44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən sayılır. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib və düşmən üzərində tarixi zəfər çalıb.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı metodik vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsaitdə Qarabağ münaqişəsi haqqında qısa məlumat, “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” və “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları, həmçinin, kitabxanalarda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi haqqında metodik tövsiyələr verilib.
Vəsaitdə həmçinin 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı və digər məlumatlar öz əksini tapıb.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/zefer.gunu.pdf linkindən istifadə edə bilərlər.
Finlandiyanın “Puolikuu” jurnalında “Azərbaycan Mədəniyyəti Günü” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azər-Türk Gənclər təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində keçirilən mədəniyyət tədbirindən bəhs edilib. Bildirilib ki, Finlandiya-Azərbaycan əlaqələrinə həsr olunan yüksəksəviyyəli tədbirdə qonaqlara ölkəmizin zəngin mədəniyyəti və adət-ənənələri barədə geniş məlumat verilib, Azərbaycan musiqisi səsləndirilib və rəqsləri nümayiş etdirilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşasını oktyabrın 29-da teatrsevərlərə təqdim edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Bakıda "Azerbaijan HealthCare & Services Expo 2021” şirkətlərinin təşkilatçılığı ilə Türkiyə həkimlərinin və eləcə də qardaş ölkənin öndə olan səhiyyə ocaqlarının nümayəndələri bir araya gəlib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Türkiyənin 10-dan artıq sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan şirkəti məhsullarını nümayiş etdirib.
Tədbirin məqsədi Türkiyə ilə Azərbaycan arasında sağlamlıq sektorunu gücləndirmək, bu sahədə qardaş ölkənin ən son texnologiyalarını və müalicə metodlarını Azərbaycan xalqına və peşəkarlara çatdırmaqdır.
Sərgini ziyarət edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev mətbuata açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan sağlıq turizmi təmsilçiləri arasında çox yaxın əməkdaşlıq mövcuddur. Lakin pandemiya ilə bağlı bu əlaqələr son vaxtlar bir qədər zəifləyib: “Bu tədbiri əlaqələrimizin yenidən güclənməsi və əvvəlki səviyyəyə qalxması baxımından yüksək qiymətləndirirəm. Bu bir startdır. Bundan sonra qarşılıqlı səfərlərin, daha geniş auditoriyada hər iki ölkənin sağlıq turizmi imkanlarının təbliği məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. İnşallah, gələn il Bakıda bu sahədə böyük bir forumun keçirilməsini planlaşdırırıq".
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Qaraqalpaqstan Respublikası və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nukus Gənclər Teatrında görüş və konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Tədbiri Qaraqalpaqstan Respublikası hökuməti sədrinin müavini Rasul Zareneyev açaraq Azərbaycanın Özbəkistanla, o cümlədən Qaraqalpaqstanla əməkdaşlığının inkişafı haqqında məlumat verib, Qaraqalpaqstanla Azərbaycan arasında əlaqələrdən danışıb. O, Qaraqalpaqstan Respublikası və qonşu Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini alqışlayıb.
Qənirə Paşayeva salona toplaşanları salamlayıb, böyük Azərbaycan şairi Məhəmməd Füzulidən ilham alaraq əsərlər yazan Berdakın vətənində olmaqdan məmnunluğunu bildirib. Komitə sədri Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrindən söhbət açıb, əlaqələrin dərinləşdirilməsində Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu vurğulayıb.
Qənirə Paşayeva əmin olduğunu bildirib ki, bundan sonra Azərbaycanla Qaraqalpaqstan arasında əlaqələr daha da güclənəcək.
Komitə sədri Azərbaycan torpaqlarının işğaldan azad olunmasından danışaraq deyib: “Bir il bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün ərzində azad etdik. Ermənilər şəhər və kəndlərimizi, məscid və ziyarətgahlarımızı dağıdıb, bu torpaqlarda əsl vandallıq siyasəti həyata keçiriblər. Ermənilər bu vandalizm və vəhşiliyi də öz tarixlərinə yazdılar. İndi Qarabağda quruculuq işlərinə başlanıb. Əminəm ki, biz Qarabağda cənnət yaradacağıq”.
AMM-nin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün gördükləri işlərdən danışıb. O bildirib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcümə olunub. S.Abbasov deyib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Azərbaycanda və dünya ölkələrində bununla bağlı tədbirlər keçirilir. Bu il Özbəkistanda və digər dövlətlərdə böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.
Sonra Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnılarımızı, saz ustası İlham Abdullayev qədim el havalarını, AMM-nin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri rəqslərimizi ifa ediblər.
Tədbirdə Qaraqalpaqstan Respublikasının rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Nukusda yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Gənc bəstəkar Ayaz Qəmbərli Avstriyanın Qrats şəhərində keçirilən “Musikprotokoll” müasir musiqi festivalında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bəstəkar festivalın təşkilat komitəsi tərəfindən sifariş olunmuş “Kiçik dəniz küçəsi” adlı iki saylı simli kvartetini təqdim edib. Əsərin festival çərçivəsində premyerası ukraynalı musiqiçilərdən ibarət “Danapris” simli kvarteti tərəfindən Giorgi Ligeti zalında gerçəkləşib.
Qeyd edək ki, “Musikprotokoll” festivalı 1968-ci ildən keçirilir. Bu konsert Prezident mükafatçısı olan Ayaz Qəmbərlinin Avstriyada ikinci uğurudur. Bəstəkar 2015-ci ildə Qrats şəhərində keçirilən “Frans Şubert və müasir dövrün musiqisi” müsabiqəsində “Elementlərin müqaviməti” (bir saylı piano trio) əsəri ilə birincilik əldə etmişdi.
