Beynəlxalq Muğam Mərkəzi şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsi çərçivəsində “İgidlərin sözü” adlı proqram təqdim edəcək.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-də reallaşacaq tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən şeirlər və esselər səsləndirəcəklər.
Layihə rəhbəri Nigar Həsənzadə bildirib ki, proqrama regionlardan olan qazilər də qatılacaq və bir çox bölgələrimizdən olan qazilərmiz qələmə aldıqları şeirlərini geniş kütləyə çatdırmaq imkanı qazanacaqlar. Bu şeirlər arasında döyüşlər zamanı qələmə alınan nümunələr də yer alır. Qazilərimizin qələmə aldıqları bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var.
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər nümayiş olunacaq və hər kəs bu od-alov içindən çıxan igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış olacaq.
Qeyd edək ki, Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl təşəbbüslərdən olan “İgidlərin sözü” proqramı Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan tanıdacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi ərəfəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı altında “Jazzery Voices” silsilə layihəsinin tədbirlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, “Jazzery Voices” silsilə layihəsi - əsasən BMA-nın caz ifaçılığı üzrə məzunlarının və gənc caz kollektivlərinin iştirakını rəhbər tutub, müasir Azərbaycan caz musiqisinin təbliği və inkişafı, gənc ifaçı qüvvələrin dəstəklənməsi və caz musiqisinin təlim-tədris əsaslarının qoyulması, professional bilik mübadiləsi məqsədini irəli sürür.
Beynəlxalq Muğam Mərkəzində “Jazzery Voices” layihəsinin ilk konserti olub. Konsertdə üç gənc caz heyəti çıxış edib. Gənc müğənni Nərmin Məmmədli özünün “Narinjazz” sərlövhəli proqramını təqdim edib, onu kvartet heyəti ilə müşayiət edən həmkarları caz standartlarını ifa edib. Digər heyət pianoçu Seymur Əliyevin triosu olub, partnyorları - kontrabasist, Əməkdar artist Ruslan Hüseynov, zərbçi Elvin Bəşirov və tenor saksofonçu Camal Bayramlının müşayiəti ilə müasir meynstrim cazı səsləndirilib. Son çıxış pianoçu Elbəy Məmmədzadənin triosu olub, silsilənin açılışını rəngarəng milli çalarlara xas etno-caz musiqisi ilə tamamlayıb.
Silsilənin ikinci konserti gənc ifaçıların təqdim etdiyi müasir etno-caz gecəsi kimi yadda qalıb. Pianoçu Nicat Aslanov həmkarları Ruslan Hüseynov, Həsən Bilalov, Camal Bayramlı ilə caz standartları və Azərbaycan bəstəkarlarının mövzularına kompozisiyalar ifa ediblər. Qrupun ifa etdiyi son kompozisiya konsertin sərlövhəsi kimi seçilmiş “Forward, Azerbaijan” bəstəsi olub.
Digər gənc pianoçu və elektron dilli alətlər ifaçısı Afşin Əlizadə bu istiqaməti saxlayıb, trampet ifaçısı Firudin Həmidov, zərbçi Həsən Bilalov, bas-gitaraçı Nicat Paşazadə ilə Azərbaycan xalq və bəstəkar mövzularına kompozisiyalar səsləndiriblər.
Nizami Gəncəvi öz dövründə bir körpü funksiyasını yerinə yetirib. Nizaminin fəlsəfi düşüncələri geniş coğrafiyanı və elmin müxtəlif sahələrini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri hindistanlı alim Nasim Əhmədşah Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində keçirilən “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusuna həsr olunmuş panel iclasda deyib.
