Belarus Dövlət Filarmoniyasında Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə keçirilən konsertdə Belarus Dövlət Filarmoniyasının solistləri, milli və beynəlxalq festivalların laureatlarının ifasında dahi bəstəkarın repertuarından mahnı, romans və ariyalar dinlənilib. Konsertin aparıcısı proqram boyu M.Maqomayevin həyat və yaradıcılığı, anadan olduğu və böyüdüyü Azərbaycanla bağlılığı, vətəninə məhəbbəti, eləcə də yüksək ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi barədə dinləyicilərə geniş məlumat verib.
Konsertdə ifalar böyük alqışlarla qarşılanıb.
Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Ermitaj muzeyinin direktoru Mixail Piotrovski Nizami Gəncəvi dühasından danışaraq bildirib ki, böyük Azərbaycan şairinin əsərlərinin mövzuları əsasında hazırlanmış miniatürlər bu gün dünyanın ən məşhur muzeylərini və kitabxanalarını bəzəyir. Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə fəlsəfi cərəyanların, ədəbi məktəbin əsasını qoyub.
M.Piotrovski xatırladıb ki, 80 il bundan öncə, Böyük Vətən müharibəsi dövründə və Leninqradın tam blokadasının 42-ci günündə Nizaminin 800 illik yubileyi Ermitajda qeyd olunub.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva isə Ermitajda Nizami Gəncəvinin 880 illiyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib və dünyanın bir çox ölkələrində böyük mütəfəkkir şairin xatirəsi anılır.
Tədbirdə Ermitaj muzeyinin və Rusiya Milli Kitabxanasının əməkdaşları Nizaminin poetik irsində danışıblar.
Daha sonra Nizaminin əsərlərindən parçalar səsləndirilib.
Tədbir konsert proqramı ilə sona çatıb.
Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərgi açılacaq.
Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdiriləcək. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəssamın yaradıcılığına aid 3 xalça, habelə sənətkarın ailə arxivindən üç xalça və 5 eskiz də ekspozisiyada yer alacaq.
Xalça sənətinə peşəkarlıqla yiyələnən rəssam klassik xalça kompozisiyalarını yaradıcı şəkildə dəyişərək təkcə bu sənət üçün deyil, həmçinin digər tekstil növləri və keramika üçün də ornamentlər yaradıb. Portret xalçaları Kamil Əliyevə xüsusilə dünya şöhrəti gətirib. O, portret janrını hazırda xalçaçılıq sahəsində böyük tələbat olan istiqamətə çevirməyə nail olub.
Kamil Əliyev uzun və çox məhsuldar yaradıcılıq həyatı boyunca siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb.
Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri ölkəmizlə yanaşı Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin nüfuzlu muzey və qalereyalarında keçirilmişdir. Onun müəllifi olduğu xalçalar dünyanın məşhur muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgi noyabrın 21-dək davam edəcək.
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.
Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq. İkigünlük akademik sessiyada konfrans iştirakçıları “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.
Konfrans çərçivəsində qonaqlar üçün mədəni proqram da nəzərdə tutulub. Onlar Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olacaqlar, “İçərişəhər” Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.
Oktyabrın 22-də tədbir iştirakçıları Fəxri xiyabanda Xalq rəssamı Kamil Əliyevin məzarını ziyarət edəcəklər.
Oktyabrın 20-də Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 73-cü beynəlxalq kitab sərgisi açılıb.
Mədəniyyət Nazirliyindən Report-a verilən məlumata götə, "Yenidən əlaqə qur" devizi ilə 80 ölkədən 2000 iştirakçının qatıldığı sərgidə fəxri qonaq ölkə Kanada dövlətidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz builki sərgidə yenilənmiş dizayna malik stendində ölkəmizin mədəniyyətinə, tarixinə dair geniş çeşid nəşrlərlə təmsil olunur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, həmçinin ölkəmizdə cari ilin "Nizami Gəncəvi İli" olması zəngin nəşrlər və vizuallıqla yanaşı, keçirilən müxtəlif tədbirlər ilə sərgi boyunca ziyarətçilərin diqqətinə təqdim ediləcək.
Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplayan sərgi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Pandemiya səbəbi ilə sərgiyə qatıla bilməyənlər onlayn yayımlanan müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri izləyəcəklər.
Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək davam edəcək.
Azərbaycanın Xalq artisti Alim Qasımov oktyabrın 23-də Brüsseldə konsert verəcək.
“Report” xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Paytaxtın baş konsert salonu olan “Bozar Centre for Fine Arts”da keçiriləcək gecədə xalqımızın şeir və muğam sənətinə dair nümunələr təqdim olunacaq.
Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazirlikdən Report-un sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.
“Bununla əlaqədar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”,- nazirlikdən bildirilib.
Qeyd edək ki, bəzi şəxslər Azərbaycanda fəxri adlarla təltif olunacaq mədəniyyət və incəsənət xadimlərinin siyahının obyektiv hazırlanmadığını iddia edirlər.
Oktyabrın 19-da Heydər Əliyev Sarayında İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində “Azərbaycan opera ifaçılığının antologiyası” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Əməkdar artist, vokalçı İnara Babayevadır.
