“Disney” platforması “The Mandalorian və Grogu” filminin yayım tarixini açıqlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekran əsərinin premyerasının 2026-cı il mayın 22-də keçirilməsi planlaşdırılıb.
Filmin çəkilişlərinə cari ilin yay aylarında Los-Anceles şəhərində başlanacaq.
Fevralın 1-i "Ailə TV"nin Gəncə şəhərində yeni, ikinci filialının açılışı baş tutub.
Gəncə şəhərinin mərkəzində, Cavadxan küçəsi 16 ünvanında yerləşən yeni "Ailə TV Gəncə 2" (Cavadxan) filialı şirkətin yeni korporativ üslubuna uyğun, müasir tərtibatda işlənilib. Regional şəbəkənin aktiv inkişafı "Ailə TV"nin prioritet strateji məqsədlərindən biri hesab olunur.
Gəncədə ikinci filialının açılışı ümumilikdə Gəncə şəhərinin sakinlərinə daha əlçatan internet və televiziya xidmətlərini təqdim edərək şəhər əhalisinin rəqəmsal mühitə transformasiyasını keyfiyyətcə daha üstün səviyyəyə qaldırmağa xidmət edəcək.
Qeyd etmək lazımdır ki, "Ailə TV"nin əsas fəaliyyət istiqamətlərindən biri müasir texnologiyalardan istifadə edərək daim müştəri xidmətlərinin keyfiyyətini artırmaqdır. Bu gün "Ailə TV" Bakı şəhərində Baş Ofis də daxil olmaqla 8, Gəncə şəhərində isə 2 filial olmaqla ümumilikdə 10 mərkəzlə əhaliyə yüksək keyfiyyətli fiber-optik internet, İPTV və rəqəmsal kabel televiziyası xidmətləri göstərir.
Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür.
Bu gün energetika naziri Pərviz Şahbazov Ağdaş şəhərində vətəndaşları qəbul edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda Ağdaş, Yevlax, Gəncə, Göyçay, Ucar və Qəbələ rayonlarından olan 24 vətəndaş iştirak edib.
Vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, sayğaclaşdırma, qaz təchizatı, qaz sərfiyyatına görə borcun yaranması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları fevralın 8-də işinə başlayan “OTM Mumbai 2024”də (“Outbound Travel Mart”) sərgilənir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Hindistanın Mumbay şəhərində fevralın 10-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.
Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.
Sərgidə 60 ölkədən 1600-dən çox turizm şirkəti iştirak edir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana gələn xarici ölkə vətəndaşları sırasında Hindistandan olan ziyarətçilər 4-cü yerdə qərarlaşıblar. Ötən il Azərbaycana 117 min 302 Hindistan vətəndaşı gəlib ki, bu da 2022-ci illə müqayisədə 93 faiz, 2019-cu illə müqayisədə isə 80 faiz çoxdur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru Əlif Cahangirli olan tamaşada rolları Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif ifa ediblər.
Səhnə əsəri dünyagörüşləri fərqli olan iki insanın söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradıb. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Əsər bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim olunub.
Bu gün görkəmli bəstəkar Əşrəf Abbasovun anım günüdür
Dünyaya göz açdığı mühit, ilk təhsili, qarşısına çıxan yaradıcı və xeyirxah insanlar onu hələ erkən gənclik çağlarından öz gələcək yolunu müəyyənləşdirməyə yönəldirdi. Bu, heç də asan olmayan, istedadla yanaşı, böyük zəhmət, gərgin axtarışlar tələb edən bəstəkarlıq yolu idi. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bu sənətə gələn Əşrəf Abbasov unudulmaz müəlliminin çox ləyaqətli davamçısı olduğunu öz zəngin və dərin məzmunlu yaradıcılığı ilə təsdiq etmişdir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasovun vəfatından 31 il ötür.
