Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Fariz Əhmədovun “Sonuncu” filmi mükafata layiq görülüb

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (Bronze Castle) mükafatına layiq görülüb.

    C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə birgə 13 film yarışıb.

    Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

    Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

    “Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Herseqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.

  • “Qətibə İnanc” tamaşası nümayiş olunacaq

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası oktyabrın 30-da yenidən göstəriləcək.

    AZƏRTAC xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

    Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

    Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

    Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

  • Milli Kitabxanada “Qubadlı bizimdir” adlı sərgi açılıb

    Qubadlının işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 25-də Qubadlı erməni işğalından azad olunub.

    Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Qubadlı rayonunun təbiəti olduqca gözəldir.

    Qubadlının işğaldan azad olunması münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Qubadlı bizimdir” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

  • Ukraynanın Xarkov şəhərində Azərbaycan adına daha bir töhfə

    Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda soydaşlarımız və qonaqların sevimlisinə çevriləcək daha bir parkın və abidə-kompozisiyanın açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Xarkov şəhərində yenidən qurulan “Filosoflar parkı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosofları azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadə, qazax filosofu Abay Kunanbayeva və ukraynalı filosof Qriqori Skovoroda həsr olunmuş abidə-kompozisiyanın açılışı olub. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəflinin maliyyə dəstəyi, Azərbaycan və Qazaxıstanın Ukraynadakı səfirliyi, Xarkov şəhər Meriyasının dəstəyi ilə ucaldılan abidə-kompozisiyanın müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltaraş Seyfəddin Qurbanovdur.

    Açılış mərasimində xarici ölkələrin Ukraynadakı səfirləri, Ali Radanın deputatları, Ukrayna Mədəniyyət Nazirliyinin, Xarkov şəhər Meriyasının, Xarkov vilayət Dövlət Administrasiyasının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, soydaşlarımız və şəhərin qonaqları iştirak ediblər.

    Tədbir Azərbaycan, Ukrayna və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov çıxış edərək bildirib ki, “Filosoflar abidəsi” təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. Bu park və abidə Xarkov şəhərinin ən görməli bir məkanına çevriləcək. “Mən Azərbaycan və Qazaxıstan dövlətinə öz minnətdarlığımı bildirirəm ki, bu cür dahi mütəfəkkirlərin abidəsi üçün Xarkov şəhərini seçiblər”, - deyə İqor Terexov əlavə edib. Sonra İqor Terexov göstərdiyi xidmətlərə görə, Meriya adından Qazaxıstanın Ukraynadakı Fəxri konsulu Emin Nəcəfliyə təşəkkür diplomunu təqdim edib.

    Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılmasının ardınca Mirzə Fətəli Axundzadənin heykəli Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. “Səfirlik tərəfindən Mirzə Fətəli Axundzadə haqqında Ukrayna dilində dərc edilən kitabın böyük bir nüsxəsi Xarkov şəhər kitabxanalarına hədiyyə edilib. Onun dünyəvi şair olduğu bu abidənin qoyulması ilə bir daha sübut edildi. Hər 3 dahi özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olublar. Mən inanıram ki, hər üç ölkənin dahi şəxsiyyətlərinin abidə-kompozisiyası olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir əlavə edib.

    Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletaev isə bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb. “Bu abidə-kompozisiya fərdi bir qəhrəmana deyil, üç böyük mütəfəkkirə həsr olunmuş abidədir. Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”, - deyə səfir bildirib.

    Abidənin müəllifi Seyfəddin Qurbanov çıxışında layihənin gerçəkləşməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib: “Yaradıcılığımda bir çox janrlara müraciət etmişəm. Bu mütəfəkkirləri bir araya gətirmək asan deyildi. Bu kompozisiyada su, güclü ağac kökləri var. Bizim mütəfəkkirlərimiz orada dayanır, onların sayəsində yeni nəsil yetişir, ona görə də ağacın başında yeni nəslin simvolu olan cücərtilər yer alır”.

