Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

    O, cəmi 51 il ömür sürmüş mənalı həyat yoluna böyük bir sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qalıb. Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İslam Səfərlinin anadan olmasının 101-ci ildönümü tamam olur.

    İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini müvəffəqiyyətlə tərcümə edib.

    Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.

    Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.

    18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri - lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.

    “De, nə vardır dünyada

    Ana südündən təmiz

    Doğulduğun torpaqdan,

    Olduğun evdən əziz?!” – deyən İslam Səfərli 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.

  • Bakıda yeni velosiped yolları salınır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir.

    "Report" bu barədə AYNA-ya istinadən xəbər verir.

    Məlumata görə, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.

  • Sabah Ucarda qaz olmayacaq

    Sabah Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı fevralın 13-də saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • "Azərsığorta"da Ləğvetmə Komissiyası yaradılır

    Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanını ləğv etməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.

    "Report" xəbər verir ki, sərəncama əsasən, "Azərsığorta"da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə Ləğvetmə Komissiyası yaradılmalıdır.

    Holdinq Komissiyada təmsil olunacaq nümayəndəsi barədə təkliflərini 3 gün müddətində nazirliyə təqdim etməlidir.

    Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

  • Naxçıvanda ixracla bağlı müzakirələr aparılıb

    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində ixracla bağlı müzakirələr aparılıb.

    Bu barədə "Report"un yerli bürosuna nazirlikdən bildirilib.

    Məlumata görə, nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlarla görüşüb. Görüşdə muxtar respublikadan Türkiyəyə güzəştli rejim çərçivəsində ixracın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

    Naxçıvan iqtisadiyyatının davamlı inkişafına böyük önəm verildiyini diqqətə çatdıran A.İsmayılov bölgənin potensialının reallaşdırılması və yeni məhsulların ixrac imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

    Görüşdə istehsalın və ixracın artırılması üçün həyata keçirilməli olan tədbirlərlə bağlı təkliflər dinlənilib.

    Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

  • Bu gün Xalq rəssamı Mirələsgər Mirqasımovun anadan olmasının 100-cü ildönümü tamam olur

    Bu gün Azərbaycan heykəltaraşlıq sənəti tarixində adı böyük ehtiramla çəkilən Xalq rəssamı Mirələsgər (Mirəli) Mirqasımovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 100-cü ildönümü tamam olan Xalq rəssamı istər dəzgah, istərsə də monumental heykəltaraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanıb.

    O, 1924-cü il fevralın 9-da Bakı şəhərində AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1944-cü ildə həmin məktəbi bitirən Mirəli təhsilini İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib və 1950-ci ildə təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olub.

    Qeyd etmək lazımdır ki, heykəltaraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltaraşlıq sənətində nədənsə animalistik janrda heykəltaraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiqdir. Onun müəllifi olduğu dəzgah heykəltaraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Qız göyərçinlə” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltaraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.

    M.Mirqasımov mənsub olduğu ailənin gözəl ənənələrindən qaynaqlanan yüksək intellektuallığı və əməksevərliyi, seçdiyi sənətə sonsuz bağlılığı sayəsində heykəltaraş kimi böyük yaradıcılıq yolu keçib və onun yarım əsrdən artıq müddət ərzindəki fəaliyyəti Azərbaycanda heykəltaraşlığın inkişafında mühüm rol oynayıb. Mirəli Mirqasımovun monumental plastika sahəsindəki xidmətləri xüsusilə yüksək qiymətə layiqdir. Heykəltaraşın xalqımızın görkəmli oğul və qızlarının mərmərdə, qranitdə və tuncda əbədiləşdirdiyi obrazları küçə və meydanları, böyük sərgi və muzeyləri bəzəyən sənət inciləridir. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin monumental abidələri, Sumqayıtda Nəriman Nərimanovun büstü incəsənətimizin qızıl fonduna həmişəlik daxil olub.

