Azərbaycanın görkəmli şairlərindən olan Xalq şairi Balaş Azəroğlu gözəl lirik şeirlərin, bənzərsiz poemaların müəllifidir. “Sinəm Savalan dağıdır”, - deyən Balaş Azəroğlunun yaradıcılığında Cənub ağrısı, Vətən həsrəti daim oxuculara da sirayət edib, onları düşündürüb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan poeziyasının inkişafında özünəməxsus rolu olan Balaş Azəroğlunun anadan olmasından 100 il ötür.
Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda doğulub. Orta təhsilini də burada alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata böyük sevgini alovlandırıb.
Ölməz şeirləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə bütöv Azərbaycanın möhtəşəm heykəlini ucaldan sənətkar mənalı və şərəfli həyat yolu keçib. O, doğulduğu Bakını, böyüdüyü Ərdəbili sevib, erkən yaşlarından şeirə könül verib. Həyatı müxtəlif dolanbaclardan keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan şair mənini və imzasını tanıda bilib.
O, yaradıcılığa hələ 16 yaşından başlayıb. “Dnepr” adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. Balaş Azəroğlunun yaradıcılığına nəzər yetirəndə onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan əsərlərini xüsusi qeyd etmək lazım gəlir. Şair ədəbiyyatımızın bu coğrafi məkanına yeniliklər gətirən, forma axtarışları və mövzuları ilə seçilən müəllif kimi yüksəkdə dayanır.
Balaş Azəroğlu gəncliyində özü kimi odlu-alovlu şair qızı sevib. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məqsədləri birdir. Bu qoşa sevgililərin ürəyi ancaq Vətən eşqi ilə döyünüb. Xalq şairləri Mədinə Gülgün və Balaş Azəroğlu uzun illər sənət yollarında birgə addımlayıb, ədəbiyyatda və ailədə bir ocağın istisinə qızınıb, isti sözləri ilə ürəklərdə tonqal qalamağı bacarıb, övladlar böyüdüb, kitablar yazıblar.
Şair Ərdəbildə, Təbrizdə, Bakıda rəhbər vəzifələrdə çalışarkən, həmişə doğma dilinə və xalqına sadiq olub.
Farscadan dilimizə çevirdiyi Nizaminin “Yeddi gözəl” poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Şairin müxtəlif illərdə “Şeirlər”, “Savalan”, “Mübarizə yollarında”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü istəyirəm” və digər kitabları ona oxucu rəğbəti qazandırıb.
Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib.
Ankara Böyükşəhər Bələdiyyəsi və “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin birgə təşkilatçılığı ilə böyük Zəfərin birinci ildönümündə “Anadoludan Xəzərə: Zəfər Qardaşlığı” adlı konsert proqramı təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konsert proqramından əvvəl türk dünyasının şəhidləri rəhmətlə anılıb, Qarabağa dair videoçarx izləyiciləri duyğulandırıb. “Bir millət, iki dövlət” şüarından yola çıxan Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlığının daimi olacağına inam ifadə edilib. Zəfər coşqusunu birlikdə yaşamağın verdiyi sevinc və qürur hissləri xüsusilə vurğulanıb.
Ankara sakinləri Gülçöhrə Sanqunun rəhbərlik etdiyi “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəqqaslarının ifasında milli rəqsləri böyük maraqla izləyiblər.
Daşkənddəki “Türküstan” konsert salonunda "Soqdiana" Xalq Çalğı Alətləri Kamera Orkestrinin yaradılmasının 30 illiyi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Azadbek Nazarbekov yubiley münasibətilə orkestrin bədii rəhbəri və baş dirijoru Firuzə Əbdürrəhmanovanı və kollektivi təbrik edib, orkestrin uğurlarından danışıb, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir deyib ki, orkestr Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Fransa, Çexiya, Rusiya, Hindistan, İsveçrə, Qırğızıstan və digər ölkələrdə uğurla çıxış edib, “Qran-Pri” və digər müxtəlif mükafatlara layiq görülüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov "Soqdiana" Milli Çalğı Alətləri Kamera Orkestrini 30 illik yubileyi münasibətilə təbrik edərək özbək musiqisini dünyada tanıtdıran və bu istiqamətdə çoxsaylı layihələr həyata keçirən kollektivin fəaliyyətini yüksək qiymətləndirib.
O bildirib ki, AMM-nin təşəbbüsü ilə orkestr Özbəkistan səhnəsində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqa tanınmış Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
S.Abbasov Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda keçiriləcək “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimində də "Soqdiana” orkestrinin hər iki şairin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb. O, "Soqdiana" orkestrinin fəaliyyətinə uğurlar arzulayıb.
