Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində

    Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında – Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan ədəbiyyatı” bölümündə sərgilənir.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf Qelpke, ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.

    Kitabın yaxın günlərdə Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.

  • “YARAT”dan multidistiplinar layihə - “Mədəni yenilənmə”

    “YARAT” Müasir İncəsənət Mərkəzi Mədəniyyət Nazirliyi il birgə "Mədəni yenilənmə" adlı yeni multidisiplinar layihəsinə başlayır.

    “YARAT”dan AZƏRTAC-a bildirilib ki, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir. Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək. Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərslər, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq. Layihənin ilk qonağı teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq elmləri namizədi, dosent Elşən Məmmədov olacaq.

    Oktyabrın 28-də reallaşacaq layihənin ilk tədbiri Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında gerçəkləşəcək.

  • İnanc turizmi üzrə onlayn görüş keçirilib

    Oktyabrın 19-20-də Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və COMCEC-in dəstəyi ilə "Mövlananın Səyahət Marşrutunu Yeniləmək" layihəsi üzrə virtual görüş keçirilib.

    Azərbaycan, Türkiyə və İrandan olan nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Məhsul İnkişafı sektorunun rəhbəri Şərifə Həsənova və Gəncə Destinasiya Təşkilatının direktoru Zaur Bayramov Şamaxıda və qərb regionunda olan dini inanc turizmi resusları, onları sufizmlə bağlılıqları və onların turizm potensialı üzrə gələcək planlarla bağlı məlumat veriblər.

    Görüşdə iştirak edən tarixçi və ekspert Mahmud Mahmudzadə Mövlanadan öncəki və sonrakı dini irs, bu mövzuda əsərlər yazan şair, yazıçı və filosoflar haqqında danışıb.

    Görüş çərçivəsinde layihə koordinatoru Leyla Şışık tərəfindən layihənin ümumi baxışı, məqsəd və əhatə dairəsi haqqında məlumat verilib, Selçuk universitetinin fəxri professoru Abdullah Öztürk tərəfindən “Mövlana izi və Mövlana fəlsəfəsinin araşdırılması” mövzusunda təqdimat iştirakçıların diqqətinə çatdırılıb.

    Ümumilikdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri arasında çoxtəyinatlı turizm dəhlizlərinin inkişafı və turizm hərəkətliliyinin artırılması, dini inanc turizmi, ölkələrarası dini koridorun nə qədər müvəffəqiyyətli bir şəkildə təyin edilə biləcəyi, tanıdılacağı və turizm məhsuluna çevrilə biləcəyi mövzusunda məlumatlar müzakirə olunub.

  • Səfir: Hindistan ictimaiyyəti Nizami Gəncəvinin əsərləri ilə yaxından tanışdır

    Azərbaycanın Hindistandakı səfirliyi “Ümumdünya Dostluq Assosiasiyası” (WWFA) qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi və dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə tədbir keçirib.

    Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Hindistanın dövlət məmurlarının, ictimai təşkilatların və diplomatik korpusun nümayəndələrinin, iş adamlarının iştirak etdikləri tədbirdə səfir Əşrəf Şıxəliyev çıxış edərək müstəqilliyimizin bərpası, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, eləcə də onun 880 illik yubileyi ilə əlaqədar cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan ilə Hindistan arasında mədəni əlaqələrin tarixi böyükdür, Hindistan ictimaiyyəti Nizami Gəncəvinin əsərləri ilə yaxından tanışdır və həmin mədəni əlaqələrə əsaslanaraq xalqlarımız arasında dostluq münasibətləri də möhkəmlənir.

    WWFA-nın üzvü və “Dünya Məsələləri üzrə Beynəlxalq Şurası” qeyri-hökumət təşkilatının baş katibi Aşiş Qupta Nizami Gəncəvinin yaradıcılığı və Azərbaycan-Hindistan əlaqələri barədə danışıb.

    Tədbirdə dahi Nizaminin əsərlərindən parçalar səsləndirilib, Nizami Gəncəvi haqqında, ölkəmizin turizm potensialına dair videoçarxlar, habelə hind dilində “Leyli və Məcnun” filmindən parçalar nümayiş olunub.

    Tədbirin sonunda iştirakçılar Azərbaycan mətbəxinin təamlarına qonaq edilib.

  • Rəşad Mehdiyev Füzuli şəhərinin mərkəzində yaradılacaq “44” monumenti haqqında danışıb

    İşğaldan azad edilmiş Füzuli şəhərində ucaldılacaq Zəfər abidəsi azadlıq uğrunda 44 günlük Vətən müharibəsinin rəmzi olacaq.