“İndi yaranan böhranlar, iqlim dəyişiklikləri, insanlar arasında münasibətlərdəki uçurum və digər məsələləri həll etmək üçün biz yenidən Nizami Gəncəvi yaradıcılığına müraciət etməliyik. Bu baxımdan Azərbaycanın bəxti gətirib. Çünki Nizami Gəncəvin bu torpaqda dünyaya göz açıb, burada yaşayıb, yaradıb. Hindistanda da Nizami yaradıcılığına böyük dəyər verilir. Nizaminin çoxlu əlyazmaları bu gün də Hindistanın kitabxanalarında, elmi mərkəzlərdə qorunub saxlanılır, tədqiqatçıların diqqətini cəlb edir. Dahi mütəfəkkirin yaradıcılığında Şərq xalqlarının, eləcə də hind xalqının həyatı ilə bağlı olduqca maraqlı məlumatlar var. Nizami Hindistanı qədim bir ölkə kimi tərənnüm edir, “Yeddi gözəl” poemasında yeddi gözəldən biri hind şahzadəsidir. Bundan başqa, “İsgəndərnamə” poemasında İsgəndər Hindistana hücum edəcəyi ilə bağlı məktub göndərir. Hind padşahı son dərəcə ağıllı qərar qəbul edərək məmləkətini fəlakətdən qurtarır. Nizaminin əsərlərində Hindistanla bağlı belə maraqlı məqamlar çoxdur. Bu da onu göstərir ki, Azərbaycanla Hindistan arasındakı mədəni əlaqələrin kökləri çox qədimdir”.
Bu gündən Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr üçün silsilə ustad dərslərinə başlanılır.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, hər həftənin dördüncü günü təşkil olunacaq ustad dərslərində görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə muzey əməkdaşları tərəfindən ətraflı məlumat veriləcək. Həmçinin iştirakçılara Xalq rəssamının əsərləri əsasında eskizlərin hazırlanması öyrədiləcək.
Ustad dərsləri üçün bütün ləvazimatlar muzey tərəfindən təmin olunacaq.
2002-ci ildən ASİFA (Beynəlxalq Animasiya Kino Assosiasiyası) tərəfindən təsis edilən Animasiya Günü münasibətilə müxtəlif ölkələrdən tanınmış rəssamlar bir araya toplaşır.
AZƏRTAC xəbər verir ki, multiplikasiya filmlərini ilk dəfə Çarliz Emil Reno lentə alıb. Dünyanın 50-dən çox ölkəsində fərqli tədbirlərlə keçirilən animasiya günündə bu sahəyə həvəsi olan tələbələrin yeni filmləri nümayiş olunur.
Beynəlxalq Animasiya Günü Beynəlxalq Kino Assosiasiyası tərəfindən animasiya sənətinin yaradılmasında iştirak edən rəssamları, alimləri və texniki işçiləri tanımaq üçün təşkil edilir.
Noyabrın 3-də Bakıda beşinci dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-dək davam edəcək festivalın əsas mövzusu “Hisslər±” adlanır.
“YARAT” Müasir İncəsənət Mərkəzində reallaşacaq festival çərçivəsində nümayiş ediləcək filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunacaq.
Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılar ilə nümayiş ediləcək.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəcibə Məlikovanın 100 illiyi münasibətilə həyata keçirilən layihə davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində nümayiş etdirilmiş növbəti film “Əhməd hardadır?” olub.
Azərbaycanın korifey sənətkarlarının iştirak etdiyi bu ekran əsərində Nəcibə Məlikovanın Nərgiz xalası öz görkəmi, aforizmə çevrilmiş sözləri və davranışı ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.
Böyüməkdə olan nəslə ünvanlanan və tanıtım məqsədilə həyata keçirilən layihə onların milli audiovizual sənətimizin seçmələri ilə tanış olmaları və incəsənətə maraqlarını artırmaq məqsədi daşıyır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəl filialının böyük kitabxanaçısı Afət Ağayeva “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda H.Z.Tağıyevin həyat yolu və gördüyü böyük işlər haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev millətinin tərəqqisi üçün çox işlər görmüşdü. Xeyriyyəçilik fəaliyyətinin bir ali məqsədi var idi: xalqına, onun tərəqqisinə xidmət. Üstündən 100 il ötsə də, Azərbaycan xalqının tarixində bu ölməz şəxsiyyətə bərabər ikinci xeyriyyəçi yoxdur ki, Hacı Zeynalabdin Tağıyev kimi varidatının yarısını xalqının maariflənməsinə sərf etsin.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə minnətdarlığını bildirib. Gecəyə Rusiyanın Xalq artisti Emmanuil Vitorqan aparıcılıq edib.
