Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Aktotı Raimkulova və Fondun qurucu üzv dövlətlərinin diplomatları ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb. Sözügedən istiqamət üzrə Türk dövlət başçıları tərəfindən təsis olunan Türk Əməkdaşlıq Təşkilatlarının koordinasiyalı fəaliyyətlərinin önəmindən bəhs olunub. Fond ilə Türk Dövlətləri Təşkilatının qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Türk dövlətlərinin maddi-mənəvi irsinin təbliği, qorunması və bərpası sahəsində Türk Mədəniyyəti və İrsi Fondunun xüsusi rolu vurğulanıb. Fond tərəfindən “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyanın hazırlanması yüksək qiymətləndirilib.
Görüş Fond ilə Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlığı çərçivəsində gələcək beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.
Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Əlisəmid Kürün 70 illiyi münasibətilə “Tənha Kentavr” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba şairin şeirləri ilə yanaşı, həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya da daxil edilib.
Kitabda, həmçinin Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin şairin şəxsiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər də yer alıb.
“Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi olan Əlisəmid Kür Türkiyənin “Qızıl çələng”, “Vektor” Elmi Mərkəzinin “Poeziya”, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” mükafatlarının laureatıdır.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 105-ci ildönümü münasibətilə məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun inkişafında Tofiq Tağızadənin xüsusi rolunu qeyd edib, rejissorun çoxşaxəli yaradıcılığının bu gün də tamaşaçılar tərəfindən sevildiyini vurğulayıb.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi zamanı gördüyünü, daha sonra kinostudiyada işə götürülərkən onun filmində təcrübə keçdiyini və uzun illər dostluq etdiyini xatırlayıb.
Sənətkarın ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev T.Tağızadə ilə səmimi münasibətlərindən danışıb, onun yaradıcılıq irsinin Azərbaycan Dövlət Film Fondunda qorunmasından bəhs edib, sonda Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.
Əsas rolu Adam Driverin ifa etdiyi “Meqalapolis” filmindən ilk kadrlar təqdim olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekran əsərinin nümayişinin cari ilin sonlarında keçirilməsi planlaşdırılıb.
Amerikalı rejissor Frensis Ford Koppolanın çəkdiyi filmin büdcəsi 120 milyon dolları ötüb.
Film dağıdıcı fəlakətdən sonra Nyu-York şəhərini yenidən qurmaq istəyən bir memardan bəhs edir. Süjet Roma senatoru Lusius Katilina və Markus Tullius Siseronun vəhşi və ölümcül bir sui-qəsdin qarışdığı hekayədən ilhamlanıb.
“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Aytaç Media”şirkətinə məxsus olan “Efsane” Türk komediyasının qala gecəsi keçirilib.
“Report”un məlumatına görə, tədbirdə filmin qəhramanları Ahmet Kural, Cemile Canyurt, Tuana Tezsay, həmçinin “Aytaç Media” şirkətinin sahibkarı Aytaç Ağdağ və rəhbəri Ediz Kentkuran iştirak ediblər.
Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlara imza verərək şəkil çəkdiriblər.
Filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.
Baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar.
Film haqqında qısa məlumat: Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və qatıqlarının dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir... İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir.
Tədbirin təşkilində Cinema Distribution, “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkilişdə - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində fevralın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında çıxış edəcək.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində rolları Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov ifa edəcəklər.
Fevralın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Tamaşada kukla elementlərindən məharətlə istifadə olunub. Müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib. Uşaq və yeniyetmələrə təbliğ olunan əsas məqam darda olanlara kömək etməyin, mərhəmətli olmağın vacibliyidir.
“Qulliver Cırtdanlar ölkəsində” tamaşasında əsas rolları Elşən Hacıbabayev və Müşfiq Əliyev ifa edəcək.
Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 74-cü ildönümü tamam olur.
Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.
Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.
Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Ağaxan Abdullayevin sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra fevralın 6-da 92 yaşında vəfat edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti kimi çalışıb. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeyster kimi fəaliyyət göstərib. Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Astafyev), Jizel ("Jizel", A.Adan) və s. rolları ifa edib.
Həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib.
O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Fevralın 5-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Efsane” türk komediyasının qala gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, türkiyəli qonaqlar qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər.
Rejissoru və ssenari müəllifi Selçuk Aydemir olan ekran əsərində baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar. İlin ən iddialı komediya filmi olaraq kinosevərləri güldürmək üçün hazırlanan film 7 min illik qatığın sirrini əyləncəli şəkildə izah edir. Belə ki, Çorumda yaşayan Sadık və ailəsi qatıq hazırlayır. Bu qatıqlar dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir. İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir.
Baş rol ifaçısı Ahmet Kural ekran əsərindəki rolu barədə məlumat verərək deyib: “Filmdə əkiz qardaşları canlandırıram. Ekran əsəri boyu ailə ənənəsi olan 7 minillik möcüzəvi qatığın hazırlanması üsulunu babamızdan öyrənməyə çalışırıq və sirri əldə etmək yolunda bir sıra çətinliklərlə üzləşirik. Bu səhnələrin çəkilişi zamanı yanğın və fırtınanın olduğu hissələr çox çətin keçdi".
Digər baş rol ifaçısı Cemile Canyurt filmin çox hərəkətli, gülməli və həyəcanlı olduğunu deyib: "Biz filmin çəkilişləri zamanı çox əyləndik. Ümid edirəm ki, tamaşaçılar da bəyənəcəklər".
Aktrisa Tuana Tezsoy çəkilişlərdən sonra ilk dəfə filmi izləyərkən çox gözəl hisslər keçirdiyini deyib. O, sevdiyi dostları ilə bu filmdə rol aldığı üçün xoşbəxt olduğunu diqqətə çatdırıb.
Ekran əsərinin prodüseri Aytaç Aydağ və baş koordinatoru Ediz Kentkuran filmin tam ailə komediyası olduğunu qeyd ediblər. Bildirilib ki, filmin kollektivi keyfiyyətli bir iş ərsəyə gətirib. Eyni zamanda, film çox gülməli və əyləncəli olduğu üçün artıq tamaşaçıları cəlb edir.