Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bişkekdə Vətən müharibəsinin ildönümü ilə bağlı sərgi açılıb

    Qapar Aytiyeva adına Qırğızıstan Tətbiqi İncəsənət Muzeyində Azərbaycanın 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyinin (MATAB) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

    Muzeyin salonunda həm müharibənin dəhşətlərini-uşaqların və qadınların göz yaşlarını, dağıdılmış şəhər və kəndləri, həm də qanlı döyüşlərin başa çatdığını, çoxdan gözlənilən qələbənin qazanıldığını əks etdirən fotolar nümayiş etdirilib və tədbir iştirakçıları bu fotolara maraqla baxıblar.

    MATAB-ın sədri Xansuvar Baxşəliyev sərgiyə gələnlər qarşısında 44 günlük Vətən müharibəsi, Azərbaycanın qələbəsi, noyabrın 8-də qədim Şuşa şəhərinin Ermənistanın işğalından azad olunması haqqında məlumat verib. Son 200 il ərzində azərbaycanlıların zaman-zaman öz torpaqlarından qovulması, İrandan və Türkiyədən gətirilən ermənilərin bu ərazilərdə yerləşdirilməsindən danışan X.Baxşəliyev Qarabağın tarixi Azərbaycan torpağı olduğunu da diqqətə çatdırıb.

    Səfir Lətif Qəndilov bildirib ki, Vətən müharibəsi bütün dünya azərbaycanlılarını birləşdirdi. Azərbaycan heç vaxt müharibə istəməyib və həmişə münaqişənin sülh yolu ilə həll olunmasına çalışıb. 30 il ərzində biz həqiqəti bütün dünyaya, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmağa, ədalətə nail olmağa çalışdıq. Həmin vaxt işğalçılar “Qarabağ Ermənistandır”, “Biz yeni ərazilər əldə etmək üçün yeni müharibəyə başlayacağıq” deyə qışqır-bağır salırdılar. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Xocalıya qədər azərbaycanlılar düşürdülər ki, bizimlə zarafat etmək olar, elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qırdıq. Baxın nə baş verdi” deyirdi. Ermənilər insanlığa qarşı cinayət törətdiklərini belə inkar etmirdilər. Azərbaycan xalqı son 200 il ərzində dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Ötən ilin sentyabrında ermənilərin növbəti təxribatları isə cavabsız qalmadı. Xalqımız qəhrəmanlıq göstərdi. Biz dünyaya hərbi əməliyyatların yeni forma və metodlarını nümayiş etdirdik. Hazırda ölkələr Azərbaycanın hərbi təcrübəsini böyük maraqla öyrənir.

    Sonda uşaqlar Azərbaycan, Qarabağla bağlı şeirlər söyləyib.

  • Kitabxanada Bayraq Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Respublika Gənclər Kitabxanasının əməkdaşları Bayraq Günü ilə əlaqədar izləyicilərinin marağına səbəb ola biləcək videoçarx və virtual kitab sərgisi hazırlayıblar.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın dövlət rəmzi-bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilib. Burada müxtəlif zamanlarda təsis edilən Azərbaycanın tarixi bayraqları nümayiş etdirilib. Virtual kitab sərgisində Azərbaycan bayrağına həsr edilmiş, müxtəlif illərdə çap olunmuş kitablar haqqında da məlumat verilib. Səbuhi Əhmədov, Könül İmamverdiyeva, Pərvin Gözəlova və bu kimi müəlliflərin kitabları və onların annotasiyaları təqdim edilib.

    Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda isə ümumi məlumatlarla yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət rəmzimiz haqqında söylədikləri dəyərli fikirlər öz əksini tapıb.

    İzləyicilər hazırlanan materiallara baxmaqla, qısa zaman kəsiyində Azərbaycanın dövlət rəmzi olan bayrağımız haqqında geniş, ətraflı və maraqlı məlumat almış olacaqlar.

    Sözügedən materiallar kitabxananın sosial şəbəkələrində yerləşdirilib.

  • Odri Azule yenidən UNESCO-nun Baş direktoru seçilib

    UNESCO-nun mənzil-qərargahında keçirilən Baş konfransın 41-ci sessiyası işini davam etdirib.

    AZƏRTAC xəbər verir ki, 41-ci sessiya çərçivəsində Odri Azule yenidən UNESCO-nun Baş direktoru vəzifəsinə seçilib.

    Xatırladaq ki, Baş konfransda ölkəmiz xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

    Baş konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.

  • Münhendə “Qarabağa qayıdış” gecəsi keçirilib

    Almaniyanın Münxen şəhərində “Qarabağa qayıdış” adlı gecə keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Tədbirdə azərbaycanlı qonaqlarla yanaşı, türk, yəhudi və alman diasporlarının nümayəndələri də iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib, Birinci və İkinci Qarabağ müharibələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Münxendəki Azərbaycan Evinin rəhbəri Səttar Kərimov çıxışında qeyd edib ki, tədbirdə xristian və yəhudi dinlərinin nümayəndələrinin iştirakı Prezident İlham Əliyevin həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasətinin təzahürüdür.

    Qonaqlara 2020-ci ilin Vətən müharibəsi, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin müharibənin bütün 44 günü ərzindəki fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

    Tədbir musiqi proqramı ilə davam edib.

  • Bolqarıstanın Plovdiv şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş sərgi açılıb

    Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə bu il noyabrın 9-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Plovdiv şəhərində “Azərbaycan Respublikası: qədim mədəniyyət və zəngin ənənələr diyarı” adlı sərgi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın tarixi, zəngin mədəniyyəti və qədim adət-ənənələrini əks etdirən fotoşəkillərdən ibarət sərginin açılışında Plovdiv şəhər bələdiyyəsinin rəsmiləri, yerli türk icmasının üzvləri və media nümayəndələri iştirak ediblər.

    Sərgini giriş sözü ilə açan ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Zəfər və Dövlət Bayrağı günlərinin Azərbaycan tarixində olduqca əlamətdar və vacib əhəmiyyət kəsb etdiyini bildirib. Deyib ki, Azərbaycan ərazilərinin Ermənistanın təcavüzü nəticəsində 30 il ərzində işğal altında qalıb. Ötən il noyabrın 8-də Azərbaycan parlaq Zəfərə imza ataraq ərazi bütövlüyünü, həmçinin tarixi ədaləti və qanunun aliliyini bərpa edib. Bolqarıstan cəmiyyəti üçün Azərbaycanın tarixi və mədəniyyəti haqqında daha dolğun və müfəssəl məlumatın təqdim olunmasının əhəmiyyətini vurğulayan səfir sərginin yerli ictimaiyyətin Azərbaycanı daha yaxından kəşf etməsinə töhfə verəcəyini bildirib.

    H.Hüseynov Azərbaycanda müxtəlif etnik qrupların və dini təriqətlərin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını vurğulayıb, cəmiyyətdə tolerant və multikultural mühiti təmin edən Azərbaycanın dünya miqyasında nümunəvi rolundan bəhs edib.

    Plovdiv şəhər bələdiyyəsinin mədəniyyət departamentinin rəhbəri, şəhər merinin müavini P.Panov çıxış edərək Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sərginin yerli ictimaiyyətin maariflənməsində və insanlar arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, Azərbaycanın zəngin multikultural dəyərlərin daşıyıcısı olmasını yüksək qiymətləndirib.

    Türkiyənin Plovdivdəki baş konsulu K.Küngerü çıxışında Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən sərginin açılış mərasimində Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalanmasından qürur duyduğunu qeyd edib, sərginin bu şəhərin çoxmədəniyyətlilik ab-havasına xüsusi dəyər qatdığını bildirib.