    Qazaxıstanın Xarkovdakı fəxri konsulu Emin Nəcəfli isə çıxışında bu layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə, Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirliklərinə və Xarkov şəhər Meriyasına təşəkkürünü bildirib. Qeyd edib ki, abidə-kompleks 3 dəqiqə ərzində 365 dərəcədə fırlanır, bu da layihəyə marağı daha da artırır. “Filosoflar” parkı müasir standartlara cavab verir, sakinlərin daha rahat istirahəti üçün bütün imkanlar yaradılıb.

    Açılış mərasimində Ukraynanın mədəniyyət nazirinin birinci müavini Rostislav Karandeev, Xarkov vilayət Şurasının sədri Tatyana Yeqorova-Lutsenko və digərləri çıxış edərək öz təbriklərini çatdırıblar.

    Daha sonra parkda iştirakçılar tərəfindən ağaclar əkildikdən sonra Ukraynanın tanınmış müğənnilərinin iştirakı ilə konsert keçirilib.

    Qeyd edək ki, bir müddət öncə Xarkov şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin və şəhər meriyasının birgə təşəbbüsü, təşkilatçılığı ilə dahi mütəfəkkir və filosof Nizami Gəncəvinin abidəsi də ucaldılıb.

  • “YARAT”da açılan "XX əsrin son çiçəkləri: Y nəsli" adlı sərgi davam edir

    “YARAT” Müasir İncəsənət Mərkəzində açılan və Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc perspektivli rəssamların yeni qrup sərgisi ziyarətçilər üçün fəaliyyətini davam etdirir.

    AZƏRTAC xəbər verir ki, "XX əsrin son çiçəkləri: Y nəsli" adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

    "Y nəsli" və ya "milleniallar" – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin "son çiçəkləri" sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

    Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

    "XX əsrin son çiçəkləri: Y nəsli" 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.

    Dekabrın 30-dək açıq qalacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.

  • Ukraynalı rəssam XIII Florensiya Biennalesində “Azərbaycan xalçası” adlı əsərləri ilə iştirak edir

    Ukraynalı rəssam İrina Benderovskaya XIII Florensiya Biennalesində “Azərbaycan xalçası” adlı əsərlər ilə iştirak edir.

    Hazırda Polşada yaşayan İ.Benderovskaya AZƏRTAC-a müsahibəsində deyib: “Bir neçə ildir ki, Azərbaycan mövzusunda rəsmlər çəkirəm. Sərgiyə təqdim etdiyim əsərlər Azərbaycanın xalça ornamentlərinə həsr olunub. Rəsmlərdə müasir və Avropa elementlərindən geniş şəkildə istifadə edərək Azərbaycanın xalça sənətini tanıtmağa çalışıram. Azərbaycanın müxtəlif bölgələrindəki ornamentlərin simvolizmi, hər bir elementin dərin mənası və fərqliliyi məni cəlb edir. Bu elementlər Şərq müdrikliyini, xalqın mənəviyyatını və mədəniyyətinin xarakterini özündə ehtiva edir. Bu xüsusi kolleksiyamı daha geniş auditoriyaya göstərmək üçün Florensiya Biennalesinə müraciət etdim. İndi incəsənət nümayəndələrini, qalereya sahiblərini Florensiya Biennalesində “Azərbaycan xalçası” adlı əsərlərimlə tanış etməkdən şərəf duyuram. Sərgi iştirakçıları rəsm əsərlərinin yaranma tarixinə böyük maraq göstərirlər. Qonaqlara konsepsiyanın dərin məna və məzmunu haqqında ətraflı məlumat verirəm”.

    “Azərbaycan xalçası” seriyasından bəzi əsərlərinin Biennalenin kataloquna daxil edildiyini söyləyən rəssam həmin kataloqun İtaliya, eləcə də Avropa kitabxanalarına (London, Paris, Madrid və sair) veriləcəyini bildirib: “Həmçinin Biennale sayəsində bu əsərlər Varşavadakı Polşanın ən nüfuzlu incəsənət ocağı olan Adam Mitskeviç İnstitutunun diqqətini cəlb edib və rəsmlər institutun sosial şəbəkələrində yerləşdiriləcək. Şadam ki, “Azərbaycan xalçası” kolleksiyası Avropada getdikcə daha çox pərəstişkar tapır”, - deyə rəssam əlavə edib.