“Bu gün səhnəyə Bülbül, Adıgözəlzadə kimi soyadları daşıyan musiqiçilər çıxacaq. Bütün bu soyadlar Qarabağla, Şuşa ilə bağlıdır. Bu gün biz sizə Azərbaycanın musiqi mədəniyyətini təqdim edəcəyik. Azərbaycan mədəniyyətinin tarixi minilliklərlə ölçülür, lakin peşəkar klassik məktəb 100 ildə böyük yol keçib”, - deyən F.Bədəlbəyli xatırladıb ki, Üzeyir Hacıbəyli Sankt-Peterburq Konservatoriyasında təhsil alıb, dahi rus bəstəkarı Dmitri Şostakoviç Qara Qarayevin müəllimi və ustadı olub. F.Bədəlbəyli Azərbaycan klassik musiqisinin inkişafında rus bəstəkarlarının və pedaqoqlarının rolundan da danışıb. BMA-nın rektorunun sözlərinə görə, Akademiyanın 100 illik yubileyinin Moskva Konservatoriyasında qeyd olunması həm Azərbaycanın, həm də Rusiyanın həyatında əlamətdar hadisədir.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA-nı yubiley münasibətilə təbrik edərək deyib: “Mən həmkarlarımı, dostum Fərhad Bədəlbəylini təbrik etmək istəyirəm. Yuvarlaq 100 rəqəmi çox şeydən xəbər verir. Bu, peşəkar ustalıq və inkişaf üçün artıq fundamental təməl deməkdir”. Moskva Dövlət Konservatoriyasının rektoru vurğulayıb ki, BMA-nın yubileyinin Moskva Konservatoriyasının Böyük zalında qeyd olunması iki ölkənin musiqi dünyası arasında çoxdankı və yaxşı ənənələrin davamıdır. “Bizim əlaqələrimiz gələcək nəsillər tərəfindən mütləq davam etdirilməlidir”, - deyə A.Sokolov əlavə edib.
Konsertdə BMA-nın tanınmış məzunları da iştirak ediblər. Akademiyanın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Yalçın Adıgözəlzadə, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, Yeganə Axundova, Əməkdar artistlər Fuad İbrahimov, Elvin Qəniyev, Sahib Paşazadə, Azər Zadə, Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli, dahi Bülbülün nəvəsi Murtuza Bülbül və başqaları səhnəyə çıxıblar.
Konsert proqramına Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestrinin ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin, eləcə də Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil idi. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə açılan konsert proqramı dirijor Yalçın Adıgözəlzadənin rəhbərliyi ilə Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasının finalı ilə başa çatıb.
Azərbaycan musiqi mədəniyyətinin və musiqi təhsilinin inkişafında əvəzsiz rol oynayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası şərəfli və əlamətdar tarixi yol keçib. Dahi Üzeyir Hacıbəylinin səyləri sayəsində 1920-ci il avqustun 26-da yaradılmış bu sənət məbədi yüksəkixtisaslı kadrlar yetişdirilən ustalıq məktəbinə çevrilib. İlkin mərhələdə Üzeyir Hacıbəylinin Moskva, Leninqrad və Rusiyanın digər şəhərlərinin konservatoriyalarından dəvət etdiyi rus musiqi mədəniyyətinin görkəmli xadimləri Azərbaycanda milli kadrların yetişdirilməsinə, ifaçılıq məktəbinin inkişafına mühüm töhfələr veriblər. M.Brenner, G.Şaroyev, V.Kozlov, L.Rostropoviç, S.Bretanitski, İ.Turiç, V.Anşeleviç, N.Speranski və bir çox digər mədəniyyət xadimlərinin adları böyük minnətdarlıq hissi ilə çəkilir, onların sayəsində Bakı keçmiş Sovet İttifaqında musiqi mərkəzi statusu qazanıb.
BMA Azərbaycanın aparıcı ali musiqi təhsili müəssisəsidir. Akademiyanın 3 fakültəsi və 18 şöbəsi, magistratura, aspirantura və doktoranturası mövcuddur. Akademiyanın nəzdində Bülbül adına Musiqi Məktəbi, Musiqi məktəb-studiyası və Ş.Məmmədova adına Opera Studiyası, eləcə də 2 elmi laboratoriya fəaliyyət göstərir.
Müdafiə Nazirliyi tərəfindən 215 saxlama vahidi fotosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi nəşriyyatı və “Sənədli və tədris filmləri kinostudiyası” tərəfindən təhvil verilən sənədlər 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın portretlərindən ibarətdir.
Bununla belə, təqdim edilən fotosənədlərdə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki vətəndaşlarımıza qarşı törədilən terror aktları, o cümlədən işğal altında olarkən şəhər və kəndlərimizin dağıdılmasını əks etdirən kadrlar yer alıb.