsilli azsaylı etnik xalqların - tatar və karaimlərin irsinin qorunmasını və təbliğini ehtiva edir. Fond tərəfindən Litvanın xarici işlər nazirinin iştirakı ilə tatar və karaimlərə həsr olunmuş sərgi və konsert, daha sonra elmi konfrans keçirilib.
Bu il fondun sənədləri təsdiqlənib. Bunun üçün fondun qurucu üzv ölkələrinin – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına dərin minnətdarlığımı bildirirəm. Bütün bunlar bizi yeni uğurlara və zəfərlərə şövq edir”.
Noyabrın 13-dən Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə keçirilir.
Sərgi görmə imkanları məhdud insanlar üçün sənət əsərlərinin replikalarının yaradılması sahəsində uzun illər aparılan tədqiqatların nəticələri əsasında ərsəyə gəlib. Belə ki, muzey ziyarətçiləri taktil üsulla dünya mədəni irs nümunələri ilə yeni tərzdə, yaxından tanış olacaqlar.
Sərgidə Dövlət Ermitajında qorunub saxlanılan dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçasının Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan inklüziv fraqmentləri təqdim olunacaq. Görmə imkanları məhdud şəxslər fraqmentlərə toxunmaqla onu təsəvvürlərində canlandıra biləcək, ornamentlərinin formasını hiss edəcəklər.
Sərgidə “Pazırıq” kurqanında tapılmış keçə məmulatlarının relyefli replikaları, Pəncikəndin məşhur freskaları əsasında hazırlanmış barelyeflər və onların animasiya edilmiş süjetləri, Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli və s. nümayiş etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin inklüziv layihəsinin dünya şöhrətli muzeydə tətbiqinə 2020-ci ildə Dövlət Ermitajı ilə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu əsasında başlanılıb.
Sərgi 2021-ci il dekabrın 12-dək davam edəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı 9 Noyabr - Bayraq Günü münasibətilə “N” saylı hərbi hissədə bayram konserti təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Bayrağı Gününün tarixi haqqında məlumat verilib.
Sonda Vətən müharibəsi qazisi M.Əhmədov, gənc ifaçı Q.Məmmədov, Y.Abbasova, saz ustası V.Paşayev və “Günəş” rəqs kollektivinin çıxışları şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşanın işğaldan azad edilməsinin bir illiyi münasibətilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya tərtib olunaraq çap edilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.
Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi: “Ermənilərin Şuşa şəhərində həyata keçirdikləri soyqırımlar tarixi mənbələrdə (1905-1989)”, “Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi (1990-2020)”, “Şuşa Sən Azadsan!”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfərləri, Şuşanın mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, ədəbiyyatı, görkəmli şəxsiyyətləri haqqında kitablarda, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Göstəricidəki materiallar 1876-2021-ci illəri əhatə edir. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Göstəricinin istifadəsini asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Şuşa haqqında kitabların, məqalələrin adlar göstəricisi, Şuşa haqqında yazan müəlliflərin əlifba göstəriciləri verilib.
Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu gün “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Məzahir Həşimovun “Sizə məktub var” filmi nümayiş olunacaq.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bu film Birinci Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir.
Hərbi hospitalda çalışan tibb bacısı Səidə yaralı əsgərə sevgi duymağa başlayır. Onun sevgisi əsgər tərəfindən də diqqət və simpatiya ilə qarşılanır. Sağalmış əsgər yenidən müharibəyə qayıtmalı olur və Səidəyə söz verir ki, ona məktublar yazacaq. Səidə hisslərini uşaqlıq dostu Nadir ilə bölüşür, lakin Nadirin də müharibəyə yollanması onu daha da məyus edir. Müharibə xəbərləri onun yeganə ümidinə çevrilir.
Filmin nümayişi Zəfər Gününə həsr olunur.
Noyabrın 19-da Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, kitabı müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs tədbirdə iştirak edə bilər.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Dünya İrs Şəhərləri Təşkilatının (#OWHC) keçirdiyi Beynəlxalq videomüsabiqədə 18-21 yaş kateqoriyasında birinci yerin qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirovaya sertifikatın təqdim olunması mərasimi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, qurumun təşkilati və əlaqələndirmə dəstəyi ilə Nurcan Daşdəmirova bu müsabiqəyə “İçərişəhər pandemiya dövründə” adlı videoçarx ilə qatılmışdı.
Qalibə sertifikatı təqdim edən “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri Read Qasımov onu təbrik edərək İçərişəhərin bir dünya irsi kimi təbliğində gənclərin rolunun əhəmiyyətli olduğunu bildirib, eləcə də belə beynəlxalq müsabiqələrin ölkəmizin və mədəniyyətimizin qlobal miqyasda təbliği üçün əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin üzvləri Laval Universitetinin nümayəndəsi Charles Moumouni, #UNESCO Dünya İrsi Mərkəzinin direktorunun müşaviri Michael Turner, Kvebek Şəhər Komitəsinin üzvü Alicia Despins və OWHC-nin müvəqqəti baş katibi Lee Minaidis olub. Müsabiqəyə ümumilikdə 23 video təqdim edilib. Münsiflər heyəti qiymətləndirməni videoların keyfiyyəti, işlənməsi və orijinallığı meyarları əsasında müəyyən edib.
“İçərişəhər” DTMQİ 2016-cı ildən OWHC təşkilatının üzvüdür. Ötən müddət ərzində təşkilat ilə idarə arasında əməkdaşlıq daha da genişlənib, idarə təşkilatın həyata keçirdiyi bir sıra beynəlxalq layihələrdə uğurla inkişaf edib. Qoruq İdarəsi 2018-ci ildə OWHC-nin Direktorlar Şurasının iclasına ev sahibliyi edib.