Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Big Idea Challenge” müsabiqəsinin qalibləri ilə görüş

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Britaniya Şurasının “Creative Spark” təşəbbüsü çərçivəsində hər il nazirliyin dəstəyi ilə keçirilən “Big Idea Challenge” müsabiqəsinin ölkə qalibləri ilə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov və Britaniya Şurasının nümayəndəsi Nigar Baimova iştirak ediblər.

    Əvvəlcə qonaqları salamlayan Vasif Eyvazzadə qiymətləndirmə mərhələsindən müvəfəqiyyətlə keçərək qalib olanları təbrik edib. Nazirliyin hər zaman innovativ bacarıqlara malik yaradıcı şəxsləri dəstəklədiyini vurğulayıb və bu dəstəyin bundan sonra da davam edəcəyini qeyd edib. Aparat rəhbəri həmçinin Mədəniyyət Nazirliyi və Britaniya Şurası arasında olan münasibətlərə də toxunaraq bu qurumların mədəniyyət və yaradıcılıq sahəsində həyata keçirdikləri birgə layihələri yüksək qiymətləndirib.

    Britaniya Şurasının nümayəndəsi Nigar Baimova da öz növbəsində Mədəniyyət Nazirliyinin “Big Idea Challenge” müsabiqəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

    Qeyd edək ki, qaliblər sırasında 44 günlük Vətən müharibəsi şəhidi, polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevə də yer alıb.

    Sonda qaliblərə xüsusi hədiyyələr təqdim olunub.

  • Gənc vokalçılar üçün ustad dərsi

    Noyabrın 2-də Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilk dəfə gənc vokalçılar üçün ustad dərsi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, dərsi Xalq artisti, Manhaym Dövlət Opera Teatrının aparıcı solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, “La Scala” vokal Akademiyasının məzunu Azər Rzazadə aparacaq.

  • Moskvada Müslüm Maqomayevə həsr olunmuş təntənəli gecə təşkil edilib

    Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

    Tədbirdə Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Həşim Əliyev, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Elşən İbrahimov, Rusiya Yazıçılar Birliyinin üzvü, Müslüm Maqomayevə həsr olunmuş “Mənim uzun məhəbbətim” kitabının müəllifi Teyara Velimetova, Müslüm Maqomayevin qohumu, Azərbaycanın və Tatarıstanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova çıxış ediblər. Onlar Azərbaycan xalqının görkəmli övladı Müslüm Maqomayevə həsr olunmuş tədbirin böyük əhəmiyyət kəsb etdiyini, onun dünyanın mədəni irsinə misilsiz töhfələr bəxş edən nəhəng şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.

    Tədbir azərbaycanlı, rus, tatar və qırğız mənşəli rusiyalı müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnıların səsləndirilməsi ilə yekunlaşıb.

  • “Evdə tək”in yeni versiyası

    ABŞ-ın “20th Century Studios” kino şirkəti “Evdə tək” filminin yeni versiyasının treylerini yayımlayıb.

    AZƏRTAC xəbər verir ki, ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Arçi “Coco dovşan” filmində oynadığı obrazla tanınıb.

    “Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran əsəri ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Film “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.

    Bu uğurdan sonra “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” filmləri çəkilib.

    Yeni film “Evdə tək: ev, əziz ev” (“Howe Sweet Home Alone”) adlanır.

  • “Təhlükəli” filminin treyleri yayımlanıb

    Tanınmış aktyorlar Scott Eastvood, Mel Gibsonun və Famke Janssenin baş rol aldığı macəra janrında olan “Təhlükəli” (Dangerous) filminin treyleri nümayiş olunub.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, film qardaşının ölümü ilə böyük psixoloji travma yaşayan Dylan Forresterin başına gələn hadisələrdən bəhs edir.

    Dylan Forrester özünü toplamaq üçün kimsəsiz bir adada məskunlaşır. Ancaq çox keçmədən, onun yaşadığı yer qardaşının ölümündən məsul olan dəstənin muzdlu əsgərləri tərəfindən mühasirəyə alınır və adam özünü amansız qisas savaşının içində görür.

  • “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyası davam edir

    Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına ADA Universitetinin kitabxanası da qoşulub.

    Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ADA Universiteti kitabxanasının direktoru Elçin Məmmədov bu kampaniyanı mütərəqqi bir layihə kimi qiymətləndirib. Bildirib ki, kitabxana 754 adda 1257 nüsxə ədəbiyyatı “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Milli Kitabxanaya təqdim edib. Vurğulayıb ki, tezliklə toplanan bütün kitablar Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcək və oxucular bu ədəbiyyatlardan yararlanacaqlar.

    Sonda Elçin Məmmədov hər bir azərbaycanlını bu nəcib təşəbbüsə qoşulmağa dəvət edib.

  • Bakıda “Jazzery Voices” layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaq

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətlə oktyabrın 26-dan noyabrın 6-dək “Jazzery Voices” adı altında silsilə tədbirlər keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ölkəmizin yetkin və gənc caz ifaçılarının konsertləri, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda beynəlxalq elmi-yaradıcı konfrans, caz vokal ifaçılığı üzrə ustad dərsi və tədqiqi seminar təşkil olunacaq. Konsertlərdə respublikanın xalq və əməkdar artistlərinin rəhbərlik etdiyi qruplar – “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətləri çıxış edəcək.

    Tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans-salonunda təşkil olunacaq.

    “Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə tamamlanacaq.

  • Qobustan qayaüstü abidələrinin yer aldığı rəsmlər Qazaxıstanda nümayiş olunacaq

    Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev, qoruğun Elmi ekspozisiya şöbəsinin müdiri Sabir Nəzirov və elmi işçisi Mehman Abışov Qazaxıstan Respublikasında səfərdədirlər.

    Qoruqdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan Respublikasının suverenliyinin 30-cu ildönümü ərəfəsində baş tutan səfərin ilk günündə qoruq əməkdaşları Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin rəhbərliyinin dəvəti ilə universitetin qonağı olublar. Universitetin yeni korpusu və zəngin kitabxanası ilə tanışlıqdan sonra qoruq əməkdaşları üçün Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin Tarix fakültəsinin dekanı xanım Mendiqul Noqaybayevanın bələdçiliyi ilə N.Nazarbayev adına "Atameken" tarixi- mədəni mərkəzinə ekskursiya təşkil olunub.

    Qeyd edək ki, səfər çərçivəsində oktyabrın 21-də Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetində Qazaxıstan Respublikasının suverenliyinin 30-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun Qobustan qayaüstü abidələrini əks etdirən sərgisi nümayiş olunacaq. Səfər oktyabrın 22-də UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olunmuş Tambalı Dövlət Qoruğu ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması və Qobustan qayaüstü abidələrini əks etdirən sərginin açılışı ilə başa çatacaq.

  • İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının bağlanış mərasimi olub

    Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayının və “OperaVision TV”in birgə təşkilatçılığı ilə oktyabrın 20-də II Beynəlxalq Vokalçılar Festivalının bağlanış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Festivalın Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirildiyini söyləyən nazir deyib: “Çox şadam ki, belə bir festivalı Azərbaycanda keçiririk və dəstək göstəririk. Opera sənəti ümumbəşər bir dəyərdir. Azərbaycanın opera sənətinin öz ənənələri var. Azərbaycan milli opera sənətinin tarixi dahı bəstəkarımız Üzeyir Hacıbəylinın 113 il bundan əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Bu sənət Üzeyir Hacıbəylidən sonra Müslim Maqomayev, Əfrasiyab Bədəlbəyli, Maestro Niyazi, Soltan Hacıbəyov tərəfindən daha da inkişaf etdirilib. Azərbaycan operası dünya operası ailəsinə daxil olub. Vokal sənətinin banisi olan Bülbülün davamçıları bu günə qədər Azərbaycan opera, vokal sənətini dünyanın ən mötəbər səhnələrində səsləndirirlər”.

    Qeyd edilib ki, festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də istedadlı gənclərin ifasında təqdim olunub. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi praktik konfranslar, ustad dərsləri və s. təqdim olunub. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Niyazi, M.Maqomayev, C.Verdi, Motsart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndirilib.

  • Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur

    Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində açılan “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisində Mədəniyyət Nazirliyi ayrıca stendlə təmsil olunur.

    Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, stenddə Qarabağ xalçaları, Zəfər və Qarabağ mövzulu kitablar, keramika məhsulları və suvenirlər, bölgənin tarix-mədəniyyət abidələrinin fotoları sərgilənir. Monitorda Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi, Cəbrayıl və Füzulidə tikiləcək Memorial komplekslər barədə tanıtım filmləri, habelə nazirliyin dəstəyi ilə Qarabağ haqqında hazırlanmış videoçarxlar, habelə sərgi zamanı xalça toxuma prosesi əyani olaraq iştirakçılara nümayiş olunur.

    Sərgi çərçivəsində Mədəniyyət Nazirliyinin "Qarabağa kitabla gedək" layihəsinin təqdimatı da keçiriləcək. Oktyabrın 22-də nazirliyin dəstəyi ilə konsert proqramı təşkil olunacaq.

    "Rebuild Karabakh” sərgisi çərçivəsində işğaldan azad edilmiş ərazilərin davamlı inkişafı ilə bağlı konfrans, ərazilərin bərpası haqqında beynəlxalq və yerli ekspertlərin təcrübə mübadiləsi, mədəni abidələrin bərpası, Qarabağ bölgəsinin turizm potensialı, regionun enerji potensialı, şəhid və qazi ailələri üçün mikro biznes proqramları üzrə müzakirələr, startaplar müsabiqəsi, iştirakçı şirkətlər tərəfindən Qarabağın bərpası ilə əlaqədar layihə təqdimatları və digər tədbirlər nəzərdə tutulur.

    Sərginin açılışında muğam üçlüyünün ifasında təqdim olunan musiqi nömrələri alqışlarla qarşılanıb.

    Qeyd edək ki, sərgi “Caspian Event Organisers”in (CEO) təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə gerçəkləşir. "Rebuild Karabakh" sərgisinin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında ünsiyyət platforması yaratmağa xidmət edir.