Sonra orkestrin ifasında böyük konsert proqramı təqdim olunub.
Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib. Bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib: “Zəng filmi I Qarabağ müharibəsində şəhid olmuş ataya Qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir.
Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 1990-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir. Bu filmdə çalışdım ki, Qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar”.
Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.
“Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim.
Filmin ərsəyə gəlməsində köməklik göstərən “Bakcell” şirkətinə, aktyorlara və kino komandama dərin minnətdarlığımı bildirirəm.
Baxmayaraq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. “Zəng” filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz mübarək olsun”, - deyə rejissor əlavə edib.
Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarabağ müharibəsi qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov 2 sentyabr 2018-ci il tarixində Bişkek şəhərində imzalanmış “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin və 28 noyabr 2020-ci ildə İstanbul şəhərində imzalanmış “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, protokola əsasən, fondun büdcəsi üzv olan ölkələrin, o cümlədən Qırğızıstanın ödənişləri əsasında formalaşdırılacaq.
Saziş əsasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinin maliyyə mənbələrinin, həyata keçirdiyi tədbirlərin, layihə və proqramların dəstəklənməsi, türkdilli ölkələrin zəngin irsinin mühafizəsi, bərpası və təbliği üçün vəsaitin ayrılması, elmi-texniki məsələlərin həlli üçün yardım göstərilməsi və.s müddəalar müəyyən edilir.
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılıb. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanıb. Təşkilatın mənzil- qərargahı Bakı şəhərində yerləşir.
Noyabrın 8-9-da Azərbaycan Turizm Bürosu Dünya Səyahət Bazarı sərgisində (WTM London) iştirak edərək Azərbaycanın turizm imkanlarını nümayiş etdirib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu il hibrit formatda – həm fiziki, həm də onlayn iştirakla keçirilən tədbirə Azərbaycan tərəfindən iştirak virtual qaydada olub.
Sərgi müddətində ABŞ, Brazilya, Kanada, Hindistan və Avropa dövlətlərindən olan turizm və media şirkətləri, eyni zamanda, blogerlərlə ümumilikdə 40-a yaxın görüş keçirilib.
Azərbaycana səyahət etməyi planlaşdıran görüş iştirakçıları pandemiya dövründə ölkəmizə səfər edərkən daxilolma prosedurları və hotellərdə tətbiq olunan qaydalarla maraqlanıblar.
Bundan əlavə, onlara Azərbaycanda turizmlə bağlı son yeniliklər, dağ yürüşü marşrutları, quş müşahidəçiliyi turları, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən Dünya Səyahət Bazarı sərgisində iştirak edir.
İlk türk mətbəəsi kimi tarixə düşən “Müteferrika” mətbəəsinin əsərləri ilk dəfə bir araya gətirilərək “Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası”nda sərgilənir.
AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, sərgidəki ən xüsusi əsərlərdən biri Osmanlı İmperatorluğunun “Müteferrika” mətbəəsində çap olunan ilk əsər olan “Lügat-i Vankulu”dur. 1729-cu ildə nəşr olunan bu xüsusi əsər sərginin girişində yerləşir.
Sərgidə 22 cilddə 17 xüsusi əsər, “Müteferrika” mətbəəsi ilə bağlı sənədlər, müxtəlif dillərdə kitablar nümayiş olunur.
Sərgi dekabrın 30-a qədər davam edəcək.
Qeyd edək ki, “Müteferrika” mətbəəsinin adı ilk müsəlman mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqraf İbrahim Mütəfərrikə ilə bağlıdır.
O, Osmanlı imperiyasında mətbəə yaradaraq türkcə kitap yayımlayan ilk şəxsdir.
Bu gün Xalq artisti İslam Rzayevin anadan olmasının 87-ci ildönümü tamam olur
Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi və layiqli davamçısı olan İslam Rzayev nadir istedadı və böyük zəhmətsevərliyi sayəsində qısa müddətdə mahir müğənni kimi tanınıb və dinləyicilərin məhəbbətini qazanıb. O, öz sələflərinin sənət ənənələrini lazımınca yaşatıb, bütün yaradıcılığı boyu muğamın klassik ifa tərzinin qorunub saxlanmasına çalışıb və bu sahədə böyük xidmətlər göstərib. Xalq musiqisinin incəliklərini dərindən duyan İslam Rzayev milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardandır. O, qədim tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq, onun inkişafına mühüm töhfələr verib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İslam Rzayevin anadan olmasının 87-ci ildönümü tamam olur.
İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində dünyaya göz açıb. O, ilk təhsilini başa vurduqdan sonra Bakıda Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. İslam Rzayev burada ustad sənətkar Seyid Şuşinskinin sinfində xanəndəlik sənətinin sirlərinə dərindən yiyələnib. Bu dövrdə onun bir müğənni kimi yetişməsində görkəmli ifaçılardan Zülfi Adıgözəlovun və Həqiqət Rzayevanın böyük təsiri olub. İslam Rzayev daha sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İfaçılıq sənətinə gənc yaşlarından başlayan müğənni uzun illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olub. “Muğam Teatrı”nın yaradıcılarından biri olan İslam Rzayev 1988-ci ildən ömrünün sonunadək burada bədii rəhbər kimi fəaliyyət göstərib.
Əhatəli və çoxşaxəli yaradıcılığı ilə seçilən İslam Rzayev geniş diapazonlu, məlahətli və zəngin çalarlı ecazkar səs tembrinə malik sənətkar idi. Onun böyük məharətlə ifa etdiyi muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olub. Müğənninin ifasında səslənən xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
Dinləyicinin daxili aləminə nüfuz edərək onda güclü emosional təsir yaratmaq bacarığı, muğam aləminin daxili qanunauyğunluqlarına bələd olması və incə musiqi duyumu İslam Rzayevin sənətini fərqləndirən mühüm xüsusiyyətlərdən idi. Daim muğam qaynaqlarından bəhrələnən, öz dəst-xətti ilə seçilən və təkrarolunmaz ifa üslubu ilə yadda qalan müğənninin zəngin repertuarlı konsert proqramları sənətsevərlər tərəfindən olduqca yüksək qiymətləndirilib. Onun uzun bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərməkdən ibarət olub.
Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilib. O, bir sıra mahnılar da bəstələyib, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edib, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa edib.
İslam Rzayev dünyanın 80-ə yaxın ölkəsində Azərbaycan musiqi mədəniyyətini böyük uğurla təmsil edib və respublikamızın hüdudlarından çox-çox uzaqlarda müxtəlif səhnələrdəki çıxışları ilə milli musiqimizə geniş şöhrət qazandırıb.
İslam Rzayevin sənətə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün örnək təşkil edir. Onun muğam ənənələrinin yaşadılması naminə gənc muğam ustalarının yetişdirilməsində özünəməxsus xidmətləri vardır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan ustad xanəndənin muğam sənətinin incəliklərini aşıladığı çoxsaylı yetirmələri beynəlxalq festivalların, müsabiqələrin qalibi adını qazanmış və bu gün də sənət yollarında böyük uğurlar əldə edirlər.
Azərbaycan musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə İslam Rzayev bir sıra mükafatlara layiq görülmüşdür. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.
Xanəndə 2008-ci il yanvarın 26-da Bakı şəhərində vəfat edib.
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Zəfər Gününə həsr olunmuş uşaq və gənclər arasında hərbi yaradıcılıq kollektivlərinin “Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, festivala Bakı şəhəri və respublikamızın regionlarından solo, duet, kollektiv olmaqla vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı müraciət edib. Ümumilikdə, əsasnamədə qeyd olunan texniki tələblərə cavab verən 104 videoçarx finala vəsiqə qazanıb. Göndərilən 104 videoçarx arasından 40-ı münsiflər heyəti tərəfindən seçilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən qala konsertdə Bakı şəhəri və regionlardan 152 nəfərdən ibarət 12 kollektiv – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən “Cücələrim” ansamblının Qavaldaş nağara ritm qrupu, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının vokal qrupu, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbi, Ağdam şəhər Xan Şuşinski adına Uşaq Musiqi Məktəbi, Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi, Samux Uşaq İncəsənət Məktəbi çıxış ediblər.
Qala konsert 200-ə yaxın festival iştirakçılarının və qonaqların iştirakı ilə keçirilib.
Sankt-Peterburq Musiqi Liseyinin tanınmış mütəxəssisi, Beynəlxalq müsabiqələr laureatı, Aleksandr Vasilyev tərəfindən skripka ixtisası üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yüksək səviyyədə ustad dərsləri keçirilib.
İncəsənət Məktəbindən AZƏRTAC-a bildirilib ki, ustad dərslərində 33 nömrəli uşaq musiqi məktəbinin, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin, Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin, Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbinin, S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin və s. şagirdləri iştirak ediblər.