Noyabrın 11-də Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində “Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci ilin sentyabrında start verilən layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi məqsədilə proqresiv, yaradıcı gəncləri, həvəskarları və bu sahədə çalışan mütəxəssisləri bir araya toplayaraq uğurla yekunlaşıb.
Layihə çərçivəsində ustad dərsləri Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərmin Qəmbərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Sara Qədimova, İntizar Qafarova, Sufi Səfərli, Aişə Məhərrəmova, İnarə Əliyeva, Şəlalə Salamzadə, Hüseynli Xəzangül, Nəzakət Əhmədova, Hənifə Musayeva, Nərminə Qurbanzadənin iştirakı ilə gerçəkləşib.
Geniş ictiamiyyətin marağına səbəb olan layihə müddətində rəssam Natiq Kamal, dizayner rəssam Hüseyn Rzayev, qrafik dizayner və illüstrator Mahir Qafarov, Amil Quliyev, animator Mansur Şəfiyev, vizual effektlər üzrə rəssam Hacı Qədirov, qrafik dizayner və rəssam Rəsul Həsən, illustrator Ərzuman Paşayevin ustad dərsləri keçirib.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Azərbaycanın Vətən müharibəsində Qələbəsinin ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək” sözləri əks olunub.
Mədəniyyət naziri Anar Kərimov Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələrini, ortaq türk mənşəli, ortaq dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin inkişafını, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Əlavə edib ki, dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə mühüm addımların atılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirir.
Ölkələrimizin qlobal arenada, TÜRKSOY, Türk Şurası, UNESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayan nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından danışıb və Qazaxıstanı bu çağırışa qoşulmağa dəvət edib.
İkitərəfli münasibətlərin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu və birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdıran Anar Kərimov kino sahəsində işbirliyini, kitabxanalar və muzeylərimiz arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serjan Abdıkarimov dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında demək olar ki, bütün sahələr üzrə sıx əlaqələri qeyd edib, mədəniyyət sahəsində birgə fəaliyyətin və müştərək layihələrin həyata keçirilməsinin önəmini dəstəkləyib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunan diplomat Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əlaqələrdən və birgə layihələrdən bəhs edib.
Söhbət zamanı Qazaxıstanın ölkəmizin haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman müdafiə etdiyi vurğulanıb, işğaldan azad olunan Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində dəstəyə hazır olduğu ifadə edilib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Noyabrın 11-də Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində “Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci ilin sentyabrında start verilən layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi məqsədilə proqresiv, yaradıcı gəncləri, həvəskarları və bu sahədə çalışan mütəxəssisləri bir araya toplayaraq uğurla yekunlaşıb.
Layihə çərçivəsində ustad dərsləri Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərmin Qəmbərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Sara Qədimova, İntizar Qafarova, Sufi Səfərli, Aişə Məhərrəmova, İnarə Əliyeva, Şəlalə Salamzadə, Hüseynli Xəzangül, Nəzakət Əhmədova, Hənifə Musayeva, Nərminə Qurbanzadənin iştirakı ilə gerçəkləşib.
Geniş ictiamiyyətin marağına səbəb olan layihə müddətində rəssam Natiq Kamal, dizayner rəssam Hüseyn Rzayev, qrafik dizayner və illüstrator Mahir Qafarov, Amil Quliyev, animator Mansur Şəfiyev, vizual effektlər üzrə rəssam Hacı Qədirov, qrafik dizayner və rəssam Rəsul Həsən, illustrator Ərzuman Paşayevin ustad dərsləri keçirib.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Müstəqilliyin Bərpası və Zəfər Günü münasibətilə Meksika Konqresində “Azərbaycan: uğura doğru gedən uzun cığır” adlı fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Meksika Deputatlar Palatasının bir sıra üzvləri və yerli KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə bu ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik tarixi, AXC-nin qurulması və fəaliyyəti, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsindəki müstəsna xidmətləri, ölkəmizin son 30 ildə əldə etdiyi nailiyyətlər, habelə Azərbaycanın zəngin incəsənəti və mədəniyyəti haqda məlumat verib.
Sonra erməni təcavüzünün tarixi, Vətən müharibəsinin yekunları, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına münasibətdə mövcud maneələr, bu xüsusda işğaldan azad edilmiş ərazilərdə aparılmış kütləvi minalama və dağıntılar, bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti və Meksika ilə ikitərəfli əlaqələrindən bəhs edilib.
Təmsilçimiz, həmçinin münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib, bu xüsusda Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsinə görə təşəkkürünü bildirib.
Sərginin rəsmi açılış mərasimindən öncə Konqres tərəfindən tədbirlə bağlı aparıcı Meksika KİV-lərinin iştirakı ilə mətbuat konfransı təşkil edilib və yerli media nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirdə çıxış edən Konqres üzvü, hakim “Morena” partiyasının təmsilçisi Navor Roxas Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq münasibətlərindən danışıb, bu xüsusda parlamentlərarası əməkdaşlığın xalqlarımızın daha da yaxınlaşmasına önəmli töhfə verdiyini qeyd edib.
Açılış mərasimində digər meksikalı millət vəkilləri də çıxış edərək Meksika xalqı adından müstəqilliyin bərpasının 30 illiyi və öz ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar Azərbaycan xalqını təbrik ediblər.