Hindistanın Müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində Hindistanın Azərbaycandakı səfirliyi 2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsinin iştirakçılarını təbrik edib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən “Mənim təsəvvürümdə Hindistan” mövzusunda təşkil olunub.
Məktəb şagirdlərinin, Azərbaycan Rəssamlar Assosiasiyasının üzvlərinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə azərbaycanlı rəssam və tələbələrin müsabiqəyə onlayn formada təqdim olunmuş 70 rəsm əsəri və posterlərinin əksəriyyəti nümayiş etdirilib.
Tədbirdə çıxış edən səfir Vanlalvavna Bavitlunq Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunması ilə bağlı “Azadi Ka Amrit Mahotsav” adı altında təşkil olunan tədbirləri xüsusi vurğulayıb və belə tədbirlərin iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdıracağını bildirib. Mərasimdə tanınmış sənətkar Günay Zebiç də çıxış edib. Azərbaycanlı musiqiçi İlxas Məmmədov isə raqa musiqisini ifa edib.
Qeydiyyat oktyabrın 31-də başa çatacaq.
Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalının açılışında iştirak edən Azərbaycanın “Cəngi” estrada və folklor ansamblı Süveyş şəhərində misirli tamaşaçıların qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Fərhad Əliyevin bədii rəhbəri olduğu ansambl milli rəqslərimizi ifa edib. On nəfərdən ibarət kollektivin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. “Cəngi” estrada və folklor ansamblının festival çərçivəsində konsertləri oktyabrın 29-dək davam edəcək.
Qeyd edək ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərinin təqdim edildiyi festival Misirin mədəniyyət naziri İnas Əbdel Dayimin dəstəyi ilə baş tutub. Festival çərçivəsində İsmailiyə şəhərinin müxtəlif meydanlarında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri keçirilir.
Moskvada “Biblio-Qlobus” kitab evində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABEA), Rusiya Ədəbiyyatçılar Cəmiyyəti və “Literaturnaya qazeta”nın birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində “Rusiya və Azərbaycanın mədəni ənənələrinin humanist ideyaları və müasir dövrün çağırışları” adlı dəyirmi masa təşkil olunub. Tədbirin bədii xarakter daşıyan ikinci hissəsində isə azərbaycanlı və rus şairlərinin müsabiqələrdə yer tutan şeirləri, eləcə də Azərbaycan xalq mahnıları, Nizaminin sözlərinə bəstələnmiş mahnılar dinlənilib.
Dəyirmi masada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, ABEA İdarə Heyətinin sədri Elçin Əsgərov, AMEA-nın akademiki filoloq alim Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Rusiya tərəfdən isə Rusiya Xarici İşlər Nazirliyinin, Moskva Dövlət Universitetinin, təşkilatçı qurumların rəhbərləri müxtəlif ictimai qurumların nümayəndələri, gənc şairlər iştirak ediblər. Tədbirdə tək hər iki ölkənin ədəbi irsi deyil, Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın ümumi aspektləri də müzakirə edilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, Rusiya oxucularında Nizami yaradıcılığına marağı artıracaq müzakirələrin baş tutduğunu nəzərə çatdırıb, bu cür tədbirlərin hər iki ölkədə humanitar sahələrdə çalışanlar arasında yeni əlaqələrin qurulmasına yardım edəcəyinə ümidini ifadə edib.
ABEA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov tədbir iştirakçılarını salamlayaraq və Nizami yaradıcılığına toxunaraq bildirib ki, o, millətlərüstü şair, dünya mədəni irsinə məxsus şəxs olsa da, məhz Azərbaycan xalqının yetirməsidir və bu böyük şairin məhz Azərbaycan mədəni irsi nümayəndəsi kimi geniş elmi şəkildə araşdırılması ilk dəfə Rusiya tarix elminin təsiri ilə baş verib.
Yazıçı və naşir Qeorqiy Pryaxin bugünkü dünyada mədəniyyətinin, xüsusilə, ədəbiyyatın oynadığı roldan bəhs edərək, bu cür tədbirlərin böyük humanist əhəmiyyətini vurğulayıb. “Biblio-qlobus” kitab evinin Baş direktoru Boris Yesenkin Rusiya-Azərbaycan dialoqunun “Yazan, rəsm çəkən, danışan şəxslər” səviyyəsində dialoqunun aparılmasının vacibliyini qeyd edib.
Moskvada fəaliyyət göstərən Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiyanın paytaxtında hər il gənc şairlərin festivalının keçirildiyini bildirərək, builki tədbirin Nizami Gəncəviyə həsr edildiyini nəzərə çatdırıb, o cümlədən gələcəkdə Azərbaycanda rus və azərbaycanlı şairlərin iştirakı ilə yaradıcı gecələrin, müsabiqələrin keçirilməsinin planlaşdırıldığını bildirib.
Tədbirdə, həmçinin “Literaturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev, Rusiya Ədəbiyyat Cəmiyyətinin sədri Aleksandr Çistyakov, eləcə də Azərbaycandan və Rusiyadan olan başqa alim və jurnalistlər çıxış ediblər.
Tədbirdə Rusiya və Azərbaycan arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq istiqamətində təkliflər barədə qərarlar da qəbul edilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının keçirdiyi növbəti "Nağıl saatı"nda uşaq yazıçısı Zahid Xəlil oxucularla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Mirzə Ələkbər Sabir adına 259 və 229 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.
Görüş zamanı Zahid Xəlil uşaqlara həyat və yaradıcılığı haqqında, əsasən də yaxınlarda nəşr olunmuş “Dəmir Yumruq” adlı kitabı haqqında danışıb. Sonra müəllif vətənpərvərlik ruhunda qələmə aldığı “Dəmir Yumruq”, “Poladın igidliyi”, “Bayrağım” şeirlərini oxuyub.
Sonda yazıçı uşaqlarla xatirə şəkli çəkdirib.