    Qeyd edək ki, “Fortezza Da Basso” qalereyasında oktyabrın 31-dək davam edəcək sərgidə 40-dan çox ölkədən 460 rəssamın 1000-dək əsəri təqdim olunur.

  • Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib

    Azərbaycanın mühacir alimlərindən olan Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr etdirdiyi “Şirvanşahlar yurdu” əsəri Azərbaycan dilinə tərcümə edilib.

    AZƏRTAC xəbər verir ki, hərbçi və tarixçi Cahangir Zeynaloğlunun həyat və fəaliyyəti ilə əlaqədar bir çox hadisələr, faktlar və fotoşəkillər Azərbaycan Dövlət Arxivindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivindən, Azərbaycanın hərb tarixinə həsr olunan əsərlərdən, ailə arxivindən aşkar edilib, ailə üzvlərinin xatirələri əsasında dəqiqləşdirilib.

    Alimin Bakıda və Şuşada yaşamış qohumları haqqında məlumatlar, soykökünün şəcərəsi verilib, onun həyatı və elmi fəaliyyəti haqqında çap olunmuş məqalələr rus və ingilis dillərində əlavə olunub. Kitabda şəxs adları, coğrafi göstəricilər, çoxlu fotoşəkillər də yer alıb.

    Kitabı tərtib edən və giriş mətninin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayevadır, tərcüməçi AMEA-nın Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadədir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

  • Azərbaycan incəsənət ustaları Misirdə beynəlxalq festivalın açılışında iştirak ediblər

    Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalının açılışı mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərinin təqdim edildiyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edir.

    Misirin mədəniyyət naziri İnas Əbdel Dayimin dəstəyi ilə keçirilən festivalın açılış mərasimində iştirakçı ölkələrin folklor qrupları öz ölkələrinin bayraqları ilə İsmailiyə şəhərinin Məhəmməd Əli meydanından keçiblər. Mərasimi İsmailiyə qubernatoru Şərif Fəhmi Bişər, tədbirə dəvət olunmuş ölkələrin səfirliklərinin nümayəndələri izləyiblər.

    Festival çərçivəsində İsmailiyə şəhərinin müxtəlif meydanlarında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri olacaq.

  • Azərbaycan 2021-ci ildə Avropanın Aparıcı Mədəni və Aparıcı Ekskursiya destinasiyaları nominasiyalarında qalib olub

    Oktyabrın 22-də Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni destinasiyası və Avropanın Aparıcı Ekskursiya destinasiyası nominasiyalarında birinci yerə layiq görülüb.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, qaliblərin elan olunması mərasimi virtual formatda keçirilib.

    Qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mükafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır:

    “Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

    Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin turizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qarabağa xas turizm məhsullarının inkişaf etdirilməsinin, həmçinin bu regionda daxili və beynəlxalq turistlər üçün təcrübə və infrastrukturun təkmilləşdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

    Qeyd edək ki, Azərbaycanın zəngin mədəni müxtəlifliyi, tolerantlıq və multikulturalizm kimi dəyərlərinin turistlər arasında təbliğ edilməsi Azərbaycan Turizm Bürosunun əsas fəaliyyət istiqamətlərindən biridir.

    ATB UNESCO-nun mədəni və qeyri-maddi irsi siyahısında olan mədəni və tarixi abidələrin, təcrübələrin təbliğatı, eləcə də dayanıqlı və ekoloji turistik məhsulların hazırlanması istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir.

    Bunlar arasında Qafqaz dağlarında piyada turizm marşrutlarının işarələnməsi, “Slou Fud” konsepsiyası çərçivəsində orqanik məhsulların üzə çıxarılması, ornitoloji turizm (quşların müşahidəsi), həmçinin infrastruktur layihələri var.

  • Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

    Oktyabrın 26-da P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş qala-konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın tanınmış ifaçıları, o cümlədən Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Murad Hüseynov, Murtuza Bülbül və başqaları iştirak edəcəklər. Konsertin proqramına rus, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.