Ölkəmizin 30 illik müstəqillik dövrünü, beynəlxalq aləmdə qazandığı uğurları, habelə mədəniyyəti, turizm imkanları, eləcə də Vətən müharibəsindəki tarixi Qələbəsi və azad edilmiş ərazilərdə görülən quruculuq işlərini təsvir edən fotoşəkillərin nümayiş etdirildiyi sərgi yerli auditoriyanın böyük marağına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Gününüz mübarək!” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında ölkə Prezidentinin Sərəncamı, fotolar, 44 günlük II Qarabağ müharibəsinə, Zəfər yoluna, Milli qəhrəmanlarımıza həsr olunan kitablar və dövri mətbuat səhifələrində çıxan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zefer_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa noyabrın 12-də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.
Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev və başqaları canlandırır.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.
Özbəkistanda Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı özbək dilində təkrar olaraq “Yanqi asr avlodi” nəşriyyatında kiril, “Global Books” nəşriyyatında latın qrafikası ilə çap olunub.
AZƏRTAC xəbər verir ki, kitab məşhur şair və tərcüməçi, mərhum Usman Kuçkar tərəfindən orijinaldan çevrilmişdi.
U.Kuçkar uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edib. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarını, “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestlərini, Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və vaxtilə Daşkənddə ayrıca kitab kimi çap olunub.
U.Kuçkarın tərcüməsində Xalq şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da işıq üzü görüb. Bir neçə il bundan əvvəl çap edilən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır.
Bu caz konserti xüsusi, vacib və tarixi bir günə, 8 Noyabr - Zəfər Gününə, Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarımızın, eləcə də münaqişə nəticəsində itkin düşmüş azərbaycanlıların əziz xatirəsinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Fransadakı səfirimiz Rəhman Mustafayev Parisdə “Kortot” konsert zalında Şuşanın azad edilməsinə həsr edilmiş konsertdən əvvəlki çıxışında söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti vurğulayaraq bildirib ki, hər il noyabrın 8-də ölkəmizdə Zəfər Günü qeyd ediləcək.
Ötən il noyabrın 8-də Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşa erməni işğalından azad edildi və 28 illik əsarətə son qoyuldu.
Qarabağın paytaxtı Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, milli poeziya, ədəbiyyat mərkəzidir. Məhz Qarabağda Azərbaycanın ilk operası, klassik musiqisi yazılıb. Şuşa Azərbaycan Dövlət Himninin yazıldığı şəhərdir.
Noyabrın 8-i çox vacib tarixdir. Bu beynəlxalq hüququn bərpa olunduğu, BMT Təhlükəsizlik Şurasının, bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçirildiyi tarixdir.
Qeyd edib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə Qarabağı işğal altında saxlayıb. Noyabrın 8-də Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi olmuş, müharibənin taleyində həlledici rol oynamış və müharibəyə son qoymuşdur. İki ölkə arasındakı münaqişəyə son qoyulub, beynəlxalq hüquqa riayət edilib.
Azərbaycan torpaqlarının müdafiəsinə qalxaraq, tarixi ədaləti bərpa etdi. 8 noyabr tarixi bütün Qafqaz regionu üçün dirçəlişdir. Səfir vurğulayıb ki, erməni işğalı dövründə Qarabağ regionu yerlə-yeksan edilib. Kəndlər, şəhərlər yer üzündən silinib, çaylar, sular çirkləndirilib, torpaq zəhərlənib, meşələr yandırılıb, qəbiristanlıqlar vandalizmə məruz qalıb. Bütün mədəni, dini irs abidələri məhv edilib. Bu gün Azərbaycan dövlət başçısının rəhbərliyi altında ölkəmiz bütün bu ərazilərin yenidən tikintisinə başlayıb. Regionda bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Məhz buna görə bu tarix Qarabağın yenidən yaranması, dirçəlməsidir.
Münaqişədən əvvəl bu ərazilərdə yaşamış müxtəlif etnik qrupların nümayəndələri yenidən birgə mehriban yaşayacaq. Bu regionda erməni işğalçıları tərəfindən məhv edilən multikultural mühit yenidən bərpa ediləcək.
R.Mustafayev Zəfər Gününün bütün Qafqaz regionu üçün vacib tarix olduğunu vurğulayıb. Ölkəmizin mövqeyindən söz açıb.
Səfir Azərbaycan musiqisi, eləcə də Əməkdar artist, pianoçu İsfar Sarabski haqqında məlumat verib.
Sonra İsfar Sarabski kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşın müşayiəti ilə “Planet” albomundakı musiqiləri səsləndirib. İ.Sarabski Qarabağa dair bəstələdiyi musiqini səsləndirməklə, dinləyicilərin diqqətini bir daha Azərbaycanın Qarabağda qazandığı qələbəyə yönəldib.
Azərbaycanlı pianoçunun ifası fransız dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Xatırladaq ki, İsfar Sarabski oktyabrın 16-dan noyabrın 10-dək davam edəcək Avropa turnesindədir.
Tədbirdə bir çox ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatları, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, eləcə də Fransadakı diplomatlarımız, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq, ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən üzərində Nizami Gəncəvinin portretinin təsviri olan poçt markası buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma səfirlik ilə İsveçrənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.
Sözügedən poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək.