Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Teatr Muzeyində növbəti tədbir narkomaniyaya qarşı mübarizəyə həsr olunub

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir.

    AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Ömrünün qədrini bil” adlı növbəti tədbir təşkil edilib.

    Tədbirdə əvvəlcə müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

    Muzeyin əməkdaşı Fatimə Nəzərova tədbiri giriş sözü ilə açaraq iştirakçılara bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə geniş məlumat verib.

    Tədbirdə eyni zamanda Bakı şəhəri Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Elçin Rəhimov, Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin baş polis inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Fizzə Baxışova yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış ediblər.

    Tədbir çərçivəsində iştirakçılara muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

    Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

    Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub, həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.

  • Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində növbəti panel

    Oktyabrın 28-də Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusuna həsr olunmuş panel keçirilib.

    AZƏRTAC xəbər verir ki, paneldə Nizami Gəncəvi fəlsəfi baxışları ətrafında fikir mübadiləsi aparılıb, insanın daxilində yaranan böhrana qalib gəlməsi və ümumilikdə multikultural bir cəmiyyətin qurulması üçün dahi mütəfəkkirin ideyalarına qayıtmağın vacibliyi vurğulanıb.

    Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə töhfə olaraq il ərzində dahi şairə həsr olunmuş silsilə tədbirlər keçirilir.

    “Nizami əsərlərində bütün fikrini cəmiyyətə, insanlar arasında münasibətlərin tənzimləməsinə yönəldib. O, insan cəmiyyətinə ensiklopedik formada yanaşıb və onun həlli yollarını göstərib. Elə bir məsələ yoxdur ki, Nizami əsərlərində ona toxunmasın. Azərbaycanda multikultural bir cəmiyyətin yetişməsində, şübhəsiz, Nizami Gəncəvinin rolu var. Gəncədən çıxmayan Nizami Gəncəvinin əsərlərinə diqqət yetirsək, orada böyük coğrafiyanı əhatə etdiyini görərik. “İskəndərnamə” poemasında, yaşadığı yerdən uzaq bir məmləkətdə bir padşahı özünə obraz seçməsi və onu ideal bir hökmdara çevirməsi, yaxud da hərəsi bir milləti təmsil edən “Yeddi gözəl” əsəri… Nizaminin “Xəmsə”sini oxuyan şəxs onun fəlsəfəsini daha dərindən anlayacaq. Onun XII əsrdə əsərlərində yaratdığı humanizm ideyaları Avropada neçə-neçə əsrlərdən sonra yaranıb. Bu mənada Azərbaycan bir çox inkişaf etmiş ölkələrə bir nümunə ola bilər”,- deyə E.Əliyev vurğulayıb.

    Sonra iclasda İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş katibi, professor Mahmut Erol Kılıç, hindistanlı alim Nasim Əhmədşah və Kəşmir Universitetinin professoru Ghulam Nabi Khak çıxış ediblər.

    Bildirilib ki, Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri öyrənmək, tədqiq etmək, onun ideyalarını yaymaq çox vacibdir. Nizami yaradıcılığını uşaqlara məktəbdə mükəmməl öyrətmək lazımdır. Çünki onun yazdıqları başdan-başa həyat dərsi, ibrətamiz bir mənbədir.

    Diqqətə çatdırılıb ki, insan özünü tanıdıqdan sonra Allahını tanıya bilər. Bunun üçün hər kəs dahi şəxsiyyətləri, alimləri tanımalıdır, çünki cəhalət alimləri tanımamaqdan başlayır.

    Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə keçirilir.

  • “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə noyabrın 2–dən 5-dək 44 günlük Vətən müharibəsində Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, tarixi hadisəyə həsr olunmuş festivalın keçirilməsində əsas məqsəd Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığı, qalib Azərbaycanımızın tarixində əbədi qalacaq Zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

    Festivalda münsiflər heyəti tərəfindən seçilən tamaşalar nümayiş oynanılacaq və qaliblər mükafatlandırılacaq.

    Festivalın açılışı noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təşkil olunacaq.

  • “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə noyabrın 2–dən 5-dək 44 günlük Vətən müharibəsində Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçiriləcək.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, tarixi hadisəyə həsr olunmuş festivalın keçirilməsində əsas məqsəd Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığı, qalib Azərbaycanımızın tarixində əbədi qalacaq Zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

    Festivalda münsiflər heyəti tərəfindən seçilən tamaşalar nümayiş oynanılacaq və qaliblər mükafatlandırılacaq.

    Festivalın açılışı noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təşkil olunacaq.

  • Musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Əşrəf Nəcəfov “Astana Stars” Beynəlxalq festival hərəkatı çərçivəsində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən “Grand Piano” II Beynəlxalq Pianoçuların Müsabiqəsində uğurla iştirak edib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, Rusiya, Latviya, Türkiyə, Litva, Polşa, Belarus, Ukrayna, Qazaxıstan və s. ölkələrin iştirak etdiyi müsabiqədə münsiflər heyətinin qərarına əsasən Əşrəf Nəcəfov birinci yerə layiq görülüb.

    Musiqi estetik dünyagörüşü inkişafına misilsiz töhfə olan şagirdlərin yetişdirilməsində göstərdiyi xidmətlərə görə münsiflər heyəti tərəfindən müəllim Elxan Quliyevin əməyi yüksək qiymətləndirilib və təşəkkürnamə ilə təltif olunub.

  • Xalça Muzeyində tələbələr üçün ustad dərslərinə başlanılıb

    Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr üçün silsilə ustad dərslərinə başlanılıb.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, dərslərdə görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə muzey əməkdaşları tərəfindən ətraflı məlumat verilib. Ustad dərsləri üçün bütün ləvazimatlar muzey tərəfindən təmin olunub.

    Qeyd edək ki, hər həftənin dördüncü günü təşkil olunacaq ustad dərslərində, həmçinin iştirakçılara Xalq rəssamının əsərləri əsasında eskizlərin hazırlanması da öyrədiləcək.

     

  • "İncəsənət sərhəd tanımır" adlı yaradıcılıq sərgisi açılıb

    “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı ilk birgə yaradıcılıq sərgisi təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerləri və memarlıq abidələrinin yer aldığı fotoşəkilləri və gənc rəssam Arzu Əhmədlinin rəsm əsərləri nümayiş olunub.

    Sərginin təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova, layihə rəhbəri isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərovadır.

    Sərgini Elnurə İsgəndərova açaraq qarşıdan gələn Zəfər Günü ilə bağlı iştirakçılara geniş məlumat verib.

    Sərgi ilə bağlı təəssüratlarını Azərbaycan dilində bölüşən səfir Xuan Rodrigo Labardini Flores bildirib ki, Azərbaycan və Meksika arasında geniş mədəni və dostluq münasibətləri mövcuddur və bu mədəni hadisə iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və ikili mədəni əlaqələrin daha da genişlənməsinə böyük töhfə olacaq. Səfir ilk fərdi sərgisinin məhz Azərbaycanda təşkil olunmasından böyük zövq aldığını qeyd edib.

    Sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kemal Beyazbayram çıxış edərək Azərbaycana olan sevgisindən bəhs edib.

    Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov , Milli Qəhrəman İbad Hüseynli , gənc rəssam Arzu Əhmədlinin atası Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışlarında belə mədəni tədbirlərin ölkələrarası dostluğun, mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildiriblər. Hər iki sənətkarı bu möhtəşəm sərgi münasibətilə təbrik edən natiqlər hər zaman layihələrinin orijinallığı ilə fərqlənən Elnurə və Aygün İsgəndərovalara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra təşkilatçılar və sənətkarlar səfirlik və "Azərkitab" Kitab Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.

    Sərgi sevilən kaman ustası Şəhriyar Musayevin biri-birindən rəngarəng ifaları ilə davam edib.

    Sonda iştirakçılar Meksika mətbəxinin ləziz təamları ilə tanış olublar.

  • Moskvada “Şəhidlik əbədi zirvədir” kitabının təqdimatı olub

    Rusiyadakı Azərbaycan diasporunun fəallarından biri, iqtisadiyyat elmləri namizədi, dosent Aybəniz Rüstəmovanın “Şəhidlik əbədi zirvədir” (“Stalo veçnoy slavoy qeroyskaya smert”) kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, kitabda 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar yer alıb. Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin, Rusiyadakı Azərbaycan diasporunun, eləcə də iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri açan Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, Rusiyanın fəxri vəkili İlqar Hacıyev qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad edib. Bu tarixi qələbəyə görə biz həm də şəhidlərimizə borcluyuq.

    Kitabın hələlik yalnız birinci cildinin nəşr olunduğunu bildirən müəllifi A.Rüstəmova deyib: “Birinci cilddə Qarabağ uğrunda canından keçən şəhidlərimizdən 577-si haqqında məlumat yerləşdirilib. Bu kitabın növbəti cildlərində hissə-hissə üç minə yaxın şəhidimiz haqqında ətraflı məlumat verəcəyik. Heç bir şəhidimizi unuda bilmərik. Ümumilikdə şəhidlərimizə həsr olunan beş cildlik kitab nəşr etməyi planlaşdırırıq”.