    Möhtəşəm sütunlar üzərində yaradılacaq bu monumental kompozisiya 44 günlük Vətən müharibəsinin rəmzi olacaq və Füzulinin azad edilməsi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə həsr ediləcək.

    Əsərin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyev AZƏRTAC-a müsahibəsində bu kompozisiyasının yaradılması ideyası və onun xüsusiyyətləri barədə söhbət açıb.

    “Monument üç hissədən – podium, lövhə və sütunlardan ibarətdir. “44” simvolu 44 sütundan ibarət olacaq. Bu sütunların hər biri müharibənin bir günündə Azərbaycan Ordusunun qazandığı qələbələrin rəmzi olacaq.

    Memorial lövhədə Füzulinin azad edilməsi uğrunda ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş döyüşçülərin adları lazer üsulu ilə yazılacaq. Kompozisiyanın hər bir elementində tətbiq ediləcək texnoloji yeniliklər bu monumentin ideyasını daha da gücləndirəcək”, - deyən Rəşad Mehdiyev bildirib ki, monumentin betondan hazırlanacaq sütunları Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qələbəsinin fundamentallığının rəmzi olacaq.

    R.Mehdiyev vurğulayıb: “Mən əlimdən gələni edəcəyəm ki, yaradacağım bu monument rəşadətli əsgər və zabitlərimizin xatirəsini əbədiləşdirsin, Ali Baş Komandan, qələbələrimizin ilhamvericisi İlham Əliyev başda olmaqla Azərbaycanın tarixi qələbəsinin təcəssümü olsun. Mənim əsərimi yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdaram və gələcək nəsillər üçün tarixi informasiya daşıyan layiqli iş yaratmağı vəd edirəm”.

  • Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Çexiyada konsert

    Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, ölkənin mədəniyyət abidəsi sayılan Luçerna Sarayında baş tutan tədbirdə, Çexiya Xarici İşlər Nazirliyi və parlamentin nümayəndələri, bir sıra xarici ölkələrin Çexiyada akkreditə olunmuş səfirləri və diplomatları, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində ölkəmizin qısa müddət ərzində əldə etdiyi böyük siyasi və iqtisadi uğurlardan bəhs edib. Eyni zamanda, A.Məmmədov regionda lider ölkəyə çevrilən Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rolu diqqətə çatdıraraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti barədə danışıb.

    Azərbaycanda formalaşmış multikultural dəyərlərdən söz açan səfir, ölkəmizin özünün tolerantlıq modelini, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdırıb.

    Həmçinin bildirilib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni salnaməsini yazmış Rəşadətli Ordumuzun sayəsində Azərbaycan xalqı, 30 ildən sonra bu bayramı tam fərqli şəkildə - ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

    Konsertdə Plzen Konservatoriyasında təhsil alan, bir sıra musiqi müsabiqələrinin qalibi, gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli və çex pianoçu Roman Fedçukun ifasında Azərbaycan, Çexiya və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən nümunələr səslənib.

  • “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi keçiriləcək

    Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunur.

    Şirkətlər qrupundan AZƏRTAC-a bildirilib ki, sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən gələn gəlirin 70 faizi “YAŞAT” Fonduna, 30 faizi isə rəssamlara çatacaq.

    Sərgi çərçivəsində 3 nominasiyada müsabiqə elan olunur. Qaliblərə Azərbaycan Rəssamlar İttifaqının, Veysəloğlu Şirkətlər Qrupunun və “YAŞAT” Fondunun imzası olan diplomlar təqdim olunacaq.

    Əsərlərin mövzusu sərbəstdir. Təqdim olunan əsərlər tanınmış rəssam heyəti tərəfindən qiymətləndiriləcək.

    Qiymətləndirməyə təqdim etmək istədiyiniz əsərin fotosunu qayidisdesteksergisi@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərsiniz. Əlavə olaraq, ad, soyadınızı və əlaqə nömrənizi qeyd etməniz xahiş olunur. Əsərlərin qəbulu üçün son tarix: 1 noyabr 2021-ci il.

    Sərgi Müasir İncəsənət Mərkəzində 2021-ci il 5-11 noyabr tarixlərində keçiriləcək.

    Ünvan: Müasir İncəsənət Mərkəzi, İçərişəhər, Qüllə küçəsi, 15.