    M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən sənət əsəri, heç şübhəsiz ki, görkəmli yazıçımız Cəfər Cabbarlının Bakıda ucaldılan heykəlidir. Əzəmətli – hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizm və dinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltaraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltaraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltaraşlıq abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

    Heykəltaraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycan heykəltaraşlıq məktəbinə şöhrət qazandırıb.

    Həyatın ağır sınaqlarına sinə gərmək Mirəli Mirqasımovda mübarizlik ruhu yaratmışdısa da, onun əsərlərində nikbin ovqat və romantiklik üstünlük təşkil edir. Sənətlərin sintezi probleminin gözəl həlli, monumental duyum və lakoniklik onun yaradıcılığının başlıca səciyyəvi cəhətləridir.

    Azərbaycan heykəltaraşlıq sənətinin inkişafında var qüvvəsini sərf etmiş M.Mirqasımovun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Onun mənalı yaradıcılıq yolu gənc heykəltaraş nəsilləri üçün zəngin sənət məktəbidir.

    Respublikanın görkəmli heykəltaraşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Mirəli Mirqasımov 2003-cü il noyabrın 9-da ömrünün 80-ci ilində vəfat edib.

  • Cənubi Koreyanın alıcı missiyası Azərbaycana səfər edəcək

    Bu il martın 11-16-da Cənubi Koreyanın alıcı missiyasının Azərbaycana səfəri planlaşdırılır.

    “Report” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) hazırlıqlara başlayıb.

    Missiya çərçivəsində iştirakçılar Bakı, Sumqayıt, Abşeron və Şəki-Zaqatala bölgələrində görüşlər keçirəcək.

    Missiyanı Azərbaycan tərəfi maliyyələşdirəcək.

  • Kitabxanada “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlanıb

    Bu gün Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış gözəl diyarı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında müxtəlif illərdə muxtar respublikaya dair imzalanan rəsmi sənədlər, Naxçıvan diyarının qədim tarixi, inzibati - ərazi vahidləri, mədəniyyət, təhsil, iqtisadiyyat, səhiyyə sahələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir. Bazada Naxçıvan Muxtar Respublikası haqqında Azərbaycan və xarici dillərdə qələmə alınan kitabların, məqalələrin biblioqrafik təsvirləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyevanın “Naxçıvanlılar Heydər Əliyevi, Ulu Öndər isə Naxçıvanı qorumuşdu...”, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin “İlham Əliyevin yeni Naxçıvan modeli”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvan təməli və dərsləri” və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovun “Moskva və Qars beynəlxalq müqavilələri müstəvisində Naxçıvanın hüquqi statusu” məqalələrinin tam mətni təqdim edilir.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı - 2018”, “Avtoreferatlar, dissertasiyalar”, “Notlar”, “İzomateriallar”, “Foto və videoqalereya”, “Virtual sərgi” bölmələri də mövcuddur.

    “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

  • “Ələddinin sehrli çırağı” tamaşasının premyerası keçirilib

    Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Min bir gecə” nağıllar toplusunda böyük maraqla oxunan “Ələddinin sehrli çırağı” eyniadlı tamaşanın premyerası olub.

    AZƏRTAC xəbər verir ki, səhnə əsərində rolları Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov və Elnur Xəlilov canlandırıblar.

    Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.

    Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən sözügedən rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb.

    Əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə nağılın sonunda qələbə qazanır.

  • Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikası – 100” mövzusunda kitab sərgisi açılıb

    Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikası-100” adlı geniş kitab sərgisi təşkil edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə rəsmi sənədlər, Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı, Naxçıvanın tarixi, arxeologiyası, folklor örnəkləri, təbiəti, ədəbi mühiti, tarixi şəxsiyyətləri, ziyalıları və sair mövzularda, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı igid oğulların qəhrəmanlığından bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayış olunur.

    Sərgi 1 həftə davam edəcək.

    Prezident İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.

    Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli bir yol qət edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.