    Üç həftə ərzində Plovdiv şəhərinin mərkəzi meydanında davam edəcək sərginin açılışı şəhər sakinləri və qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb.

  • Polşanın Krakov şəhərində Zəfər Günü münasibətilə tədbir təşkil edilib

    Polşanın Krakov şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Vaqifin şux gözəli” adlı bədii tədbir keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Komitənin, Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşada təhsil alan azərbaycanlı tələbələr, türk və Pakistan icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Muxtar Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov və Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Kamran Məmmədov çıxış ediblər. Onlar görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Qarabağ xanlığının ictimai-siyasi həyatında xidməti, ermənilərin torpaqlarımızı işğal edərkən tarixi-mədəni abidələrimizə, o cümlədən Vaqifin məqbərəsinə qarşı törətdikləri vandalizm aktları barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Qarabağı düşmənlərdən azad etdikdən sonra Heydər Əliyev Fondu şairin Şuşadakı abidəsini və məqbərəsini bərpa edib, Vaqif Poeziya Gününü yenidən mədəniyyət paytaxtımıza qaytarıb.

    Sonra Vaqif yaradıcılığına həsr edilmiş qısametrajlı film nümayiş olunub.

  • Sami Yusif "Qarabağımsan" adlı musiqili kompozisiya hazırlayıb

    Azərbaycan əsilli musiqiçi Sami Yusif “Qarabağımsan” adlı musiqili kompozisiya hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, musiqiçi bu barədə tviter hesabında yazıb.

    O deyib: “Növbəti bəstəmi elan etməkdən çox məmnunam”.

  • UNESCO-nun Baş Konfransının 41-ci sessiyası işə başlayıb

    UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan sessiyada xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

    Sessiyanın ilk günündə 40-cı sessiyanın prezidenti, Türkiyənin qurumdakı daimi nümayəndəsi, səfir Altay Cengizer, İcra Şurasının prezidenti və UNESCO-nun Baş direktoru Odre Azule çıxış edəcəklər. 41-ci sessiyada qeyri-hökumət beynəlxalq təşkilatların müşahidəçi qismində qəbul edilməsi, eləcə də qurumla rəsmi tərəfdaşlıq məsələlərinə baxılacaq.

    Sonra Baş Konfransın yeni prezident və vitse-prezidentləri seçiləcək. Baş direktorun 2018-2020-ci illər üzrə hesabatı dinləniləcək.

    Konfransın 41-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaq.

    Baş Konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.

  • Azərbaycanlı rejissorun filmi Tokio Beynəlxalq Film Festivalının xüsusi mükafatına layiq görülüb

    Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, oktyabrın 30-dan noyabrın 8-dək davam edən festivalın baş mükafatı uğrunda dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 film mübarizə aparıb. Festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nun dünya premyerası baş tutub. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Festivalın münsiflər heyətinə məşhur aktrisa İzabel Yupper rəhbərlik edib.

    Hilal Baydarovun müəllifi olduğu filmdə hüquq fakültəsinin məzunu olan qız ilə dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs olunur.

    Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan azərbaycanlı rejissor mükafata görə təşəkkürünü bildirib. Öz filmi haqqında isə bunları deyib: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filmin nə süjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.

    Qeyd edək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və digər aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

    Tokio Beynəlxalq Film Festivalının əsas mükafatını isə kosovalı rejissor Kaltrina Krasniçinin “Vera dənizi arzulayır” filmi layiq görülüb. Film qumarda evini girov qoyaraq uduzan və buna görə özünə qəsd edən kişinin həyat yoldaşının qarşılaşdığı çətinliklərdən bəhs edir.

    Festivalın “Ən yaxşı rejissor işi” mükafatına isə qazaxıstanlı Darecan Omirbayevin “Şair” filmi layiq görülüb. Filmdə XIX əsrdə yaşamış Didar adlı şairin həyatından və hakimiyyət tərəfindən edam olunmasından danışılır.

    Ötən il pandemiyaya görə əsas festivalda mükafatın verilməsindən imtina olunmasına baxmayaraq, cari ildə təşkilatçılar müsabiqə proqramını bərpa ediblər. Festivalın müsabiqə proqramına daxil edilən filmlər arasında Azərbaycan filmi ilə yanaşı, Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri də yer alıb.

    Ənənəyə müvafiq olaraq, Tokio festivalına yapon filmləri və animasiyaları da daxil edilib. Həmçinin klassik filmlər də nümayiş olunub.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Xarıbülbül” rəsm sərgisi açılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi açılıb.

    "Report xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında açılan sərgi çərçivəsində Xarıbülbül çiçəyi əkilmiş dibçəklər bağa hədiyyə edilib.

    RAGB-in məsul katibi Ceyhun Hüseynov sərginin açılışında çıxış edərək toplaşanları təşkilatın sədri Leyla Əliyevanın adından Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, sərgidə azərbaycanlı gənclərlə birlikdə Rusiyanın bir neçə rəsm məktəbinin yetirmələrinin işləri də nümayiş olunur. “Bu gün həm də sərgi çərçivəsində MDU-nun Botanika bağına Azərbaycan incisi – Xarıbülbül çiçəkləri əkilmiş dibçəklər hədiyyə edilib. MDU-nun Botanika bağı 1706-cı ildə yaradılıb və dünyanın ən qədim nəbatat bağlarından biridir. Bu bağda Şuşanın rəmzi Xarıbülbülün də çiçək acacağı bizi çox sevindirir”, - deyə C.Hüseynov qeyd edib.

    Botanika bağının direktoru Aleksey Reteyum “Xarıbülbül” sərgisinin açılışını təkcə Azərbaycanın deyil, Rusiyanın da mədəni həyatında mühüm hadisə adlandırıb. O deyib: “Mən çox istərdim ki, biz RAGB ilə daha yaxından əməkdaşlıq edək, birgə tədbirlər keçirək. Sizin hamınızı, ümumilikdə Azərbaycanı çox sevirəm. Leyla xanım Əliyevanın dəvəti ilə bir neçə dəfə Azərbaycanda olmuşam. Azərbaycan mənim çox sevdiyim ölkələrdən biridir. Azərbaycanlı gənclər təşkilatının tədbirlərində həvəslə iştirak edirəm, çünki orada hər zaman dostluq ab-havası hökm sürür”.

    Gənc rəssam Nilufər Həsənova “Qarabağda Zəfərə aparan yol” rəsmi ilə iştirak edir. O, belə bir sərgidə iştirakdan qürur duyduğunu qeyd edərək bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızın, ilk növbədə, Şuşanın rəmzi olan Xarıbülbülün bütün çalarlarını kağızda əks etdirmək, Zəfər bayramı günü rəsmini sərgiləmək olduqca sevindirici və eyni zamanda, məsuliyyətlidir.

    Rusiyalı rəssam Anna Baykova qeyd edib ki, RAGB-dən olan dostları ona Xarıbülbül barədə danışandan sonra bu çiçəyin rəsmini çəkmək arzusu yaranıb. “Öyrəndim ki, bu çiçək azadlığın, ədalətin rəmzidir və azərbaycanlılar onu bir rəmz kimi çox sevirlər. Rəsm üzərində işləyərkən Azərbaycanın digər rəmzləri, o cümlədən dövlət bayrağı və gerbi ilə də maraqlandım. Odur ki, rəsm əsərimdə Xarıbülbüllə yanaşı, Azərbaycanın gerbi də əks olunur”, - deyə rusiyalı rəssam vurğulayıb.

    Qeyd edək ki, sərgidə azərbaycanlı və rusiyalı rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. Açılış mərasiminin sonunda rəssamlara RAGB-in diplomları və hədiyyələri təqdim olunub.