  • Zəfər gününə həsr olunmuş konsert təqdim ediləcək

    Noyabrın 3-də Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Zəfər günün mübarək” adlı konsert təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər Validə Cəfərova), Respublika və Beynəlxalq müsabiqələrin qalibləri, həmçinin prezident təqaüdçüləri çıxış edəcəklər. Repertuarda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

    Konsert Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə keçiriləcək.

     

     

     

  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytının təqdimatı olub

    Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş - irs.gov.az saytının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Dövlət Xidmətinin rəisi Azad Cəfərli saytın yenilənməsinin zərurət və əhəmiyyətindən danışıb. Bildirib ki, Dövlət Xidməti öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan ictimaiyyətin məlumatlandırılması və əlaqələrin daha operativ qurulması sahəsində əsas kommunikasiya vasitələrinin də təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

    Saytın yenilənməsində məqsədin istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaq olduğunu söyləyən Azad Cəfərli bildirib ki, yeni sayt həm Dövlət Xidmətinin rəsmi internet resursu, həm də ölkəmizin daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq: "Bu internet resursu Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumatları və bu sahədə olan yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Burada, eyni zamanda, ölkə ərazisində olan daşınmaz tarix-mədəniyyət abidələri haqqında dolğun informasiyalar yerləşdirilib. Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub".

    Qeyd edib ki, saytda naviqasiya rahatlığını təmin etmək üçün ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib: "Yeni sayt “google”ın seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına əsasən hazırlanıb. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatların istifadəçilər üçün ən ön sıralarda göstərilməsinə imkan yaradır".

    Saytın mobil versiyasının da yaradıldığını deyən xidmət rəisi qeyd edib ki, sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

    "Sayt BETA versiyadadır. Yaxın günlərdə istifadəyə veriləcək. Həmçinin işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumat bazası rolunu oynayan sayt da hazırlanır. Yaxın günlərdə onun da təqdimatı keçiriləcək", - deyə A.Cəfərli vurğulayıb.

    Diqqətə çatdırıb ki, saytın bölmələrində dünya, ölkə, yerli əhəmiyyətli abidələr haqqında məlumat verilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix-mədəniyyət abidələri 3 əhəmiyyət dərəcəsinə bölünərək təsnif olunub. Bu bölgüyə uyğun olaraq tarixi abidələrin dünya, ölkə və yerli əhəmiyyət dərəcələri müəyyən edilib. Saytımızda da həmin əhəmiyyət dərəcələrinə uyğun olaraq bölmələr yaradılıb. Hər bölmədə də yer alan tarixi abidələr haqqında geniş məlumatlar, xəritə üzərində koordinatları, fotoşəkilləri, abidədə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb.

    Vurğulanıb ki, bərpa-konservasiya bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarixi abidələrdə aparılmış bərpa-konservasiya işləri haqqında məlumatlar öz əksini tapıb.

    Xəritə bölməsində Azərbaycan Respublikasının xəritəsi üzərində tarix-mədəniyyət abidələrinin yerləşdiyi əraziyə uyğun olaraq əks edilib. Hər hansı bir abidəni göstərən işarəyə toxunduqda həmin tarixi abidə haqqında ətraflı məlumat və fotoşəkillər yer alıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Tarix-mədəniyyət qoruqları bölməsində də həmin qoruqlar haqqında geniş məlumatlar, orada yerləşən tarixi abidələr, xəritə üzərində koordinatları, fotoşəkilləri, abidələrdə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb.

    Dövlət qeydiyyatına götürülmüş abidələr bölməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix-mədəniyyət abidələrinin siyahısı verilib.

    Tədbirlər bölməsində isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil olunacaq tədbirlər haqqında məlumatlar, elanlar yerləşdiriləcək.

    Sonda xidmət rəisi jurnalistlərin suallarını cavablandırıb.

  • “Xəyali eşq” filmi ilk dəfə “YARAT”ın ekranlarında

    “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Ksavye Dolanın "Xəyali eşq" (2010) filmi bu gün saat 19:00-da nümayiş ediləcək.

    AZƏRTAC xəbər verir ki, film Fransis və Mari adlı yaxın dostlar haqqındadır. Bir gün onlar şəhərə yenicə gəlmiş kəndli gənc oğlan Nikolya ilə tanış olurlar. Onların hər görüşü həqiqi və uydurma əlamətlərlə doludur... 2 dost fantaziyalar dünyasına qərq olurlar.

    Filmin müddəti 101 dəqiqədir. Fransız dilində olan ekran əsəri Azərbaycan dilində altyazılarla təqdim ediləcək.

    İştirakçılarda COVID pasportunun olması zəruridir.