Tədbirdə çıxış edən İnara Babayeva ölkəmizdə İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində silsilə konsertlərin keçirildiyini və azərbaycanlı vokalçıların bu tədbirlərdən məmnun qaldıqlarını diqqətə çatdırıb.
Birinci kitabdan fərqli olaraq ikinci cildin ingilis dilində nəşr olunduğunu deyən İnara Babayeva bildirib ki, budəfəki antologiyada tenor, bariton və bass ifaçılarının əsərləri toplanıb. O, bu kitab vasitəsilə azərbaycanlı vokalçıların bütün dünyada təbliğ olunacağını söyləyib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova festivalın Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təşkil olunduğunu qeyd edib. Bildirib ki, festival çərçivəsində, həmçinin vokalçılıq sənətinin problemləri də müzakirə olunub.
Təqdim olunan antologiyanın əhəmiyyətini vurğulayan N.Hüseynova diqqətə çatdırıb ki, qadın səslərinə həsr olunan birinci cilddən fərqli olaraq budəfəki nəşr kişi səslərinə istiqamətlənib. Qeyd edib ki, antologiya vokal sənətini araşdıran tədqiqatçılar üçün dəyərli vəsaitə çevriləcək.
Tədbirin bədii hissəsində klassik milli bəstəkarların əsərləri səsləndirilib.
Türkiyənin İzmir şəhərindəki Yeşilova və Yassıtepe kurqanlarında aparılan qazıntı işləri zamanı 8 min il əvvələ aid balıq şəklində hazırlanmış əl aləti tapılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qazıntı heyətinin başçısı professor Zafer Derin şəhərin 8000 illik tarixinə işıq tutan qazıntılar çərçivəsində sümük balıq fiquru şəklində hazırlanmış 15 santimetr uzunluğunda bir alət tapıldığını söyləyib.
Bu alətin balıq pulcuqlarını təmizləmək üçün istifadə edildiyini söyləyən Derin, üzərində balığın pulcuğu və quyruğu kimi detallarında işləndiyini bildirib.
Qeyd edək ki, 2005-ci ildən bəri davam edən Yeşilova və Yassıtepe kurqanlarının qazıntıları nəticəsində bir çox tapıntılar aşkarlanıb.
Oktyabrın 19-da Almaniya Bundestaqının sabiq deputatı, professor, əslən İrandan olan Rahim Şmidt Azərbaycan Milli Kitabxanasında olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov kitabxana haqqında məlumatları, kitabxananın fondu, avtomatlaşdırma sistemləri, eləcə də Azərbaycan Milli Kitabxanasının Almaniya Milli Kitabxanası və Berlindəki Humboldt Universiteti Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini qonağın diqqətinə çatdırıb. K.Tahirov bu əməkdaşlığın nəticəsi olaraq Humboldt Universiteti Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradıldığını və həmin guşəyə mütəmadi olaraq yeni ədəbiyyatın göndərildiyini bildirib.
Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Frankfurt şəhərində yerləşən Almaniya Milli Kitabxanası ilə kitab, informasiya sahəsində sıx əməkdaşlıq etdiyini və Milli Kitabxanada alman yazıçılarının, eləcə də alman əlifbasında qədim kitabların mövcudluğu barədə professor Rahim Şmidtə məlumat verib.
Professor Rahim Şmidt ilk öncə Milli Kitabxana rəhbərliyinə, direktor K.Tahirova bugünkü görüşün təşkili üçün təşəkkür edərək kitabxanada olmasından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan Milli Kitabxanası şəhərin ən gözəl binalarından birində yerləşir və belə gözəl kitab kolleksiyalarına malikdir. Professor çıxışı zamanı Azərbaycan Milli Kitabxanasının xalqın milli-mənəvi dəyərlərinin saxlanc yeri olduğunu vurğulayıb. O, Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək əvvəlki illərdə Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi Molla Pənah Vaqifə, Almanların Azərbaycana köçürülməsinin 200 illiyinə, habelə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən mötəbər tədbirlərin əhəmiyyətini vurğulayıb və həmin tədbirlərdə özünün iştirakını direktorun diqqətinə çatdırıb. Həmçinin o, pandemiya zamanı Azərbaycan Milli Kitabxanasının onlayn xidmətlərini yüksək qiymətləndirərək özünün də həmin xidmətlərdən yararlandığını deyib.
Daha sonra qonaq Milli Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi, oxu zalı, kitabxana fondu, eləcə də Açıq Kitabxana ilə tanış olub. O, Azərbaycan Milli Kitabxanasının “Açıq Kitabxana” layihəsini xüsusilə ön plana çəkərək belə layihələrin bütün kitabxanalarda olmasının vacibliyini qeyd edib.
Sonda qonaq R.Şmidt özünün müəllifi olduğu tibb kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib. Eyni zamanda, K.Tahirov “Azərbaycan Milli Kitabxanası: fotoalbom” və “Azərbaycan xalçaları” adlı kitabları qonağa bağışlayıb.