Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Türküstan türk dünyasının mədəni və mənəvi mərkəzinə çevrilir

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev Türküstan vilayətinin akimi (qubernatoru) Umirzak Şukeyevlə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüş zamanı Bağdad Amreyev Türküstanda baş verən dəyişiklikləri, görülən işləri müsbət qiymətləndirərək Türk Şurası çərçivəsində bir sıra mühüm təşəbbüsləri həyata keçirməyə hazır olduğunu bildirib.

    Baş katib bildirib ki, hazırda Türk Şurasına üzv dövlətlər arasında sahibkarlığın dəstəklənməsi üçün ümumi investisiya fondunun yaradılması istiqamətində iş aparılır.

    O, həmçinin Türküstanın təkcə tarixi-mədəni deyil, həm də iqtisadi rolunun artırılması istiqamətində Şura çərçivəsində əməkdaşlığa hazır olduqlarını qeyd edib.

    Umirzak Şukeyev Türk Şurasının investisiya fondunun rəsmi qərargahının Türküstanda açılmasını təklif edib. O, Türküstanda azad iqtisadi zonanın açılması, Türküstanda türk dövlətlərinin sahibkarlarının forumunun keçirilməsi üçün logistika məsələlərinin həllində maraqlı olduğunu da vurğulayıb.

    “Türküstanı türk dünyasının mərkəzi etmək bizə tapşırılıb. Eyni zamanda hesab edirəm ki, qardaş ölkələr üçün ortaq olan beynəlxalq təşkilatlardan birinin baş ofisi Türküstanda yerləşməlidir. Biz Türk Şurası ilə birlikdə irimiqyaslı layihələri həyata keçirməyə hazırıq, - deyə vilayət başçısı bildirib.

  • Brüsseldə Xalq artisti Alim Qasımovun iştirakı ilə konsert olub

    Belçikanın paytaxtında Azərbaycan xalqının mədəni irsini təbliğ edən növbəti konsert olub.

    AZƏRTAC xəbər verir ki, vokal sənətinin avropalı sərraflarının qarşısında Azərbaycanın Xalq artisti Alim Qasımov çıxış edib. Onu instrumental alətlərdə Müfadel Adhami, Matiaş Sədai, Vinsent Noiret və başqaları müşayiət ediblər.

    Tamaşaçılar orta əsr sufi poeziyasının nümunələri ilə tanış olublar. Tam anşlaq şəraitində keçən konsert Şərq lirikasının belçikalı biliciləri arasında böyük maraq doğurub.

  • Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib

    “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da iclasdan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, mədəniyyət naziri Anar Kərimov və Komissiyanın Xorvatiya tərəfinin həmsədri, iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında təkbətək görüşü keçirilib, Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

    Sonra mədəniyyət naziri Anar Kərimov və iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricin həmsədrliyi ilə Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib.

    İclasda Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycanın Xorvatiyadakı səfirliyinin, Ələt Azad İqtisadi Zonası, Dövlət Neft Şirkəti, Qida Təhlükəsizliyi və Turizm agentliklərinin, Milli Elmlər Akademiyasının rəsmiləri iştirak ediblər.

    Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasındakı münasibətlərdə bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.

    Anar Kərimov Azərbaycan ilə Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayan nazir bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib, ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün yüksək potensialın olduğunu vurğulayıb.

    Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesi çərçivəsində Xorvatiyanın minatəmizləmə sahəsində ölkəmizə göstərdiyi dəstəyi vurğulayan nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və işbirliyinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib, növbəti mərhələlərdə enerji və İT sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini bildirib.

    İclasda dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Qlobal kampaniyanın əsas məqsədinin müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılması vasitəsilə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsi olduğu vurğulanıb.

    İclasda iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

    Sonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya birgə hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - A.Kərimov və T.Coric imzalayıblar.

    Sənəddə iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.

    Sonra media nümayəndələri üçün brifinq keçirilib, iclasda aparılan müzakirələrin, imzalanan sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin sualları cavablandırılıb.

  • “Qızıl ağızlı” küp Türkiyəyə təhvil verilib

    Vaxtı ilə qeyri-qanuni yollarla Türkiyədən çıxarılan “qızıl ağızlı” küp İngiltərənin “Gilbert İncəsənət Fondu” tərəfindən Anadolu Mədəniyyətləri Muzeyinə qaytarılıb.

    AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Hatti” dövrünə məxsus 4 min ildən artıq yağı olan küpün geri qaytarılması münasibətilə Ankara Anadolu Mədəniyyətləri Muzeyində mərasim keçirilib.

    Əsərin geri qaytarılması prosesi ilə bağlı məlumat verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyl bildirib ki, bu əsər 1989-cu ildə “Gilbert İncəsənət Fondu”nun təsisçisi Ser Artur Gilbert tərəfindən alınıb. Təbii ki, o zaman onun qeyri-qanuni mənşəyindən xəbəri yox idi. Daha sonra əsər qorunmaq üçün "Viktoriya və Albert Muzeyi"nə həvalə edilir. Uzun illər bu muzeydə saxlanılsa da, Gilbert Fondu mənşə araşdırması tələb edir. Budan sonra əsərin Türkiyəyə məxsus olduğu üzə çıxıb.

  • Azərbaycan Turizm Bürosu “Skyscanner” platforması ilə əməkdaşlığa başlayıb

    Azərbaycan Turizm Bürosu metaaxtarış mühərriki vəzifəsini daşıyan, aviabiletlər, hotel və avtomobil icarəsini əlçatan edən “Skyscanner” platformasında onlayn kampaniyaya start verib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “www.skyscanner.net” saytında beynəlxalq platformanın İsrail, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan istifadəçiləri üçün Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirilib. Belə ki, platforma istifadəçiləri əsas səhifəni sadalanan ölkələr üzrə dəyişdikdə Azərbaycan haqqında maraqlı məlumatların yerləşdirildiyi səhifəyə yönləndirilirlər.

    Həmin səhifədə isə ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış obyektləri, memarlıq və sənətkarlıq nümunələri, təbiəti, multikultural mühiti haqqında geniş məlumat öz əksini tapır.

    Eyni zamanda platformanın feysbuk və instaqram hesablarında müxtəlif məzmunlu reklamlar yerləşdirilib. Bu reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də Azərbaycana səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edir.

    “Skyscanner” onlayn səyahət agentliyinin əsası 2003-cü ildə Böyük Britaniyada qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan saytı hər ay 100 milyon nəfər ziyarət edir.

    Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl BƏƏ-nin aparıcı səyahət platforması “DnataTravel”, Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru”, eləcə də beynəlxalq platformalar olan “Wego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlayıb.

  • Vətən müharibəsinin yeganə qadın şəhidinin xatirəsi anılıb

    Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın anım mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidin doğmaları, müxtəlif iş adamları, şəhid ailələri, qazilər iştirak ediblər.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxış edənlər şəhidimizin doğmalarına səbir diləyib, ruhuna dualar ediblər. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adlarını tarixinə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini bildiriblər.

    Xalqımızın qəhrəman qızı Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olaraq, əsl hərbçi, əsl şəfqət bacısı, əsl Azərbaycan xanımı kimi şəhadət zirvəsinə yüksəlib.

    Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

  • Çingiz Abdullayev müzakirələrə səbəb olan statusundan danışıb

    "İstanbul hava limanında üzləşdiyim vəziyyətlə bağlı yazdığım statusun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmasından xəbərim yoxdur".

    Bunu Report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

    O bildirib ki, statusu yazmaqda məqsədi uşağın simasındakı təbəssümü və sevincini bölüşmək olub: "Qoy, olsun, nə istəyirlər desinlər, yazsınlar. Mənim bu müzakirələrdən heç xəbərim də yoxdur. Çox sağ olun ki, dediniz, məlumatım oldu".

    Qeyd edək ki, Xalq yazıçısı ötən gün sosial şəbəkədəki səhifəsində yazıb: "Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".

    Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

  • Muğam Mərkəzi Rusiya Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb

    Beynəlxalq Muğam Mərkəzi ilə Rusiya Milli Musiqi Muzeyi (RNMM) arasında əməkdaşlıq memorandumu imzalanıb.

    “Report”un Rusiya bürosu xəbər verir ki, sənəddə iki ölkənin musiqi mirası və ənənələrini geniş tanıtmaq məqsədi öz əksini tapıb.

    Mərasimdə RNMM-in baş direktoru Mixail Brezqalov son on il ərzində Muğam Mərkəzi ilə həyata keçirilən müştərək layihələrdən danışıb: “Yaxın dövrdə Moskvada və Bakıda icra edəcəyimiz bir sıra layihələrin olması yaxından əməkdaşlığı nəzərdə tutan bu sənədi imzalamağımızı şərtləndirir”.

    BMM-in direktoru Murad Hüseynov da muğam sənətimizin artıq bütün dünyada məşhur olduğunu deyib: “İmzalanan sənəd sayəsində BMM və fəaliyyəti daha geniş tanınacaq. Musiqiçilər arasında mədəni təmasların daha da artmasına şad olarıq. Musiqiçilərin, mədəniyyət ustalarının birgə ünsiyyəti, müştərək tədbirlər keçirməsi yaradıcılıqlarını daha da zənginləşdirir. Ümidvaram ki, bu sənəd BMM-in fəaliyyətini daha geniş tanıdacaq. Rusiyadakı soydaşlarımız, bu ölkənin dinləyiciləri də Azərbaycan milli musiqi sənətinin ənənələrinə daha yaxından bələd ola biləcək”.

    İmzalama mərasimindən sonra tanınmış xanəndələrin ifasında muğam konserti başlayıb.

  • Bu il ən çox tamaşaçı toplayan filmlərin adı açıqlanıb

    Çində çəkilmiş “Çanqcin gölü döyüşü” (“The Battle of Changjin Lake”) adlı hərbi dram janrındakı bədii film cari ildə ən çox bilet satıldığı film adını qazanıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, daha çox Çinin özündəki nümayişlər sayəsində 828,1 milyon dollar gəlir gətirən bu ekran əsəri 1950-ci ildə Koreya müharibəsi vaxtı baş vermiş gerçək hadisələrə əsaslanır.

    İkinci yerə çıxan “Xoş gördük, ana” (“Hi, Mom”) adlı komediya janrındakı film də Çində çəkilib və fevral ayından nümayişə çıxarılaraq 821 milyon dollar gəlir gətirib. Üçüncü yerdə ABŞ-da çəkilən “F9”(Fast & Furious 9”) filmi yazda nümayişə çıxarılıb və 716 milyon dollarlıq gəlir gətirib.

  • Frankfurt kitab sərgisindəki stendimizdə ölkəmizlə bağlı kitablar oxuculara təqdim olunub

    Frankfurt kitab sərgisində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin stendində tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, beynəlxalq “İrs” nəşriyyatının görkəmli Azərbaycan publisisti Musa Mərcanlının ideyası və rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində dərc edilmiş “Qobustan - minilliklərin yaddaşı”, İçərişəhər tarixi haqqındakı “Qədim qalanın yuxuları”, Təbriz miniatür məktəbinə həsr edilmiş “Təbrizin sehrli nağılları” kitablarını yazıçı Vüqar Dəmirbəyli tədbirdə iştirak edən qonaqlara təqdim edib. Ardınca isə V.Dəmirbəyli “İrs” nəşriyyatının Qarabağa aid çapdan buraxdığı kitablardan danışıb, bu sıradan olan “Qarabağ - əsrlərin salnaməsi”, “Qarabağın qara kitabı” və Qarabağın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunmasına həsr edilmiş “Zəfər salnaməsi” kimi nəşrlərini sərgi iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra məruzəçi Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının tarixindən və hazırkı inkişafından bəhs edən Matthias Dornfeldt və Enrico Seevaldın “Deutschland und Aserbaidschan” kitabından danışıb, ölkəmizin maarifçilik ənənələrini tanıtmaq məqsədilə Cəlil Məmmədquluzadənin Bakı kitab klubunun Azərbaycan və alman dillərində dərc etmiş olduğu hekayələrini nümayiş etdirib. Sonda isə “İrs” nəşriyyatı V.Dəmirbəyli “İrs” jurnalının əsasən Qarabağ mövzusuna həsr olunmuş sonuncu nömrəsini gələnlərə təqdim edib.

    Tədbirdə tanınmış muğam ustası Zahid Quliyevin oğlu Atəş Quliyevin kamançada müşayiəti ilə ifası sərgi iştirakçılarını valeh edib. Alman müğənnisi Dagmar Kuhn isə Azərbaycan dilində bir neçə mahnı ifa edərək, ölkəmizin necə zəngin mədəniyyətə malik olmasını bir daha vurğulayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin rəhbəri Akif Maarifli, onun müavini İslam Məmmədov, şöbənin aparıcı baş məsləhətçisi Lalə Məmmədova tədbirin təşkilinə və keçirilməsinə böyük dəstək verib, həm də burada yaxından iştirak ediblər.