Əşrəf Cəlal oğlu Abbasov 1920-ci il martın 23-də Azərbaycanın dilbər guşəsi, musiqiçilər diyarı Şuşada anadan olub. İlk orta və tar ixtisası üzrə musiqi təhsilini bu şəhərdə alıb. Təhsil aldığı müddətdə musiqi məktəbində nəzəri fənlər müəllimi - Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fatma Zeynalova onu dünya bəstəkarlarının yaradıcılıqları ilə tanış edir. Musiqiyə marağı onu tar üçün kiçik həcmli pyeslər yazmağa həvəsləndirmişdi. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli bu gəncin istedadını görür və onu Bakıya təhsil almağa dəvət edir. Beləliklə, 1936-cı ildən etibarən Əşrəf Abbasovun həyatında maraqlı dövr başlayır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını), 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Ömrü boyu Şuşa musiqi mühitinin və Üzeyir Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirib.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında Əşrəf Abbasovun xidmətləri böyükdür. O, xalq musiqisinə yaradıcılıqla yanaşaraq, özünün yeni əlavələri ilə orijinal əsərlər yazıb. Eyni zamanda, klassik irsi dərindən mənimsəməsi, müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnməsi onun əsərlərinin mükəmməlliyini təmin edən amillərdəndir. Odur ki, bəstəkarın əsərləri yüksək peşəkarlığı, bədii məzmunun aydınlığı, mövzularının müasirliyi, emosionallığı, səlis üslubu ilə diqqəti cəlb edir. Həmişə axtarışda olan bəstəkarın əsərləri janr müxtəlifliyi ilə də seçilib.
Əşrəf Abbasovun yaradıcılığında xüsusi yeri simfonik musiqi tutur. Bu sahəyə bəstəkar bütün yaradıcılığı boyu müraciət edib. Onun simfonik orkestr üçün ilk əsəri tələbə ikən yazdığı “Rəqs süitası” olub. Aydın ifadə tərzinə, melodik zənginliyə və forma vəhdətinə malik bu əsər 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə böyük maraqla qarşılanıb.
Əşrəf Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema”sı bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün süitalar da yazıb. Bütün bu əsərlər Niyazi, Alqis Cüraytis, Rauf Abdullayev kimi görkəmli dirijorların təfsirində səslənərək, müəllifinə böyük şöhrət gətirib.
Bəstəkarın yaradıcılıq zirvəsində duran “Qaraca qız” baleti həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər S.S.Axundovun eyniadlı hekayəsi əsasında hazırlanıb. Librettonun müəllifi isə Xalq artisti Əfrasiyab Bədəlbəyli idi.
Müəllif “Qaraca qız”da milli xoreoqrafiya ilə klassik balet ənənələrinin gözəl vəhdətinə nail olub. O, hadisələrin dramatizmini və obrazların psixoloji səciyyəsini gərgin və parlaq harmonik ahənglər, tembr rəngarəngliyi, maraqlı polifonik vasitələr, xalq musiqi intonasiyalarından istifadə etmək yolu ilə verib. Klassik balet ənənələrinin ən gözəl nümunələrindən biri olan bu səhnə əsərini təkcə uşaqlar deyil, böyüklər də maraqla seyr ediblər.
Zəngin yaradıcılığa malik Əşrəf Abbasovun musiqi bəstələdiyi mahnı və romanslar şeirlərin mətni ilə poetik vəhdət yaradıb. Onun M.Füzulinin, M.P.Vaqifin, M.Müşfiqin, A.Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları, mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.
Bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilib. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirib. Bu tamaşalar uzun illər Məmmədsadıq Nuriyev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov kimi görkəmli aktyorların ifasında Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) repertuarında olub.
Əşrəf Abbasov instrumental musiqiyə də müraciət etmiş, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün də əsərlər yazıb. Onun bir sıra əsərləri tədris proqramlarına daxil edilib.
Bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb. O, Azərbaycan bəstəkarları arasında həm də ilk sənətşünaslıq namizədi olmuş, musiqişünaslarımızın bir çox elmi əsərlərini redaktə edib.
Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, kafedra müdiri vəzifələrində çalışıb. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri layiqincə qiymətləndirilmiş və respublikamızın ən yüksək fəxri adlarına layiq görülüb.
Görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat edib.
Bütün ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunub, onun əsərləri zamanın imtahanından şərəflə çıxaraq, xalqımızın qəlbində özünəməxsus yer tutub.
Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, rəssamı Vüsal Rəhimdir.
Ekran əsəri Hacı Zeynalabdın Tağıyevin vəfatının 100-cü ildönümü ilə əlaqədar çəkilib.
Xeyriyyəçiyə həsr olunan filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr əks etdirilir.
“Himayədar”ın on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 ədəd aksesuar – zərgərlik nümunələrini hazırlayıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl musiqişünas Aysel Kərim bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Əməkdar artist Fəridə Məmmədova öz ifasını dinləyicilərə təqdim edib.
Konsertdə bəstəkarın əsərləri səsləndirilib.
Bakıdakı Rus evində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın sinfinin “Gənc istedadların musiqi dünyası” adlı konserti təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, konsert BMA və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.
Tədbirdə əvvəlcə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov çıxış edib.
Gecədə tamaşaçıları müxtəlif dövrlərə və üslub istiqamətlərinə aid yerli və xarici klassik musiqi aləminə parlaq və maraqlı səyahət gözləyirdi. Belə geniş üslub əhatəsinə müvafiq olaraq proqram tarixi yanaşma əsasında qurulmuşdu. Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina dinləyicilərə musiqi sənətinin tarixi inkişafının hər mərhələsinin üslub xüsusiyyətlərindən, eləcə də bu bayram gecəsində səsləndirilən əsərlərin hər birinin unikal xarakterindən söhbət açıb.
Musiqi sənəti şedevrləri Azərbaycanın Əməkdar artisti Rəna Əliyeva, Azərbaycan Akademik Opera və Balet Teatrının solisti Adil Axundov, beynəlxalq müsabiqələr laureatları Rəvan Mustafazadə, Namiq Səlimov, Fuad Əfəndiyev, Elşən Məmmədovun, eləcə də BMA-nın professoru Könül Hüseynovanın sinfinin tələbələri, beynəlxalq müsabiqələrin laureatları Gülnar Ağayeva, Nurel Kərimova, Zəminə Kərimova, Nərminə Mürşüdzadə, Fidan Əmirova, Nəzrin Qulamova, Elvinə Yəhyayeva, Aysel İbrahimli, Tasura Hüseynova, Rasimə Abdullayeva, Fidan Yunus, Səkinə Quliyeva, Şəms Əskərova və Sara Mustafayevanın ifasında təqdim olunub.
Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə müvafiq tədbir üçün xüsusi yaradılmış kulinariya komandası “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də “ictimai keytrinq” kateqoriyası üzrə komanda yarışında diplom qazanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə 9 aşpazdan ibarət heyət “ictimai keytrinq” və “fərdi iştirakçı” kateqoriyalarında təmsil edib.
Müsabiqənin standartlarına əsasən milli komandanının təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla hazırlanıb.
Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, baltalı düyüsü kimi beynəlxalq “Slou Fud” qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfəran, Zirə pomidoru, nar kimi yerli təbiət məhsullarından istifadə edilib.
Müsabiqədə qiymətləndirmə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilib. Müsabiqəyə təqdim edilən menyular dadlı, sağlam və dayanıqlı qida, tullantı olmadan və istifadə edilən hər bir məhsula xüsusi yanaşma ilə hazırlanma, xüsusi ölçülərə və biometrik formalara dəqiqliklə riayət edilmə, rəng amili də nəzərə alınmaqla səliqəli və estetik görünüş meyarları əsas götürülməklə qiymətləndirilir. Həmçinin hakimlər tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində komandanın iş prosesi, stresə davamlılıq, bərabər iş bölgüsü, mətbəxin təmizliyi, aşpazların şəxsi gigiyenası amilləri də nəzərə alınır.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan kulinariya komandaları “milli”, “gənc milli”, “ictimai keytrinq” və “regional” kimi qruplara üzrə yarışıblar.
Tədbir çərçivəsində, həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (“Worldchefs”) məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend quraşdırılıb. Milli məhsul və təamların təqdim edildiyi stenddə ziyarətçilərə, o cümlədən qastronomiya mütəxəssislərinə ölkəmizin qastroturizm potensialı barədə məlumat verilib, Azərbaycan milli mətbəx nümunələrini dadmaq üçün şərait yaradılıb.
Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də “Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri” tematikası ilə Ümumdünya İrs Siyahısına salınmış Şəki və Xınalıq üzrə mətbəxi nümunələri nümayiş etdirilib. Eləcə də milli komandanın qənnadçıları tərəfindən müsabiqənin şərtləri əsasında hazırlanan müxtəlif tematika və texnologiya ilə hazırlanan qənnadı məhsulları sərgilənib.
Qeyd edək ki, 1900-cü ildən etibarən hər dörd ildən bir Almaniyada təşkil olunan “IKA – Dünya Kulinariya Olimpiadası” kulinariya, qida, restoran və biznes sahələrində nüfuzlu beynəlxalq müsabiqə və sərgi kimi tanınır. Bundan əvvəlki 2020-ci ildə keçirilmiş müsabiqədə 67 ölkədən 1800 iştirakçı ilə 8000 fərqli resept dünyanın müxtəlif ölkələrindən olan 100 mindən çox ziyarətçiyə nümayiş etdirilib.