    A.Rüstəmova vurğulayıb ki, harada yaşamağımızdan asılı olmayaraq, biz tariximizi, Qarabağ uğrunda şəhid olan soydaşlarımızı unutmamalı, onların adlarını gələcək nəsillər üçün əbədiləşdirməliyik.

    Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik Qarabağ müharibəsinin şəhidlərindən bəhs edən kitabın orijinal xatirə janrında yazıldığını bildirib: “Kitabda hər bir şəhid haqqında ətraflı məlumat yer alıb. Məhz bu səbəbdən kitab olduqca qiymətlidir. Müəllif kitabda Azərbaycanda Vətəni üçün canından keçməyə hazır olan gənc nəslin yetişdiyini qürurla ifadə edə bilib. Sözsüz ki, bu, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün görülən işlərin bəhrəsidir”

    Tədbirdə çıxış edən Rusiyanın xalq rəssamı Nikas Safronov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, rəssam Rauf Məmmədov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, politoloq Ruslan Səfərov və başqaları Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

  • Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin təqdimatı keçiriləcək

    Oktyabrın 31-də Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

    Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

    Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak edəcəklər.

  • Yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabının təqdimatı olub

    Masallı rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Nurəddin Ədiloğlunun 44 günlük Vətən müharibəsində igidlik nümunəsi göstərən Masallıdan olan 61 şəhidin şərəfli döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” kitabının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə güllər düzülüb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərli ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində yeni tarixə imza atan igidlərimiz az yaşasalar da, şərəfli ömrə sahib oldular – qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq andına, yurduna sədaqətli Masallı oğulları kimi. Qələbəni bizə bəxş edən qəhrəmanlarımızı hər kəs tanımalıdır.

    Yeni nəşrin təqdirəlayiq addım olduğunu vurğulayan rayon rəhbəri “Şəhidlik manifesti”nin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, belə kitabların şəhidlərimizin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi yönümündə əhəmiyyətindən bəhs edib, bu cür qəhrəmanlıq salnamələrinin tədris və mədəniyyət ocaqlarında təbliğinin vacibliyini diqqətə çatdırıb.

    Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, iki şəhid anası Ziba Əsgərova bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinə həsr olunan abidə və bulaqların açılması, məzarlarının müqəddəs ziyarətgaha, gənclərin and yerinə çevrilməsi, onların şərəfli həyat və döyüş yolunun yaddaşa köçürülməsi ölümün gözünə dik baxan Vətən övladlarının xatirəsinə ehtiramımız, hər birimizin vətəndaşlıq borcudur. Ərazi bütövlüyümüz uğrunda həlak olanların, Vətənin varlığı naminə canından keçən Masallı şəhidlərinin xatirəsini əbədiləşdirmək naminə yazılan “Şəhidlik manifesti” kitabı yeni nəslə parlaq bir töhfədir.

    Kitabın müəllifi yazıçı-publisist Nurəddin Ədiloğlu yazı prosesi zamanı, şəhid ailələri ilə görüşdə yaşadığı həyacanlı anlardan, şəhidlərimizin taleyindəki maraqlı nüanslardan danışıb, kitabı şəhidlərin ruhu qarşısında özünün hesabatı kimi xarakterizə edib: “Əslində, onlar haqqında qələmə alınan hər kitabın, çəkilən filmin, ucaldılan abidənin müəllifi şəhidlərimizdir. Çünki torpaqlarımızın işğalda qaldığı müddətdə, qələbə günümüzə qədər sanki bu mövzuda yazılan hər bir əsərin üzərində məğlubiyyət kölgəsi vardı”.

    Çıxışlarda bildirilib ki, kitaba tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş Masallı rayonunun mərd oğulları – 61 şəhid (51-i Masallıda, 10-u ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan) əsgər və zabiti haqqında bədii-publisistik məqalə və esselər, o cümlədən Birinci və İkinci Qarabağ savaşında həlak olan 246 masallılı döyüşçü haqqında xronoloji məlumat daxil edilib.

    “CBS-PP” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən 380 səhifəlik xatirə kitabının ərsəyə gəlməsində müəllifə, zəhməti olan hər kəsə minnətdarlıq bildirilib.

    Sonda şəhid ailələrinə və təqdimat mərasimi iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib, müəllif N.Ədiloğuna və RİHM İB-nin sədri A.Bağırovaya Masallı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub.